Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-534/2024 23.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri, X3 qəsəbəsi, F.Qayıbov küçəsi ev 21, mənzil 17-də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, X3 qəsəbəsi "Emin" şadlıq sarayının yaxınlığında fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün, xeyli miqdarda, 1 bükümdə təmiz çəkisi 0,892 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 15 mart 2024-cü il tarixdə saat 21:15-də Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, 19 nömrəli məktəbin yaxınlığında saxlanılaraq bölmənin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi - 0,892 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, əvvəllər fasilələrlə narkotik maddələr qəbul etmişdir. Belə ki, 15 mart 2024-cü il tarixdə saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis əməkdaşları tərəfindən saxlanılıb bölməyə gətirildikdən sonra ona polis əməkdaşları hədə qorxu gəlib evindən külli miqdarda narkotik maddələr çıxardacaqlarını bildirirək təqdim etdikləri 1 bükümdə narkotik maddəni boynuna götürməyi tələb etmişlər. O, düşünmüşdür ki, polislər dediklərini edə bilərlər, nəticədə qorxduğu üçün məcbur olub özü üçün qəbul etmək adı ilə 1 bükümdə narkotik maddəni üzərinə götürməyə razılaşmışdır. Qeyd edir ki, təxminən iki ildir ki, narkotik vasitədən istifadə edir. Narkotik vasitə heroindən ayda bir dəfə çəkmək yolu ilə istifadə etmişdir. O, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Bildirir ki, ona təzyiq olunmuş, döyülmüş, hədə qorxu gəlinmiş, bu səbəbdən şəxsi axtarış zamanı etirafedici izahat vermişdir. Ona edilmiş təzyiqlər barədə hər hansı quruma şikayət etməmişdir. Qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs sərbəst ifadə verdikdən, o cümlədən verilmiş suallara cavab verdikdən sonra əvvəllər verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. İbtidai istintaq zaman təqsirləndirilən şəxs Emin Abbasov ona elan olunmuş CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ilkin ifadəsində göstərmişdir ki, təxminən 2 ildir ki, fasilələrlə narkotik maddələr qəbul edir. 15 mart 2024cü il tarixdə axşam saatlarında sonra Sumqayıt şəhəri, Corat qəsəbəsində olan zaman təsadüfən rastlaşdığı tanımadığı şəxsdən 5 manata şəffaf selofana bükümlüş 1 ədəd siqaretin qızılı kağız bükümündə heroin almış, həmin heroini əynində olan cins şalvarının sağ yan cibinə qoyub istədiyi vaxt istifadə etmək üçün saxlamışdır. Belə ki, 15 mart 2024cü il tarixdə, saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında olan zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis əməkdaşları olduqlarını bildirmiş və onun qanunsuz olaraq narkotik vasitə istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış keçirilməsindən ötrü polis bölməsinə dəvət etmişlər, o etiraz etməmiş və birlikdə PB-nə getmişlər. Bölmədə xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və, o özünə vəkil seçmişdir. Bundan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirməzdən əvvəl ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, o, da əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 175 manat və 70 qəpik pul, 1 ədəd alışqan, cins şalvarının sağ yan cibindən 1 ədəd "birbank" bank kartı çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra təhqiqatçı tərəfindən üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf selofana bükülmüş 1 bükümdə heroin aşkar olunmuş və verilən suallara cavab olaraq həmin bükümün içərisində "kakos", yəni heroin olduğunu, həmin heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Həmin bükümün içərisinə baxılş keçirilərkən heroin aşkar edilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış və götürülməmişdir. Üzərindən aşkar olunaraq götürülmüş 1 bükümdə heroin iştirakı ilə elektron tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb möhürlənmiş, zərfin üzərində qeydlər aparılmış və tərəfindən imzalanmışdır. Tərtib edilmiş protokolun məzmunu onlara ucadan oxunmuş, doğruluğu imzalarla təsdiq etmişlər. Götürülmüş həmin maddə özünə məxsus olmuş, öz şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Əldə etdiyi heroindən heç kimə verməmiş və satmamış, satışı ilə heç vaxt məşğul olmamış, özü qəbul etmişdir. Polis işçiləri onu saxlayan və bölməyə gətirərkən üzərinə şəxsi axtarış keçirilməmiş, sadəcə sorğu-sual olunmuşdur. Onun üzərinə ilk dəfə şəxsi axtarış 2-ci PB-də ona təqdim olunmuş vəkilin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmamış, heç bir şikayət və tələbi də yoxdur. İstintaqın sonrakı dövründə Emin Abbasov əlavə dindirmə zamanı verdiyi ifadəsində ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər fasilələrlə narkotik maddələr qəbul etmişdir. 15 mart 2024-cü il tarixdə saat 21:15 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB-nin polis əməkdaşalrı tərəfindən saxlanılıb bölməyə gətirildikdən sonra polis işçiləri ona evindən külli miqdarda narkotik maddələr çıxardacaqlarını, ya da ki, özünə qəbul etmək adı ilə 1 bükümdə narkotik maddəni boynuna götürməyini dedikdə, düşünmüşdür ki, dediklərini edə bilərlər, ona görə qorxduğu üçün məcbur olub özünə qəbul etmək adı ilə 1 bükümdə narkotik maddəni üzərinə götürməyə razılaşmışdır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına Təqsirləndirilən şəxs H.Z.Tağıyev qəsəbəsi ərazisində qanunsuz olaraq narkotik vasitələr istifadə etməsi, alqı-satqısı ilə məşğul olması və üzərində saxlaması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı 2-ci PBnin rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis mayoru Şahid3 daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Daxil olmuş məlumatlar əməliyyat marağı kəsb etdiyindən yoxlanılması məqsədilə 15 mart 2024-cü il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 21:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin yaxınlığında olmasını görmüşlər və yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərində şəxsi axtarış keçirilməsini bildirmiş, həmin yerdə şəxsi axtarış keçirilməsi üçün normal şərait olmadığına görə onu 2ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, birlikdə həmin PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək özünə müdafiəçi seçmişdir. Müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan öncə sonuncuya üzərində qanunsuz əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 175 manat və 70 qəpik pulu, 1 ədəd alışqanı, cins şalvarının sağ yan cibindən 1 ədəd "birbank" bank kartını təqdim etmişdir. Bundan sonra Abasovun üzərində təhqiqatçı tərəfindən keçirilən şəxsi axtarış zamanı şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində siqaretin qızılı kağızma bükülmüş büküm aşkar olunmuşdur. Həmin bükümün içərisinə baxılan zaman içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkarolunmuş maddənin "kakos", yəni heroin olduğunu, həmin heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşya aşkar olunmamış və götürülməmişdir. Aşkar olunaraq götürülmüş maddə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qablaşdırılmış və möhürlənmiş, zərfin üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 175 manat 70 qəpik pul, 01 ədəd alışqan və 01 ədəd birbank kartı özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotikin konkret olaraq kimdən əldə etməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid1 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, o və digər polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs saxlanılan zaman ona qarşı heç bir təzyiq edilməmiş, döyülməmişdir. Təqsirləndirilən şəxsin söylədikləri yalandır, özünü müdafiə etmək məqsədilə söylənilən fikirlərdir. Məhkəmədə şahid qismində dindirilən 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və əməliyyat müvəkkili polis mayoru Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 16 mart 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 15 mart 2024-cü il tarixdə, saat 21:15 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur ( i.v.20); 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. ( i.v. 49-50). “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 61- 64); 15 aprel 2024-cü il tarixdə təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan edilmişdir. (i.v. 89) “axtarışda olan şəxsin tutulması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə, saat 16:20 radələrində tutulmuşdur. (i.v. 92-93) Sumqayıt şəhər Məhkəməsinin 4(060)-142/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 may 2024-cü il tarixdən hesablanmışdır.( i.v.73-78). “şəxsi axtarışın keçirilməsi barədə” 15 mart 2024-cü il tarixli protokoldan görünür ki, 15 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqların birində baş təhqiqatçı, polis kapitanı Elnur Feyzullayev tərəfindən Abasovun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional vəkil bürosunun vəkili Müdafiəçi və 2-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış keçirməzdən əvvəl X4 tərəfindən hüquq və vəzifələri izah edildiyi, həmçinin şəxsi axtarışda iştirak edən vəkil Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildiyi, bundan sonra üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən ümumilikdə 175 manat və 70 qəpik pulu, 1 ədəd alışqanı, cins şalvarının sağ yan cibindən 1 ədəd "birbank" bank kartını çıxarıb masanın üzərinə qoyduğu, bundan sonra baş təhqiqaqtı X5 Abasovun üzərində keçirdiyi şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofanın içərisində siqaretin qızılı kağızma bükülmüş büküm aşkar olunduğu, həmin selofan bükümün içərisindəki siqaretin qızılı kağızma açılıb baxılan zaman içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə heroinə bənzər maddə aşkar olunduğu, verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin "kakos", yəni heroin olduğunu, həmin heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 5 manata aldığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirdiyi, bundan sonra Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər predmet və əşyanın aşkar olunmadığı və götürülmədiyi, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş heroinə bənzər maddənin elektron tərəzidə çəkilərək olduğu bükümlə birlikdə 1,12 qram olması müəyyən edildiyi, həmin maddənin ekspertizaya təqdim edilməsi məqsədilə zərfə qablaşdırılıb möhürləndiyi, zərfin üzərində qeydlər aparılaraq imzalandığı müəyyən olunmuşdur.. ( i.v 29-30). Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fiziki- kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/1558 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...Saxlanılan şəxs Təqsirləndirilən şəxs (imza)...» sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,892 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəmin siyahısına (Siyahı İ) daxildir. (i.v. 37-41) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X6 Şəxsi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3125 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 115-116) İstintaq zamanı Təqsirləndirilən şəxsla şahidlər Şahid1, Şahid3 və Şahid2la üzləşdirilmiş, üzləşmə zamanı şahidlər Təqsirləndirilən şəxs qarşı heç kimin heç bir təsir etmədiyini, sonuncunun üzləşmədə göstərdiyi xüsusatların yalan və həqiqəti əks etdirmədiyini və törətdiyi cinayət əməlinə görə məsuliyyətdən yayınmaq istədiyini bir daha Təqsirləndirilən şəxs üzünə qarşı deyərək onu ifşa etmişlər. (i.v. 118-126) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. DİN BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 70-71) Abşeron rayon Məhkəməsinin 1(012)-599/2024 saylı məktubdan görünür ki, Abşeron rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır, cinayət işi hazırda icraatdadır və iş üzrə yekun məhkəmə aktı çıxarılmamışdır. (i.v.82) “sübutların qiymətləndirilməsi haqqında” 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, iş üzrə sonuncunun üzərindən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0.892 qram, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.842 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. ( i.v.127-132); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun şəxsi axtarış zamanı etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək, narkotik vasitədən istifadə etsə də, saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmadığını, ona hədə qorxu gəlindiyi üçün ibtidai istintaqın ilkin gedişində etirafedici ifadə verdiyini, bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin verdiyi bu ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətdən boyun qaçırmaq məqsədilə məhz bu məzmunda ifadə vermişdir. Belə ki, ifadəsi özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini ittihamda göstərildiyi qaydada törətməsi məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri, ekspert rəyi ilə təsdiq edilir. Onun məhkəmə istintaqında göstərdiyi hallar araşdırılsa da, öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs özü də istintaqın ilkin mərhələsində, müdafiəçinin iştirakı ilə müdafiə hüquqları təmin edilməklə verdiyi ifadəsində əməlini etiraf etmiş, iş materiallarında olan digər sübutlarla ziddiyyət təşkil etməyən, işin hallarına uyğun ifadə vermişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andandonski Rusiyaya qarşı” iş üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında da qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaqda müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24” dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs təzyiqə məruz qalması və döyülməsi barədə bağlı heç bir orqana şikayət etməmiş, ibtidai istintaqın ilkin gedişində əməlini etiraf etmiş, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər edilməmişdir. Məhz bu səbəbdən heç bir şikayət və tələbinin olmadığını ilkin ifadəsində də qeyd etmişdir. Bundan başqa məhkəmə iclasında təqsirləndirilən şəxs mart ayında saxlanılan zaman polis əməkdaşları tərəfindən təzyiqə məruz qaldığını bildirmişdir. İş materiallarından görünür ki, Emin Abbasov barəsində istintaqın ilkin gedişində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, yəni faktiki olaraq azadlıqda olmuş, lakin bu müddət ərzində də heç bir orqana döyülməsi barədə şikayət etməmişdir. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı AR Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən heroinin 0.15 qram daxil olmaqla yuxarı hədləri xeyli miqdardan artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından dəfələrlə çox olmasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuş olsa belə, onu həmin cəza ilə islah etmək mümkün deyildir. Göründüyü kimi onun narkotik maddələrdən asılılığı vardır. Məhkəmə məhz qeyd edilən halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi daha ədalətli, qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs cəzasının əvvəli 06 may 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir Cinayət işi üzrə məhkəmə fiziki-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar cəmi 81 (səksən bir) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.842 qram olan narkotik vasitə heroin məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 15 mart 2024-cü il tarixdən 17 mart 2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 06 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0.842 qram olan narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-534/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-534/2024
23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver