Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-537/2025 08.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1996-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,217 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamaqla daşımış, 11 iyun 2025-ci il tarixdə, saat 20:18 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin yaxınlığında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 0,217 qram metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, ibtidai istintaqda verdiyi ifadəni tam təsdiq edir. Xeyli vaxtdır ki, psixotrop maddə metamfetamindən istifadə edir. 11 iyun 2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat pul verib bir büküm metamfetamin almışdır. Həmin gün axşam saatlarında Sumqayıt şəhərində 3-cü mikrorayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Özü könüllü metmfetamini çıxarıb təqdim etmişdir. Hazırda xeyli vaxt keçdiyindən çox şeyi dəqiq xatırlamır. İstintaq vaxtı hər şeyi olduğu kimi göstərmişdir. İstintaqda verdiyi ifadəsini tam təsdiq edir. Əməlindən peşimandır. Daha sonra özünü təqsirli bilməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə saat 20:18 radələrində Sumqayıt şəhəri, 3-cü mikrorayon, 4 saylı Notariusun yaxınlığı ilə piyada hərəkətdə olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Onu qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib üzərində saxlamaqda şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Onlar videoçəkiliş aparmaqla üzərinə baxış keçirmişlər. Baxışdan öncə ona üzərində hər hansı qanunsuz predmet varsa təqdim etməsi təklif edilmişdir. O, da əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli bükümdə psixotrop maddə olan metanfetamini çıxarıb təqdim etmişdir. Həmin maddəni şəxsi istifadəsi üçün xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Həmin bükülü elektron tərəzi vasitəsilə çəkildikdən sonra zərfə qoyulub qablaşdırılmışdır. Həmin zərfin üzərinə o, da imza etmişdir. Daha sonra müvafiq sənədləşmə işinin aparılmasından ötrü onu 3-cü PB-nə gətirmişlər. Bundan sonra PB-də xidməti otaqların birində üzərindən aşkar edilmiş maddənin qablaşdırıldığı zərfə baxış keçirilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə olan metanfetamin başqa bir zərfə qoyulmaqla qablaşdırılmışdır. Sorğu zamanı bir daha həmin narkotik vasitənin özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatının yoxlanılması üçün əməliyyat tədbirləri həyata keçirilmişdir. 11 iyun 2025-ci il tarixdə, saat 20:18 radələrində Təqsirləndirilən şəxs 4 saylı notariat ofisinin yaxınlığı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülü açılaraq içərisinə baxan zaman içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs 3-cü PB-nə aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-63-cü vərəqəsində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası ƏN-nin MEM-nin Sumqayıt Regional Bölməsi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/2-20/464/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün 127” möhür əksi, “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm; 1) vət. /imza/ Təqsirləndirilən şəxs; 2) vəkil /imza/ A.Nəzərli; 3) /imza/ Şahid1; 4) /imza/ Şahid3; 5) /imza/ Şahid2” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,217 qram olan ağ rəngli ksristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X8 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3638 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatroların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 20:18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 3cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin yaxınlığı ilə piyada hərəkətdə olan zamanı Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,29 qram olması müəyyən edilir və zərfə qoyularaq qablaşdırılıb üzəri möhürlənərək qeydlər aparılır və imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Cahid İsgəndərli özünü təqdim edərək Sumqayıt ŞPİ- nin 3-cü PB-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 20:18 radələrində keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinin yaxınlığında saxlanıldığını, orada Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddənin aşkar olunaraq götürüldüyünü, sonra isə Təqsirləndirilən şəxs 3-cü PB-nə gətirildiyini, sonuncuya hüquq və vəzifələri izah olunduqdan sonra Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulduğunu bildirir. Sonra isə təhqiqatçı Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil Aydın Nəzərlini təqdim edir. Sonra isə təhqiqatçı iştirakçılara özlərini təqdim etmələrini bildirir, Təqsirləndirilən şəxs və digərləri də özlərini təqdim etdikdən sonra əməliyyat müvəkkili Şahid1 həmin zərfi və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman qeydə alınmış videogörüntü olan bir ədəd DVD diski təqdim etməsini bildirir. Şahid1 diski və bir ədəd zərfi təqdim etdikdən sonra təhqiqatçı tərəfindən həmin zərf açılır, içərisindəki bir ədəd gümüşü rəngli bükülü götürülüb açılaraq içərisində psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, özünə məxsus olduğunu, xx.xx.2025-ci il tarixdə, səhər saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə ekspertizaya göndərilməsi üçün yenidən zərfə qoyularaq qablaşdırılır, möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 62, 182.2.1, 182.2.2, 182.2.3, 62, 331.3, 32.5, 331.3, 62, 332.2.1, 332.2.2, 332.2.3, 32.5, 332.2.1, 32.5, 332.2.2, 32.5, 332.2.3, 331.2, 32.5, 331.2, 68.1.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 1 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşiman olmasını CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması Təqsirləndirilən şəxs oğunun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza nöünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusioə təhlükəli resivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi tarixdən, yəni 08 avqust 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasənxüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3638 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,167 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdən 13 iyun 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 08 avqust 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,167 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 60 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-537/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-537/2025
08.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver