Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-530/2021 23.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,495 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 28 aprel 2021-ci il tarixdə saat 20:25-də Sumqayıt şəhəri X5 qəsəbəsi K.Kərimov küçəsində Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gətirildikdən sonra, xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qara rəngli cins şalvarın sol ayaq hissəsinin diz nahiyyəsində olan cibşəkilli yarıqdan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,495 qram olan ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, xeyli müddət əvvəl səhhətində ağrıları olduğundan psixotrop tərkibli maddələr qəbul etməyə başlamış, hadisədən təxminən 10-15 gün əvvəl Cəlilabad rayonu ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 5 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə “şüşə” adlandırılan və psixotrop maddə olan metamfetamin almış, sonradan həmin psixotrop maddə olan metamfetaminin bir hissəsini qəbul etmiş, qalan hissəsini isə əynində olan qara rəngli cins şalvarın sol ayaq hissəsinin diz nahiyyəsində olan cibşəkilli yarıqda gizlətmiş, sonuncu dəfə 28.04.2021-ci il tarixdə saat təxminən 20 radələrində Sumqayıt şəhəri X5 qəsəbəsi K.Kərimov küçəsində piyada keçib gedərkən, ona mülki geyimli şəxslər yaxınlaşıb onu saxlamış, bundan sonra həmin şəxslər özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik tərkibli maddələrin qanunsuz olaraq əldə edilməsi, üzərində saxlanılması ilə məşğul olmaqda şübhəli olduğunu izah edib, üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. Polis əməkdaşlarının təklifindən sonra öz razılığı ilə onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmiş, polis bölməsinə getdikdən sonra isə xidməti otaqlardan birində narkotik tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə, istifadə etməkdə şübhəli olduğundan saxlandığı bir daha polis əməkdaşları ona bildirib, hüquq və vəzifələrini izah etməklə ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim etmiş, həmçinin üzərinə şəxsi axtarış aparılacağı qeyd edilmiş, buna etiraz etməmiş, həmin vaxt video kameradan istifadə olunmaqla çəkiliş aparılmış, həmçinin hüquq və qanuni mənafelərinin müdafiəsi üçün ora Sumqayıt Vəkil Bürosundan vəkil Qoşqar Abbasov dəvət edilmiş, vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış aparılan zaman polis əməkdaşlarının təklifi ilə əynində olan qara rəngli cins şalvarın sol ayaq hissəsinin diz nahiyyəsindəki cibşəkilli yarıqda gizlətdiyi, psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmiş, polis əməkdaşları təqdim etdiyi maddənin nə olduğunu, hardan əldə edib üzərində saxladığını soruşduqda isə həmin psixotrop maddəni təxminən 10-15 gün əvvəl Cəlilabad rayonu ərazisində olarkən təsadüfən qarşılaşdığı, əvvəllər tanımadığı, adını, soy adını, ata adını, yaşadığı ünvanı və barəsində digər anket məlumatlarını bilmədiyi, ancaq yenidən görərsə üzdən tanıya biləcəyi şəxsə 5 manat pul verərək, həmin şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmiş, daha sonra həmin psixotrop maddə elektron tərəzidə çəkilmiş, psixotrop maddənin çəkisi müəyyən edildikdən sonra isə qablaşdırılaraq götürülmüş, daha sonra polis əməkdaşları üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində imzalar edilmiş, o da öz növbəsində protokolu imzalamışdır. Üzərinə şəxsi axtarış aparılarkən aşkar olunmuş psixotrop maddə olan metamfetamini satmaq fikri olmamış, psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində gəzdirmişdir. Təqsirləndirilən şəxs hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu və himayəsində bir azyaşlı uşağının olmasını göstərərək, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2013-cü ildən DİO-da, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində isə 2019-cu ildən xidmət aparmağa başlamışdır. 28 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə Cavidan adlı şəxsin narkotik vasitələrin və psixotrop tərkibli maddələrin əldə edilməsi, saxlanması, qəbulu, eləcədə üzərində gəzdirməsi ilə məşğul olması ehtimalı olması barədə əməliyyat məlumatı daxil olduğundan, Cavidan adlı şəxsin şəxsiyyətinin müəyyən olunması və onun narkotik tərkibli maddələrin saxlanması, qəbulu ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Cavidan adlı şəxsin xx.xx.1990cı ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri X5 qəsəbəsi S.Bəhlulzadə küçəsi ev 3 mənzil 84-də qeydiyyatda olan və Sumqayıt şəhəri X5 qəsəbəsi 5-ci məhəllə ev 74-də yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Daha sonra əməliyyataxtarış tədbirləri davam etdirilmiş və həmin gün saat 20:25-də Sumqayıt şəhəri X5 qəsəbəsi K.Kərimov küçəsində Təqsirləndirilən şəxs həmin vaxtlar Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvvəkkili vəzifəsində xidmət aparmış Şahid2, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti X3 ilə yaxınlaşaraq, onu saxlamışlar, bundan sonra ona özlərini təqdim edib, narkotik vasitələri və psixotrop tərkibli maddələri qanunsuz olaraq əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğundan saxlandığını izah edib, ona birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmiş, polis bölməsinə gəldikdən sonra polis bölməsinin inzibati binasında yerləşən xidməti otaqlardan birində təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, ona hüquq və vəzifələrinin izahına dair yazılı bildiriş təqdim edilmiş, ona həmçinin video kamerdan istifadə edib çəkliş aparılmaqla üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, həmin vaxt orda Təqsirləndirilən şəxs hüquq və qanuni mənafelərinin müdafiə edilməsi üçün dəvət edilmiş Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Qoşqar Abbasov da iştirak etmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyindən, daha sonra ona üzərində olan qanunla saxlanması və ya daşınması qadağan edilmiş əşyaları təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əlini əynində olan qara rəngli cins şalvarın sol ayaq hissəsinin diz nahiyyəsində olan cibşəkilli yarığa salaraq, ordan bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmiş, həmin gümüşü rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda içərisindən ağ rəngli, kristalşəkilli maddə aşkar olunmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində nə olduğunu soruşduqda, o təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan və “şüşə” adlandırılan metamfetamin olduğunu, təxminən 10-15 gün əvvəl Cəlilabad rayonu ərazisində olarkən əvvəllər tanımadığı, barəsində hər hansı anket məlumatlarnı bilmədiyi şəxsə 5 manat pul verərək şəxsi istifadəsi üçün əldə etdiyini və üzərində gəzdirdiyini bildirmiş, bundan sonra onun üzərinə əlavə olaraq təhqiqatçı tərəfindən şəxsi axtarışda aparılmış, ancaq Təqsirləndirilən şəxs üzərindən başqa qanunla daşınması və saxlanılması qadağan olunmuş əşya və ya pridmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdəki ağ rəngli, kristalşəkilli maddə elektron tərəzidə çəkilmiş, həmin maddənin ümumi çəkisi müəyyən edildikdən sonra isə zərfə qoyularaq qablaşdırılmış və götürülmüş, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması ilə bağlı protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, protokola əlavə və düzəlişlər daxil olmadığından iştirakçılar tərəfindən imzalanmış, o da öz növbəsində tərtib edilmiş protokolu imzalamışdır. Məhkəmədə Şahid3 da Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxışı keçirilmiş 28 aprel 2021-ci ildə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29.04.2021-ci il tarixli 6/1713 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №126” möhür əksi və “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” və s. yazılar, imza olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,495 qram ağ rəngli, kristalşəkilli, kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetmin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,495 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq – 0,445 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17.06.2021-ci il tarixli 1942 nömrəli rəyi ilə ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş 18.05.2021-ci il tarixli arayışın (tələbnamənin) surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İş materiallarında olan Sumqayıt şəhər probasiya şöbəsinin 05.04.2021-ci il tarixli 202041 №li məktubundan müəyyən olunur ki, məhkum Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasına məhkum edilmiş və Təqsirləndirilən şəxs ona təyin edilmiş islah işləri cəzasından hazırki müddətə kimi çəkməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağı-24.05.2016-cı il təvəllüdlü X2 vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində bir azyaşlı uşağının olmasının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 % məbləğində pul tutulmaqla 09 ay müddətinə islah işləri cəzasının çəkilməyən 09 ayı CMnin 68.1.3-cü madddəsinə əsasən 02 ay 07 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli və ona hökmlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 28.04.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 30.04.2021-ci il tarixli qərarı ilə həbs etmənin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin hazırlıq iclasının 28.07.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,445 qram qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizalarının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16 iyul 2020-ci il tarixli (iş № 1(060)-530/2021) qərarını icra edərək, 17 iyul 2021-ci il tarixli 804/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (27 yanvar 2010-cu il tarixli 21 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o 11 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 12.06.2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay müddətə islah işləri cəzasının çəkilməyən 09 ayı, CM-nin 68.1.3-cü maddəsinə əsasən 02 ay 07 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilsin və ona qəti olaraq 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 28 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,445 qram qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 109,90 manat Təqsirləndirilən şəxs alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 8 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-530/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-530/2021
23.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver