Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-527/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 iyul 2022-ci il tarixdə saat 15 radələrində Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus evin qarşısında sonuncu ilə atası Məhəmmədin həmin əraziyə öz hesabına əvvəllər çəkdirdiyi su kollektorunun onun icazəsi olmadan başqa şəxslərə paylamasına göra aralarında mübahisə yaranmış, həmin mübahisə zamanı Zərərçəkmiş şəxs yumruq və təpiklə qəsdən bir neçə dəfə zərbə vurub yerə yıxaraq ona hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin qançırı-şişkiniliyi, sağ yanaq nahiyyəsinin qançırı, sağ dirsək, sol dirsək, sağ diz nahiyyəsinin sıyrıqlarından ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onunla həmişə normal münasibəti olmuşdur. Mərhum atası Məhəmməd Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərazisində yaşamış və 2009-cu ildə atası öz şəxsi vəsaiti hesabına Yaşıldərə bağları ərazisində Əlinin yaşadığı evin qarşısında küçədə su çəni quraşdırmışdır. Bundan sonra Əli də digər qonşular kimi atasına ödəniş edərək həmin çəndən öz yaşadığı evə su xətti çəkmişdir. 2016-cı ildə atası rəhmətə gedəndən sonra o, həmin su çəninə nəzarət etmişdir. 2018-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş və 2019-cu ildə Azərbaycana qayıtmışdır. Son üç il müddətində şəxsi işləri olduğu üçün həmin su çəninə nəzarət edə bilməmişdir. xx.xx.2022-ci il tarixdə Yaşıldərə bağlar massivinə gedib su çəninə baxan zaman görmüşdür ki, həmin çənə ondan xəbərsiz 15 su xətti qoşulmuşdur. O da buna görə Sumqayıt şəhər Su İdarəsinə getmişdir. Oradan bildirmişlər ki, həmin su çəninə orada yaşayan Əli nəzarət edir və su xətlərini də Əli pulla vətəndaşlara sataraq qoşdurur. Buna görə də xx.xx.2022-ci il tarixdə təxminən saat 15:00 radələrində Əlinin yaşadığı ünvana getmişdir. Həmin vaxt Əlinin oğlu evlərindən küçəyə çıxmış və ondan su xətlərini kimin qoşdurduğunu soruşmuş, Əlinin oğlu isə həmin işin ona aidiyyəti olmadığını, bu işlə atasının məşğul olduğunu deyib atasına zəng vuraraq ora çağırmış və özü oradan çıxıb getmişdir. Bu vaxt Əli yaşadığı evdən küçəyə çıxmış və ondan nə əsasla su xətlərini su çəninə qoşdurduğunu soruşduqda Əli əcəb elədiyini deyib, nalayiq söyüşlərlə onu söyüb, ona tərəf yumruq zərbəsi atmışdır. O, arxaya çəkildiyi üçün Əlinin yumruğu ona dəyməmiş və O, Əlini tutub fəndlə yerə yıxmış və boğazından tutmuşdur. Bunu görən tanımadığı bir cavan oğlan və iki qadın ora gələrək onları ayırmağa başlamışlar. Onları ayıran zaman Əli onun sağ qolunun yuxarı hissəsindən dişləmişdir. O da buna görə təpiklə Əlinin qarnından zərbə ilə vurmuş və Əli yerə yıxılmışdır. Əli ayağa duraraq öz həyətinə keçib bel götürmüş və onun üzərinə gələn zaman oradan qaçıb getmişdir. Əli də xeyli arxasınca gəlsə də sonradan geri qayıtmışdır. Sonradan isə öyrənmişdir ki, Əli ondan polisə şikayət etmişdir. O, Əlini yerə yıxaraq boğazından tutmuş, yumruqla və təpiklə vurmuşdur. Həmin vaxt orada olan digər şəxsləri tanımamış və adlarını bilməmişdir. Hadisə zamanı Əlinin telefon və eynəyi sınmamışdır. Zərərçəkmiş şəxslə barışmır. Törətdiyi cinayət əməlinə görə cəzasını çəkməyə hazırdır. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs atası Məhəmmədi tanımış, belə ki, Yaşıl dərə camaatı pul yığıb yaşadıqları araziyə su çəkdirmişlər. Müşfiqin rəhmətlik atası Məhəmmədə həmin pulu verib oraya su çəkdirməsinə nəzarət etməsini xahiş etmişlər. Məhəmməd də həmin əraziyə təxminən 20 ilə yaxındır ki, suyu çəkmişdir. Bununla da onların qonşuluğunda yaşayan camaat həmin su ilə yaşayışlarını həyata keçirmişlər. Məhəmməd təxminən 7 il əvvəl vəfat etmişdir. Bundan sonra həmin ərazidəki su kollektoruna su idarəsinin razılığı ilə nəzarət etməyə başlamışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində yaşadığı Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivindəki evində olan zaman Məhəmmədin oğlu kimi tanıdığı Müşfiq adlı şəxs onun evimə gəlmişdir. Müşfiq onun qapısını döyərək onu yaşadığı evin qabağına çağırmışdır. Müşfiq özünü ona təqdim edib Məhəmmədin oğlu Müşfiq olduğunu demiş və ona guya atası Məhəmmədin tikdiyi su kollektorundan əlavə xətlər çıxdığını söyləyib onun razılığı olmadan həmin xətləri kimin qoşduğunu ona söyləmişdir. O da orada yaşayan camaatın ərizə ilə Su təchizat idarəsinə müraciət edərək həmin xətləri çəkdirdiyini Müşfiqə bildirmiş və hətta sonuncunun atasının deyil, camaatın birgə əməyi nəticəsində həmin su kollektorunun oraya tikildiyini Müşfiqə bildirmişdir. Bundan sonra Müşfiq ona həmin su kollektoruna kimin baxdığını demiş və o da həmin kollektora özünün nəzarət etdiyini söyləyəndə Müşfiq onun ünvanına qəfildən nalayiq sözlər işlətməyə başlamışdır. O da Müşfiqə ona problem yaratmamasını xahiş edərək, gedib Su idarəsinə şikayət verə biləcəyini demişdir. Bunda sonra o, qayıdıb evə getmək istəyən zaman Müşfiq qəfildən əlində tutduğu, görə bilmədiyi əşya ilə onun üz nahiyyəsinə zərbə endirmiş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Müşfiq yerdə onun bədən nahiyyəsinə yumruq va təpiklə aramsız zərbələr vurmağa başlamışdır. Bundan sonra Müşfiq onu hətta yerdə boğmağa başlamışdır. O da Müşfiqin əlindən güclə çıxmışdır. Bu zaman həmin ərazidən keçən tanımadığı bir nəfər qadın onların yanına gəlib Müşfiqi oradan uzaqlaşdırmışdır. O da daha sonra evə keçmişdir. Evə gələn zaman cibində olan 650 manata aldığı Mi A2 markal mobil telefonun və 70 manata aldığı 01 ədəd görmə eynəyinin sınaraq yararsız hala düşdüyünün görmüşdür. O, hadisə zamanı Müşfiqi vurmamış və toxunmamışdır. Hadisə zamanı orada adını və ünvanını bilmədiyi, əvvəllər görmədiyi bir nəfər orta yaşlı, başı bağlı olan qadın olmuş və Müşfiqi ondan ayırıb oradan uzaqlaşdırmışdır. Ona ümumilikdə 720 manat maddi ziyan dəymişdir. Hadisə zamanı Müşfiq onu təhqir etsə də o, sonuncunu təhqir etməmişdir. O, təqsirləndirilən şəxsə ona vurulmuş ziyan ödəməklə barışıq təklif etsə də o, barışmaq istəməmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əvvəllər tanmamış, onlarla heç bir münasibəti olmamışdır. 22 iyul 2022-ci il tarixdə, təxminən saat 15 radələrində Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində olan zaman küçədə Müşfiq və Əli adlı şəxslərin dalaşdığını görmüşdür. O, həmin şəxsləri əvvəllər tanımadığından onların yaxınlığına getməmişdir. Həmin şəxslər 1-2 dəqiqə dalaşdıqdan sonra tanımadığı küçədən keçən 1-2 nəfər şəxs Müşfiq və Əli adlı şəxslərə yaxınlaşıb aralaşdırmışlar. O, kənarda dayandığından həmin vaxt kimin kimi vurmasını dəqiq görə bilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 1079 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “hərəkət məhdudluğu ilə müşayiət olunan sol əlin qançırı-şişkinliyi, sağ yanaq nahiyəsinin qançırı, sağ dirsək, sol dirsək, sağ diz nahiyəsinin sıyrıqları” xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışlar, zərərçəkənin müayinəsindən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir. Xəsarətlərin özü-özünə yetirilməsi az inandırıcıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “üzləşmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zaman Zərərçəkmiş şəxs bir daha istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarş bildirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs vermiş olduğu ifadələrində 22 iyul 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dalaşma zamanı sonuncunun onu dişləməsini bildirsə də nəticədə Zərərçəkmiş şəxs tərəfindən ona hər-hansı xəsarətin yetirilməsi istintaq materialları ilə sübuta yetmədiyindən sonuncunun barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dalaşma zamanı sonuncu tərəfindən əlində tutduğu, lakin dəqiq görə bilmədiyi hansısa alətlə onun sifət nahiyəsinə vurmasını bildirməsinə baxmayaraq qeyd olunan xüsusat istintaq materialları ilə sübuta yetmədiyindən Təqsirləndirilən şəxs barəsində həmin xüsusat üzrə cinavət təqibinin başlanması rədd edilmiş, 22 iyul 2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında baş vermiş dalaşma zamanı Zərərçəkmiş şəxs eynəyinin və mobil telefonunun Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan sındırılaraq yararsız hala salınması istintaq materialları ilə kifayət qədər sübuta yetmədiyindən sonuncunun barəsində Azərbaycan Respublikası CMnin 187.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyi və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-527/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 669 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: ZAUR HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-527/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-527/2023
02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver