Məhkəmə qərarları › İş №1(060)-520/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-520/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-520/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilənlər şəxslər-Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun, müdafiəçilər-Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4, 326.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19.12.2015-ci il tarixli hökmündən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.052018-ci il tarixli qərarı ilə cəzası 05 il 09 aya endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarı ilə cəzasının sonunadək müddət həbsxana rejiminə keçirilmiş, 18.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamuş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3ayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, 05 aprel 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1095 saylı evin qarşısına gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Kia Rio” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobili ilə yaxınlıqda gözləmiş, o isə hasardan aşma yolu ilə həyətyanı sahəyə qanunsuz daxil olaraq evin arxa hissəsindəki dəyəri 30 manat, üzərində “Marquis EC-3” yazıları olan su matorunu, həyətyanı sahədəki dəyəri 250 manat olan, ağ rəngli “LG” markalı, 6 kq-lıq paltaryuyanı, həyətyanı sahədəki dəyəri 30 manat olan bir təkərli, markası bilinməyən inşaat arabasını, həyətyanı sahədəki dəyəri 180 manat olan, 2 jilalı, içərisi mis metalından olan, 150 metr uzunluqlu elektrik naqilini, həyətyanı sahədə olan saxlanc yerinin qapısısının qıfılını dəmir parçası ilə qıraraq içərisindəki dəyəri 400 manat olan, mühərrik hissəsi ilə birlikdə alınmış ağ rəngli “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioneri, dəyəri 300 manat olan, 4 jilalı, içərisi mis metalından olan, 200 metr uzunluqlu elektrik naqilini, həyətyanı sahədə olan hamam otağının qapısını qıraraq içərisindəki dəyəri 50 manat olan, ağ rəngli “MAGİCSTAR” markalı, 20 litr tutumlu, su qızdırıcısını və dəyəri 40 manat olan radio aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1280 (min iki yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, 05 aprel 2021-ci il tarixdə saat 02 radələrində özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1095 saylı evin qarşısına gələrək əvvəlcədən aralarında olan razılaşmaya əsasən o, idarə etdiyi “Kia Rio” markalı, **-SY-*** dövlət nömrə nişanlı avtomobili ilə yaxınlıqda gözləmiş, Təqsirləndirilən şəxs1 isə hasardan aşma yolu ilə həyətyanı sahəyə qanunsuz daxil olaraq evin arxa hissəsindəki dəyəri 30 manat, üzərində “Marquis EC-3” yazıları olan su matorunu, həyətyanı sahədəki dəyəri 250 manat olan, ağ rəngli “LG” markalı, 6 kq-lıq paltaryuyanı, həyətyanı sahədəki dəyəri 30 manat olan bir təkərli, markası bilinməyən inşaat arabasını, həyətyanı sahədəki dəyəri 180 manat olan, 2 jilalı, içərisi mis metalından olan, 150 metr uzunluqlu elektrik naqilini, həyətyanı sahədə olan saxlanc yerinin qapısısının qıfılını dəmir parçası ilə qıraraq içərisindəki dəyəri 400 manat olan, mühərrik hissəsi ilə birlikdə alınmış ağ rəngli “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioneri, dəyəri 300 manat olan, 4 jilalı, içərisi mis metalından olan, 200 metr uzunluqlu elektrik naqilini, həyətyanı sahədə olan hamam otağının qapısını qıraraq içərisindəki dəyəri 50 manat olan, ağ rəngli “MAGİCSTAR” markalı, 20 litr tutumlu, su qızdırıcısını və dəyəri 40 manat olan radio aparatını gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1280 (min iki yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 2021-ci ilin mart ayının ortalarından Sumqayıt şəhəri, Novxanı bağlar massivində yaşayan qaynanasının evinə qonaq gəlmişdir. Qaynanasının yaşadığı ünvanla yaxınlıqda yaşayan, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs2 və onun qardaşı Asif Məmmədovla bu müddət ərzində tanış olmuşdur. 05.04.2021-ci il tarixdə saat 02 radələrində Vasif və Asif Məmmədovların yaşadıqları Sumqayıt şəhəri, Novxanı qəsəbəsində Vasifin idarə etdiyi “Kia” markalı avtomobillə gəzərkən Vasif və Asifin yaşadığı küçədə onlarla qonşuluqda olan evin qapısının qıfılla bağlı olduğunu görmüşlər. Həmin vaxt razılığa gəlmişlər ki, həmin evə daxil olub oradan oğurluq etsinlər, əldə edəcəkləri gəliri isə bərabər şəkildə bölsünlər. Sonra avtobili saxlamışlar. Vasiflə birlikdə hasardan evin həyətinə baxmışlar, Asif isə avtomobildə əyləşmişdir. Evin içərisində heç kimi görmədiyinə görə hasardan aşaraq həyətyanı sahəyə daxil olmuşdur. Vasif isə avtomobildə sükan arxasında əyləşmişdir. Evin həyətinə daxil olduqdan sonra evin arxasına keçmişdir. Orada olan su matorunu götürüb həyətyanı sahənin qapısının içəri tərəfdən qarşısına qoymuşdur. Evin yan hissəsində olan qapısı qıfılla bağlanmış hamamın qıfılını evin həyətindən götürdüyü dəmir parçası ilə qırıb hamama daxil olmuşdur. Hamamın içərisində divarda olan su qızdırıcısını açaraq götürüb onu da su matorunun yanına qoymuşdur. Həyətyanı sahədə olan saxlanc yerinin içərisində olan kondisioneri və kiçik ölçülü radio aparatını götürüb onları da həyətyanı sahənin qapısının içəri tərəfdən qarşısına qoymuşdur. Həyətyanı sahədə üzəri sellofanla bağlanmış “LG” markalı paltaryuyanı da götürüb digər əşyaların yanına qoymuşdur. Sonra həyətdə olan arabanı gətirib həmin əşyaları arabaya yığmışdır. Hasardan aşıb evin həyətyanı sahəsindən çıxıb çöl tərəfdən darvazanın qarşısına gəlib evin həyətindən götürdüyü dəmir parçası ilə qapının qıfılını qıraraq həmin qapıdan evin həyətinə daxil olub arabanı sürüb avtomobilin yanına gətirmişdir. Asif və Vasiflə birlikdə həmin əşyaları avtomobilin baqaj hissəsinə yığmışdır. Sonra avtomobilə əyləşmişlər. Vasif avtomobili idarə edərək avtomobili evlərinin həyətyanı sahəsinə salmışdır. Vasif ya da Asif avtomobildən paltaryuyan, su qızdırıcısı və su nasosunu götürüb paltaryuyanı evin həyətinə, su qızdırıcısı və su nasosunu isə evin içərisinə qoymuşdur. Daha sonra Asif evlərində qalmış, Vasif isə avtomobili ilə onu qaynanasının evinə gətirmişdir. Onlar küçədə söhbət edərkən Vasiflə razılaşmışlar ki, onların evində olan əşyaları, avtomobildə olan kondisioneri və kiçik ölçülü radio aparatını satsın. Kondisioneri və kiçik ölçülü radio aparatını götürüb qaynansının evinin həyətyanı sahəsində gizlətmişdir. 07.04.2021-ci il tarixdə qaynanasının evində olarkən polis əməkdaşları həmin ünvana gəlib onu polis bölməsinə dəvət etmişlər. Onlar Zərərçəkmiş şəxs evinin həyətindən bir ədəd arabanı, 200 metr 4 jilalı, 150 metr isə 2 jilalı içərisi mis metalından olan kabeli oğurlamamışlar. Təqsirləndirilən şəxs1 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri ödəməyə maddi imkanının olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə həm Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, mənzil 33 ünvanında, həm də Sumqayıt şəhəri, Novxanı bağlar massivində, fərdi evdə yaşayır. Etibarnamə əsasında idarə etdiyi “Kia Rio” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyəti ilə məşğul olur. 2021-ci ilin aprel ayının əvvələrindən Təqsirləndirilən şəxs1 tanıyır. Belə ki, o, Novxanı bağlar massivində yaşayan qaynanasının evinə qonaq gəlmiş, həmçinin, sərnişin kimi də bir neçə dəfə avtomobilinə əyləşmişdir. Buna görə də onunla münasibəti yaranmışdır. 05.04.2021-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Asif Məmmədov və Təqsirləndirilən şəxs1lə birlikdə yaşadıqları Sumqayıt şəhəri, Novxanı qəsəbəsində bir müddət gəzdikdən sonra qardaşı Asifi yaşadıqları evə, yəni Novxanı qəsəbəsində yerləşən evə düşürtmüşdür. Sonra İntiqamla birlikdə yenidən avtomobillə gəzmişlər. Yaşadığı evdən təxminən 1 km məsafədə yerləşən evin qapısının qıfılla bağlı olduğunu görmüşdür. Həmin vaxt İntiqam təklif etmişdir ki, həmin evdən oğurluq etsinlər. Əvvəlcə razı olmasa da sonradan onunla razılaşmışdır. Daha sonra avtomobili saxlamışdır. O avtomobilində əyləşib gözləmiş, İntiqam isə hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Təxminən 15-20 dəqiqə sonra İntiqam hasarı aşaraq evin həyətyanı sahəsini tərk edib darvazanın qıfılını dəmir parçası ilə qırmışdır. Daha sonra darvazanın qapısını açıb həyətyanı sahəyə daxil olub araba ilə oğurladığı əşyaları avtomobilin yanına gətirmişdir. Sonra hər ikisi köməkli şəkildə həmin əşyaları avtomobilin baqaj hissəsinə yığmışlar. Sonra avtomobilə əyləşərək avtomobili idarə edib yaşadığı ünvana gedərək avtomobili həyətyanı sahəyə salmışdır. İntiqamla birlikdə avtomobildən paltaryuyan, su qızdırıcısı və su nasosunu götürüb paltaryuyanı evin həyətinə, su qızdırıcısı və su nasosunu isə evin içərisinə qoymuşlar. Daha sonra avtomobili idarə edərək İntiqamı qaynanasının evinə aparmışdır. İntiqam avtomobildə olan kondisioneri və kiçik ölçülü radio aparatını qaynanasının evinə aparmışdır. Evin sahibi Zərərçəkmiş şəxs tanımamışdır. İntiqamla qeyd etdiyi evdən oğurluq etmək qərarına gələrkən qardaşı Asif yanlarında olmamış, Asif onlarla birlikdə qeyd etdiyi oğurluq əməlini törətməmiş. Həmin əşyaları oğurlamaqda məqsədi onları satıb pul əldə etmək olmuşdur. İntiqamla həmin əşyaları satdıqdan sonra pulu bərabər şəkildə böləcəkləri barədə əvvəlcədən razılaşmasalar da həmin əşyaları satacaqları təqdirdə əldə etdikləri gəliri bərabər şəkildə böləcəkmişlər. Yalnız ifadəsində adlarını sadaladığı əşlayarı oğurlamışlar. Təqsirləndirilən şəxs2 törədiyi cinayət əməlindən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin özünə düşən hissəsini tam olaraq ödənildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 03.04.2021-ci il tarixdə saat 18 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1095 nömrəli evin və həyətyanı sahənin qapısını bağlayıb özünə məxsus olan ünvan 5 ünvanına gedib orada qalmışdır. 05.04.2021-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, 1095 nömrəli evə getdikdə həyətyanı sahənin darvazasının qıfılının qırıldığını görüb naməlum şəxs və ya şəxslərin oğurluq etmək məqsədi ilə həmin qıfılı qırdığını başa düşmşdür. Sonra evin həyətyanı sahəsinin su ilə dolduğunu görüb evin arxa hisssinə keçdikdə “Marquis” markalı su matorunun oğurlandığını, həyətyanı sahədə olan “LG” markalı paltaryuyanın, onun yanında olan arabanın, həyətyanı sahədə olan saxlanc yerinin qapısının qıfılının qırılaraq orada olan “SHİVAKİ” markalı kondisionerin mator hissəsi ilə birlikdə oğurlandığını, saxlanc yerində olan 200 metr 4 jilalı, 100 metr 2 jilalı içərisi mis metalından olan elektrik naqillərinin oğurlandığı, həyətyanı sahədə olan hamam otağının qapısının qırılaraq orada olan “MAGİCST” markalı su qızdırıcısının və radio aparatının oğurlandığını, həyətyanı sahədə olan 50 metr, 2 jilalı içərisi mis metalından olan elektrik naqilinin oğurlandığını aşkar etmişdir. Buna görə də AR DİN-in 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. “Marquis” markalı su matorunu təxminən 2 il bundan qabaq 30 manata almışdır, həmin matorun oğurlanması nəticəsində ona 30 manat maddi ziyan dəymişdir. “LG” markalı paltaryuyan 6 kq-lıq olmuş, təxminən 6 il bundan qabaq 500 manata almışdır, həmin paltaryuyan maşının oğurlanması nəticəsində ona 500 manat ziyan dəymişdir. Arabanın markasını bilmir, bir təkərli araba olmuşdur, təxminən 1 il bundan qabaq 50 manata almış, həmin arabının oğurlanması nəticəsində ona 50 manat ziyan dəymişdir. “SHİVAKİ” markalı kondisioneri mator hissəsi ilə birlikdə təxminən 6 il bundan qabaq 700 manata almışdır və oğurlanması nəticəsində ona 700 manat ziyan dəymişdir. 200 metr 4 jilalı, içərisi mis metalından olan kabel oğurlanmışdır. Həmin kabelin metrini 1,50 manata almışdır. Həmin kabelin oğurlanması ilə ona 300 manat maddi ziyan dəymişdir. 150 metr isə 2 jilalı içərisi mis metalından olan kabel oğurlanmışdır. Həmin kabelin metrini 1,20 manata almışdır. Oğurlanması ilə ona 180 manat maddi ziyan dəymişdir. “MAGİCST” markalı su qızdırıcısını 1 il əvvəl 90 manata almışdır. Oğurlanması ilə ona 90 manat maddi ziyan dəymişdir. Radio aparatının markasını bilmir, 4-5 il əvvəl 40 manata almışdır. Oğurlanması ilə ona 40 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi zərərin 600 manat məbləğini ödəyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs2 yüngül cəza, digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncunun barəsində qanunla müəyyən olunmuş cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə iclasında şahid X1 elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun qardaşıdır. O ailəsi birlikdə ünvan 3ayır. Təqsirləndirilən şəxs1 tanımır, onunla əvvəllər aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. 04.04.2021-ci il və 05-04.2021-ci il tarixlərdə yaşadığı ünvanda olmuş və həmin ünvanı tərk etməmişdir. Sumqayıt şəhəri, Novxanı qəsəbəsinə yalnız 06.04.2021-ci il tarixdə bir nəfər tanışı ilə görüşmək üçün getmişdir. Onun baş vermiş oğurluqdan məlumatı olmamışdır, qardaşı Vasif və sonuncunun dostu Təqsirləndirilən şəxs1lə heç bir oğurluq hadisəsində iştirak etməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 may 2021-ci il tarixli 9/2289 rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 5 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin aprel ayına olan orta bazar qiymətləri nəzəri qaydada təxminən 760,00 manat müəyyən olunur. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstrəilmişdir. Digər 3 adda mallar haqqında kifayət qədər məlumat( markası, modeli, istismar müddəti, ölçüləri və s.) olmadığıüçün qiymətləndirmə aparmaq mümkün olmadı. 1vahidinin Ümumi dəyəri Adı və markalanma göstəriciləri Miqdarı qiyməti (manatla) (manatla) 2 il bundan qabaq alınmış, üzərində 30 30 “Marquis EC-3” yazıları olan si matoru 1 ədəd Təxminən 6 il bundan qabaq alınmış ağ 250 250 rəngli “LG” markalı 6 kq-lıq paltaryuyan 1 ədəd Təxminən 6 il bundan qabaq mühərrik 400 400 hissəsi ilə birlikdə alınmış ağ rəngli 1 ədəd “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioner 1 il əvvəl alınmış ağ rəngli 50 50 “MAGİCSTAR” markalı, 20 litr tutumlu su 1 ədəd qızıdırıcısı Təxminən 1 il bundan qabaq alınmış, bir 30 30 təkərli markası bilinməyən inşaat 1 ədəd arabası 4 jilalı içərisi mis metalından olan elektrik aydın deyil 0 naqili 200 metr 2 jilalı içərisi mis metalından olan elektrik aydın deyil 0 naqili 150 metr 4-5 il əvvəl alınmış markası bilinməyən aydın deyil 0 Radio aparatı 1 ədəd CƏMİ: 760,00 . Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut olan “Marquis EC-3” yazıları olan su motorunu, ağ rəngli “LG” markalı 6 kq-lıq paltaryuyanmaşın, ağ rəngli “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioner, ağ rəngli “MAGİCSTAR” markalı, 20 litr tutumlu su qızdırıcısı Zərərçəkmiş şəxs sərəncamına verilmişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs2 tərəfindən ona vurulmuş maddi zərərin 600 manat məbləğini ödəyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək Təqsirləndirilən şəxs2 yüngül cəza, digər Təqsirləndirilən şəxs1 tərəfindən isə ona vurulmuş maddi zərər ödənilmədiyi üçün sonuncunun barəsində qanunla müəyyən olunmuş cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutuləan cinayət əməllərini törətməkdə təqsirliliyi təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onların cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və onlar həmin maddələrdə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, maddələrin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən onların törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 15.04.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurmuş olduğu maddi zərəri ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş arayışdan (tələbnamədən) və məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Şəhəri Suraxanı rayon Məhkəməsinin 19.12.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.4, 326.2, 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3cü maddəsinə əsasən 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin 07.03.2018-ci il tarixli qərarı ilə CM-nin 177.2.4-cü maddəsi Şəhəri Suraxanı rayon Məhkəməsinin 19.12.2015-ci il tarixli hökmündən xaric edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 17.052018-ci il tarixli qərarı ilə cəzası 05 il 09 aya endirilmiş, Qaradağ Rayon Məhkəməsinin 13.03.2020-ci il tarixli qərarı ilə cəzasının sonunadək müddət həbsxana rejiminə keçirilmiş, 18.01.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi CM-nin 61.1.1-ci maddəsinə əsasən residiv müəyyən olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə 07.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt şəhər Məhkəməsinin 09.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 22.07.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə 07.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 07 aprel 2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Sumqayıt şəhər Məhkəməsinin məhkəmənin hazırlıq iclasının 22.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 oğluna hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli tutulduğu vaxtdan, yəni 07 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut olan “Marquis EC-3” yazıları olan su motorunu, ağ rəngli “LG” markalı 6 kq-lıq paltaryuyanmaşın, ağ rəngli “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioner, ağ rəngli “MAGİCSTAR” markalı, 20 litr tutumlu su qızdırıcısı Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməyən hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə onlara dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 13 iyul 2021-ci il tarixli (iş № 1(060)-520/2021) qərarını icra edərək, 16 iyul 2021-ci il tarixli 779 və 780 saylı orderlərə əsasən vəkillər Müdafiəçi2 və Müdafiəçi1 müvafiq olaraq onların vəkili təyin etmişdir. Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün hər biri 8 saat olmaqla cəmi 16 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan RespublikasıNazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 96 (doxsan altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 07.04.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinsin və o, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 07.04.2021-ci il tarixdən 09.04.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 22, mənzil 33 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut olan “Marquis EC-3” yazıları olan su motorunu, ağ rəngli “LG” markalı 6 kq-lıq paltaryuyanmaşın, ağ rəngli “SHİVAKİ” markalı, “SH-12HR” modelli kondisioner, ağ rəngli “MAGİCSTAR” markalı, 20 litr tutumlu su qızdırıcısı Zərərçəkmiş şəxs sərəncamına verilməsi nəzərə alınsın. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyanın ödənilməyən hissəsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 göstərdikləri 8 (səkkiz) saat hüquqi yardıma görə hər birinə 48 (qırx səkkiz) manat olmaqla, cəmi 96 (doxsan altı) manat məbləğində pul dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar