Məhkəmə qərarları › İş №1(060)-529/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-529/2022

09.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-529/2022 09.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində atası ilə arasında ünvan 1 ünvanında birgə yaşadıqları evin içərisində ailə-məişət zəminində baş verən mübahisə zamanı sonuncunun sifət və baş nahiyyələrinə yumruqla qəsdən bir neçə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş YÜNGÜL zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək bildirdi ki, atası Əflatun anası Gülşənlə 10 ildən artıqdır ki, boşanıblar, buna baxmayaraq bir ünvanda yaşayırlar. Atası fərdi qaydada ev ustalığı ilə məşğul olur, axşamlar evə gələndə həmişə içkili vəziyyətdə olur, evdə onunla və anasıyla əsassız yerə mübahisə edir. Ailə başçısı olduğu üçün atasının hərəkətlərinə həmişə dözmüşlər. xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində evdə olan zaman atası yenə də içkili vəziyyətdə olmuşdur, anası ilə mübahisə etməyə başlamış, o və anası atasının sakitləşdirmək istəmişlər, lakin atası anasının küçə söyüşləri ilə söyəndə o dözməmiş və atasının sifətinə və başına yumruqla bir neçə zərbə vurmuşdur. Atası onu da söyərək evdən çıxmışdır. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, törətdiyi əməldən peşmandır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, fərdi qaydada ev ustalığı ilə məşğul olur. 2010-cu ildə həyat yoldaşı Bəndəliyeva (Kişiyeva) Gülşən Əlibala qızından boşanmışdır, buna baxmayaraq birlikdə yaşayırlar. Oğlu Təqsirləndirilən şəxs ailəlidir, arvadı və 1 azyaşlı uşağı ilə birlikdə onun evində yaşayırlar. Gülşənlə münasibətləri soyuqdur. Gülşən dəfələrlə ona öz evindən çıxıb başqa ünvanda yaşamağını, evi oğluna verməyini desə də o razılaşmamışdır. Gülşən onu saymadığına, hörmətsizlik etdiyinə və oğlu Samiri öz tərəfinə çəkib ona qarşı qoyduğuna görə onlardan imtina etmək niyyətindədir, bununla bağlı məhkəməyə müraciət edəcəkdir. xx.xx.2022-ci il tarixdə, axşam saatlarında evdə yemək yeyib biraz spirtli içki araq qəbul etmişdir. Saat 22 radələrində evdə olan zaman Gülşən əsassız yerə onunla mübahisə etməyə başlamış, o əsəbiləşib Gülşənə “nəslinlə qələt eləyərsən, mənim işimə qarışarsan” deyərək danlamış, həmin vaxtı evdə olan oğlu Samir yumruqla onun sifətinə və başına bir neçə zərbə vuraraq onu döyüb xəsarət yetirmişdir. Hazırda Samir ilə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxsnın məhkəməyə təqdim edilmiş ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan işə xitam verilməsini xahiş edir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 may 2022-ci il tarixli, 659 saylı rəyi ilə müəyyən olunmuşdur ki,Zərərçəkmiş şəxs bədəni üzərində sol gözətrafının şişkinliyi-qançırı, gözün ağlı qişasına qansızma, alnın qançırı yaraları vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. İş maeriallarında olan DİN-nin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan 7 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli 1983 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli 278 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 36 (otuz altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ50AİİB400600C**********214 VÖEN **********) hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar