Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-530/2024 05.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X2, Əkbərli Nicat Mais oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - X4, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Ağdam rayonu Cinli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Ağdam rayonu, Cinli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs ilə keçmiş həyat yoldaşı Təqsirləndirilən şəxs arasında Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus “Sumqayıt Tort” şirniyyat mağazasının içərisində məişət və qısqanclıq zəminində baş verən mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsinə əli ilə qəsdən zərbələr vuraraq, ona dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş sağlamlığa Yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə, sonuncunun qəsdən sağlamlığına Yüngül zərər vurmuşdur. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 128-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş və birgə nikahdan üç azyaşlı övladları doğulmuşdur. Həyat yoldaşı tort mağazasında işləyib və işi ilə əlaqədar onun telefonuna çoxlu mesajlar və müəyyən sifarişlər gəlmişdir. Düşünmüşdür ki, həyat yoldaşı telefonla yad kişi ilə danışıb nöqsana yol vermişdir, bu səbəbdən onlar arasında münasibətlər soyumuş və nəhayət 2024-cü ilin fevral ayında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada boşanmışlar. Lakin o, özü boşanmaq istəməmiş, münasibətlərin düzəlməsinə çalışmışdır. Bu səbəbdən məhkəmə proseslərinə getməmişdir. Uşaqlar anaları Sevincdə qalmış, lakin uşaqlar onunla daimi əlaqə saxlamışlar. Bir müddət sonra Sevinc onun uşaqları ilə telefon əlaqəsi imkanlarını məhdudlaşdırmış, ondan uzaqlaşmağa başlamış, uşaqların da tərbiyyəsi ilə bir qədər laqeyd məşğul olmuşdur. O, hətda yenidən bir ailə olmağı da təklif etmişdir. Lakin bu hərəkətlər onda əsəbilik yaratmış və bunun səbibini öyrənmək üçün xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən keçmiş həyat yoldaşı Sevincin işlətdiyi şirniyyat mağazasına getmişdir. Sevinc mağazada olduğundan ondan son dönəmlərdə etdiyi laqeyd münasibətin, övladları ilə danışığına mane olmasının səbəbini soruşub izah verməsini tələb etmiş, Sevinc həmin vaxt onu görmək istəmədiyin deyib, onun üstünə acıqlanıb əsəbləşdiyindən, o Sevincin bu hərəkətlərindən bərk əsəbləşmiş və hirsli olduğu üçün yumruqla onun sağ sifət və sağ qulaq nahiyələrinə zərbə vurmuşdur. Sonra Sevinc mağazanı tərk edib çıxmış, gedib kənarda gözləmişdir. Bir qədər sonra ona polisdən zəng vurub Sevincin şikayəti ilə əlaqədar 3-cü PB-nə dəvət etmişlər. Mübahisələrinin sonuncunun işlədiyi şirniyyat mağazasının içərisində baş verdiyini, həmin vaxt orada və ətrafda ikisindən başqa heç kimin olmadığını, mübahisə zamanı Sevincin onunla təhqiramiz formada davranması səbəbindən əsəbləşdiyi üçün sonuncunu vurduğunu bildirmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş həyat yoldaşıdır. Onunla 2006-cı ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, birgə nikahdan üç övladları doğulmuşdur. Lakin Təqsirləndirilən şəxs dini düşüncələrinin olması, həmçinin əvvəllər də ona fiziki zor tətbiq etməsi səbəbi ilə sonda ondan bezdiyi üçün boşanmaq qərarına gəlmiş və 2023-cü ilin oktyabr ayında faktiki olaraq evdən çıxıb uşaqlarını da götürüb əmisinin evində yaşamağa başlamış və 2024-cü ilin fevral ayında Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə rəsmi qaydada boşanmışlar. Boşandıqdan sonra Zöhrab onunla barışmağa cəhd göstərmiş, ondan evə qayıtmağı tələb etmiş, lakin o, Zöhrabla qəti şəkildə yaşamaq istəmədiyini deyib narahat etməməsini istəmişdir. Buna baxmayaraq Zöhrab onu narahat etməkdə davam etmişdir. Belə ki, o, özünə məxsus olan Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən "Tort Sumqayıt” şirniyyat mağazasında işləyir. xx.xx.2024-cü il tarixdə, saat təxminən 16 radələrində Zöhrab işlədiyi şirniyyat dükanına gəlmişdir. Övladlarını onunla danışmamasına dair öyrətməkdə, övladlarını ondan soyutmağa çalışmaqda günahlandırmış, özünün ondan boşanmadığını demişdir. O isə Zöhraba ondan rəsmi qaydada boşandığını və aralarında heç bir bağ qalmadığını bildirmişdir. Bu məzmunda aralarında mağazanın içərisində mübahisə baş vermiş və o, Zöhraba qəti şəkildə onunla yaşamaq istəmədiyini bildirmişdir. Bu zaman Zöhrab əsəbi şəkildə yumruqla onun sağ qulaq nahiyəsinə, sağ sifət nahiyəsinə güclü zərbələr vurmuş, zərbələrdən o özünü itirmiş və bir qədər sonra 102 xidmətinə zəng vurub məlumat vermişdir. Mübahisə vaxtı ətrafda ikisindən başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs şikayətçidir. Həbs edilməməsinilakin qanunamüvafiq cəzalanmasını xahiş edir. İş matariallarında olan məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, AR Səhiyyə Nazirliyinin MTE və PAB X6 xx.xx.2024-cü il tarixli, 748 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ qulaq seyvanın ənsə nahiyyəsinin sağ yarısını əhatə edən dərialtı hematoması. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdır, müayinədən bir gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə yəni xx.xx.2024-cü il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. (i.v.12- 15). Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ərizələrindən görünür ki, şikayət ərizəsi əsasında toplanmış material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. (i.v.16- 17) Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 2665 saylı, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. (i.v. 24) “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X8 “Sumqayıt Tibb Mərkəzi” PHŞ 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin 215 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin psixiatrik kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 25) Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 7 saylı MKS tərəfindən verilmiş 573 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v.22-23) Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v.26) DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CMnin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 128-ci maddəsinə əsasən Sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlindən peşman olmasını CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərəçəkmiş şəxsin şikayətçi olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Məhkəmə təqsirləndirilən şəxsə bu növdə cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun olduğunu hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 06:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin, Bakı şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 32 (otuz iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 192 (bir yüz doxsan iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin və o, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 192 (bir yüz doxsan iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-530/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-530/2024
05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver