Məhkəmə qərarları › İş №1(060)-519/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-519/2021

26.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-519/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə 02.02.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 92-nin həyətinə hasardan aşma yolu ilə keçib həyətdəki evə pəncərəni sıxıb açaraq qanunsuz daxil olub içəridən 170,00 (bir yüz yetmiş) manat dəyərində 01 ədəd 107 sm diaqonal “LG” markalı televizoru, 330,00 (üç yüz otuz) manat dəyərində 01 ədəd “Nobella” markalı kombi aparatını gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilkdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs 4 ilə yaxın bir müddət olar ki, tanıyır. Həmin şəxslə sığorta şirkətində tanış olmuşdur. Münasibəti yaxşı olduğu üçün dəfələrlə Qiymətin yaşadığı evə gedib və evində qalmışdr. Bununla yanaşı o, dəfələrlə Qiymətin evində içki qəbul etmişdir. Həmin müddət onun maddi vəziyyəti çox aşağı olmuşdur. Qiymətin yaşadığı ev təmirli olub və evdə qiymətli əşyaların olduğunu görmüşdür. Həmin müddətdə Qiymət 76-cı məhəllədəki evində deyil, Bakı şəhərində yaşamış və o, Qiymətin evinin boş olduğunu bilmişdir. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün şəraiti qiymətləndirib Qiymətin evindən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 02.02.2021-ci il tarixdə gecə saat 23:00 radələrində Qiymətin 76-cı məhəllə ərazisində olan evinə getmişdir. Ətrafda olan evləri müşahidə etmişdir. Heç kimin olmadığına əmin olduqdan sonra evin hasarından tullanaraq həyətə düşmüşdür. Sonra birmərtəbəli evə yaxınlaşıb uşaq otağının dəmir barmaqlıqlarını dartıb yerindən çıxarıb kənara qoymuşdur. Sonra otağın plastik pəncərəsini sıxıb açaraq içəri qanunsuz daxil olmuşdur. Evi yaxşı tanıdığı üçün nəyin harada olduğunu yaxşı bilirmiş, ilk olaraq evin qonaq otağında divarda olan 01 ədəd qara rəngli “LG” markalı televizoru yerindən çıxarb və evə qanunsuz yolla daxil olduğu yerdən televizoru çıxarmışdr. Sonra həmin televizoru evin dəhlizində olan kombi aparatının yanına gətirib qoymuşdur. Sonra kombi aparatını sökmüşdür. Sonra kombi aparatı ilə televizoru yan yana dəhlizdə qoyub evin darvazasının açaraq taksi çağırmağa getmişdir. Yola çıxıb yoldan keçən taksilərdən birini saxlatdırıb və özü ilə oğurluq əşyaları aparmaq üçün gətirmişdir. O, taksi sürücüsünə əmlakların özünə məxsus olduğunu, həmin əmlakları Corat qəsəbəsinə aparmaq lazım olduğunu demişdir. Sonra bir-bir oğurladığı əmlakları taksiyə daşımşdr. Taksi ilə həmin oğurluq əmlakları öz evinə aparmışdır. Evində həmin əşyaları gizlətmişdir. Taksiyə isə beş manat pul vermişdir. Həmin oğurluq əmlakları satmaq istəsə də ucuz qiymət təklif olunduğu üçün satmamşdr. Polis əməldaşları onu saxlayan zaman etdiyi əməli etiraf edib və oğurladığı əmlakları təqdim etmişdir. Təqsirləndirilən şəxs törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hadisədən 3 aya yaxın bir müddət idi ki, övladının xəstəliyi iə əlaqədar olaraq Bakı şəhərində kirayədə yaşamışdır. Sonuncu dəfə 01.02.2021-ci il tarixdə Sumqayıt şəhərinə gələrək Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən evinə gəlib baş çəkmişdir. 05.02.2021-ci il tarixdə saat 12:00 radələrində evə gəlib görmüşdür ki, həyətin giriş qapısı açıq vəziyyətdədir. Uşaq otağının pəncərəsinin dəmir barmaqlığı sındırılaraq, pəncərəsi açılıb və evdən oğurluq hadisəsi törədilmişdir. Buna görə də o, polisə zəng edib məlumat vermişdir. Sonradan polis əməkdaşları gələrək evə baxış keçirdikdən sonra ona məlum olmuşdur ki, evin qonağ otağından bir ədəd “LG” markalı 107 dioqanallı televizor və dəhlizdən bir ədəd “Nobella” markalı 26-lıq kombi aparatının oğurlandığını bilmişdir. Həmin oğurlanmış televizoru 12 il əvvəl 1200 (bir min iki yüz) manata, kombini isə 6 il əvvəl 500 (beş yüz) manata almışdır. Bundan əlavə olaraq hadisə zamanı evə qanunsuz daxil olan şəxs evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırmış, təmir zamanı ona 80 manat maddi ziyan dəymişdir. Hadisənin törədilməsində şübhələndiyi kimsə olmamışdır. Sonradan bilmişdir ki, oğurluğu Təqsirləndirilən şəxs etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini bildirib, sonuncu barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 mart 2021-ci il tarixli 9/1029 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 500,00 manat müəyyən edilir. O cümlədən: - 1 ədəd 12 il əvvəl alınmış və istifadə olunmuş 01 ədəd 107 diaqonal “LG” markalı televizor- 170,00 manat, 6 il əvvəl alınmış və istifadə edilmiş “Nobella” markalı kombi aparatı- 330,00 manat. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 05.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-12.10.2009cu il təvəllüdlü X4 və 16.08.2013-cü il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmini etiraf etməsini və əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsini və onunla barışıq əldə etməsini, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və ibtidai istintaq orqanının 25.06.2021-ci il tarixli qərarı ilə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək müvəqqəti saxlama yerindən azad edilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclaslarından yayındığı üçün Sumqayıt Şəhər Məhkəməsinin 02.08.2021-ci il tarixli qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş və o, 13.08.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən tutularaq 16.08.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək və 13.08.2021-ci il tarixdən hazırki vaxtadək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dord) ay 28 (üç) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 13iyul 2021-ci il tarixli (iş № 1(060)-519/2021) qərarını icra edərək, 16iyul 2021-ci il tarixli 778/2021 saylı orderinə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24.06.2021-ci il tarixdən 25.06.2021-ci il tarixədək və 13.08.2021-ci il tarixdən bu günədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (ay) ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt, Bakı şəhərlərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar