Məhkəmə qərarları › İş №1(060)-537/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-537/2024

26.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-537/2024 26.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə, Dövlət ittihamçısı X1, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və hazırda Penitensiar Xidmətin Qobustan Cəzaçəkmə Müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İş üzrə Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,218 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 11:20-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 8/35-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0.218 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir və bununla əlaqədar da hazırda cəza çəkir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 11:20 radələrində Sumqayıt şəhəri, 17-ci məhəllədə olan zaman mülki geyimli şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, üzərində narkotik vasitə daşımağından şübhələndiklərinə görə onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla ona üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, lakin əvvəlcə üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, şalvarının sağ yan cibində saxladığı 01 ədəd bükümü masanın üzərinə qoymuşdur. Həmin bükümün içində nə olduğu soruşulan zaman o, həmin maddənin metamftamin olduğunu və onu xx.xx.2024-cü il tarixdə axşam saatlarında Sumqayıt şəhər, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən başqa heç bir şey aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş 01 ədəd büküm elektron tərəzidə çəkilmiş, daha sonra qablaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Hazırda o, himayəsində bir az yaşlı uşağının olduğunu və etdiyi əməldən də peşman olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 vermiş olduğu ifadəsində göstərmişdir ki, o, Sumqayıt ŞPİ-nin 3-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi, narkotik vasitə istifadə etməsi barədə qərəzsiz mənbədən Sumqayıt ŞPİ-nin 3-cü PB-nə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 15 mart 2024-ci il tarixdə əməliyyat qrupu yaradılmış və onunla bərabər 3-cü PB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 da iştirak elmişdir. Təxminən saat 11:20 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 17-ci məhəllədə saxlanılmış və ona özlərini təqdim edərək polis əməkdaşları olduqlarının bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğuna görə Sumqayıt ŞPİ-nin 3cü PB-nə dəvət etmişlər. Bölmədə xidməti otaqların birində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən öncə isə Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş və o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bürünmüş büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində kristal formalı, ağ rəngli psixotrop maddə “metamfetaminə” bənzər maddə olması müəyyən edilmişdir. Bundan sonra şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzəridən iş üzrə əhəmiyyət kəsb edən hər hansı predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində metamfetamin olduğunu, həmin metamfetamini xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manata aldığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin büküm elektron tərəzidə çəkilmiş və xüsusi qaydada qablaşdırılmışdır. Məhkəməyəqədər icraat zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş üzrə keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının 16 mart 2024-cü il tarixli 3-16- 16/2-6/1564 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “...Vət. Təqsirləndirilən şəxs götürülmüş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.218 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizasının 24 aprel 2024-cü il tarixli 2638 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2024-cü il tarixli 1(060)- 378/2024 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsi və şahidi dindirib, iş materiallarını tam, hərtərəfli və obyektiv surətdə araşdıraraq, təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilən sübutlara əsaslanaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə təqsirli bilinməlidir. Belə ki, məhkəmə istintaqı zamanı sübut olundu ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,218 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 15 mart 2024-cü il tarixdə saat 11:20-də Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsində şübhəli olması ilə bağlı Sumqayıt şəhəri, 17-ci məhəllə, ev 8/35-in qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilmiş və onun üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sağ yan cibində saxlamış olduğu 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümdə təmiz çəkisi 0.218 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür.. Göstərilən hərəkəti ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir və ona həmin maddənin sanksiyası hədləri daxilində cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, məhkəmə cəza təyin edərkən, təqsirkarın şəxsiyyətini, törətmiş olduğu əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəza növü – azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsi qənaətinə gəlir və hesab edir ki, bu cəza ilə cəzanın məqsədlərini təmin etmək mümkündür. Eyni zamanda iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun saxlanıldığı müddət nəzərə alınmaqla üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli Qərarında qeyd olunur ki, cinayət qanunvericiliyi birinci hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halına aid hər hansı müstəsna qayda müəyyən etmədən, şəxsin birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törətdiyi başqa cinayətə görə təqsirli bilindiyi halda, ona eyni, yəni Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrində müəyyən edilən cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsini və birinci hökmə əsasən çəkilən cəzanın qəti cəza müddətinə hesablanmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilməli və onun başqa cinayət işi üzrə cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,168 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-nın 351-354, 356 və 358-ci maddələrini rəhbər tutub, Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq təyin edilmiş 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplansın və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və onun başqa cinayət işi üzrə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 0,168 qram təşkil edən psixotrop maddə metamfetamin qanuna müvafiq qaydada məhv edilsin. İş üzrə məhkəmə xərci olan 81 (səksən bir) manat məbləğində ekspertiza tədqiqatının dəyəri məhkum Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 60 (altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına ödənilsin. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar