Məhkəmə qərarları › İş №1(060)-510/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-510/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-510/2023 17.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə xx xxxx 1980-ci ildə Qazaxıstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyəqədər sadələşdirilmiş icraat materialları üzrə işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs 14 aprel 2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 2 ünvanında olarkən Zərərçəkmiş şəxs söyərək təhqir etmiş və bu zaman onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə yumruqla sifət nahiyəsindən vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, icarə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Uber” taksi xidmətinə qoşularaq taksi fəaliyyəti ilə məşqul olmuşdur. 14 aprel 2023-cü il tarixdə saat 11:00 radələrində şirkətdən sifariş yönləndirilmiş və ona müştərini Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat kontorunun yaxınlığından götürərək Pirşağı qəsəbəsinə çatdırılmalı olduğu bildirilmişdir. O, müştəri olan yerə çatarkən evdən ona zəng gəlmiş və ailəsində narahatçılıq yarandığı üçün təcili evə qayıtmasını xahiş etmişlər. Bununla əlaqədar o, müştəriyə vəziyəti izah edərək sifarişdən imtina etməsini xahiş etmiş, lakin adını sonradan bildiyi Zərərçəkmiş şəxs ona kobud cavab vermiş və avtomobilin qapısını möhkəm çırparaq ona nalayiq söz işlətmişdir. Bundan sonra o, avtomobildən düşərək həmin şəxsə yaxınlaşmış və bir dəfə yumruqla sifət nahiyəsindən vurmuş, daha sonra avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Hal-hazırda o, etmiş olduğu əməldən səmimi peşmandır və zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 14 aprel 2023-cü il tarixdə Sumqayıt şəhərinə həkimə gəlmiş və təxminən saat 11:00 radələrində yaşadığı evə qayıtmaq üçün “Uber” taksi xidmətindən taksi sifariş vermiş və ona sürücüsü Təqsirləndirilən şəxs olduğu “Toyota Prius” markalı **- EV-*** dövlət qeydiyyat nişanlı avtomobil yönləndirilmişdir. Təxminən 4 dəqiqə gözlədikdən sonra avtomobil ona yaxınlaşmış və o, qapını açaraq əyləşmək istəyərkən sürücü Təqsirləndirilən şəxs ona təcili işi çıxdığı üçün sifarişi yerinə yetirə bilməyəcəyini və sifarişdən imtina etməsini bildirmişdir. O, sürücüyə belində ağrılar olduğu üçün həkimdən çıxdığını və lazımdırsa əlavə pul da verə biləcəyini demişdir. Lakin sürücü təkidlə sifarişdən imtina etməsini tələb etdikdə o, əsəbləşərək avtomobilin qapısını sərt şəkildə örtmüşdür. Bundan sonra sürücü əsəbləşərək avtomobildən düşmüş və ona yaxınlaşaraq qəflətən onun sifət nahiyəsindən bir dəfə yumruz zərbəsi vurmuşdur. Daha sonra sürücü avtomobilinə əyləşib getmiş və oda DİN-nin 102 qaynar xəttinə məlumat vermişdir. O, məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını bildirərək, cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə keçirilmiş məhkəmə tibb ekspertizasının 14 aprel 2023-cü tarixli 495 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol gözətrafı nahiyyənin göz qapaqlarını tutan qançırı, gözün ağlı qişasına qansızma xəsarəti aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən yaranmışdır, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2023-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1980-ci il təvəllüdlü X1 hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs R.R.Mehdiyev ona istinad edilən cinayət əməlini törətməkdə təqsirlidir. İbtidai istintaq orqanı tərəfindən onun törətdiyi cinayət əməli düzgün olaraq CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, təqsirləndirilən şəxsin böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və zərər çəkmiş şəxslə barışmasını əsas götürülməklə, cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət məsuliyyətindən azad edilməklə təqsirləndirilən şəxs R.R.Mehdiyevin barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 40.1, 40.3, 43.3, 321.1, 321.2.1, 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar