Məhkəmə qərarları › İş №1(060)-541/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-541/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-541/2021 17.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı əldə edərək onu üzərində saxlamış, 22 fevral 2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt regional «Asan xidmət» mərkəzinə daxil olan zaman mühafizə xidməti tərəfindən saxlanılaraq üzərində olan çantanın içərisindəki 01 ədəd kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, üzərindən aşkar olunaraq götürülmüş beşbarmaq ona məxsusdur. Belə ki, təxminən 2015-ci ildə o, Bakı şəhəri, 8-ci mikrorayon ərazisində olarkən küçələrdən birində gəzərkən yerdən beş barmaq tapmışdır. O, xoşuna gəldiyi üçün həmin beşbarmağı özündə saxlamışdır. 22.02.2021-ci il tarixdə o, həmin beşbarmağı özünə məxsus çantaya qoymuşdur. Onun beşbarmağı üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. Qeyd etdiyi tarixdə o, Sumqayıt şəhəri, 15-ci məhəllə ərazisçində yerləşən «Asan» xidmət mərkəzinə getmişdir. O, orada giriş qapısında yoxlanılmaq üçün çantasını mühafizəçilər olan yerə qoymuşdur. Özü isə yan tərəfdən keçmişdir ki sonra çantasını götürsün. Bu vaxt mühafizəçilərdən biri bu çantanın kimə məxsus olmasını soruşmuşdur. O, isə həmin çantanın ona məxsus olduğunu bildirmişdir. Orada çantaya baxış keçirilmiş, ona məxsus beşbarmaq aşkar olunaraq götürülmüş və bu barədə müvafiq sənədləşmə aparılmışdır. Sonra isə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları gəlib onu bölməyə aparmışlar. O, 3cü PB-nə bununla bağlı izahat vermişdir. Onun beşbarmağı üzərində gəzdirməkdə heç bir məqsədi olmamışdır. O, həmin beşbarmağı indiyə kimi heç vaxt istifadə etməmiş və istifadə etmək üçün kimsəyə verməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, hal-hazırda Sumqayıt şəhər Mühafizə İdarəsində çalışır. O, 2021-ci ilin may ayına qədər Sumqayıt «Asan xidmət» mərkəzində xidmətdə olmuşdur. Onların işi orada giriş qapısında mərkəzə daxil olan vətəndaşların əşyalarını yoxlamaq və içəriyə qanunsuz əşyalarla daxil olmalarının qarşısını almaqdan ibarətdir. Bunun üçün giriş qapısından keçən vətəndaşlar özlərinə məxsus olan əşyaları kənara qoyub keçirlər. Əgər metal əşya və ya hər hansı bir qanunsuz metal əşya olarsa siqnal səsi gəlir və onlar həmin əşyanın nədən ibarət olduğuna baxırlar. 22.02.2021-ci il tarixdə o, Şahid2 ilə xidmətdə olarkən giriş qapısına bir neçə vətəndaş yaxınlaşmış və əllərində olan çantaları yoxlanılması üçün kənara qoymuşlar. Bu vaxt mühafizə zolağında siqnal səsi gəlmişdir. Orada olan kişi çantasında metal əşya olduğu müəyyən edilmişdir. Onlar həmin çantanın kimə məxsus olduğunu soruşmuşlar. Bu vaxt cavan yaşlarda bir nəfər onlara yaxınlaşmış və özünü təqdim edərək çantanın ona məxsus olduğunu bildirmişdir. Onlar həmin çantaya baxış keçirmişlər və içərisində 01 ədəd beş barmaq olduğu aşkar olunmuşdur. Onlar bu barədə «Asan xidmət» mərkəzinin mühafizə rəisinə məlumat vermişlər. O, bu barədə raport yazmışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə təhvil vermişlər. Məhkəmədə Şahid4 ifadəsində göstərdi ki, o, 22.02.2021-ci il tarixdə saat 15 radələrində Sumqayıt «Asan xidmət» mərkəzinin yaxınlığından keçərkən polis əməkdaşı ona yaxınlaşaraq bir nəfər şəxsin üzərindən aşkar olunmuş 01 ədəd beş barmağın sənədləşdirilməsində onun hal şahidi kimi iştirak etməsini ondan xahiş edərək, onu «Asan xidmət» mərkəzinə dəvət etmişdir. O, razılıq vermiş və polis əməkdaşı ilə birlikdə «Asan xidmət» mərkəzinə gəlmişdir. «Asan xidmət» mərkəzində ona və digər hal şahidinə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulan hüquq və vəzifələr izah olunmuşdur. Bundan sonra adı orada ona bəlli olan Təqsirləndirilən şəxs əl çantasında olan 01 ədəd soyuq silah beşbarmağa bənzər əşyanı çıxarıb təqdim edərək həmin beşbarmağı tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd beşbarmağa bənzər əşya onların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış və DİN-in möhürü ilə möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokol ucadan oxunmuş və düzgün bilinib, iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının 18.03.2021-ci il tarixli, 3/434 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla beşbarmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır, təyinatı üzrə istifadəyə yararlıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 27.04.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edildi və cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. İş materiallarında olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən tutulmuş və 14.06.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək MSYdən azad olunmuşdur. Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beşbarmaq məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 24 iyul 2021-ci il tarixli (iş № 1(060)-541/2021) qərarını icra edərək, 28 iyul 2021-ci il tarixli 887/2021 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 12.06.2021-ci il tarixdən 14.06.2021-ci il tarixədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Qurd dərəsi yaşayış massivi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beşbarmaq məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar