Məhkəmə qərarları › İş №1(060)-532/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-532/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-532/2023 24.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Gədəbəy ray., Əli-İsmayıl kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayan barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,900 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib, qanunsuz daşıyaraq saxlamış, 30 mart 2023-cü il tarixdə, saat 12:30-da Sumqayıt ŞPİ-nin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb Sumqayıt ŞPİ-nə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə 0,900 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, o, təxminən 10 ildən artıq müddətdir ki, narkotik vasitədən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 9- 10 radələrində yaşadığı Sumqayıt şəhəri, Qurd Dərəsi bağlar massivi ünvanında yerləşən fərdi evdə olarkən, tanımadığı şəxslər həyət qapısını döyərək evə daxil olmaq istəmişlər. O, qapını döyənlərin kim olduğunu soruşduqda, onlar qapını açmağı tələb etmiş və açdıqda kim olduqlarını görəcəklərini söyləmişlər. Qapını açdıqdan sonra gələn şəxslərin sayının təxminən 10 nəfər olduğunu, həmin şəxslərin polis əməkdaşları olduğunu bilmiş və mənzilinə daxil olmuşlar. Mənzilinə gələn polis əməkdaşları iki ilə yaxındır ki, azadlıqda olduğunu və onlarla birlikdə polis idarəsinə getməli olduqlarını bildirmişlər. O, əvvəlcə polis əməkdaşları ilə razı olmasa da, sonradan onlarla razılaşaraq birlikdə Polis bölməsinə getmişdir. Ona polis idarəsində olan zaman adına narkotik vasitəni sənədləşdirəcəklərini və şəxsi axtarış aparılan zaman narkotik vasitənin ona məxsus olmasını və üzərindən aşkar edilməsini söyləməsini bildirmişlər. Qeyd edilənlərlə ilk olaraq razılaşmamış, lakin sonradan polis əməkdaşlarının dediyi kimi edərək, ibtidai istintaqda verdiyi ifadəsində narkotikin həqiqətən də ona məxsus olmasını bildirmişdir. Qeyd olunan hallar barədə üzərinə şəxsi axtarış aparılan zaman həmçinin ibtidai istintaq müddətində nə müdafiəçisinə nə də digər şəxslərə bu barədə heç bir söz deməmişdir. Polis idarəsində olduğu müddət ərzində polis əməkdaşları tərəfindən ona qarşı heç bir fiziki təsir və təzyiq olmamış, müqavimət göstərilməmiş, sadəcə söz ilə təklif olmuşdur. İttihamda onu yaşadığı evin yaxınlığında saxlanıldığı göstərilsə də, bildirir ki, onu evdən aparmışlar və polis əməkdaşları ilə idarəyə gedən zaman üzərində heç bir narkotik vasitə olmamışdır. O, bağban işləyir, oradan əldə etdiyi qazanc ilə özünə narkotik vasitə alır. Sonuncu dəfə 24 may 2023-cü il tarixdə keçirilən məhkəmə iclasından 15 gün öncə narkotik vasitə qəbul etmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Təqsirləndirirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, əvvəllər məhkumluq həyatı yaşamış, narkotik vasitələrdən uzun müddətdir istifadə edir. 29 mart 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığında olan zaman tanımadığı şəxsdən 25 manata bir büküm narkotik vasitə heroin almışdır. Həmin heroini istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoymuş, həmin gün narkotik vasitədən istifadə etməmiş, səhərisi gün, yəni xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə idarəyə gəlmişdir. İdarədə ilk öncə ona hüquqları izah edilmiş və vəkillərin siyahısı təqdim edilmiş, siyahıdan vəkil seçəndən sonra həmin vəkil idarəyə dəvət edilmişdir. Bundan sonra ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməsi təklif etmişlər. O da, əynində olan şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə olan “kakosu” təqdim etmiş, 25 manata aldığını demişdir. Həmin bükümün miqdarı elektron tərəzi vasitəsi ilə ölçülmüş, daha sonra qablaşdırılmışdır. Bildirir ki, ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmiş, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamış, məqsədinin həmin narkotik vasitədən istifadə etmək olmuş, həmin narkotik vasitələri 20 yanvar metrostansiyası yaxınlığından tanımadığı şəxsdən 25 manata almış, mobil telefondan istifadə etmir və tutulan zaman üzərində mobil telefon aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 Zeynalabdin oğlu ifadəsində bildirmişdir ki, 30 mart 2023-cü il tarixdə ona Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında idarə rəisi tərəfindən müvafiq əmrlə ondan, kiçik inspektorlar Rafayıl Musayevdən, Şahid2, təhqiqatçı Səadət Qənbərovun, KTB-nin kriminalisti Həbibovdan ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə, saat 12:30-da Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən 3548 saylı evin qarşısında saxlanılaraq Sumqayıt ŞPİnə gətirilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqları izah olunmuş və üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmiş, həmin bükümün içərisində heroinə bənzər maddə olduğu aşkar edilmişdir. Bundan sonra həmin büküm elektron tərəzi vasitəsi ilə ölçülmüşdür. Təqsirləndirilən şəxs sorğu zamanı həmin maddəni 20 Yanvar ərazisindən aldığını bildirmiş, daha sonra həmin büküm müvafiq qaydada qablaşdırılmış, sonra bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzalayaraq təsdiq etmişdir. Şahid1 məhkəmə iclasında təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək ifadəsinə göstərdiyi xüsusatlara münasibətdə bildirir ki, tərəflərindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Qurd dərəsi bağlar massivində yerləşən 3548 saylı evin qarşısında saxlanılmış, onu saxlayan zaman ətrafda heç kəs olmamış, nə o, nə də ki, digər polis əməkdaşları Təqsirləndirilən şəxs hər hansı bir təzyiq təsir göstərməmiş, sonuncu narkotik maddəni könüllü təqdim etmişdir. Təqsirləndirilən şəxs sadəcə məsuliyyətdən yayınmaq, o cüçlədən öz əməllərini ört basdır etmək üçün belə ifadə vermiş, ifadəsi özünü müdafiə xarakter daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 Zeynalabdin oğlunun ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 30 mart 2023-cü il tarixdə, saat 12:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 25); 01 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 52-53) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 01 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 61-62); Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-124/2023 saylı, 01 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə təqdimat təmin edilməmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 69-73) “şəxsi axtarışın keçirilməsi haqqında” Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X1 təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd qızılı rəngli siqaret kağızına bükülmüş spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin qızılı rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 1.04 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. (i.v 30-31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1859 nömrəli 31 mart 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “... Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.900 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir ( i.v. 38-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1924 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixosimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (i.v. 95-96). Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə (on bir dəfə), sonuncu dəfə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 1(002)-144/2018 saylı, 06 aprel 2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. AR Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilməlidir. (i.v. 80-84, 102-106); İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 101). Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(060)-1056/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs AR İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilmişdir. (i.v. 97-99) sübutların qiymətləndirilməsi haqqında 22 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının 6/1859 nömrəli 31 mart 2023-cü il tarixli rəyi, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1924 saylı rəyi sübut növü kimi qiymətləndirilmiş, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kimyəvi tədqiqatlardan sonra qalıq qalmış 0.800 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 107-111); Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, evdə olarkən polis əməkdaşları tərəfindən mənzilə daxil olmaqla saxlanılması, saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmaması barədə məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi işin faktiki halları ilə tam təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi hallara tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq üçün bu məzmunda ifadə verir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə tam təsdiq edilir. Onun göstərdiyi hallar araşdırılsa da, təsdiq edilməmişdir. Təqsirləndirilən şəxs özü də ibtidai istintaq zamanı verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Məhkəmə hesab edir ki, bu Təqsirləndirilən şəxs kimi qanunla ona verilmiş hüquqlarından istifadə etməklə seçdiyi müdafiə vasitəsidir və o, bununla məsuliyyətdən yayınmaq istəyir. Çünki yuxarıda qeyd edildiyi kimi onun əməli qanuni yolla əldə edilmiş və mötəbərliyi şübhə doğurmayan sübutlarla təsdiq edilir. Təqsirləndirilən şəxs bəraət verilməsi üçün qanunda göstərilən əsaslar yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımabir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi olmadan çəkisinin 0.900 qram olmasını, qeyd olunan narkotik vasitənin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, ibtidai istintaq müddətində şəxsi istehlak miqdarında olsa belə yenidən narkotik vasitədən istifadə etməsini, həmçinin məhkəmə istintaqı müddətində də narkotik vasitədən istifadə etməsini, əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmasını, bundan başqa Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 55 (əlli beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 0.800 qram narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 09 (doqquz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altmış) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 01(bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 01 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 24 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 0.800 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 60 (altmış) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar