Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-541/2022 10.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı Sumqayıt şəhəri, Təzə Corta qəsəbəsi, 80-ci məhəllə, 109 №li evinin yataq otağında onunla bir ünvanda yaşayan qohumu Zərərçəkmiş şəxs ilə aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən yumruqla və əlində olan telefonla vuraraq Zərərçəkmiş şəxs üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, üst dodağın sağ hissəsinin selikli qişasının, sağ saidin orta 1/3-nin ön səthinin 2 ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin, burunun ucunun qançırları ilə müşayət olunan dərəcəsinə görə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Təzə Corta qəsəbəsi, 80-ci məhəllə, ev 109-da əri Şahid və 2 azyaşlı övladı ilə yaşayır. Onun yaşadığı ünvanda 5 mənzil var. Həmin mənzilin birində o və ailəsi, digərində qaynatası Balabəy və qaynanası Şaxanım, digər mənzildə ərinin əmisi Əhməd və arvadı Cəmalə, digərində ərinin əmisi oğlu Zahir və ailəsi yaşayır. Onların mənzilləri bir həyətdədir. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, evdə olmuş, bu zaman azyaşlı oğlu Musa evə gələrək ona demişdir ki, Gülşən bibi o yerə yıxıldıqda ona gülmüş, o da ağlamışdır. O, oğlunun ağladığını görüb pis olaraq ona “sənə söz deyən nahaq deyir, sözü varsa mənə desin” demiş və evə daxil olmuşdur. Elə bu zaman Gülşən bibi mənzilin yataq otağına daxil olmuş, həmin vaxt o, otaqda stulda oturub əlində olan Samsung A12 markalı telefonu ilə oynayırmış. Gülşən otağa daxil olan kimi ona yaxşı etdiyini demişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, həmin vaxt Gülşən əlləri ilə onun başına vurmuş və saçını yolmuşdur. Gülşənin əlindən çıxa bilmədiyindən yumruqla onun ağzına vurmağa məcbur olmuşdur. Lakin Gülşən ondan əl çəkməmiş, saçını buraxmamış, belə olduqda o, telefon olan əlimlə telefon qarışıq Gülşənin sifətinə bir dəfə vurmuşdur. Əri Ələnura onları ayırması demişdir. Ələnur da onları aralamışdır. Bundan sonra, Gülşən DİN-nin 102 xidmətinə zəng edərək döyüldüyü barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirərək barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, Təzə Corta qəsəbəsi, 80-ci məhəllə, ev 109-da yaşayır. Ailə qurmamışdır. Onların yaşadığı ünvanda 5 mənzil var. Həmin mənzilin birində o, digər mənzildə qardaşı oğlu Ələnur, onun arvadı Leyla və 2 azyaşlı övladı, digər mənzildə qardaşı Balabəy və arvadı Şaxanım, digər mənzildə qardaşı Əhməd və arvadı Cəmalə, digər mənzildə qardaşı oğlu Zahir və ailəsi yaşayır. Onların mənzilləri bir həyətdədir. xx.xx.2022-ci il saat 19 radələrində o, həyətdə olmuş, bu zaman Leylanın azyaşlı oğlu Musa yıxılmış, o da, Musa tərəfə baxmış, həmin vaxt Musa ona niyə baxdığını demiş, ağlayaraq mənzilinə daxil olmuşdur. Bu zaman Leyla yaşayan mənzilin yataq otağında oğluna “sene söz deyən nahaq deyir, sözü varsa mənə desin” deyib onun ünvanına nalayiq ifadələr işlətdiyini eşitmiş, otağa daxil olaraq stulda oturmuş Leylanın başından əli ilə vuraraq Leyladan onun ünvanına nə üçün nalayiq ifadələr işlətdiyini soruşmuşdur. Bu zaman Leyla ayağa qalxmış, yumruqla bir dəfə onun ağzına vurmuş, sonra isə Leyla əlində olan telefonla sifətinə vurmuş, əlləri lə sinəsindən və qolundan vuraraq ona xəsarət yetirmişdir. Bundan sonra otaqda olan Leylanın əri Ələnur onlara yaxınlaşmışdır. Onları aralayan zaman Leyla əli ilə onun saçından tutub yolmuşdur. Bundan sonra onlar ayrılmışlar. O da döyüldüyü barədə DİN-in 102 xidmətinə zəng edib baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, onun sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 623 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Üst dodağın sağ hissəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan yarası, üst dodağın sağ hissəsinin selikli qişasının, sağ saidin orta 1/3-nin ön səthinin 2 (iki) ədəd, sol bazunun orta 1/3-nin bayır səthinin, burun ucunun qançırları. Qeyd olunan xəsarət küt əşya təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixdə zərərçəkmişin göstərdiyi qaydada, yəni əl telefonu və əlləri ilə yetirilməsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurma aiddir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını və ona dəyən ziyanın ödənildiyini bildirərək sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə ərizə verərək, Zərərçəkmiş şəxs ilə barışdığına görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2089 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Sumqayıt şəhər 1 saylı Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli iş № 1(060)- 541/2022) qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-541/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-541/2022
10.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver