Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-539/2022 03.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin inzibatı binasında xx.xx.1978-ci ildə Saatlı rayonu, Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1i ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs xx.xx.2022-ci ıl tarixdə saat 14:30 radələrində Sumqayıt şəhəri, Tuğzavod qəsəbəsində küçədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs qəsdən vuraraq ona YÜNGÜL dərəcəli bədən xəsarəti yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o təxminən 10 il olar ki, öz ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsində fərdi evdə yaşayır. Elburus onlarla eyni qəsəbədə qonşuluqda yaşayır. Onun göy rəngli “VAZ-2106” markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil var, həmin avtomobili etibarnamə əsasında idarə edir. Həmin maşını həmişə o sürmüş, heç vaxt oğlu və ya digər şəxs onun maşınını sürməmişdir. Belə ki, təxminən 2-3 gün bundan əvvəl oğlu Rəsul ona dedi ki, piyada küçədə gəzən zaman Elburus ona yaxınlaşaraq kobud şəkildə maşını yavaş sürməsini demişdir. O, xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində küçədə olarkən Elburusun qonşuları Novruzun Qazel markalı yük maşını ilə getdiyini görmüş, maşını saxlatdırmış və Elburusu çağırmışdır. Elburus maşından yerə düşmüş, o Elburusa yaxınlaşıb oğlunun maşını sürdüyünü harada gördüyünü soruşmuşdur. O da balasının canına and içərək Rəsulun maşını küçədə 110-la sürdüyünü demişdir. O oğlunu çağırmaq istəyərkən Elburus yüksək səslə nalayiq ifadə işlətmiş, o ona 2-3 dəfə xəbərdarlıq etsə də, buna məhəl qoymayıb söyüşlərinə davam edərkən aralarında mübahisə yaranmış və o əsəbləşib əli ilə bir dəfə onu vurmuşdur. Bundan sonra həmin vaxt orada olan qonşuları Novruz onları aralaşdırmış və Elburus evlərinə getmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmışdır və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub Zərərçəkmiş şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o təxminən 12 il olar ki, öz ailəsi ilə birlikdə Sumqayıt şəhəri, Tuqzavod qəsəbəsində fərdi evdə yaşayır. Onlarla eyni qəsəbədə qonşuluqda Saleh adlı bir şəxs yaşayır. Onun göy rəngli “VAZ-2106” markalı, dövlət nömrə nişanını bilmədiyi bir maşını var. Həmin maşını arada-sırada Salehin 19 yaşlı sürücülük vəsiqəsi olmayan oğlu Rəsul idarə edir, idarə edən zaman yaşadıqları küçədə maşını sürətlə idarə edir. Sonuncu dəfə təxminən 3-4 gün qabaq o Rəsula bu barədə irad tutmuş və o da onu başa düşmüşdür. xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində o Salehgilin qapısının qarşısından keçib orada yaşayan Novruz adlı şəxsin yanına getmişdir. Onun yaşadığı evdə ona aid olan dəmir qalıqlarını Novruzun Qazel markalı yük maşınına yığıb satmaq barədə Novruzla razılaşmış və Novruzun Qazel markalı maşını ilə onlar evə gələrkən saat 14:30 radələrində Saleh maşının qarşısını kəsərək onu çağırmışdır. O maşından düşmüş və onlar yoldan kənara çəkilmişlər. Salehlə söhbət edən zaman Saleh ona “sən kimsən mənim oğluma söz deyirsən” demiş, o da ona Rəsuldan asta sürməyi xahiş etdiyini və ona başqa söz demədiyini demişdir. Bundan sonra Saleh yüksək səslə “bərk sürüb yaxşı edib, bundan sonra 100-lə sürəcək” demiş, o isə ona səhv etdiyini demiş və aralarında mübahisə yaranmışdır. Həmin mübahisə zamanı Saleh 3 dəfə əli ilə onun sifət nahiyyəsinə vurmuş və zərbələr burnuna dəymişdir. Sonra orada olan Novruz onları aralaşdırmış və o yaşadığı ünvana qayıtmışdır. Evdən DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan məkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 669 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərindəki xəsarətlər – sağ gözün ağlı qişasının iç bucağının yayılmış qansızması, burun belinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi və üst dodağın orta hissəsinin selikli qişasının qançırı vardır. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdır, törənmə müddəti zərərçəkmiş şəxsin Sumqayıt şəhər TTYX-nin zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi X1 məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-539/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-539/2022
03.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver