Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-524/2022 07.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs, Müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Qubadlı rayonu, Qubadlı şəhərində qeydiyyatda olan, Sumqayıt şəhəri Bulvar ərazisi Kristal ünvan 1 ünvanında yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayonda yerləşən "Odlar Yurdu" kafesinin arxasında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq zərbəsi ilə vuraraq sonuncuya sağ almacıq sümüyünün, burun sümüyünün yerini dəyişmiş sınıqları, sağ gözətrafını, sağ almacıq və sağ yanağı əhatə edən dərialtı hematoması, sol gözətrafının qançırı, burnun sağ yan tikişinin sıyrığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə, saat 19 radələrində, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Odlar Yurdu” kafesində dostu Nihadla oturub çay içərkən orada müştərilər arasında mübahisə yaranmışdır. Onlardan biri onun adını xatırlamadığı tanışı olduğu üçün, o da qalxıb onlara yaxınlaşmış və mübahisə yaranmasın deyə onları aralamışdır. Sonra onlar sakitləşib, oturmuşlar. O siqaret çəkmək üçün çölə çıxmış, bu zaman orada işləyən Elvin adlı şəxs ona yaxınlaşaraq mübahisənin ona görə yarandığını kobud formada bildirmişdir. O isə Elvinə onun üzərinə qışqırmamasını bildirərək, mübahisə edənləri ayırmaqdan başqa heçnə etmədiyini demişdir. Elvin onu nəlayiq söyüşlərlə söymüş, bu zaman o əsəbləşərək Elvinin sifət nahiyəsinə zərbə ilə vurmuşdur. Sonra aralaşmışlar, o da çıxıb getmişdir. Bir qədər sonra o yoldan qayıdaraq Elvinlə barışmaq üçün ona yaxınlaşmış, Elvin yenə də onu söyməyə başlamışdır. O Elvinə polis çağıracaqlarsa gözləyəcəyini demiş, Elvin də polis çağırmayacağını bildirərək məsələnin bağlandığını dedikdə o çıxıb getmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, hazırda Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən özünə məxsus "Odlar Yurdu" kafesini işlədir. xx.xx.2022-ci il tarixdə, saat 19:00 radələrində kafedə işdə olarkən iki nəfər müştəri arasında kiçik mübahisə yaranmış, həmin mübahisəni öz dostu ilə birlikdə kafedə digər masada əyləşən Nizami adlı şəxs yaratmış və mübahisə edən şəxslərə yaxınlaşaraq onlara nəsə deyib bayıra çıxmışdır. Sonra o Nizaminin arxasınca kafedən çıxanda Nizaminin kafenin arxasında dayandığını görüb Nizamiyə yaxınlaşmış və üstünə qışqıraraq nəyə görə mübahisə yaratmasını ona bildirib irad tutmuşdur. Nizami isə qışqırmamasını və sadəcə olaraq mübahisə edən şəxsləri biri-birindən araladığını və sakitləşdirdiyini demiş, lakin o bir daha Nizamiyə qışqıranda Nizami yumruq zərbəsi ilə onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra onlar aralaşmış və aralarındakı mübahisə bitmişdir. Mübahisə ani bir zamanda baş verərək tez bir zamanda da bitmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixidə, saat 19 radələrində, Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən “Odlar Yurdu” kafesində dostu Nizami ilə oturub çay içən zaman, müştərilər arasında mübahisə yaranmışdır. Onlardan biri Nizaminin tanışı olduğu üçün, o, qalxıb onlara yaxınlaşmış və mübahisə yaranmasın deyə onları aramışdır. Sonra mübahisə edənlər sakitləşib və oturmuşlar. O, Nizami ilə çölə siqaret çəkməyə çıxmşdır. Bu zaman orada işləyən Elvin adlı şəxs Nizamiyə yaxınlaşaraq kobud formada mübahisənin ona görə yarandığını bildirmişdir. Nizami də Elvinə onun üzərinə qışqırmamasını, onları ayırmaqdan başqa heçnə etmədiyini demişdir. Elvin Nizamini nəlayiq söyüşlərlə söymüş, bu zaman Nizami əsəbləşərək Elvinin sifət nahiyəsinə zərbə ilə vurmuşdur. Sonra aralaşaraq çıxıb getmişlər. Bir qədər sonra Nizami Elvinlə barışmaq üçün yoldan qayıtmış, Elvinə yaxınlaşmışdır. Elvin yenə də Nizamini söyməyə başlamış, Nizami polis çağıracaqlarsa gözləyəcəyini, Elvin isə polis çağırmayacağını bildirərək məsələnin bağlandığını demişdir. Daha sonra onlar çıxıb getmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 10.05.22-ci il tarixli, 617 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ almacıq sümüyünün, burun sümüyünün yerini dəyişmiş sınıqları, sağ gözətrafını, sağ almacıq və sağ yanağı əhatə edən dərialtı hematoması, sol gözətrafının qançırı, burnun sağ yan tikişinin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərərvurmaya aiddir.(i.v.11-12) İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 47) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 46) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 (on) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********). Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM Azər İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-524/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-524/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver