Məhkəmə qərarları › İş №1(060)-519/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-519/2023

25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-519/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx.xx.1993-cü ildə Goranboy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, BTZ bağları ərazisindəki fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Sumqayıt şəhəri BTZ bağlan ərazisində küçədə aralarında ailə münasibətləri zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs həyat yoldaşı Zərərçəkmiş şəxs qəsdən vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2015-ci il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, lakin nikahları olmamış, sonradan nikahlarını rəsmiləşdirmişlər. Rufanə ilə olan evlilikdən 2016-cı il təvəllüdlü Zəhra Alıyeva və 2018-ci il təvəllüdlü Sona Alıyeva adlı iki övladları dünyaya gəlmişdir. Evli olduqları müddətdə müxtəlif ünvanlarda kirayə yaşamışlar. Son 2 ilə yaxın müddətdə isə Abşeron rayonu Saray qəsəbəsində birgə tikdirdikləri evdə yaşamışlar. Lakin münasibətləri alınmadığı üçün 2022-ci ilin iyun-iyul aylarından ayrı yaşamışlar. Halhazırda Rufanəni döyməyi ilə bağlı barəsində Abşeron rayon Məhkəməsinin hökmü ilə ona təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasını çəkir. Rufanə ilə nikahlarının pozulması ilə bağlı da Abşeron Məhkəməsində iş gedir. Hazırki hadisə baş verməmişdən 3-4 gün əvvəl o uşaqlarını Saray qəsəbəsindən Rufanənin yaşadığı evdən götürmüşdür. Rufanə xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində onun yaşadığı Sumqayıt şəhəri BTZ bağları ərazisindəki evə gəlmişdir. Həmin vaxt o, evdə olarkən küçədən yüksək qışqırıq səsi eşitmişdir. O həyətə çıxdıqda Rufanənin darvazada dayandığını görmüş və Rüfanə uşaqları görmək istədiyini demişdir. O, Rufanəni evə çağırsa da Rufanə evə girmək istəmədiyini demiş, o, da buna görə uşaqların hər ikisini küçəyə çıxartmışdır. Rufanə birinci böyük övladı Zəhranın üzündən öpmüş, sonra onun qucağında olan kiçik övladı Sonanı qucağına almış və qışqıra-qışqıra uşağı aparacağını, ona verməyəcəyini demişdir. O, da həmin vaxt əsəbləşib uşağı Rufanədən almağa çalışmış, lakin Rufanə uşağı vermədiyi üçün o, məcbur olub Rufanəni itələmiş, həmin vaxt Rufanə yerə yıxılmış və başının arxa hissəsi yerə dəymişdir. Rufanə yerdə uzanıqlı vəziyyətdə olarkən o, uşağı Rufanədən almışdır. Həmin vaxt dayısı oğlu Şahid2 həyətdə idi. Səs küyə Elgiz həyətdən çölə çıxıb onlara yaxınlaşıb Rufanəni aralaşdırıb oradan uzaqlaşdırmışdır. Həmin vaxt Rufanə təxminən 4-5 metr kənarda yerə qoyduğu və videoçəkiliş etdiyi mobil telefonunu götürüb “mənə bu lazım idi” deyib sonra taksiyə minib getmişdir. Təxminən yarım saat sonra polis əməkdaşları gəlmişlər və onu polis bölməsinə dəvət etmişlər. O, da təxminən 1 saat sonra polis bölməsinə getmiş və orada izahatı alınmışdır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını bildirərək barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs qismən elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində hadisə olan gün əsəbləşib uşağı Rufanədən almağa çalışdığını, lakin Rufanə uşağı vermədiyi üçün məcbur olub Rüfanənin başından yumruqla vurduğunu, sonra saçından tutub yolduğunu və ona fiziki zor tətbiq edib uşağı almağa çalışdığını, həmin vaxt Rufanənin yıxılaraq başının arxa hissəsinin yerə dəydiyini bildirmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2015-ci il tarixdə Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Bir müddət sonra isə nikahlarını rəsmiləşdirmişlər. O, Elvinin 3-cü həyat yoldaşı idi. Əvvəlki evliliklərini Elvin ondan gizlətdiyindən o bunu sonradan bilmişdir. Elvinlə olan evlilikdən 2016-cı il təvəllüdlü Zəhra Alıyeva və 2018-ci il təvəllüdlü Sona Alıyeva adlı iki övladları var. Evli olduqları müddətdə müxtəlif ünvanlarda kirayə yaşamışlar. Son 2 ilə yaxın müddətdə isə Abşeron rayonu Saray qəsəbəsində anasının tikdirdiyi evdə yaşamışlar. Lakin münasibətləri alınmadığı üçün və tez-tez onu döyüldüyü üçün 2022-ci ilin iyun-iyul aylarında ayrılmışlar. Elvin onu döydüyü üçün məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Elvinlə nikahlarının pozulması ilə bağlı Abşeron Rayon Məhkəməsində mülki işləri var. Hadisə baş verməmişdən təxminən 3-4 gün əvvəl Elvin uşaqları görmək istədiyini demiş, o, da 1 günlük uşaqları Saray qəsəbəsində yaşadığı evdə Elvinə vermişdir. Lakin Elvin uşaqları geri gətirmədiyi üçün o, xx.xx.2023-cü il tarixdə uşaqları Elvindən götürmək üçün Elvinin yaşadığı Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən evə getmişdir. Elvin onu əvvəllər də dəfələrlə şiddətə məruz qoyub sonradan heç nəyi boynuna almadığından o mobil telefonun kamerasını kənarda quraşdırmışdır ki, nəsə baş versə kameraya sübut kimi düşsün. O qapının çölündən uşaqlarının adlarını çəkib onları çağırmış və Elvin hər iki uşağı evdən çıxardaraq onu evə çağırmışdır. Lakin o, həyətə girməmiş və Elvin uşaqları küçəyə gətirmişdir. O, əvvəl böyük övladı Zəhranın üzündən öpmüş, sonra Elvinin qucağında olan kiçik övladı Sonanı qucağına almış və uşağı qucağına almağından 2-3 saniyə sonra Elvin uşağı tutub onun əlindən almağa çalışmışdır. O, uşaqla bir az çox vaxt keçirmək istədiyini bildirəndə Elvin uşağı əlindən almaq üçün onun başına vurmuş, saçından tutub yerə yıxmış, həmin vaxt başının arxası yerə dəymişdir. Həmçinin həmin vaxt sol əlinin üstünə də xəsarət yetirmişdir. O, yerdə uzanıqlı olduğu vaxt Elvin zorla uşağı dartıb onun əlindən almışdır. Elvinin dayısı oğlu Şahid2 Elvinin ona qarşı fiziki zor tətbiq etdiyini görüb onlara yaxınlaşmış və onları aralaşdırmışdır. Elvin onu vurarkən Elgiz həyətdən çıxmadığından bunları görməmişdir. Onu gətirən taksi sürücüsü də həmin hadisəni görmüş, lakin o, hadisəyə müdaxilə etməmişdir. Bundan sonra o, həmin taksiyə əyləşmiş və baş vermiş hadisə barədə DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmadığını və sonuncunun barəsində qanunamüvafiq qaydada cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, “Uber” taksi şirkətinə məxsus avtomobili icarəyə götürüb etibarnamə ilə idarə etmişdir. xx.xx.2023-cü il tarixdə “Uber” şirkətinə məxsus “Honda insight” markalı **-FO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə taksi kimi işdə olarkən proqramla Abşeron rayonu Saray qəsəbəsi Üzümlük yaşayış massivindən Sumqayıt şəhəri BTZ bağları ərazisində yerləşən fərdi evə sifariş qəbul etmiş və Saray qəsəbəsindən tanımadığı, lakin sonradan adının Rufanə olduğunu öyrəndiyi qadını təyinat nöqtəsinə aparmışdır. Orada Rufanə adlı qadın uşağını götürüb qayıdacağını və buna görə onu təyinat nöqtəsində dayanıb gözləməyini ondan xahiş etmişdir. O, da həmin yerə çatdıqdan sonra qadın maşından düşüb orada olan evlərdən birinin darvazasına yaxınlaşıb uşaqlarını çağırmışdır. Həmin vaxt bir nəfər cavan oğlan sonradan adının Elvin olduğunu öyrəndiyi şəxs 2 azyaşlı uşaqla küçəyə çıxmışdır. Bir az keçmiş Elvinin Rufanənin başına vurduğunu, onun saçından tutduğunu, Rufanənin yerə yıxılaraq başının arxa tərəfinin yerə dəydiyini görmüşdür. O, həmin vaxt kənardan Elvinə qadını döyməməsi barədə dəfələrlə xəbərdarlıq etmişdir. Onun ürəyində problem olduğu üçün xx.xx.2023-cü il tarixdə “anju” olunduğundan hadisəyə müdaxilə edə bilməmiş, yalnız kənardan hadisəni görmüşdür. Təxminən 2-3 dəqiqə sonra Elvingilin evindən çıxan bir nəfər tanımadığı şəxs küçəyə çıxıb onları aralaşdırmışdır. Daha sonra Rufanə gəlib maşına əyləşmiş və DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. O özü də hadisə barədə polisdə izahat vermiş, hazırda məhkəmədə dediklərini polisdə verdiyi izahatında da bildirmişdir. Məhkəmədə Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs dayısı oğludur. Elvinlə Zərərçəkmiş şəxs ailəli olmuşlar, onların 2 azyaşlı uşaqları var. xx.xx.2023-cü il tarixdə saat təxminən 10 radələrində o, Elvinin yaşadığı Sumqayıt şəhəri BTZ bağları ərazisindəki evində olmuşdur. Həmin vaxt Rufanə evə gəlib küçədən uşaqlarını çağırmışdır. Rufanə həyətə keçmək istəmədiyindən Elvin uşaqları küçəyə çıxartmışdır. Bir qədər sonra o, küçədən qışqırıq səsi eşitmiş və küçəyə çıxarkən Rufanəni yerdə uzanıqlı vəziyyətdə görmüş, Elvinin isə uşağı ondan almaq istədiyini görmüşdür. O, yaxınlaşıb Rufanəni aralaşdırıb oradan uzaqlaşdırmışdır. Həmin vaxt Rufanə təxminən 4-5 metr kənarda yerə qoyduğu və videoçəkiliş etdiyi mobil telefonunu götürüb “mənə bu lazım idi” deyib sonra taksiyə minib oradan getmişdir. O həyətdən çölə çıxana kimi Rufanə ilə Elvin arasında nə baş verdiyini görməmişdir. Bir qədər sonra polis əməkdaşları gələrək Elvini polis bölməsinə aparmışlar. İş materiallarında olan xx.xx.2023-ci il tarixli, 509 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Ənsə nahiyyənin dərialtı hematoması, sağ bazunun və sağ saidin qançırları, sol əlin sıyrıqları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni, xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakterinə və lokalizasiyalarına əsasən demək olar ki, həmin xəsarətlərin Zərərçəkmiş şəxs özü-özünə yetirməsi az inandırıcıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş 16 aprel 2023cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyərək xəsarət yetirməsi qeydə alınmış video görüntülərdə də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurması, saçından tutaraq yerə yıxması, Zərərçəkmiş şəxs başının arxasının yerə dəyməsi və Şahid2 küçəyə çıxaraq onları aralaşdırması bir daha təsdiq olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs sadələşdirilmiş material üzrə özünü təqsirli bilməməsinə dair dəlillərini müdafiə mövqeyinə söykənərək subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsə təyin edilmiş cəza üzrə üzərinə qoyulmuş vəzifə hissəsində dəyişdirilərək, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş Abşeron rayon və Bakı şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifəsi Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək vəzifəsi ilə əvəz edilmiş və hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 01 ay 05 gününü çəkmiş, çəkilməyən hissəsi 10 ay 25 gün təşkil edir. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi ola ola yenidən qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aidd edilən bədən xəsarətlərinin yetirməklə hazırki cinayət əməlini törətməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay, 05 günü CM-nin 68.1.1-1-ci madddəsinə əsasən 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri qaydasında qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 06 ay azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılsın və ona 08 ay 18 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 05 gün hissəsi CMnin 68.1.1-1-ci maddəsinə əsasən 18 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Zərərçəkmiş şəxsə Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanla bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 12 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar