Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-523/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 19.06.2021-ci il tarixdə, saat 21:30 radələrində Sumqayıt şəhəri, Kimyaçıar qəsəbəsi, fərdi evdə yaşayan Zərərçəkmiş şəxs ilə tanışı Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminnidə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bədənin müxtəlif nahiyyələrinə qəsdlə yumruqla vuraraq, sonuncuya-sol göz ətrafı nahiyyənin, sağ almacıq nahiyyənin, hər iki dodağın sol yarısının, sağ qulaq seyvanının qançırı, alt dodağın selikli qişasının yarası, sağ əlin 4-cü və 5-ci barmaqlarının əziyindən ibarət dərəcəsinə görə sağlamlığın qısa müddətə posulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 19.06.2021-ci il tarixdə təxminən saat 20 radələrində qardaşı Ələddinin 2007-ci il təvəllüdlü oğlu Həsənli Raul ağlaya-ağlaya evə gəlib bildirmişdir ki, İbrahim onu velosipeddən yıxmışdır. O, Raulu çox istədiyi üçün ona demişdir ki, ağlama araşdırarıq deyərək Raulun yıxılmasının səbəbini aydınlaşdırmaq məqsədi ilə onunla İbrahimgilə getmişlər. Onların arxasınca qardaşı Ələddin də gəlmişdir. Kimyaçılar qəsəbəsi ərazisində, Elektrik Stansiyasının qarşı tərəfindən İbrahimgilin evlərinə tərəf gedən zaman İbrahimin yola tərəf gəlməsini görüb İbrahimdən nə üçün Raulu yıxdığını soruşmuş və ehtiyatlı olmasını bildirmişdir. İbrahim isə ona əsəbi halda sifətini göstərib Raulu qəsdlə yıxmadığını, ikisinin də velosipeddən yıxıldığını, özünün də xəsarət aldığını bildirmişdir. Lakin, İbrahim onunla kobud danışdığı üçün özünü saxlaya bilməyib İbrahimin yaxasından tutub, “sənə deyirəm ağıllı ol” bildirib İbrahimin sifətinə yumruqla vurmuşdur. Nəticədə İbrahimin dodağı qanamış və sonuncu, özünü saxlaya bilməyərək yıxılmışdır. Sonradan eşitmişdir ki, İbrahim xəstəxanaya getmiş və polisə şikayət etmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 19.06.2021-ci il tarixdə təxminən saat 18 radələrində velosipedlə Sumqayıt şəhəri ərazisində “Nəsimi” parkından yaşadığı evə qayıdan zaman Kimyaçılar qəsəbəsi ərazisində yerləşən “Ləman” mebel evinin yaxınlığında Ramilin azyaşlı qardaşı oğlu Raul ona əl edərək velosipedə mindirməyini bildirdi. O, Raula etiraz etmədən idarə etdiyi velosipedə mindirmişdir. Raul yer olmadığı üçün onun qarşısında, yəni velosipedin ramasının üzərində əyləşmişdir. Təxminən birlikdə 100 metr gəldikdən sonra Raulun ayağı velosipedin təkərinə ilişdiyi üçün o, idarəetməni itirmiş, velosipedi aşırmış, nəticədə ikisi də asfalta yıxılmışlar. Onun sifətinin yan tərəfi, Raulun isə qolu asfalta dəydiyi üçün sıyrılmışdır. Sonra o, Raula yaxınlardakı ustalardan açar alıb, təkəri düzəldib gedəcəklərini bildirmişdir. Raul isə evə tələsdiyini bildirmişdir. Raul atasının velosiped ustası olduğunu və velosipedi onlara aparmasını bildirmiş və çıxıb getmişdir. O, çətinliklə velosipedin təkərini təmir edərək evə qayıtmışdır. Təxminən saat 21:30 radələrində evdən çıxıb “Esmira” şadlıq sarayının yaxınlığında yerləşən marketdən çörək almağa gedərkən əmisi Ramil ona tərəf getdiyini görmüş, ona tərəf çatanda Raul onu göstərərək onun yıxdığını bildirmişdir. Raulun əmisi Ramil əsəbi halda ondan nə üçün Raulu yıxdığını soruşmuş və bu səbəbdən də aralarında mübahisə yaranmış, uşağı qəsdən yıxmadığını, vellosipeddən hər ikisinin yıxıldığını və hər ikisinin xəsarət alığını bildirmişdir. Ramil isə ona inanmayaraq əsəbi halda onun paltarının yaxasından tutaraq, siz yıxılmamısınız, niyə özündən balaca uşağı döymüsən deyərək yumruqla onun ağız nahiyyəsindən zərbə vurmuş, ağzı qanamış və özünü saxlaya bilməyərək yıxılmış, yıxılan zaman sağ əli bədəninin altında qalmış, həmçinin yerdə olan zaman Ramil təpiklə 2-3 dəfə küəryinə, yumruqla sifətinə zərbə vurmuş, ağıllı ol deyərək getmişdir. O, ayağa qalxaraq evə qayıtmış və bu barədə bacısı Təranəyə məlumat vermiş, sonra TTYX-na getmiş və ona tibbi yardım göstərilmişdir. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 21.06.2021-ci il tarixli, 731 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözətrafı nahiyyənin, sağ almacıq nahiyyəsinin, hər iki dodağın sol yarısının, sağ qulaq seyvanının qançırı, alt dodağın selikli qişasının yarası, sağ əlin İV-V barmaqlarının yumşaq toxumalarının əziyi. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsınə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 19.06.2021-i il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Sumqayıt “ASAN Xidmət” mərkəzi məhkumluq barədə arayışların verilməsi üzrə xidməti tərəfindən 29.06.2021-ci il tarixli 350-6808H-3221 №li arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli (iş № 1(060)-523/2021) qərarını icra edərək, vəkil Müdafiəçinu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-523/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-523/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver