Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-542/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1984-cü ildə Qubadlı rayonu, Çərəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı,ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs, «Covid-19» virusuna yoluxduğu halda 04.04.2021-ci il tarixdə saat 08:45 radələrində yaşadığı ünvan 3 ünvanını tərk edərək yaşadığı evin yaxınlığındakı marketə gedərək xüsusi karantın rejimi dövründə epidemiya əleyhinə rejimin eləcədə sanitariya-gigiyena və karantın rejim qaydalarını pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratmışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, 24.03.2021-ci il tarixdə o, «Covid-19» virusuna yoluxa biləcəyindən şübhələnmişdir. Buna görə də təcili yardıma zəng etmişdir. Təcili yardım həkimi gəlib ondan və ailə üzvlərindən analiz götürmüşlər. 27.03.2021-ci il tarixdə mobil telefonuna analizin nəticəsinin pozitiv olması ilə bağlı mesaj gəlmişdir. Bundan sonra sahə həkimi onunla telefon əlaqəsi saxlayıb səhəti ilə maraqlanmış və ona müalicə olunması ilə bağlı resept yazmışdır. Onunla birlikdə ailə üzvləri də virusa yoluxduqları üçün o, marketdən zəruri şeyləri almaq üçün telefon nömrəsini kağıza yazıb evdən çıxmışdır. Onun məqsədi həmin kağızı yaxınlıqdakı marketdə işləyən bir nəfərə qapının yanından verib ev üçün lazımi şeyləri gətirmələrini xahiş etmək olmuşdur. Buna görə də o, 04.04.2021-ci il tarixdə saat 08:45 radələrində yaşadığı həyət evindən keçəyə çıxmışdır. Təxminən 10 metr getmişdir ki, bir nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və özünü təqdim edib polis əməkdaşı olduğunu bildirmişdir. Həmin şəxs ondan ad və soyadını soruşmuşdur. Sonra isə ona bildirmişdir ki, virusa yoluxduğu halda yaşayış yerini tərk etmişdir. O, isə ona izah etmişdir ki, məcburiyyət qarşısında qalıb küçəyə çıxmışdır. Onun küçədə saxlanılması ilə bağlı çəkiliş aparmışlar və sonra o, yaşadığı evə getmişdir. Bundan sonra isə yaşadığı evi tərk etməmişdir. O, özü virusa yoluxduğu üçün ətrafdakı şəxsləri də yoluxdura biləcəyini bilmişdir. Lakin o, ərzaq almaq məcburiyyətində qaldığı üçün yaşayış yerini bir dəfə tərk etmişdir. O, küçəyə çıxdığı vaxt küçədə ondan başqa heç kim olmamış və o, həmin vaxt heç kimlə təmasda olmamışdır. Əməlindən peşmandır. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş şahid Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis nəfəri Şahid ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar olaraq onlara «Covid-19» virusuna yoluxmuş şəxslərin siyahısı verilmişdir. Xidməti ərazidə xidmət apararkən ona «Covid-19» virusuna yoluxmuş Təqsirləndirilən şəxs yaşadığı evi tərk etdiyi barədə əməliyyat məlumatı verilmişdir. O, Vüqarın yaşadığı küçəyə getmiş və həqiqətən də onun evdən çıxıb yaxınlıqdakı dükanın içərisində olduğunu müəyyən etmişdir. O, sosial məsafəsi saxlamaqla ona yaxınlaşmış və özünü təqdim etmişdir. O, Vüqardan xəstə olduğu halda nə üçün evi tərk etdiyini soruşmuşdur. Vüqar isə siqaret almaq üçün evi tərk etdiyini bildirmişdir. O, bu barədə 5-ci PB-nə məlumat vermişdir. Bundan sonra əməliyyat qrupu Sumqayıt şəhəri, H.Baxış küçəsinə gəlmişdir. O, həmin şəxsi əməliyyat qrupunun üzvlərinə təhvil vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs orada saxlanılması ilə bağlı video çəkiliş aparılmış və nə üçün saxlanıldığı izah olunmuşdur. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaşadığı evə aparmışlar və bir daha çölə çıxmaması ilə bağlı xəbərdarlıq etmişlər. Həmin vaxt mağazada satıcı və başqa bir iki nəfər də olmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə Şöbəsinin 14 aprel 2021-ci il tarixli, 426 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Covid-19 analizinin cavabı 27.03.2021-ci il tarixdə pozitiv çıxmış və karantin müddətində evdə qalması vətəndaşa izah olunmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən saxlanılması barədə görüntünü əks etdirən disk cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSSİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində iki azyaşlı uşağı var. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 10.07.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələbinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlililk dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 8 (səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 48 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə cinayət qanununun onun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin edilməli, hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 1 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia, məhkəmə xərci və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-354-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Sumqayıt şəhər probasiya şöbəsinə tapşırılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut 1 ədəd DWD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 48 (qırx səkkiz) manat manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-542/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-542/2021
06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver