Məhkəmə qərarları › İş №1(060)-512/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-512/2022

28.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-512/2022 28.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-cı ildə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcılarından istifadə etməklə özgənin əmlakını gizli olaraq talama qərarına gələrək bu məqsədlə xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində tanışı Zərərçəkmiş şəxs kirayədə yaşadığı evdə sonuncunun mobil telefonunu internetə daxil olmaq üçün istəmiş, Zərərçəkmiş şəxs isə ona öz mobil telefonunu verdikdən sonra gizlin olaraq həmin telefonda olan elektron məlumat daşıyıcısı hesab edilən Beynalxalq Bankın "ABB" mobil tədbiqinə daxil olub, sonuncunun bank hesabından həmin proqram vasitəsi ilə 2010 manat pulu online yolla özünə məxsus "Leobank'ın **********649843 saylı kart hesabına göndəriş edib, sonra həmin pulu nağd şəkildə ələ keçirərək Zərərçəkmiş şəxs 2010 manat pulunu gizli olaraq talayıb oğurluq elmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs hadisədən 1 aya yaxın əvvəl tanıyır. Qardaşı Şahid ”N" saylı hərbi hissədə leytenant rütbəsində xidmət göstərir. Zərərçəkmiş şəxs onun qardaşı ilə birlikdə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşayır. O da ara sıra onlara gedib baş çəkir. Seyranla da bü cür münasibəti yaranmışdır. xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində yenə qardaşı Elmar və onun dostu Zərərçəkmiş şəxs birlikdə yaşadığı Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi evdə olmuş, qardaşı işdən hələ gəlməmişdi. Həmin vaxt mobil telefonunun enerjisi qutardığından Seyrandan internetə girmək üçün onun telefonunu istəmiş və o da telefonu ona vermişdir. Telefonun ekranının kilidə düşəcəyini düşünüb, ondan telefonun ekran kodunu da almışdır. Telefonda bir qədər internetə girdikdən sonra həmin mobil telefonda Beynəlxalq Bankın ”ABB“ mobil tədbiqi gözünə dəymiş və həmin tətbiqə daxil olmuş, bu zaman Seyranın ekran kilidini açmaq üçün verdiyi ”1420“ saylı kodu həmin tətbiqdə istifadə etmiş və Seyranın bu zaman Beynalxaq Banka məxsus kartındakı hesabı görsənmiş, Seyranın balansında 6710 manat pul olduğunu görmüş, həmin vaxtı Seyran evdə həmin otaqda divanda uzanmışdır. Seyranın onun tərəfə baxmadığını görüb oğurluq etmək qərarına gəlmiş, Seyranın telefonunda olan həmin ”ABB“ mobil tədbiq vasitəsi ilə karta pul köçürülməsi bölməsinə daxil olmuş və özünə məxsus ”Leobank”-ın **********649843 saylı kartın nömrəsini oraya daxil edib Seyranın kartından onun telefonunda olan “ABB” mobil tədbiq vasitəsi ilə online yolla 2010 manat pulu öz hesabına göndərmişdir. Daha sonra sakitcə Seyranın telefonunu özünə qaytarmışdır. Onun kartından pul tutulmasından xəbəri olmayacağını düşünmüşdür. Ozünə göndərdiyi 2010 manat pulu tez evdən çıxıb kartı vasitəsi ilə həmin pulu Sumqayıt şəhərində yadında olmayan bonkamatların birində nağdlaşdırmışdır. Həmin 2010 manat pulla öz borclarının bir qismini qaytarmış və qalan pulu isə özü üçün xərcləmişdir. Sabahısı günü Seyranın polisə şikayət etdiyini öyrəndikdən sonra Seyrana həmin pulu özünün götürdüyünü demiş və tez bir zamanda ona pulu qaytaracağına söz vermişdir. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxsə ziyanı ödəmiş və onunla barışmışdır. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsi özünün verdiyi, işdə olan digər sübutlarla təsdiq edilən ifadələrlə yanaşı, dindirilmiş zərərçəkmiş şəxs və şahid ifadələri, tədqiq edilmiş iş materialları ilə də təsdiq olunur. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə işləyir və Sumqayıt şəhərində iş yoldaşı Şahidlə birlikdə kirayədə yaşayır. Təqsirləndirilən şəxs iş yoldaşı Şahid qardaşıdır. Özünə məxsus Azərbaycan Respublikası Beynəlxalq Banka məxsus **********808686 seriyalı maaş kartı var. Həmin kartın balansında 6710 manat pulu olmuşdur. Balansında olan pulu mobil telefonuna yüklədiyi Beynəlxalq banka məxsus “ABB” mobil tədbiqindən görür və həmin proqram vasitəsi ilə öz şəxsi balansına nəzarəti həyata keçirir. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında mobil telefonda yenə öz balansına baxan zaman mobil telefonun vasitəsi ilə həmin proqrama daxil olub oradan **********648843 saylı "Leobank’"-a məxsus karta 2010 manat pul göndərildiyini görmüşdür. Həmin vaxt onun balansında 4700 manal pul olmuşdur. Bundan sonra hadisə ilə bağlı şübhələndiyi şəxs onunla eyni evdə kirayədə yaşayan iş yoldaşı Elmar Ağavevin qardaşı Təqsirləndirilən şəxs barəsində polisə məlumat vermişdir. Hadisədən bir gün əvvəl, yəni xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri. H.Z.Tağıyev qəsəbəsində kirayədə yaşadığı evdə olan zaman Elvar da orada olmuş, mobil telefonunun xarab olduğunu söyləyib onun mobil telefonunu istəmişdir. O da telefonu Elvara vermişdir. Bundan başqa hesabın göndərildiyi kartı Elmara göstərən zaman Elmar ona həmin hesabın qardaşı Elvara məxsus olduğunu söyləmişdir. Elvar özü də pulu ondan götürdüyünü və qaytaracağını etiraf etmişdir. Hazırda təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizədə göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə onun iş yoldaşıdır. Seyranla birgə Sumqayıt şəhərində yerləşən N saylı hərbi hissədə birgə işləyir və birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən fərdi ünvanda kirayədə yaşayırlar. Qardaşı Elvar da ara sıra onların yaşadığı evə gəlib baş çəkir və bu minvalla Seyranla əlaqəsi yaranmışdır. xx.xx.2022-ci il tarixdə səhər radələrində Seyran ona yaxınlaşaraq onun kartından 2010 manat pul oğurlandığını söyləmiş, mobil telefonunda olan “ABB” mobil tədbiq proqramını açıb ona göstərərək, həmin proqram vasitəsi ilə Leobankın sonu 9843 rəqəmi ilə bitən kartına 2010 manal pul göndərildiyini demişdir. Kartın sonuna baxanda həmin kartın qardaşı Elvara məxsus olduğunu bilmiş və bu barədə Seyrana məlumat vermişdir. Onun yanında Elvara zəng etmiş və Elvar Seyranın kartından 1 gün əvvəl 2010 manat pulu oğurladığını etiraf etmişdir. Buna görə Elvarı danlamış və ona tez bir zamanda Seyranın pulunu gətirib verməsini söyləmişdir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022ci il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v 48) İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir.(i.v 81-83) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Beynalxalq Banka məxsus plastik kartına və həmin bank hesabından çıxarış vərəqəsinə baxış aparılan zaman qeyd olunan tarixdə onun hesabında 2010 manal pulun başqa hesaba köçürülməsi həmçinin həmin hesabın Zərərçəkmiş şəxs məxsus olduğu öz təsdiqini tapmışdır. (i.v 25-26) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı istifadə olunun “Redmi” markalı mobil telefonu istintaqa təqdim elmiş və həmin telefona baxış aparılan zaman qeyd olunan telefonun içərisində "ABB" mobil tətbiqin olduğu və həmin telefon vasitəsi ilə xx.xx.2022-ci il tarixdə, saat 17:33:06-da başqa hesaba 2010 manat pulun göndərilməsi qəbzi öz təsdiqini tapmışdır. (i.v 29-30) İş materiallarında olan 01 aprel 2022-ci il tarixli götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Leobank”a məxsus plastik kartına və həmin bank hesabından çıxarış vərəqəsinə baxış aparılan zaman xx.xx.2022-ci il tarixdə, saat 17:33:07-də onun hesabına 2000 manal pulun Azərbaycan Beynalxalq Bank hesabından köçürülmüşdür. Həmçinin həmin hesabın Təqsirləndirilən şəxs məxsus olduğu öz təsdiqini tapmışdır. (i.v 54-55) İşdən görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı, mobil telefon və Beynalxalq banka məxsus plastik kart və həmin bankın çıxarış vərəqəsi Təqsirləndirilən şəxs məxsus “Leobank”a məxsus 1 ədəd plastik kart və həmin bankın çıxarış vərəqəsi maddi sübut qismində tanınmış və 01 ədəd “Redmi” markalı telefon və Beynalxalq banka məxsus 1 ədəd plastik kartın zərərçəkmiş Zərərçəkmiş şəxs və 1 ədəd “Leobanka”a məxsus plastik kartın isə Təqsirləndirilən şəxs, hər iki bankdan çıxarılmış çıxarış vərəqələri isə cinayət işi materiallarında saxlanılmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (i.v 84) İş materiallarında olan Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 88) Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməli törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. İşdə olan sübutlar təqsirləndirilən şəxsin ona istinad edilən cinayət əməlini törətməsini təsdiq edir. İşdə olan sübutların mötəbərliyi, qanuni yolla əldə edilməsi şübhə doğurmur. Həmin sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə əldə edilmişdir. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayəthüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs etdiyi əmələ görə peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş şəxslə barışıq əldə olunması və dəymiş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun məsuliyyətini yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Bu cür cəza təyin edilməsi cəzanın məqsədlərini də təmin edə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. İş üzrə maddi sübut- 01 ədəd “Redmi” markalı telefon və Beynalxalq banka məxsus 1 ədəd plastik kartın zərərçəkmiş Zərərçəkmiş şəxs və 1 ədəd “Leobanka”a məxsus plastik kartın Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınmalı və hər iki bankdan çıxarılmış çıxarış vərəqələri isə cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, bunun üçün 16 (on altı) saat vaxt sərf edilmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doğsan altı) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 01 aprel 2022-ci ildən 02 aprel 2022-ci il tarixədək tutularaq saxlandığı bir gün müddət azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Bakı şəhəri hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. İş üzrə maddi sübut- 01 ədəd “Redmi” markalı telefon və Beynalxalq banka məxsus 1 ədəd plastik kartın zərərçəkmiş Zərərçəkmiş şəxs və 1 ədəd “Leobanka”a məxsus plastik kartın Təqsirləndirilən şəxs saxlanılması nəzərə alınsın və hər iki bankdan çıxarılmış çıxarış vərəqələri isə cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 96 (doğsan altı) manat pul Müdafiəçi vəkil işlədiyi Sumqayıt Regional Vəkil Bürosunun nəfinə köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar