Məhkəmə qərarları › İş №1(060)-540/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-540/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-540/2024 10.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X3, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Məhəmmədəli oğlunun, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 3 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 09 yanvar 2024-cü il tarixdə, saat 12:00 radələrində B1,B,C1,C kateqoriyalı, BA409564 seriyalı sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Toyota Prius” minik markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Koroğlu küçəsində təxminən 10-15 km/saat sürətlə geri istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini geriyə hərəkət etdirməzdən əvvəl arxada hərəkət üçün heç bir maneənin olmamasına əmin olmalı, lazım gəldikdə arxada olan şəraitdən xəbərdar olmaq üçün kənar şəxslərin köməyindən istifadə elməli, yolu keçməkdə olan piyadanın olması şəraitində hərəkətin təhlükəsizliyini təmin etmək üçün hərəkətə başlamadan piyadaya yol verməli və bundan sonra avtomobili geriyə doğru hərəkətə gətirməli olduğu halda, bunlara riayət elməyərək və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq Sumqayıt şəhəri, Koroğlu küçəsində yolu soldan sağa doğru keçmək istəyən piyada xx.xx.1957-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Zərərçəkmiş şəxs Məhəmmədəli oğlunu vurmaqla ehtiyatsızlıqdan sonuncuya sağ qalça, oturaq, sirkə kasasının qapalı sınıqları, sağ bud-çanaq oynağının artrozu, konturakturası və hərəkət məhdudluğu, sağ bud-çanaq oynağında qatlama-(bükmə)-80°, açılma - 50°, uzaqlaşdırma - 55° ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsili bilərək bildirdi ki, avtomobil idarə etmək hüququ verən BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. Hadisəni etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə törətmişdir. Həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırmışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 12:00 radələrində idarə etdiyi adı çəkilən avtomobillə Sumqayıt şəhəri, Koroğlu küçəsi ilə müştəri aparan zaman səhvən həmin küçəyə paralel yerləşən köməkçi yola daxil olmuş, müştəri ona səhv yola girdiyini bildirmişdir. Bu zaman o, avtomobili saxlamış və gəldiyi yola qayıtmaq üçün avtomobili arxaya doğru hərəkət etdirməyə başlamışdır. Həmin vaxt onun surəti təxminən 10-15 km/saat olmuşdur. Həmin sürətlə geriyə doğru hərəkətdə olarkən o, qəflətən avtomobilin arxa sol tərəfi ilə bir nəfəri vurduğunu görmüşdür. İdarə etdiyi avtomobilin arxa sol tərəfi ilə yolun solundan sağına doğru yolu keçməyə çalışan piyadaya dəymiş və piyada yerə yıxılmışdır. O, avtomobildən düşmüş, təcili tibbi yardım xidmətinə zəng edib hadisə barədə məlumat verib gəlmələrini gözləmişdir. Daha sonra vurduğu piyadanın adının Zərərçəkmiş şəxs olduğunu bilmişdir. O, Zərərçəkmiş şəxsla birlikdə Sumqayıt TTYX-na getmişdir. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə istifadə etməmişdir. O, avtomobili arxaya doğru idarə edən zaman yan güzgülərə baxmadığı üçün Əkrəmin gəldiyini görəməmişdir. Hadisə vaxtı avtomobildə müştəri qismində əyləşmiş tanımadığı üç nəfər sərnişin olmuşdur. Hadisədən əvvəl və hadisə zamanı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə zamanı xəsarət almamışdır. Əməlindən peşmandır. Bildirir ki, Vətən Müharibəsi iştirakçısıdır, uzun illər düşmən işğalı altında olan Suqovuşan qəsəbəsinin işğaldan azad olunması döyüş əməliyyatında iştirak etmiş, həmin vaxt yaralanmış, “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Qeyd edir ki, İİ qrup müharibə əlilidir, himayəsində yeni doğulmuş, bir aylıq övladı var. Odur ki, qeyd olunanları alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs Məhəmmədəli oğlu ifadəsində bildirdi ki, o, 09 yanvar 2024-cü il tarixdə, saat 12:00 Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən avtomobil yolunun bir tərəfindən digər tərəfinə keçmək istəmişdir. Yola baxıb avtomobilin gəlmədiyinə əmin olduqdan sonra o, adi yerişlə yolu keçməyə başlamış, həmin vaxt “Toyota Prius” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobil geri istiqamətdə hərəkətdə olarkən həmin avtomobilin arxa hissəsi ona dəymiş və o, yerə yıxılmışdır. Həmin sürücü avtomobildən düşmüş, ona yaxınlaşmışdır. Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılmış, onu Sumqayıt şəhər TTYX-nə gətirmişlər. Hadisə baş verən zaman tək olmuşdur. Hadisə baş verdikdən sonra onu vuran sürücünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Elmir hadisə baş verdikdən sonra onun yanında olmuşdur. Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəməmiş və ümumilikdə müalicə xərcləri üçün 2200 manat vəsait xərcləmişdir. Hazırda hətda 1500 (bir min beş yüz) manat ona ödənmiş olsaydı o, qarşı tərəfdən şikayətçi olmazdı. Lakin ona həmin məbləğdə ödənməmiş, hər hansı barışıq əldə edilməmişdir. Hətta indi belə hadisənin izlərindən əziyyət çəkir, daima müalicə olunur. Təqirləndirilən şəxslə barışmamış, şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); 16 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 83-84) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 97-99); “qətimkan tədbirinin seçilməsi barədə” 16 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v.100-101); “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, protokola əlavə edilmiş hadisə yerinin sxemi və fotoşəkillərindən görünür ki, yol nəqliyyat hadisəsi baş vermiş yer Sumqayıt şəhəri, Koroğlu küçəsidir. Hadisə baş verən yerdə yol örtüyünün eni 11.5 metr, yolun hərəkət hissəsinin eni 10.5 metr olmaqla yol 3 hərəkət zolağından ibarət yoldur. Hadisə baş vermiş yerdə yol örtüyü asfaltbeton olmaqla quru və düzdür. Bu barədə fotoşəkillər çəkilərək iş materiallarına əlavə edilmişdir (i.v. 08-16) "Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” xx.xx.2024-cü il tarixli, 95 saylı aktdan görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:20-də müayinə olunmuş, müayinə zamanı sonuncuda alkoqol sərxoşluğu vəziyyəti aşkar olunmamışdır. (i.v. 07) İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs “0B1,C1” kateqoriyalı sürücülük vəsiqəsinə malikdir, həmin vəsiqə xx.xx.2031-ci ilədək qüvvədədir. (i.v. 18) Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-13-16-8/21191/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə “B1,B,C1,C” kateqoriyalı BA409564 nömrəli on illik sürücülük vəsiqəsi almışdır. Mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər sırasında yoxdur. (i.v. 35) “Cinayət işin üzrə icraatın dayandırılması haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat CPM-nin 531.1-ci maddəsinə əsasən 01 aprel 2024-cü il tarixli dayandırılmışdır. (i.v. 57); Sumqayıt şəhər MTE və PA şöbəsinin məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sağ qalça, oturaq sirkə kasasının qapalı sınıqları. Sağ bud-çanaq oynağının artrozu, konturakturası və hərəkət məhdudluğu. Sağ bud-çanaq oynağında qatlama-(bükmə)-80°, açıqlama-50', uzaqlaşdırma-55°-dir. Qeyd olunan xəsarətlər kül əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni YNH-si zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. (i.v. 64-70) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/695 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən, “Toyota Prius” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında" Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (i.v. 61-63) “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, bir sıra zəruri istintaq hərəkətləri aparılmalı olduğundan iş üzrə icraat 16 may 2024-cü il tarixdə təzələnmişdir. (i.v. 71); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil. (i.v. 41); “sübutların qiymətləndirilməsi haqqında” 17 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol, hadisə yerinin sxemi, Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/695 saylı rəyi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadəsi sübut kimi qiymətləndirilmiş Təqsirləndirilən şəxs barəsində CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilməsi qərara alınmışdır (i.v. 104-108); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” “İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyləri, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). CM-nin 263.1-ci maddəsinə əsasən Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 saylı Qərarının 2-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-ci il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13cü hissəsinə görə Nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə, sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir. CM-də ehtiyatsızlıqdan törədilmiş cinayətlərə anlayış verilmişdir. Həmin Məcəllənin 26.2-ci maddəsinə görə Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, cinayətkarcasına özünəgüvənmə nəticəsində ehtiyatsılıqdan qeyd olunan cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində yeni doğulmuş 1 uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, Vətən Müharibəsi iştirakçısı olmasını, “Suqovuşan” qəsəbəsinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qorxmazcasına iştirak etməsini, həmin vaxt yaralanmasını, ölkə başçısı tərəfindən “Cəsur döyüşçü” medalı ilə təltif olunmasını, o cümlədən İİ qrup müharibə əlil olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini həmçinin Təqsirləndirilən şəxs hazırda fərdi əməklə məşğul olaraq aylıq qazancının olmasını nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi CM-nin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işi cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanmalı, hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Cinayət işi üzrə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi ilə əlaqədar 85 (səksən beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin, 01 il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə və qazancından dövlət nəfinə 05 (beş) faiz məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli işlədiyi və onun qazancından tutulmalar aparıldığı vaxtdan hesab edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) hesabına köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar