Məhkəmə qərarları › İş №1(060)-528/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-528/2021

23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-528/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin 4(060)- 320/2021 saylı 13.07.2021-ci il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, külli miqdarda yəni ümumilikdə 2,885 qram çəkidə narkotik vasitə olan heroini və 1 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, 1 tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “Ak-47, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan, lakin komplek hissəsi olan süngü bıçaqını daşıyaraq üzərində saxlamış, 16.05.2021-ci il tarixdə saat 20:50-də Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»-nın yaxınlığında Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin iç tərəf sol yan cibindən külli miqdarda ümumi təmiz çəkisi 2,885 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və bel hissəsindən 1 ədəd soyuq silah hesab edilən zavod üsulu ilə hazırlanmış, 1 tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “Ak-47, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplek hissəsi olan süngü bıçaqı aşkar olunaraq götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək göstərdi ki, o, 16.05.2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»nın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmədən və heç bir səbəb olmadan onu xidməti avtomobillərinə əyləşdirərək polis bölməsinə getməli olduqlarını ona demişlər. O, səbəbini onlardan soruşduqda, polis əməkdaşları səbəbini ona polis idarəsində izah edəcəklərini bildirmişlər. Daha sonra polis əməkdaşları onu polis bölməsinə aparmışlar və ona psixi təsir göstərərək ona narkotik maddə təqdim edib, həmin maddənin guya onun üzərindən aşkar olunmasını etiraf etməsini təklif etmişlər. O, məcbur qalaraq polislərin dediyi ilə razılaşmış və həmin narkotik maddə ona təqdim olunmuş, o, həmin narkotik maddəni əynində olan qara rəngli gödəkçənin iç təfər sol yan cibinə qoymuş, bundan sonra ona məxsus avtomobildə olan bıçağı polis əməkdaşları gətirib ona verərək həmin bıçağı da üzərində saxlanılması təklif olunmuşdur. Bundan sonra o, özünə məxsus bıçağı şalvarının bel hissəsinə qoymuşdur. Bundan sonra idarəyə onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və həmin vəkil Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi olmuşdur. O, həmin vəkilin onun hüquqlarının müdafiə etməsinə etiraz etməmiş və həmin vəkilin iştirakı ilə ona hüquq və vəzifələri barədə bildiriş təqdim olunmuş, bundan sonra isə onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Həmin şəxsi axtarış zamanı o, polis əməkdaşları tərəfindən ona verilmiş və üzərində saxladığı narkotik maddəni və özünə məxsus bıçağı çıxararaq təqdim etmişdir. Həmin vaxt Müdafiəçi ondan həmin narkotik maddənin və bıçağın ona məxsus olub-olmamasını soruşmuş, o, isə həm narkotik maddənin, həm də soyuq silah hesab edilən bıçağın özünə məxsus olmasını bildirmişdir. Əslində isə soyuq silah hesab edilən bıçaq ona məxsus olmuş, lakin narkotik maddə isə ona məxsus olmamışdır. O, bu barədə müdafiəçiyə, müstəntiq və barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə deməmişdir. Çünki, o, həmin vaxt polis əməkdaşlarının ona göstərdikləri psixoloji təsirin altında olmuşdur. Polis əməkdaşları ona fiziki zor göstərməmiş, yalnız psixoloji təsir etmişdirlər. Təqsirləndirilən şəxs qeyd olunanların nəzərə alınaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu və həmin əmələ görə ona yüngül cəza təyin olunmasını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə isə özünü təqsirli bilməyərək həmin narkotik maddənin ona məxsus olmadığını bildirərək barəsində həmin maddə ilə bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş və o, ibtidai istintaq zamanı ona Azərbaycan Respublikası CM-nin 234.1 və 228.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16.05.2021-ci il tarixdə saat 20:50 radələrində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Şərq Bazarı»nın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edərək, polis əməkdaşları olduqlarını bildirmiş və özünü təqdim etməyini xahiş etdikdən sonra o, özünü təqdim etmiş, daha sonra daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri qəbul etmə və üzərində gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını izah edib üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılacağını bildirilərək üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-yə dəvət olunmuş, o, etiraz etməyərək onlarla birlikdə idarəyə gəlmiş, idarədə xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil təqdim olunmuşdur. O, bildirişlə tanış olmuş və etirazının olub olmadığı öyrənilərəkdən, etirazının olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçiricəyi barədə onu xəbərdar etmiş və etiraz etməmişdir. Ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif etmişlər. O da əynində olan qara rəngli gödəkçənin iç təfər sol yan cibində olan 01 ədəd şəffaf rəngli sellofana bükülmüş heroini, şalvarının bel hissəsində sağ tərəfdə saxladığı 01 ədəd bıçağı onlara təqdim etmişdir. Ondan həmin heroini və bıçağı haradan, kimdən əldə etdiyi soruşulduqda, o, həmin narkotik vasitə olan heroini 15.05.2021-ci il tarixdə Bakı şəhərində olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər adını xatırlamadığı qadından şəxsi istifadəsi üçün 30 manata aldığını, bıçağı isə dənizkənarında gəzişən zaman tapıb, özünü müdafiyə etmək üçün özündə saxladığını bildirmişdir. Ondan götürülmüş narkotik vasitə olan heroin tərəzidə çəkilmış və heroin və bıçaq ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və sənədləşdirmə aparıldıqdan sonra, həmin sənədlərlə tanış olaraq, sənədləri imza etmişdir. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin, CAŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayorudur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla düşmənçilik və ədavəti olmamışdır. 16.05.2021-ci il tarixdə etibarlı və qərəzsiz mənbədən Sumqayıt şəhəri Corat qəsəbəsi ev 546 qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində olması barədə məlumat daxil olmuş, məlumatı raportu vasitəsilə rəhbərliyə məruzə etdikdən sonra əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib və Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, Elsevər Quliyev, CAŞ-in əməkdaşları Şahid3, Şahid2 və Sumqayıt ŞPİ-nin kriminalisti Elnur Qocayevdən ibarət tərkibdə qrup yaradılmışdır. Həmin tarixdə saat 20.50-də Sumqayıt şəhəri 9-cu mikrorayon, “Şərq bazarı”-ın yanına getmiş, “Şərq bazarı”-ın yanında bir nəfərin Təqsirləndirilən şəxs xarici görünüşünə görə oxşayan şəxsi görüb ona yaxınlaşaraq özünü təqdim etnmiş, həmin şəxsdən özünü təqdim etməsini və harada yaşamasını soruşulmuş, o, Təqsirləndirilən şəxs olduğunu və Sumqayıt şəhəri Corat qəsəbəsi ev 546 qeydiyyatda olduğunu və orada yaşadığını bildirdikdən sonra o polis bölməsinə dəvət olunmuş və o, etiraz etməyərək birlikdə polis bölməsinə gəlmişlər. Polis bölməsində ona hüquq və vəızifələrinə dair bildiriş təqdim olundu o, bildirişlə tanış olduqdan sonra etirazının olmadığını demiş və təhqiqatçı Sumqayıt Regional Vəkil Bürosunun Vəkili Müdafiəçi ona təqdim etdikdən sonra onun üzərinə şəxsi axtarış aparılacağı izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan əşyalar olub olmamasını və olduğu halda təqdim etməsini təklif olunmuş və o, əynində olan qara rəngli gödəkçənin iç tərəf sol yan cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümü və şalvarının bel hissəsinin sağ tərəfində saxladığı 1 ədəd qəhvəyi rəngli dəstəyi olan, tiyəsi təxminən 10-15 sm olan və tiyəsi qəhvəyi qapaq ilə örtülən bıçağı təqdim etdi. Təhqiqatçı şübhəli şəxsin üzərindən aşkar olunan bükümü açmış və bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik toz şəklində narkotik vasitəyə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Həmin bükümü haradan əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs 15.05.2021-ci il tarixdə Bakı şəhəri ərazisində adını xatırlamadığı qadından 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladiğini dedi. X3 qəhvəyi rəngli maddəni sellofan ilə birlikdə tərəzidə çəkmiş və çəkisi 3.14 qram olduğu müəyyən olunmuşdur. Sonra aşkar olunmuş bıçağı haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini soruşduqda, Təqsirləndirilən şəxs bıçağı dəniz kənarında gəzişən zaman tapdığını və özünü müdafiə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra aşkar olunaraq götürülümş qəhvəyi rəngli kütlə və süngü bıçaqı qablaşdırılmış, protokol tərtib olunduqdan sonra polis əməkdaşları və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışında narkotik maddənin onun üzərində aşkar edilməməsi ilə bağlı göstərdiklərinin həqiqət olmadığını və özünü müdafiə məqsədi ilə belə bir ifadə verdiyini göstərmişdir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin, CAŞ-ın kiçik əməliyyat müvıkkili, polis serjantı Şahid3 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdig edərək anoloji ifadə vermişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 17.05.2021-ci il tarixli 6/1938 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,885 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi 2,885 qram, tədqiqata sərf edildi-0,10 qram, qalıq 2,785 qram). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 03.06.2021-ci il tarixli 1726 nömrəli rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburu müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə keçirilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunmuş məhkəmə-ballistik ekpsterizasının 01.06.2021-ci il tarixli 3/870 saylı rəyindən gförünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, 1 tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “Ak-47, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplek hissəsidir. Süngü bıçaqdır, üzərində dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, soyuq silah hesab edilir. Cinayət işinin materiallarından görünür ki, Abdullayev Hikmət Həsənağa oğlunun üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 2.885 narkotik vasitə olan heroin 09.02.2021-ci il tarixli qərarla, 1 ədəd soyuq silah hesab edilən süngü bıçaqı və 1 ədəd DVD disk 30.06.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlunun özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsi barədə göstərdikləri cinayət məsuliyyətindən boyun qaçırmaq məqsədi ilə özünü müdafiə xarakteri daşıyır və məhkəmədə dindirilmiş şahidlərin ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutların məcmusu ilə təkzib edilir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilmədiyini göstərsə də iş materiallarından görünür ki, sonuncu ibtidai araşdırmanın bütün mərhələlərində özünü təqsirli bilmiş, barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə və müvafiq narkoloji müayinədən keçən zaman ekspertə də öz əməlini etiraf etmiş, hər hansı fiziki və psixi təsirə qalması barədə bir söz deməmiş və həmin vaxt məhkəmə baxışında CM-nin 234.1-ci maddəsində göstərilənləri qeyd etməmişdir. Həmçinin məhkəmə baxşında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair göstərdiklərini təsdiq etməmişdirlər. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair göstərdikləri işin faktiki halları ilə uyğunsuzluq təşkil etdiyindən sübüt kimi qiymətləndirilməməli və ibtidai araşdırma zamanı özünü təqsirli bilməsinə dair ifadələri işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən sübüt kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Abdullayev Hikmət Həsənağa oğlunun əməlində cinayət tərkibi vardır, onun əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətlərə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlunun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 27.05.2021-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Abdullayev Hikmət Həsənağa oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş diplom, sertifikat və fəxri fərmanların surətlərindən görünür ki, Abdullayev X2 Azərbaycanlılarının həmrəyliyi gününə həsr olunmuş Ümumrespublika turnerində şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti üzrə İ yer tutmuş, Kempo döyüş növü üzrə Ümumrespublika turnerində İ yer tutmuş, “Sayokan narkomaniya və uşaq cinayətkarlığına qarşıdır” devizi altında keçirilən turnerdə İ yer tutmuş, 2014-cü ildə keçirilən MMA döyüş növü üzrə göstərdiyi uğurlu fəaliyyətinə görə sertfikatla təltif olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlunun Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və dəfələrlə keçirilmiş idman yarışlarında İ yer tutmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Abdullayev Hikmət Həsənağa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Abdullayev Hikmət Həsənağa oğluna hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlu hazırki cinayət işi üzrə 16.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 18.05.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 16 may 2021-ci il tarixdən hesablanmaqla barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həmin məhkəmənin 13.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və eyni məhkəmənin 27.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlğı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlunun 16.05.2021-ci ildən 13.07.2021-ci il tarixədək həbsdə və 13.07.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək ev dustaqlığında olduğu ümumi 04 ay 07 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla, təyin ediləcək cəzadan çıxılıb qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməlidir. Hökm üzrə təyin edilmiş cəzanın icrası Abdullayev Hikmət Həsənağa oğlunun yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,785 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlancında saxlanılan bir ədəd yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “Ak-47, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplek hissəsi olan süngü bıçaqı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 178 manat Abdullayev Hikmət Həsənağa oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğlunun məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16 iyul 2021-ci il tarixli (iş № 1(060)-528/2021) qərarını icra edərək, 17 iyul 2021-ci il tarixli 802 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4cü maddəsi ilə 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Abdullayev Hikmət Həsənağa oğluna təyin edilmiş cəzalar qismən toplanmaqla ona 03 il 03 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 16.05.2021-ci ildən 13.07.2021-ci il tarixədək həbsdə və 13.07.2021-ci il tarixdən 23.09.2021-ci il tarixədək ev dustaqlığında olduğu ümumi 04 ay 07 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 08 ay 14 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 il 06 ay 16 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Abdullayev Hikmət Həsənağa oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:30-dan növbəti gün saat 06:30-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonunun, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilin. Abdullayev Hikmət Həsənağa oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,785 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt şəhər polis idarəsinin saxlancında saxlanılan bir ədəd yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “Ak-47, “AKM”, “AK-74” markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplek hissəsi olan süngü bıçaqı müsadirə olunaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının ümumi dəyəri 178 manat Abdullayev Hikmət Həsənağa oğlundan alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs Abdullayev Hikmət Həsənağa oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 08 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar