Məhkəmə qərarları › İş №1(060)-538/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-538/2023

02.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-538/2023 02.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:30-da Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-yə gətirilib xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindəki siqaret qutusunun içərisindən istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotikdən istifadə edir. xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” restoranının qarşısında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb saxlayaraq polis əməkdaşları olduqlarını, qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğuna görə onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər. Sumqayıt ŞPİdə olarkən ona vəkil təqdim edilmiş, sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır və üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif olunduqda əynində olan qara rəngli gödəkçənin sol iç cibindən “Magna” 2 ədəd siqaret və bir ədəd büküm özü təqdim etmişdir. Həmin büküm açılmiş içərisindəkinin nə olduğunu soruşduqda o, “kakos” olduğunu, Sumqayıt şəhəri, Xəzər bağları ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını bildirmiş. sonra həmin büküm elektron tərəzidə çəkildikdə çəkisinin bir qramdan az olduğu müəyyən edilmiş və qablaşdırılmışdır. Plis əməkdaşları ona qarşı heç bir psixi və ya fiziki zor tətbiq edilməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbulu, üzərində gəzdirməsi və saxlaması ilə məşğul olması barədə qərəzsiz mənbədən şöbəyə daxil olmuş məlumat əsasında 17 mart 2023cü il tarixdə əməliyyat qrupu yaradılmış, qrupda onunla bərabər NMB-nin əməliyyat müvəkkil Şahid2 da iştirak etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü həmin gün təxminən saat 17 radələrində onun ola biləcəyi yerləri müşahidəyə götürmüşlər və onu Sumqayıt şəhəri S.Vurğun küçəsi “Simurq” restoranının yaxınlığında H.Z.Tağıyev qəsəbəsində yaxınlığında piyada hərəkət etdiyini gördükdə yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə olduğundan şübhələndiklərini bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına gətirmişlər. Polis İdarəsində Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra dəvət olunmuş müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə video çəkliş aparmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində qanunla qadağan edilmiş əşya olduğu təqdirdə könüllü surətdə verməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli sol iç cibində saxladığı siqaret qutunun içərisindən 01 ədəd ağ rəngli siqaret kağızıda olan bükümü təqdim etmiş və içərisində kakos olduğunu bildirmişdir. Həmin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,86 qram təşkil etmişdir. Sonradan həmin narkotik vasitəyə bənzər kütlə ekspertizaya təqdim edilməsi üçün kağız paketdə qablaşdırılmış və möhürlənmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinə bənzər kütləni Sumqayıt şəhəri Xəzər Bağlar massivində tanımadığı şəxsdən 20 manata alıb öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən “Simurq” restoranının qarşısında xx.xx.2023-cü il tarixdə saat 17:30da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkil X2 təqdim olundu, o, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirdi. Daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edildi. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu “magna” markalı siqaret qutusunu təqdim etdi. Həmin siqaret qutusunun içərisinə baxan zaman siqaret qutusunun içərisində 2 ədəd siqaretlərin və 1 ədəd ağ rəngli siqaret kağızı bükümün olduğu görüldü. Həmin ağ rəngli siqaret kağız bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin”ə bənzər maddənin otduğu aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin narkotik vasitə oian “kakos” olduğunu, həmin narkotik vasitəni Sumqayıt şəhər Xəzər bağları ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirdi. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd ağ rəngli siqaret kağızına bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin kağız ilə birlikdə 0,86 qram olduğu müəyyən edildi. Aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü lə möhürləndi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncun üzərindən aşkar edilmiş 2 ədəd Magna markalı siqaretlər, siqaret qutusu və 30 qəpik pul isə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman sonuncunun üzərindən qanunla saxlanması və gəzdirilməsi qadağan olunmuş əşya və maddə aşkar edilmədi. İş materiallarında olan məhkəmə ekspertizasının 6/1658 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,755 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Tədqiqata 0,050 qram sərf edildikdən sonra 0,705 qram heroin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,755 qram (qalıq 0,705) kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin diskə daxil olduqda orada papka olması müəyyən edilir. Həmin papkaya daxil olduqda orada papka var. Həmin papkaya daxil olduqda orada videogörüntü var. Videogörüntüyə baxdıqda müəyyən edilir ki, 17 mart 2023-cü il tarixdə Sumqayıt şəhərində Ramin adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün saat 17:30-da Sumqayıt şəhəri, S.Vurğun küçəsi “Simurq” restoranının yaxınlığında saxlanılaraq Sumqayıt şəhər polis idarəsinə gətirilmiş və idarədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Zaur Cəfərov özünü təqdim edərək onun da özünü təqdim etməsini xahiş edib saxlanılmasının səbəbini bildirir. Təqsirləndirilən şəxs da özünü təqdim edir. Daha sonra polis əməkdaşları da özlərini təqdim edir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Zaur Cəfərov tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil bürosunun vəkili Məhərrəm Səfızadə təqdim olunur. O, hüquq və vəzifələri ilə tanış olub, vəkilinə etiraz etmir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən ona üzərində hər hansı bir qanunsuz əşyanın olub-olmamasını, müsbət halda onu təqdim etməsi təklif olunur. O da əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxlamış olduğu “magna” markalı siqaret qutusunu təqdim etdi. Həmin qutunun içərisində 01 ədəd ağ rəngli siqaret kağızında büküm müəyyən edildi. Həmin bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlənin olduğu müəyyən olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitələrin istifadəçisidir, ondan aşkar olunan kütlə narkotik vasitə “kakos”dur. Həmin narkotik vasitəni Sumqayıt şəhəri Xəzər bağlar massivində tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi əldə edibdir və üzərində saxlayıbdır. Həmin vaxt üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə tərəzidə çəkilərək qablaşdırılır. Bundan sonra videoçəkiliş dayandırılır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1925 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-282/2022 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2023-cü il tarixdə məhkəmənin hökmü ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şöbədə qeydiyyata düşmüş, cəzasından 01 il 10 ay 01 gününün çəkmiş və çəkilməmiş cəzası 01 il 10 ay 02 gün təşkil edir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 1295 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 26-cı məhəllə, ev 38/68, mənzil 4A ünvanında qeydiyyatsız yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma” cinayətinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə sonuncunun barəsində cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs aşkar olunmuş 0,755 qram narkotik vasitə olan heroinin mənbəyi istintaqa məlum olmayan mənbə kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman videolentə alınaraq 01 ədəd DVD diskə köçürülmüş və cinayət işininin istintaq sənədlərinə əlavə edilmiş videogörüntü, həmçinin iş üzrə məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, təqsirləndirlən şəxsin və şahidlərin ifadələri, eləcədə digər istintaq hərəkəti protokolları iş üzrə subut növü kimi qəbul edilib qiymətləndirilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nın 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs qəti olaraq təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,705 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli (iş № 1(060)-538/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli 698/2023 saylı orderə əsasən vəkil Müdafiəçinı onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 11 (on bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 66 (altmış altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 01 (bir) il 10 (on) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,705 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs oğluna Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 11 (on bir) saat hüquqi yardıma görə 66 (altmış altı) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar