Məhkəmə qərarları › İş №1(060)-537/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-537/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-537/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər məhkəməsinin 1(060)-305/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 17 saylı CÇM-də cəza çəkən, Sumqayıt şəhəri, St.Sumqayıt qəsəbəsi, yeni yaşayış massivi fərdi evdə yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 23:00 radələrində zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Dəmiryol yük həyəti adlanan ərazidə yerləşən tikintisi tam başa çatmamış, yaşayış olmayan nömrəsiz fərdi evinin həyətyanı sahəsinə hasardan tullanaraq keçmiş, həyətdə saxlanc yeri olan yardımçı otağın damının taxtadan olan qapısının asma qıfılını sındırmaqla əvvəlcə dama, sonra isə damın alçipan materialdan olan döşəməsinin bir hissəsini dağıdaraq içəri qanunsuz daxil olmaqla, otaqdan bir ədəd dəyəri 25 manat olan kiçik ölçülü “İnterskol” markalı laqondanı, bir ədəd dəyəri 100 manat olan 5 litr tutumlu mis odun samovarı, bir ədəd dəyəri 20 manat olan direli, 36 metr uzunluğunda metrəsi 0,90 qəpik, cəmi dəyəri 32,40 manat olan 6 mm-lik mis kabeli, iki ədəd hər birinin dəyəri 6 manat cəmi dəyəri 12 manat olan çəkici, bir ədəd dəyəri 170 manat olan kiçik ölçülü qaynaq aparatını, bir ədəd dəyəri 70 manat olan “Bosch” markalı perefaratoru, bir ədəd dəyəri 145 manat olan taxta kəsən makinanı, dəyəri 36 manat olan 45 metr uzunluğunda qoşa 4-lük mis kabeli, bir ədəd dəyəri 33 manat olan kəsəri gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 643,40 (altı yüz qırx üç manat, qırx qəpik) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, 2022-ci ilin fevral ayının 2-də, gecə saat 23 radələrində Sumqayıt şəhəri, X4 həyəti adlanan ərazidə yerləşən tikintisi tam başa çatmamış, yaşayış olmayan həyət evinə yaxınlaşaraq müşahidələr aparmış, gəlib gedənin olmadığını görmüşdür. Pula ehtiyacı olduğundan evə oğurluq məqsədilə daxil olmaq qərarına gəlmişdir. O, dəmir qapısı olan evin həyətinə hasarın üstündən tullanaraq daxil olmuş, həyətdə tikintisi yarımçıq olan evin yaxınlığında bir otaqdan ibarət yardımçı saxlanc otağının olduğunu görmüşdür. Həmin otağın qapısı pəncərəsi olsa da, saxlanc otağına damda olan taxta qapıdan daxil olmaq qərarına gəlmişdir. Həmin damın taxtadan olan giriş qapısının asma qıfılını yerdən tapdığı dəmir parçası ilə sındırmış, sonra isə dama daxil olmuş, damdan otağa daxil olmaq üçün alçipan materialdan kiçik bir hissəni dağıtmış, oradan da otağa daxil olmuşdur. Otaqdan sintetik bir torba taparaq bir neçə əşya, kabelləri götürmüş, torbaya doldurmuş, sonra isə torba ilə həmin əşyaları evin həyətinə çıxarmışdır. Həmin əşyaları oğurluq etdiyi ünvandan təxminən 200 metr aralıda sahibsiz bir daş hasar tapıb həmin hasarın dibində gizlətmişdir. Əlinə götürdüyü qıfılın qırılmasında istifadə etdiyi dəmir parçasını da qaranlıq bir yerə tullamışdır. Evdən götürdüklərini dəyər dəyməzinə satıb pul əldə etməyi qarara almış, səhəri gün gəlib gizlətdiyi yerdən əşyalardan bir ədəd perefaratoru, bir ədəd direli gizlətdiyi yerdə saxlamış, üstünü möhkəm örtmüşdür ki, gəlib tapan olmasın, oğurladığı digər əşyaları götürmüş, piyada getmiş, asfalt yola çıxmış, yol kənarında tanımadığı metal yığanlara əşyaları və kabelləri hamısını bir yerdə dəyər dəyməzinə 80 manata satmışdır. Pereferator ilə direli isə başqa vaxt satıb yenə pul əldə etmək üçün saxlamışdır. Əldə etdiyi 80 manat pulu şəxsi tələbatına xərcləmiş, etdiyi oğurluq barədə heç kimə bildirməmişdir. Oğurluq etdiyi ünvanı və əşyaları gizlətdiyi yeri polis əməkdaşlarına göstərmiş, eyni zamanda satmadığı əşyaları yəni bir ədəd direli və bir ədəd perefaratoru polisə təqdim etmişdir. Həmin ünvandan bir ədəd qaynaq aparatı, iki ədəd çəkic, bir ədəd laqonda, bir ədəd samovar, bir ədəd perefarator, bir ədəd direl, mis kabellər, taxta kəsən aparat, kəsər oğurlamışdır. Oğurluq etdiyi ünvanın sahibini, yəni Zərərçəkmiş şəxs tanımır, onunla heç bir problemi yoxdur, həmin ünvana təsadüfən girmiş, hadisəni özü tək törətmişdir. Oğurladığı əşyaları satdığı şəxsi tanımır, əşyaları satanda özünə məxsus olduğunu, pula ehtiyacı olduğu üçün təcili dəyər dəyməzinə satdığını demişdir. Əşyaları alan şəxsin həmin əşyaların oğurluq olmasından xəbəri olmamışdır. Əməlindən peşman deyil. Qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxır. İş üzrə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Sülh küçəsi, 76-cı məhəllədə yerləşən 3 saylı peşə liseyində yaşayır. Onun Sumqayıt şəhəri, Dəmiryol yük həyəti deyilən yerdə tikintisi davam etdirilən nömrəsiz fərdi evi var. Həmin həyət 6 ağ daşla hasara alınmış, həyətə giriş qapısı dəmirdəndir, üzərində kilidi yoxdur, həyətə hasardan rahat daxil olunması mümkündür. O, həmin həyətdən xx.xx.2022-ci il tarixdə, axşam saat 18:00 radələrində çıxmış, xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində gəlmişdir. Görmüşdür ki, həyətdə əlavə tikilimiş 4\3-ə olan otağın taxtadan giriş qapısının qıfılını sındırmaqla əvvəlcə dama, sonra isə damın alçipan materialdan olan döşəməsinin bir hissəsini dağıdaraq otağa daxil olmuşlar. Otaqdan bir neçə əşya oğurlanmışdır. Həmin otağın pencərəsi və otağa giriş qapısı yerindədir, onlar sındırılmamışdır. Oğurlanmış əşyalar bir ədəd istifadə edilmiş vəziyyətdə dəyəri 170 manat olan kiçik ölçüdə qaynaq aparatı(markası bilinmir), bir ədəd dəyəri 45 manat olan kiçik ölçülü 220 voltluq “İntereskol” markalı laqonda, bir ədəd işlənmiş vəziyyətdə 5 litirlik dəyəri 80 manat olan odun mis samovar, bir ədəd 220 voltluq işlənmiş vəziyyətdə Bosch markalı dəyəri 70 manat olan perefarator, bir ədəd işlənmiş vəziyyətdə dəyəri 33 manat olan direl(markası bilinmir), bir ədəd işlənmiş vəziyyətdə dəyəri 145 manat olan taxta kəsən makina, 45 metr uzunluğunda dəyəri 36 manat olan qoşa 4-lük mis kabel, 36 metr uzunluğunda dəyəri 36 manat olan 6 mm-lik mis kabel, bir ədəd dəyəri 33 manat olan kəsər, iki ədəd hər birinin dəyəri 10 manat cəmi dəyəri 20 manat olan çəkicdən ibarətdir. Həmin əşyalar onun özünə məxsusdur və ona 668 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı polis mayoru X2 tərtib etdiyi xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Dəmiryol yük həyəti deyilən ərazidə yerləşən nömrəsiz fərdi evindən oğurluq olmuş, bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(İ.v 05-07) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2022-ci il tarixli, 9\1859 saylı rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 05 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin fevral ayına olan otra bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 183,40 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı ayrılıqda adları və qiymətləri rəyin tədqiq hissəsində göstərilmişdir. Digər 05 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, ölçüləri, istehsal yeri, istismar müddəti, texniki göstəriciləri və s.) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparılmamışdır. 05 adda malların 2022-ci ilin fevral ayına orta bazar qiyməti belədir; bir ədəd dəyəri 25 manat olan kiçik ölçülü “İnterskol” markalı laqonda, bir ədəd dəyəri 100 manat olan 5 litir tutumlu mis odun samovar, bir ədəd dəyəri 20 manat olan direl, 36 metr uzunluğunda metrəsi 0,90 qəpik, cəmi dəyəri 32,40 manat olan 6 mmlik mis kabel, iki ədəd hər birinin dəyəri 6 manat cəmi dəyəri 12 manat olan çəkic.(İ.v 27- 31) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanması, maddi sübutun təqdim edilməsi və götürülməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs vətəndaş Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Dəmiryol yük həyəti deyilən ərazidə yerləşən nömrəsiz fərdi evinə oğurluq məqsədilə daxil olmuş. Belə ki, həyətdə olan yardımçı otağın damının taxta qapısının asma qıfılını qırmış, damdan otağa keçmək üçün alçipan materialdan olan döşəmənin bir hissəsini dağıdaraq otağa daxil olmuş, otaqdan oğurluq etmişdir. Oğurladığı əşyaları həmin evdən 200 metr aralıda sahibsiz bir daş hasar tapıb dibində gizlətmiş, sonra isə həmin əşyalardan bir ədəd perefaratoru və bir ədəd direli gizlədərək, digər əşyaları yəni, bir ədəd odun samovarını, kabelləri, bir ədəd qaynaq aparatını, iki ədəd çəkici, bir ədəd laqondanı, taxta kəsən aparat, kəsəri isə tanımadığı bir şəxsə 80 manata satmışdır. Gizlədərək saxladığı bir ədəd direl və bir ədəd perefaratoru isə polisə təqdim etmişdir. Bu barədə protokol tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(İ.v 52-57) Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17 may 2022-ci il tarixli, 1(060)-305/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzaçəkmə müddətinin başlanğıcı 11 mart 2022-ci il tarixdən hesablanmışdır. Təqsirləndirilən şəxs özünü müdafiə üçün heç bir dəlil gətirməmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən hallar və 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası, bu hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut bir ədəd direl və bir ədəd perefaratorun zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizanın ümumu dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş və üzərində qəti olaraq saxlanılmış 2 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5. maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplamaq yolu ilə birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 11 mart 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut bir ədəd direl və bir ədəd perefaratorun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumu dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun(«Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar