Məhkəmə qərarları › İş №1(060)-524/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-524/2021

26.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-524/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 25.06.2021-ci il tarixdə, saat 22:00 radələrində ünvan 2 ünvanının qarşısında şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı vətəndaş Təqsirləndirilən şəxs qonşusu Zərərçəkmiş şəxs yumruqla vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sağ gözaltı nahiyyənin və alt göz qapağının qanşırı, sağ baldırın sıyrığı və sol bazunun qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Onunla məhəllə sakini kimi münasibəti olmuşdur. Aralarında heç bir ədavət olmamışdır. 25.06.2021-ci il tarixdə saat 22 radələrində yaşadığı evin qarşısında olan zaman Ramiz içkili halda gəlimiş, sonra ona sataşaraq söyüş söymüş sonra bununla bağlı aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Ramiz onun üzərinə gəlmiş və o, bu zaman əsəbləşmiş, sonra ona bir dəfə yumruqla zərbə vurmuş, Ramiz yıxılmış və o çıxıb getmişdir. Hadisə qısa müddətli olmuş, kənar şəxlər müdaxilə etməmişdir və özləri aralanmışdır. Təqsirləndirilən şəxs bildirdi ki, o, əməlindən peşmandır və hazırda zərərçəkmişlə barışmışdır. Buna görə də, barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Xanbaba onunla qonşuluqda yaşayır. Onunla münasibətləri pis olmamış və aralarında heç bir ədavət olmamışdır. 25.06.2021-ci il tarixdə saat 22 radələrində o, evə çörək almaq üçün marketə getmişdir. Sonra Xanbaba onu gördükdə ona qarşı nalayiq ifadələr işlətmiş, sonra o, Xanbabanın cavabını vermiş və buna görə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Xanbaba ona yumruqla gözünün altına zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Sonra Xanbaba çıxıb getmişdir. Bundan sonra o evə qayıdaraq polisə müraciət etmişdir. Hadisə qısa müddətli olmuş, kənar şəxlər müdaxilə etməmişdir və özləri aralanmışdır. Zərərçəkmiş şəxs hazırda Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya X1 28.06.2021-ci il tarixli, 823 saylı rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ gözün ağlı qişasına qansızma ilə müşayət olunmuş sağ gözaltı nahiyyənin və alt göz qapağının qançırı, sağ baldırın sıyrığı və sol bazunun qançırları. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, müayinədən 2-3 gün əvvəl olmaqla qərarda göstərilən 25.06.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 02.07.2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda. təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 14.07.2021-ci il tarixli (iş № 1(060)-524/2021) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar