Məhkəmə qərarları › İş №1(060)-542/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-542/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-542/2022 23.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə, saat 12:29 radələrində Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7 saylı binanın yaxınlığında küçədə saxlanılaraq, Sumqayıt ŞPİ-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş halda təmiz çəkisi 0,802 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, təxminən bir ay olar ki, narkotik vasitə olan kakosu çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdən tanımadığı şəxslərdən narkotik vasitə alır. xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində tanımadığı şəxsdən 20 manata bir bükümdə narkotik vasitə olan kakosu alıb şəxsi istifadəsi üçün üstündə saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində yaşadığı Sumqayıt şəhəri, 5-ci mkr, ev 7-nin qarşısında küçədə olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirib Sumqayıt şəhər polis idarəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş, özü polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. İdarənin inzibati otaqların birində üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər o, buna etiraz etməmiş, vəkil təqdim edilmiş, daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu bir ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan büküm açılan zaman içində qəhvəyi rəngli spesifik iyə malik toz halında narkotik vasitəyə bənzər maddə olduğu müəyyən olunmuşdur. Həmin toz halında olan kütlə narkotik vasitə olan kakos olmuşdur, həmin narkotiki xx.xx.2022-ci il tarixdə, səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb şəxsi istifadəsi üçün üstündə saxlamışdır. O, narkotik vasitəni şəxsi istifadəsi üçün istifadə edir, əməlindən peşmandır. Məhkəmədən qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşı ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022ci il tarixdə, saat 12:29 radələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7 saylı binanın yaxınlığında küçədə saxlayaraq Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə polis idarəsinə Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili X3 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra idarənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan açıq qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütləni çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki heroinə bənzər kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 0,88 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin zərflər üçün 124 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan” şübhəli şəxsin tutulması” haqqında protokola əsasən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.20) İşdən görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli kifayət qədər sübutlarla təsdiq olunduğundan xx.xx.2022-ci il tarixdə ona Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ittiham elan olunmuş və barəsində həmin tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 60-61;72-74) İşdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və həbs müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmışdır.(iş.v 94-95) İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi barədə” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 12:29 radələrində yaşadığı Sumqayıt şəhəri, 5-ci mikrorayon, 7 saylı binanın yaxınlığında küçədə saxlanılaraq Sumqayıt ŞPİ-nə dəvət edilmiş, idarədə Təqsirləndirilən şəxs, Sumqayıt ŞPİnin əməkdaşları və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı Vəkil bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt ŞPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofanda olan qəhvəyi rəngli narkotik vasitəyə bənzər kütləni çıxardaraq təqdim etmiş və bildirmişdir ki, həmin kütləni şəxsi istifadəsi üçün xx.xx.2022-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nizami rayonu, Babək prospektində tanımadığı şəxsdən 20 manata bir bükümdə alıb üstündə saxlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş. Həmin kütlənin çəkisinin 0,88 qram olması müəyyən olunaraq “Panasonic” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı X4 tərəfindən müvafiq qaydada qablaşdırılmış və AR DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir.(iş.v 28-29) Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə fizikikimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\2270 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün 124 saylı” dairəvi möhür əksi olan, “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0, 802 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir.(i.v 36-40) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2514 saylı rəyində göstərilmişdir ki, Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş.v 141-142) İş üzrə təyin edilmiş MTE-nın xx.xx.2022-ci il tarixli, 518 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir.(iş.v 55-57) Cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,802 qram narkotik vasitə heroin maddi sübüt kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,752 qram narkotik vasitə olan heroinin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən və qərarların surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 333.3 və 333.4-cü maddələri ilə təqsirli bilinərək, CM-in 333.3-cü maddəsi ilə 1 (bir) il müddətinə, CM-in 333.4-cü maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzaları təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaqla qəti olaraq 2 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş aylıq pul təminatından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 1 il müddətinə hərbi xidmət üzrə məhdudlaşdırma cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə hərbi xidmət üzrə məhdudlaşdırmanın dörd günü bərabər tutulub, hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən həmin cəza şərti olaraq tətbiq edilmiş və 2 (iki) il sınaq müddəti müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 333.3 və 333.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Hərbi Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü dəyişdirilmiş, hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən şərti tətbiq edilməsi barədə müddəa hökmdən çıxarılmış, Sumqayıt Apellyasiya Məhkəməsinin 06 avqust 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs təyin edilmiş şərti məhkumetmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına ona Bakı Hərbi Məhkəməsinin 31 may 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilmiş və qəti olaraq Təqsirləndirilən şəxs 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və cəzanın çəkilmə müddəti 10 fevral 2021-ci il tarixdən hesablanmışdır. Bundan sonra Amnistiya aktının tətbiq edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 1.16-cı bəndinə uyğun olaraq, cəzadan azad edilmişdir. “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 7-ci bəndinə əsasən Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülmüşdür. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 134) İşdən görünür ki, təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2019-cu il təvəllüdlü bir qızı vardır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, bir azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 65 (altmış beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan- tədqiqatdan sonra qalıq qalmış 0,752 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 20 aprel 2022-ci il tarixdən 22 aprel 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 28 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut– tədqiqatdan sonra qalıq qalmış 0,752 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) köçürülsün. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar