Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-54/2022 17.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi:Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, K.Kotec qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2-də qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 4, mənzil 6-da yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 08 iyun 2021-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-də xidməti otaqların birində üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,248 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərəkk götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o təxminən 2 aydır ki, narkotik vasitə olan heroin istifadə edir. 08.06.2021-ci il tarixdə günorta saatlarında Abşeron rayonu, Saray qəsəbəsi ərazisində olarkən 1 nəfər əvvəllər tanımadığı, təxminən 160-165 sm boyunda, arıq bədən quruluşlu şəxs ona yaxınlaşaraq üzərində 1 büküm narkotik vasitə kakos olduğunu, istəyirsə 30 manata ona sata biləcəyini bildirmişdir. O kakos istifadə etdiyinə görə 30 manat verib həmin şəxsdən 1 büküm kakos alaraq üzərində olan göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibinə qoyaraq üzərində saxlamışdır. Eyni tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb saxlayaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli bilindiyinə görə saxladıqlarını bildirib onu 4-cü PB-nə dəvət etmişlər. O polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə 4-cü PB-nə getmişdir. Polis bölməsində xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o etiraz etməmişdir. Ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Daha sonra üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər varsa həmin əşyanı təqdim etməyi təklif edilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik ölçülü cibində saxladığı 1 ədəd şəffaf rəngli sellofan bükümünü təqdim etmişdir. Həmin büküm polis əməkdaşları tərəfindən açılan zaman bükümün içərisində spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Sonra həmin büküm elektron tərəzidə çəkildikdə çəkisi 1,54 qram olmuşdur. Daha sonra həmin maddə kütləsi qablaşdırılmış və möhürlənmişdir. Daha sonra protokol tərtib edilmiş, o da öz növbəsində həmin protokolu imzalamışdır. Hazırda əməlindən peşmandır. Anası ilə yaşayır, anası yaşlı və xəstə olduğu üçün anasına o baxır, anasının başqa heç kimi yoxdur. Bir daha belə əməllərə yol verməyəcəkdir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında Şahid2 göstərdi ki, o Azərbaycan Respublikası DİN-nin Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik əməliyyat müvəkkili vəzifəsində işləyir və polis serjantıdır. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə 08 iyun 2021-ci il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3 iştirakı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Təqsirləndirilən şəxs narkotik vasitəklərə qəbul etməsinə və saxlamasına dair daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq ona yaxınlaşaraq özlərini təqdim edərək onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə dəvət etmiş, Təqsirləndirilən şəxs onlarla razılaşaraq polis bölməsinə gəlmiş, xidməti otaqların birində Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəyini deyib ona hüquq və vəzifələrinə dair bildiriş və müdafiəçisi ona təqdim olunmuş, Təqsirləndirilən şəxs buna etirazının olubolmaması soruşulduqda o, etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə varsa təqdim etməsi təklif olunduğu üçün o, sağ əli ilə göy rəngli cins şalvarının sağ yan kiçik ölçülü cibindən 1 ədəd şəffaf torba və həmin torbanın içərisindən 1 ədəd şəffa rəngli sellofana bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açılaraq nə olduğu soruşulduqda o, həmin kütlənin heroin olduğunu və Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində 30 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra həmin büküm tərəziyə qoyularaq ölçülmüş və kütləsinin 1,54 qram olduğu müəyyən olunmuşdur. Kütlə ekspertizaya göndərilməsindən ötrü qablaşdırılaraq polis əməkdaşları və Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə verdi. Şahid1 istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08.06.2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis polkovnik-leytenantı Rafiq Quliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v 18) İş materiallarında olan sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur.(i.v 76- 77, 95-97) İş üzrə təyin olunmuş məhkəmə-kimyəvi ekspertizasının 09.06.2021-ci il tarixli 6/2326 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata təqdim olunmuş 1 nömrəli zərfdəki 1 ədəd bükümdə 1,248 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroindir.(i.v 39-43) İş üzrə təyin edilmiş narkoloji ekspertizasının 13.07.2021-ci il tarixli 2307 saylı rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlər və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinesiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür.(i.v 104-105) Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 1,248 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroinin kimyəvi ekspertiza zamanı tədqiqatlara sərf olunduqdan sonra 1,198 qram qalmış və 10.06.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır.(i.v 78-79) Sumqayıt Şəhər Narkoloji Dispanserinin 2206 saylı 18.06.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 03.2021-ci il tarixdən Sumqayıt şəhəri Narkoloji Dispanserində narkomaniya diaqnozu ilə qeydiyyatdadır.(i.v 86) DİN-nin BƏSİİ-nin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir.(i.v 87-89) Sumqayıt Şəhər Məhkəməsinin 07.12.2021-ci il tarixli, 7(060)-231/2021 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində «8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilmiş və o Sumqayıt şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 07 ay azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan "Diskə baxış keçirilməsi haqqında" 19.08.2021-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi təsdiqini tapmışdır.(i.v 120-121) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş bir ədəd diskdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan Təqsirləndirilən şəxs onda aşkar olunaraq götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. (i.v. 122) İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2206 saylı, 18.06.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayından “Narkomaniya” diaqnozu ilə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 71) Təqdim edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 1947-ci il təvəllüdlü anası X2 ilə birlikdə yaşayır, anasında iki tərəfli yüksək dərəcəli neyrosenlor ağır eşitmə, iki tərəfli koxreal nevrit xəstəliyi vardır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,248 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlaması təsdiq edilir. Göstərilənləri nəzərə alaraq, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsifi ilə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, ağır ailə vəziyyətini (anasının onun himayəsində olmasını) Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyatda olmasə nəzərə alınmalıdır. Cinayət işi üzrə məhkəmə-bioloji ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,198 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2021-ci ildə tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və Sumqayıt Şəhər Məhkəməsinin 24.06.2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur.. Ona görə də, Təqsirləndirilən şəxs tutularaq saxlandığı, həbsdə və ev dustaqlığında olduğu 07 ay 09 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 16 (on altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 96 (doxsan altı) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2021-ci il tarixdən 17 yanvar 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 07 (yeddi) ay 09 (doqquz) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 12 (on iki) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Hökm qanuni qüvvəyə minənə qədər onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, ev 4, mənzil 6 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,198 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 96 (doxsan altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. ("xxxx" ASC-nin Sumqayıt filialı hesab AZ03TURA******************** VÖEN **********) Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-54/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-54/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver