Məhkəmə qərarları › İş №1(060)-540/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-540/2022

09.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-540/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərəçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 5, otaq 85 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 76-cı məhəllə, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində yaşadıqları ünvanda ailə-məişət münasibətləri zəmnində aralarında baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs alt çənənin orta hissəsinin, sol baldırın orta 1/3-nin bayır səthinin sıyrıqları, sol bud-çanaq oynağının ön bayır səthinin geniş ölçülü qançırı, sol gicgah təpə nahiyəsinin dərialtı hematoması kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2008-ci ildə ailə həyatı qurmuşlar. İki övladları vardır. O Sumqayıt şəh\əri, 76-cı məhəllə ərazisində yerləşən sellofan sexində fəhlə işləyərək maddi qazanc əldə edir. İşdə fiziki çox yorulduğuna görə işdən evə gəldikdə 250 qramlıq araq alaraq evdə içir. xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində yaşadığı evdə axşam yeməyində 250 qram spirtli içki araq içmişdir, içdikdən sonra Günel yerli-yersiz çox danışdığına görə aralarında mübahisə yaranmış, o ilkin olaraq Günelə fikir verməyib heç bir söz deməmişdir. Günel isə danışmaqda davam etmişdir. Saat 23 radələrində Günel ilə bir otaqda qalmaq istəmədiyinə görə uşağını götürüb digər otağa keçib onunla yatacağını dedikdə Günel daha da əsəbləşib içkili olduğuna görə uşağı ilə yatmağına icazə vermədiyini demişdir. O da bundan sonra əsəbləşərək Günelə yaxınlaşıb başından, üzündən əl zərbələri ilə vurmuşdur. Günel isə heç bir şey etməyib evdən çölə çıxıb getmişdir. O da Günelin arxasınca getməyib otaqda uzanıb yatmışdır. Daha sonra bilmişdir ki, Günel DİN-in 102 xidmətinə zəng edərək onu döyməsi ilə bağlı məlumat vermişdir. Mübahisə zamanı yanlarında heç kim olmamışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı Günel ona vurmamışdır. Hazırda isə əməlindən peşmandır. Məhkəmədən zərərçəkmiş şəxslə barışdığına görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuşdur, iki övladları vardır. Samir mütəmadi olaraq spirtli içki içir, içdiyi vaxtlarda ən xırda məsələdən evdə münaqişə yaradıb onu və azyaşlı övladlarının üstünə qışqırıb danlayır. xx.xx.2022-ci il tarixdə, saat 22:00 radələrində Samir evdə axşam yeməyində 250 qram spirtli içki araq içmişdir, yeməyini yeyib bitirdikdən sonra uşaqları danlamağa başlamışdır. O Samiri sakitləşdirib uşaqları digər otağa aparmış, bundan sonra, Samir onunla mübahisə etməyə başlamış, saat 23 radələrində Samir onunla bir otaqda qalmaq istəmədyini, qızı Xalidəni götürüb digər otağa keçib onunla yatacağını dedikdə o, Samirin sərxoş olduğuna görə Xalidə ilə yatmasına icazə vermədiyini demişdir. Samir isə ona yaxınlaşıb əl zərbələri ilə başından, üzündən, təpik zərbələri ilə qarın nahiyəsindən vurmuş, o da çölə çıxıb DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Mübahisə zamanı yanlarında heç kim olmamışdır. Mübahisə 5-10 dəqiqə davam etmişdir. Mübahisə zamanı o Samiri vurmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan 20 may 2022-ci il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN-nin 950-6849V-3222 nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” X3 1 nömrəli Şəhər Xəstəxanasının poliklinika şöbəsi tərəfindən verilmiş 283 saylı, 21 may 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt 1 Nömrəli şəhər xəsatəxanasının poliklinika şöbəsinin psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 2030 saylı xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 5 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 76-cı məhəllə üzrə 5 saylı məhəllədə qeydiyyatsız yaşayır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Bələdiyyəsi 76-cı məhəllə üzrə 5 saylı məhəllə komitəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və şifahi heç bir şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 676 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində «alt çənənin orta hissəsinin, sol baldırın orta 1/3-nin bayır səthinin sıyrıqları, sol bud-çanaq oynağının ön-bayır səthinin geniş ölçülü qançırı, sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması» xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkənin müayinəsindən 2-3 gün əvvəl olmaqla, xx.xx.2022-ci il tarixdə qərarın qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, öz-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa «YÜNGÜL» zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2022-ci il tarixli Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır. Ona görə də barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qızı oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-540/2022) qərarını icra edərək xx.xx.2022-ci il tarixli, 761 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi qızının göstərdiyi 12 (on iki) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun KapitalBank” ASC-nin Sumqayıt filialında olan hesabına (“Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar