Məhkəmə qərarları › İş №1(060)-520/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-520/2025

17.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-520/2025 17.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan. ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,918 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 21 aprel 2025-ci il tarixdə saat 20:13 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən “Yaşıl market" yaxınlığında saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,918 qram ağ rəngli, kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, iş üzrə özünü təqsirli bilmir. Əli və Şərail adlı polis əməkdaşları tərəfindən 21 aprel axşam saat 5-6 radələrində yaşadığı evdə saxlanılmışdır. Həmin polis əməkdaşları onun evini axtarmış, lakin heç nə tapa bilməmişlər. Bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Polis İdarəsinə aparılmış və orada 1 gün ərzində fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Bu səbəbdən çəkiliş vaxtı təqsirini etiraf etmişdir. Videoçəkiliş saxlanıldığı günün səhəri günü baş tutmuşdur. Videoçəkilişdən sonra Polis İdarəsinə gəlmiş və müdafiəçi ilə təmin olunmuşdur. Polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmışdır. Bundan sonra tibbi ekspertizaya göndərilmiş, sadəcə ona verilən vərəqi imzalamış və həkim tərəfindən müayinə olunmamış, həkimə şikayətini bildirməmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra hüquqlarını bilmiş və ona azadlıqdan məhrum etmə cəzası təyin ola biləcəyini öyrənmişdir. Polis İdarəsindən buraxıldıqdan sonra heç yerə şikayət etməməsinin səbəbi azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləcəyi ilə aldadılması olmuşdur. Polis əməkdaşları tərəfindən evində tutulan zaman Polis İdarəsinə 3-5 dəq ərzində getmişlər və yolda da ona təzyiqlər göstərilmiş, o isə polis əməkdaşlarına etirazını bildirmişdir. 1 gün ərzində Polis İdarəsində qaldıqdan sonra 234.1-ci maddə ilə ona ittiham olunmasına razı olmuşdur. Tutulduğu günün səhəri günü “Yaşıl market”in yaxınlığında videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Son 1 ildir ki, dərman vasitələri qəbul edərək müalicə alır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Şərail adlı polis əməkdaşı ondan anasının mobil telefon nömrəsini istəmiş, o da həmin nömrəni Şərailə vermişdir. Bundan sonra Şərail onun yanında yox, başqa yerdə onun anasına zəng etmişdir. Şərail ondan əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərin müəyyən edilməsi üçün kömək istəmiş, o da öz növbəsində Şərailə kömək etmişdi. Saxlanıldıqdan sonra isə Şərail ona narahat olmamasını, həbs olunmayacağını bildirmişdir. Şəraillə arasında düşmənçilik münasibəti və ya ədavət olmamışdır. Şərail ona izahatını imzalamaq üçün fiziki güc tətbiq etmiş, nalayiq ifadələr işlətmişdir. Şərail və digər polis əməkdaşı onun evinə gələndə o yatırmış, onu Şərail yuxudan oyatmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə aydır ki, narkotik vasitələrdən istifadə edir. Tutulduğu gün axşam saatlarında o, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən tanımadığı, adını və ünvanını bilmədiyi şəxslə söhbət edərkən o, onun narkotik vasitə və ya psixotrop maddələrdən istifadə etdiyini bilmişdir. O, ona psixotrop maddə olan metamfetamin verə biləcəyini bildirmişdir. O, həmin tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata 01 ədəd bükümdə metamfetamin almışdır. O, həmin psixotrop maddəni istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 20:13 dəqiqədə Sumqayıt şəhəri. 21-ci məhəllə ərazisində yerləşən «Yaşıl marketwin yaxınlığında olarkən üç nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşduqdan sonra ona bildirmişlər ki. o, narkotik vasitələrin qəbulunda və qanunsuz üzərində gəzdirilməsində şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O. əynindəki şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu və haradan aldığını soruşduqda o, həmin maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni təxminən bir saat əvvəl Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən üzdən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş və çəkisi 1,08 qram təşkil etmişdir. O. bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təqdim etdiyi 01 ədəd bükümdə olan psixotrop maddə olan metamfetamin zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Onun üzərinə baxış keçirilsə də hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onu Sumqayıt ŞPİ-nə dəvət elmişlər. O. polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə getmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X12 təqdim olunmuşdur. Sonra o, saxlanılarkən üzərimnən aşkar olunaraq qablaşdırılmış 01 ədəd büküm olan zərf təhqiqatçıya təqdim olunmuşdur. Təhqiqatçı zərfin tamlığının pozulmadığını qeyd etmişdir. Bundan sonra o. həmin maddəni tutulduqdan təxminən bir saat əvvəl Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən üzdən tanımadığı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra psixotrop maddənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, lakin bunu sübut edə bilmədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf etməsə də, şahid ifadələri, iş üzrə toplanmış istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi əməliyyat qrupu təşkil edilmiş, məlumat əsasında həmin gün Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən «Yaşıl market»in yaxınlığında Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla saxlanılmışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs üəzrində olan bükülünü təqdim etmiş, həmin bükülü açıldıqda içərsində metamfetaminə bənzər kütlə aşkr edilmiş, həmin büküm elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bundan sonra İ.Baxşəyev polis idarəsinə aparılması təmin edilmiş, idarədə təhqiqatçı tərəfindən vəkilin iştirakı üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, əməliyyat tədbirini Şahid2 və Şahid3la birlikdə həyata keçirilmiş, şəxs tutulmazdan əvvəl onun yerinin müəyyən edilməsi üçün yaşadığı ünvanın ətrafı da müşahidəyə götürülmüş, keçirilən tədbirlərdə xidmət etdiyi bölmənin digər əməkdaşı olan Şərail iştirak etməmişdir. Bundan başqa ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilməmiş, onun yaşadığı mənzilə gedilməmiş, ilk dəfə videoçəkilişlə Sumqayıt şəhər ərazisində yerləşən “Yaşıl market”in yaxınlığında saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi Şahid1 ifadəsi ilə oxşar məzmunlu olmuşdur. Şahid3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs olduğu yer barədə məlumat daxil olduqda polis əməkdaşları olan Şahid2 Və Şahid1la birlikdə Sumqayıt ŞPİ-nin inzibati binasından çıxaraq “Yaşıl market”in yaxınlığına gedərək Təqsirləndirilən şəxs saxlamışlar. Sonuncunun yaşadığı mənzildə və ya mənzilin yaxınlığında olmamışlar. Bundan başqa ifadəsində Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yolverilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, 2 nəfər polis əməkdaşı həmin gün onunla bərabər evinə daxil olmuşdur. İlyas həmin vaxt evdə yatdığı üçün onu oyatmışdır. Polis əməkdaşlarından nə üçün gəldiyini soruşanda ona İlyasın onlara kömək etməsi üçün lazım olduğunu bildirmişlər. Buna görə də bir qədər də olsa, narahatlığı keçirmişdir. Bundan sonra həmin 2 nəfər polis əməkdaşı İlyası Polis İdarəsinə aparmışlar. İlyas 2 gecə orada qalmış və 2-ci gün onu buraxmışlar. Evlərinə gələn polis əməkdaşlarından birinin adı Şərail idi, digərinin isə adını bilməmişdir. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, sürücü işləyir, həmin gün axşam saat 7 radələrində evinə gəlmişdir. Evinə gələn şəxslərin polis geyimində olmadığı üçün sonradan polis əməkdaşı olduqlarını bilmişdir. İlyas cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da narkotik vasitələrdən istifadə edib, buna görə də onu Narkoloji dispanserdə müalicə etdiriblər. İlyasın yaşadığı evdə narkotik vasitə istifadə etdiyini görməmişdir. Bildirmişdir ki, polis əməkdaşlarının İlyası apardığı vaxt həyat yoldaşı evdə olmamış, sonradan gəlmişdir. Narahat olan arvadı polisə zəng etmiş və ona axşam İlyasın evə gələcəyini, işlə bağlı onlara kömək üçün lazım olduğunu bildirmişlər. İlyas bir neçə ay əvvəl, ilk dəfə polis əməkdaşları tərəfindən tutulan vaxt ona polislər tərəfindən zəng edilmişdir. Bu dəfə isə İlyasın anası Şərail adlı polis əməkdaşına zəng etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, Təqsirləndirilən şəxs anasıdır. Təcili tibbi yardım xəstəxanasında tibb bacısı işləyir. Hadisə aprel ayının axırlarında baş vermişdir. Axşam saat 7 radələrində işdən çıxmış və evə getmişdir. O, evə gedəndə yoldaşı evdə idi və İlyas artıq polis əməkdaşları tərəfindən aparılmışdı. Bir neçə saat keçəndən sonra İlyas gəlmədiyi üçün narahat olmuş və axşam saat 11-12 radələrində Şərailə zəng etmiş və oğlunun vəziyyətini, nəyə görə buraxılmadığını soruşmuşdur. Şərail ona narahat olmamasını, bir məsələni aydınlaşdırmaq üçün İlyası apardıqlarını və buraxacaqlarını bildirmişdir. İlyası 2-3 gün orada saxladıqdan sonra azad etmişlər. O, evə gələndə halsız vəziyyətdə idi, qapalı biri olduğu üçün əvvəlcə atasına və ona heç nə deməmiş, lakin sonra vəziyyəti izah etmişdir. Belə ki, İlyas polis əməkdaşları tərəfindən döyüldüyünü, həbs olunacağını bildirmişdir. Həmçinin, İlyasın paltarı qan içində idi. İlyasa polis əməkdaşları hədə-qorxu gəlmişlər.Bundan sonra o, polis əməkdaşına zəng etmiş və İlyasın nəyə görə tutulacağını soruşmuşdur. Polis əməkdaşı isə ona azadlığın məhdudlaşdırılması cəzasının veriləcəyini bildirmişdir. Buna görə də hadisə ilə bağlı heç bir orqana şikayət etməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində cəlb edilərək dindirilmiş Şahid4 bildirmişdir ki, Sumqayıt ŞPİ NMB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. ********** mobil nömrəsi onun istifadəsindədir. Təqsirləndirilən şəxsi tanıyır. Belə ki, əvvəllər İlyas narkotik işinə görə başqa şəxslərlə birlikdə tutulmuş, lakin İlyas yox, onunla birlikdə saxlanılan digər şəxs cinayət məsuliyyətinə cəlb edilmişdir. İlyasın valideynləri ilə onun 1-ci dəfə tutulduğu vaxtdan sonra heç bir əlaqəsi olmamışdır. İlyasın anasının ona oğlunun tutulduğu gündən 2 gün sonra nə ilə bağlı zəng etdiyini xatırlamır. Əgər zəng edibsə də, narkoloji dispanserə getməli olduğunu bildirmək üçün zəng edə bilər. Adətən narkotiklə bağlı işlərdə müstəntiqlər təqsirləndirilən şəxslərin narkoloji yoxlamağa göndərilməsinə çətinlik çəkdiklərində onlara kömək edirlər. Bildirmişdir ki, İlyasın tutulma prosesində iştirak etməmiş, onun yaşadığı evdə olmamış, ümumiyyətlə hadisə yerində də olmamışdır. İlyasın tutulmağından Polis İdarəsində xəbəri olmuşdur. İlyasa hər hansı təzyiq göstərməmiş, vəd verməmişdir. O, İlyasın anasına zəng etməmiş və İlyasdan digər işlərlə bağlı kömək istəməmişdir. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20.13-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 58-59-cu vərəqələrində olan 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 11-ci vərəqəsində olan 21 aprel 2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, 1 aprel 2025-ci il tarixdə saat 20:13 dəqiqədə Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən «Yaşıl Market»in yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır. X5 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını bir daha izah edir. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunur. O, vəkilə etiraz etmir. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş də təqdim olunur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin olan zərf təhqiqatçıya təqdim olunur. Təhqiqatçı zərfin tamlığını yoxlayır. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirir ki, həmin bükümü tutulduğu gün axşam saatlarında Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən tanımadığı şəxsdən 20 manata almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmur. Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı kobudluq olunub-olunmadığını, soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığım bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Protokolu yerində tərtib elmək üçün şərait olmaması səbəbindən Sumqayıt ŞPİ-nin inzibati binasında tərtib edildi. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmiş, alarla təsdiq edildi və 1 (bir) ədəd DVD əlavə olundu. Cinayət işinin 30-31-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli şəxsi axtarış və təqdim olunan əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Pİ-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa, həmin əşyanı təqdim etməyini təklif etdim. Təqsirləndirilən şəxs saxlanıldığı vaxtda və yerdə üzərində olan 01 ədəd şəffaf sellofana bükülmüş bükümün polis əməkdaş tərəfindən götürüldüyünü bildirdi. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası DİN-in 124 saylı möhürü ilə möhürlənmiş, 01 ədəd zərfi təqdim edərək Təqsirləndirilən şəxs saxlanılan zaman üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində metamfetaminə bənzər maddə olan bükümün elektron tərəzidə çəkildiyini və çəkisinin 1.08 qram olduğunu, daha sonra həmin 01 ədəd bükümün zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DİN-in 124 saylı möhürü ilə möhürləndiyini bildirdi. Sorğu zamanı Təqsirləndirilən şəxs bir daha aşkar edilmiş 01 ədəd büküm içərisində olan maddənin “metamfetamin” olduğunu, həmin bükümü saxlanılmamışdan 1 saat qabaq Sumqayıt şəhəri, Xəzər bağları ərazisində tanımadığı şəxsdən 20 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirdi. Daha sonra təqdim edilmiş ədəd zərf tərəfimdən götürüldü. Cinayət işinin 45-ci vərəqəsində olan 22 aprel 2025-ci il tarixli 20/227 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmişbir ədəd kağız zərfdəki 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi - 0,918 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,918 qram, tədqiqata sərf edildi - 0,1 qram, qalıq - 0,818 qram qalıq qalmışdır. Cinayət işinin 44-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 80-81-ci vərəqələrində olan MTE-nın xx.xx.2025-ci il tarixli 512 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. Cinayət işinin 75-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,918 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,818 qram psixotrop maddə olan metamfetamin məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən baxış və TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 111-118-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0,918 qram psixotrop maddə olan metamfetamin və ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən baxış və TŞ-nin təhqiqatçısı tərəfindən şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd diskin maddi sübut kimi tanınması nəzərə alınmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli, 3013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 105-ci vərəqəsində olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan 01 ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 21 aprel 2025-ci il tarixdə saat 20:13 dəqiqədə Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən «Yaşıl Market»in yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşları özlərini təqdim edərək Sumqayıt ŞPİnin NMB-nin əməkdaşları olduqlarını bildirirlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirdi. Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərinə baxış keçiriləcəyi izah edilir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini təklif edilir. Təqsirləndirilən şəxs əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin metamfetamin olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin bükümü haradan aldığını soruşduqda o, həmin bükümü tutulduğu gün axşam saatlarında Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən tanımadığı şəxsdən 20 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Bükümün çəkisi 1.08 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılır. Sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır, lakin heç bir şey aşkar olunmur. Bundan sonra polis əməkdaşı sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gedəcəklərini bildirib çəkilişin dayandırılacağını qeyd edir. Cinayət işinin 106-cı vərəqəsində olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan 01 ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 21 aprel 2025-ci il tarixdə saat 20:13 dəqiqədə Sumqayıt şəhəri, 21-ci məhəllə ərazisində yerləşən «Yaşıl Market»in yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİnə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır. X5 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs nə üçün saxlanıldığını bir daha izah edri. Sonra Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X7 təqdim olunur. O, vəkilə etiraz etmir. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri ilə bağlı bildiriş də təqdim olunur. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminin olan zərf təhqiqatçıya təqdim olunur. Təhqiqatçı zərfin tamlığını yoxlayır. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq bildirir ki. həmin bükümü tutulduğu gün axşam saatlarında Sumqayıt şəhəri, Xəzər bağları ərazisində olarkən tanımadığı şəxsdən 20 manata almış və özü istifadə etmək üçün üzərində saxlamışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir şey aşkar olunmur. Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı kobudluq olunub-olunmadığını, soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığım bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin 83-84-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-yə verilmiş sorğunun cavabından görünür ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarına əsasən cəzadan azad edilmişdir. Cinayət işinin 88-95-ci vərəqələrində olan Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 1(091)-169/2017 saylı xx.xx.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş "xxxx" MMC-yə məxsus zənglərin izahlı qaiməsi barədə çıxarışdan görünür ki, X2 abunçəsi olduğu ********* mobil nömrəsindən xx.xx.2025-ci il tarixində saat 12.31-də (15 saniyə), 12.06-da (13 saniyə), 10.56-da (17 saniyə) ********** mobil nömrəsi ilə telefon danışığı aparılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında verdiyi ifadələri özünü müdafiə xarakterlidir. İfadəsində göstərdikləri məhkəmə istintaqında tədqiq olunmuş digər sübutlarla təkzib olunur. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən təsir və təzyiqlərə məruz qaldığını, ona fiziki güc tətbiq edildiyini bildirsə də, onun ilkin olaraq saxlanılmasını əks etdirən videogörüntüdə sərbəst şəkildə üzərində olan bükümü təqdim edir, şəxsi istifadəsi üçün həmin bükümü əldə edərək üzərində saxlamasını etiraf edir. Bu zaman onun hər hansı təsir və təsir altında olmaması aydın şəkildə sezilir. Həmçinin, cinayət işinə əlavə edilmiş, 512 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyində xx.xx.2025-ci il tarixinə, yəni Təqsirləndirilən şəxs saxlanıldığı gün bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. Bundan başqa məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş şahidlər, Təqsirləndirilən şəxs valideynləri İlham Baxşəliyev və Əntiqə Baxşəliyevin bildirdikləri də cinayət işi materialları və işin digər halları ilə təkzib olunur. Polis əməkdaşlarının, o cümlədən əməliyyat qrupunun üzvü olmayan Şahid4 Təqsirləndirilən şəxs yaşadığı evə daxil olması, orada onu saxlayaraq polis orqanına aparması faktı məhkəmə istintaqı müddətində öz təsdiqini tapmamışdır. Əntiqə Baxşəliyevin ifadəsinin bəzi xüsusatları, yəni övladının azad edildikdən sonra paltarında qan ləkəsinin olması barədə qeyd etdikləri də, cinayət işində mövcud olan və məhkəmə istintaqın tədqiq edilmiş ekspert rəyi, əməliyyat çəkilişi və şəxsi axtarış istintaq hərəkəti videogörüntüləri ilə təkzib olunmuşdur. Bundan başqa müdafiə tərəfinin təqdim etdiyi “zənglərin izahlı qaiməsi”ndə Əntiqə Baxşəliyevə tərəfindən polis əməkdaşı Şahid4 istifadəsində olan mobil nömrəyə zənglər edilməsi aşkar olunmuşdur. Həmin mobil zənglər xx.xx.2025-ci il tarixində, yəni Təqsirləndirilən şəxs saxlanılmasından sonrakı vaxtda edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 Əntiqə Baxşəliyevaya zəng etməsi xüsusatı öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra anası Əntiqə Baxşəliyeva tərəfindən Şahid4 mobil zəngin edilməsi irəli sürülmüş ittihamda hər hansı şübhə yaratmır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən olunmamışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli «Amnistiya» qərarına əsasən cəzadan azad edilmişdir. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hökmün qəbul edildiyi tarixdən, yəni 17 oktyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalıdır və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X3 ekspert komissiyasının 21 may 2025-ci il tarixli 3013 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,818 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,818 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 22 saata görə 242 (iki yüz qırx iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar