Məhkəmə qərarları › İş №1(060)-512/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-512/2024

10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-512/2024 10.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 2, otaq 157 ünvanında yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)-172/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (ay) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.5 maddələrinə əsasən 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə etməklə əynindəki qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 22 yanvar 2024-cü il tarixdə, saat 15:05 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri. Bakı küçəsində yerləşən “Murad” kafesinin qarşısında saxlanılmaqla 1-ci PB- yə aparılaraq üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin heroin əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. xx.xx.2024-cü il tarixdə, təxminən saat 15:05-də Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Murad” kafesinə gedən zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və narkotik vasitələrlə bağlı şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, da etiraz etməmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. Polis bölməsində ona hüquq və vəzifələri izah edilmiş və vəkil təqdim edilmişdir. Daha sonra polis əməkdaşlarının və vəkilin iştirakı ilə video çəkiliş apaılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunmuş, o da əynində olan şalvarən cibində saxladığı bir ədəd bükümü çıxardıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin heroin olduğunu, həmin maddəni bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunmuş maddə elektron tərəzidə çəkilmiş, xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir təsir və ya təzyiq olmamışdır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və İİ qrup əlilliyini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 22 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə təxminən saat 15 radələrində Sumqayıt şəhəri, Bakı küçəsində yerləşən “Murad” kafesinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmişlər və onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən onlarla bölməyə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah edilməklə bu barədə bildiriş verilmişdir. Daha sonra vəkilin və onların iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. O da əynində olan şalvarın cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə olan heroinə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddənin heroin olmasını, həmin maddəni bir gün əvvəl Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 20 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Aşkar olunan həmin maddə tərəzidə çəkilmiş, zərfə qablaşdırılıb üzəri möhürlənmiş, daha sonra müvafiq sənədləşmə aparılmış və Təqsirləndirilən şəxs da həmin sənədlərlə tanış olaraq imza etmişdir. Təqsirləndirilən şəxs könüllü olaraq törətdiyi əməli etiraf etmiş, saxlanılarkən və daha sonra heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinin kiçik inspektoru Şahid2 məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə olam maddəni çıxararaq təqdim etmiş və həmin maddənin narkotik vasitə olan heroin olmasını bildirmişdir. Cinayət işinin 18-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 56-57-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli məhkəmə hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 27-28-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir bükümdə olan maddəni təqdim edərək narkotik vasitə olan heroin olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,48 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 36-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2024-cü il tarixli, 3-16-16/2-6/457 saylı ekspert rəyindən görünür ki, üzərində tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,419 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,419 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 0,369 qram qalıq qalmışdır. Cinayət işinin 35-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 88-94-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,369 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmiş və şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 85-86-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1348 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2066-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi mülaicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 76-78-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 26 noyabr 2014-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.4 və 29,177.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 22 sentyabr 2017-ci il tarixli qərarı ilə 04 ay 19 gün vaxtından əvvəl şərti azad edilmiş və cəza müddəti başa çatmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 1(060)-168/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)-172/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-168/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və çəkmiş olduğu 01 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddətlər cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəliklə bağlı İİ qrup əlildir. Beləliklə, məhkəmə isintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axarış zamanı qeyə alınmış video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və İİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)-172/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli 1(060)-168/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən ona 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-168/2024 saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət və çəkmiş olduğu 01 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla həmin müddətlər cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)-172/2024 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 10 (on) ay müddətinə müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-168/2024 saylı və 1(060)-172/2024 saylı cinayət işlərinin hər biri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və çəkmiş olduğu 01 (bir) ay 11 (on bir) gün azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ümumilikdə 27 (iyirmi yeddi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayıt Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)-172/2024 saylı hökmünə əsasən 29 may 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kmi dəyişdirilmədən saxllanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 1348 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 29 may 2024-cü il tarixli, 1(060)- 172/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 22 yanvar 2024-cü il tarixdən 24 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-168/2024 saylı və 1(060)-172/2024 saylı cinayət işlərinin hər biri üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və çəkmiş olduğu 01 (bir) ay 11 (on bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 21 (iyirmi bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, ümumilikdə 27 (iyirmi yeddi) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,369 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 17 saata görə 102 (yüz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar