Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-522/2025 23.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, Nizami küçəsi. 19C, məhəllə 6 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 95 ünvanında yaşayan, xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə”qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,559 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki açıq boz, rəngli gödəkçəsinin sağ yan cibində saxlamaqla daşımış, 05 mart 2025-ci il tarixdə, saat 00:23 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi, 0,559 qram metamfetamin əynindəki açıq boz rəngli gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xeyli vaxtdır ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 04 mart 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində olarkən tanışı Şahid1la rastlaşmış, ağrıları olduğundan pati almaq qərarına gəlmişlər. Həmin gün Saray qəsəbəsində tanımadığı şəxsdən hər biri 15 manata bir büküm pati almışlar. Bir müddət sonra həmin maddəni istifadə etmək üçün Sumqayıt şəhərində münasib yer axtararkən gecə Sumqayıt şəhərində 17-ci mikrorayon ərazisndə Savalan mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən həmin pati aşkar edilərək götürülmüşdür. Hər şeyi olduğu kimi etiraf etmişdir. Uzun müddət keçdiyindən çox şeyi dəqiq xatırlamır. İstintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. İstintaqda verdiyi ifadəsini təsdiq edir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən peşiman olmasını, ailəli olmaqla ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1 -ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək müdafiəçisinin iştirakı ilə vermiş olduğu ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. 04 mart 2025-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olduğu zaman təsadüfən tanışı Şahid1 ilə rastlaşmışdır. Söhbət zamanı Qüdrət bədənində ağrıları olduğu üçün haradansa narkotik vasitə alıb qəbul etmək istədiyini demiş, o da sonuncuya “patı” istifadə etmək istədiyini demişdir. Onlar birlikdə Saray qəsəbəsi ərazisində piyada gəzən zaman bir nəfər şəxslə təsadüfən tanış olmuşlar. Söhbət zamanı həmin şəxsin narkotik vasitə istifadəçisi olduğunu bilmişlər. Sonra isə o, və Qüdrət həmin şəxsdən üzərində “patı”, yəni metamfetamin olub-olmadığını soruşmuşlar və əgər varsa onlara da satmasını istəmişlər. Həmin şəxs də üzərində metamfetamin olduğunu və bir bükümünü 15 manata sata biləcəyini demişdir. Bundan sonra Qüdrət və o hər biri ayrı-ayrılıqda həmin şəxsə 15 manat pul vermişlər və həmin şəxs onların hər birinə bir büküm metamfetamin vermişdir. O, aldığı şəffaf sellofan bükümdəki metamfetamini əynində olan gödəkçəsinin sağ yan cibinə qoymuş, Qüdrət də özünə məxsus metamfetamini şalvarının cibinə qoymuşdur. Qüdrətlə birlikdə axşama kimi vaxtlarını keçirib münasib yerdə əldə etdikləri metamfetamini istifadə etmək qərarına gəlmişlər. Bu məqsədlə Sumqayıt şəhərinə gəlmişlər və 05 mart 2025-ci il tarixdə saat 00:23-də Qüdrətlə birlikdə piyada Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən "Savalan" məişət avadanlıqları mağazasının yaxınlığından keçərkən 4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşıb saxlamışlar və özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşlarından biri mobil telefon vasitəsilə onları videogörüntüyə almışdır. Sonra isə polis əməkdaşları ona və Qüdrətə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxladıqlarını, üzərilərinə şəxsi axtarış keçirəcəklərini demişlər. Daha sonra polis əməkdaşlarından biri ondan üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşmuş və olduğu halda təqdim etməsini təklif etmişdir. O. da əynindəki gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd bükümdə olan metamfetamini çıxarıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı həmin bükümü elektron tərəziyə qoyub çəkmiş, sonra da zərfin içərisinə qoyub möhürləmiş və zərfin üzərində bütün iştirakçılar imza etmişlər. Bundan sonra həmin polis əməkdaşı Qüdrətdən üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitənin olub-olmadığını soruşmuş və olarsa təqdim etməyi təklif etmişdir. Qüdrət də həmin tanımadıqları şəxsdən aldıqları bir bükümdə metamfetamini əynindəki cins şalvarının sağ yan kiçik cibindən çıxararaq təqdim etmişdir. Polis əməkdaşı Qüdrətin təqdim etdiyi bükümü də elektron tərəziyə qoyub çəkmiş, sonra həmin bükümü zərfin içərisinə qoyub möhürləmiş və zərfin üzərində iştirakçılar imza etmişlər. Sonra isə polis əməkdaşları onlara müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmişdir. Onu və Qüdrəti polis idarəsinə gətirmişlər və xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı ona narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını deyərək üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və hüquq və vəzifələrini izah edib, bu barədə bildiriş vermiş və hüquqlarının müdafiəsi üçün özünün seçdiyi vəkili təqdim etmişdir. Daha sonra təhqiqatçı ona polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində, "Savalan" məişət avadanlıqları mağazasının yaxınlığında narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldıqlarını və üzərilərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı üzərindən 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar olunduğunu və zərfə qoyularaq qablaşdırıldığını bildirmişdir. O. təhqiqatçının dediklərini təsdiqlədikdən sonra polis əməkdaşlarından biri həmin zərfi təhqiqatçıya təqdim etmiş və həmin zərfin içərisində onun üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlənin olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı ondan hal-hazırda üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş narkotik vasitə, əşya və ya predmetin olub-olmadığını soruşmuş, o da əynindəki gödəkçəsinin sol üst cibindən özünə məxsus 01 ədəd "Redmi" markalı mobil telefonunu və gödəkçəsinin sol iç cibindən 38 manat pulunu çıxarıb təqdim etmişdir. Bundan sonra təhqiqatçısı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təhqiqatçı aşkar olunmuş 01 ədəd "Redmi" markalı mobil telefonu iş üzrə əhəmiyyət kəsb edə biləcəyini deyib götürmüş, 38 manat pulu isə özünə qaytarmışdır. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və bütün iştirakçılarla birlikdə o da həmin protokolu imzalamışdır. Heç vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis idarəsində ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələri əldə etmələri, üzərilərində gəzdirmələri və istifadə etmələri barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs və Şahid1 ola biləcəkləri yer müəyyən edilərək Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində yerləşən “Savalan” məişət avadanlıqları mağazasının ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. xx.xx.2025-ci il tarixdə, saat 00:23 radələrində Təqsirləndirilən şəxs və Şahid1 “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığı ilə piyada hərəkətdə olduqlarını görüb videoçəkiliş aparmaqla onlara yaxınlaşıb saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs və Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərilərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etmələrini təklif etmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs özü əynində olan açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,64qram olm ası müəyyən edilmiş, sonra isə həmin maddə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “patı” olduğunu, həmin maddəni Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Şahid1 özü əynində olan şalvarının sağ yan cibindən bir ədəd içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə olan şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,57 qram olması müəyyən edilmiş, sonra isə həmin maddə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Şahid1 həmin maddəni Ümidvarla birlikdə Saray qəsəbəsində tanımadıqları şəxsdən hər biri 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir.Sonra hər iki şəxs müvafiq sənədləşmə aparılması üçün Sumqayıt ŞPİ-nə təhvil verilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid2 Elman oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid1 Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə verərək 04 mart 2024-ci il tarixdə Saray qəsəbəsində Ümidvar ilə birlikdə tanımadıqları şəxsdən hər biri öz istifadəsi üçün 15 manata bir büküm pati aldıqlarını, 05 mart 2025-ci il tarixdə gecə radələrində Sumqayıt şəhərində Savalan mağazasının yaxınlığında polis əməkdaşları tərəfindən saxlanıldıqlarını, həmin pati üzərlərindən aşkar edildiyini göstərmişdir. Cinayət işinin 24-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 111-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-xx/xx/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş büküm...” yazılar və imzalar olan zərfdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,559 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş büküm” yazılar və imzalar olan zərfdəki metamfetamin ilə üzərində “Şahid1 üzərindən aşkar olunmuş büküm" sözlər və imzalar olan zərfdəki metamfetamin kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X6 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1386 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindroumu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 xx.xx.2025-ci il tarixdə, saat 00:23 radələrində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən “Savalan” məişət avadanlıqları mağazasının yaxınlığı ilə piyada hərəkətdə olan zaman dörd nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid2 həmin şəxslərə özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edərək Təqsirləndirilən şəxs və Şahid1 olduqlarını deyirlər. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Şahid1 və Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldıqlarını, üzərilərində şəxsi axtarış aparılacağını, üzərilərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etmələrini təklif edirlər. Əvvəlcə Təqsirləndirilən şəxs özü əynində olan açıq boz rəngli gödəkçəsinin sağ yan cibindən içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə olan bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,64 qram olması müəyyən edilir, sonra isə həmin maddə qablaşdırılaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “patı” olduğunu, həmin maddəni Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Şahid1 özü əynində olan şalvarının sağ yan cibindən bir ədəd içərisində ağ rəngli psixotrop maddə olan metamfetaminə bənzər maddə olan şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,57 qram olması müəyyən edilir, sonra isə həmin maddə qablaşdırılaraq götürülür. Sorğu zamanı Şahid1 həmin maddəni Ümidvarla birlikdə Saray qəsəbəsində tanımadıqları şəxsdən hər biri 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Bundan sonra Şahid1 üzərində şəxsi axtarış aparılır, sonuncunun boz rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Redmi 9C" markalı mobil telefon aşkar olunur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan gödəkçəsinin sol üst cibindən bir ədəd “Redmi” markalı mobil telefon aşkar olunur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Elnur Feyzullayev özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Müdafiəçi təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. CAŞ-ın əməkdaşı Şahid2 bir ədəd zərfi təqdim edərək həmin zərfin içərisində bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğunu, həmin maddənin saxlanılan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürüldüyünü bildirir. Soğru zamanı Təqsirləndirilən şəxs həmin zərfin içərisindəki bir ədəd bükümdə olan metamfetaminin ona məxsus olduğunu, saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən götürüldüyünü, həmin maddəni xx.xx.2025-ci il tarixdə, günorta saatlarında Saray qəsəbəsində tanımadığı şəxsdən 15 manat pul verərək şəxsi istifadəsi üçün aldığını, Şahid1 da üzərindən aşkar olunmuş maddəni həmin tanımadığı şəxsdən eyni vaxtda 15 manat pul verərək aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən bir ədəd “Redmi" markalı mobil telefon və 38 manat pul aşkar olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamında nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halları, yəni məhkumluğunun olmamasını, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını və cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 05 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Bakı şəhər İcra və Probasiya şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 95 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının 07 mart 2025-ci il tarixli 1386 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanımış və hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram psixotrik maddə olan metmfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 62 (altmış iki) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına haqq ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 mart 2025-ci ildən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətin CM-in 68.1.1-1-ci maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, Betonzavod ərazisi, ev 95 ünvanında yerləşən yaşadığı evi tərk etməmək, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,509 qram psixotrik maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 62 (altmış iki ) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-522/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-522/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver