Məhkəmə qərarları › İş №1(060)-543/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-543/2025

21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-543/2025 21.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, sexdə işləyən, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, 76A nömrəli fərdi yaşayış evində yaşayan, barəsində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemi vasitəsilə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni, 0,628 qram çəkidə ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2025-ci il tarixdə saat 19:22-də həmin Bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.İbrahimov küçəsi, 77 nömrəli fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olan zaman saxlanılaraq orada üzərində videoçəkiliş aparılmaqla üst-başı yoxlanılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə 01 (bir) ədəd bükümdə çəkisi 0,628 qram olan həmin psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü təqsirli bilmir. 2 il 3 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının müddəti bitdiyi gün saat 10-11 radələrində Probasiya Şöbəsinə yaxınlaşmış, orada bir qadın əməkdaş tərəfindən elektron nəzarət vasitəsi çıxarılmışdır. Ayın 27-si bazar günü olduğu üçün ayın 29-u Probasiya Şöbəsinə yaxınlaşmışdır. Saat 1-2 radələrində işlədiyi sexə işə getmişdir. Lakin günorta saat 4 radələrində 4 nəfər polis əməkdaşı sexə daxil olmuş və onu sexdən birbaşa 4-cü Polis Bölməsinə aparmışlar. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, onu saxlayan polis əməkdaşlarını tanıyır, onlarla arasında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. Sexdə videoçəkiliş olmadığını, bölməyə gətirildikdən təxminən 3 saat sonra Sumqayıt şəhəri Kotec ərazisinə aparılmış və orada polis əməkdaşlarını iştirakı ilə videoçəkiliş baş tutmuşdur. Narkotik vasitələrdən müəyyən aralıqlarla, lakin sonuncu dəfə 4 il bundan əvvəl istifadə etmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzasını çəkdiyi müddət ərzində heç bir narkotik vasitə və psixotrop maddələrdən istifadə etməmişdir. Qeyd edir ki, tutulduğu zaman üzərində narkotik vasitə olmamışdır, polis əməkdaşları fiziki təzyiq göstərməklə və narkotik maddələrin satışı ilə ittiham olunacağı ilə hədələdiyinə görə onlarla razı olmuş, etiraz etməmişdir. Saxlanılmamışdan təxminən 1 ay əvvəl polis əməkdaşları ona yaxınlaşmış, o, elektron nəzarət vasitəsindən istifadə etdiyini, valideynləri ilə birgə yaşadığını bildirdikdən sonra oradan uzaqlaşmışlar. Qeyd edir ki, videoçəkilişdən yarım saat sonra vəkil gəlmişdir. Təhqiqatçı ilə PB-də həyata keçirilən videoçəkilişdə vəkilin iştirak edib-etmədiyini xatırlamır, lakin müvafiq suallar vəkil tərəfindən də ona verildiyini bildirmişdir. Daha sonra özü həkim müayinəsinə getmiş, həkim ondan narkotik vasitələrdən nə vaxtdan və hansı növlərindən istifadə etməsi barədə sual vermiş, o isə xəstə olduğuna görə hal-hazırda metadon suyu qəbul etdiyini, 2009-cu ildən etibarən narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. Həmçinin, qeyd edir ki, 2-ci qrup əlildir. Lakin qeydiyyatda olsa da, sosial müavinət və ya pensiya almır. Tutularkən üzərində telefonu olmuşdur və polis əməkdaşları tərəfindən bölməyə gətirildikdən sonra telefonuna polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq müddətində verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, 76A nömrəli fərdi yaşayış evində yaşayır, fərdi əməklə məşğul olur, heç vaxt ruhi-əsəb xəstəliyi keçirtməmiş, bununla bağlı müalicə almamışdır. Narkotik vasitə olan marixuanadan, heroindən, psixotrop maddə olan metamfetamindən 10 ildir ki, həm inyeksiya, həm də yandırıb tüstüsünü udma yolu ilə istifadə etmişdir. O, əvvəllər məhkum edilmiş, sonuncu dəfə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azadlığa buraxılmışdır. O, xx.xx.2025-ci il tarixdə səhər saatlarında şəxsi işi ilə bağlı Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Orada olan zaman təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxslə söhbət edərkən onun narkotik vasitə istifadəçisi olduğunu başa düşüb özünün də narkotik alüdəçisi olduğunu demişdir. Bu zaman həmin şəxs ona psixotrop maddə olan “metamfetamin” verə biləcəyini demiş, o da özü istifadə etmək məqsədi ilə həmin şəxsdən 20 (iyirmi) manat pul müqabilində 01 (bir) ədəd bükümdə “psixotrop maddə olan “metamfetamin” alıb öz istifadəsi üçün əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Həmin tarixdə saat 19:22 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, M.İbrahimov küçəsində yerləşən 77 nömrəli fərdi yaşayış evinin qarşısında piyada hərəkət edən zaman 04 (dörd) nəfər mülki geyimli şəxslər küçədə ona yaxınlaşıb onu yaxalamışdılar, özlərini təqdim edib polis əməkdaşları, yəni Sumqayıt şəhər Pİ-nin 4-cü Polis Bölməsinin əməkdaşları olduqlarını, onun narkotik vasitələrin və psixotrop madddələrin qanunsuz əldə olunması, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirmişdirlər. Həmin polis əməkdaşlarından biri tutulduğu andan əlində mobil telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini bildirib videoçəkiliş aparılmaqla üst-başını yoxlayacaqlarını demişdirlər. O, etiraz etməmiş, sonra, polis əməkdaşları bir daha özlərini təqdim edib qanuna müvafiq olaraq üst-başını yoxlamamışdan qabaq ona üzərində qanunla qadağan olunmuş hansı narkotik vasitə, yaxud, psixotrop maddə olub-olmadığını soruşmuş, o, özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirib üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu deyib əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Bu zaman polis əməkdaşı üzərindən aşkar olunan həmin bükümü ondan alıb onun nə olduğunu soruşmuş, o, həmin 01 (bir) ədəd bükümdə olan şəffaf rəngli kristalşəkilli kütlənin psixotrop maddə olan “metamfetamin” olduğunu demişdir. Bundan sonra polis əməkdaşı tərəfindən onun üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin sonradan üzərindən əlavə olaraq heç bir əşya, yaxud, predmet aşkar olunmamışdır. Daha sonra polis əməkdaşı üzərindən aşkar olunmuş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütləni haradan, kimdən, nə məqsədlə, hansı qiymətə əldə etdiyini soruşmuş, o, həmin psixotrop maddə olan “metamfetamin”-ə bənzrə kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olarkən təsadüfən rastlaşdığı, üzdən tanımadığı, şəxsiyyəti ona məlum olmayan şəxsdən 20 (iyirmi) manat pul müqabilində alıb öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra üzərindən aşkar olunmuş 01 (bir) ədəd bükümdə olan psixotrop maddə olan “metamfetamin”-ə bənzər maddə büküldüyü şəffaf rəngli sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçülən zaman sellofanla birlikdə çəkisinin 0,48 qram olması müəyyən olunmuş, daha sonra xüsusi qaydada Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, qablaşdırılmış zərf əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Bundan sonra video çəkliş dayandırılmışdır. Daha sonra əməliyyat müvəkkilləri onu müvafiq sənədləşmə aparılması üçün tutulduğu yerdən birbaşa Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin inzibati binasına aparmışdırlar. PB-ya çatdıqdan sonra xidməti otaqların birində hüquqlarının müdafiəsi məqsədi ilə Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin adları olan siyahı təqdim olunmuş, o, hüquqlarının, vəkil siyahısında adı olan X7 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X7 dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə yenidən video çəkiliş aparılmalqa üzərinə şəxsi axtarış keçirilməyə və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan “metamfetamin”-ə bənzər kütlənin qoyulduğu zərfə baxış keçirilməyə başlanılmışdır. Öncə bölmənin baş təhqiqatçısı, polis mayoru X4 özünü təqdim edərək hansı səbəbdən saxlanılmağını bir daha bildirilməklə yanaşı onu, çəkilişdə iştirak edən polis əməkdaşlarını və müdafiəçi X6 təqdim etmişdir. Ardınca təhqiqatçı şübhəli şəxsin hüquq və vəzifələri barədə bildirişi ona təqdim etikdən sonra o, bildirişlə tanış olub onu imzalamış, daha sonra sualları cavablandıraraq heç bir etirazı olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı əlavə olaraq yenidən üzərinə şəxsi axtarış keçirmiş, lakin üzərindən əlavə heç bir əşya, yaxud, predmet aşkar olumamışdır. Sonra təhqiqatçı üzərindən polis əməkdaşları tərəfindən aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüş üzəri DİN-nin 128 saylı möhürü ilə möhürlənmiş və müvafiq qeydlər aparılmış bağlamanı açıb içərisində olan kütləyə bir daha baxış keçirmiş, həmin psixotrop maddə olan “metamfetamin” bağlamasının üzərindən aşkar olunan bağlama olub-olmadığını soruşmuş, o, həmin bağlama olduğunu təsdiq etmişdir. Daha sonra həmin bağlama Çin istehsalı olan elektron tərəzi vasitəsi çəkisi ölçülən zaman bağlama ilə birlikdə çəkisinin 0,77 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin bağlamada olan olan psixotrop maddə “metamfetamin”-ə bənzər kütlə Azərbaycan Respublikası ƏN-nin MEM-ə göndərilməsi üçün yenidən xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləyib qablaşdırılmış, qablaşdırılmış zərf təhqiqatçı, müdafiəçi, əməliyyatçılar və onun tərəfindən imzalanmışdır. Daha sonra o, təhqiqatçının və eləcə də müdafiəçinin suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını bildirmişdir. Bundan sonra video çəkliş dayandırılmışdır. Tutulduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Üzərində aşkar olunan psixotrop maddə olan “metamfetamin”-i özü istifadə etmək məqsədi ilə üzərində gəzdirmişdir. Saxlanılarkən və ya polis bölməsində olarkən çəkilişdən qabaq heç bir yoxlama aparılmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində mobil telefon olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Psixotrop maddəni təxminən 30-35 yaşlarında olan arıq bədən quruluşlu orta boylu şəxsdən almışdır. Daha sonra Təqsirləndirilən şəxs xəstə olmasının, cəzaçəkmə müəssisəsindən 1 il müddətə vərəmlə bağlı müalicəyə gedəcəyinin, himayəsində anasının olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq müddətində verdiyi ifadəsi, iş üzrə şahid ifadələri, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması, şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi haqqında protokollar, məhkəmə-kimyəvi ekspertizasının rəyi, məhkəmə-narkoloji ekspertizasının rəyi, məhkəmə-tibbi ekspertizasının rəyi, maddi sübutlar və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Sonuncuya qarşı düşmənçilik və ədavət münasibəti olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ-nin 4cü PB-ya əməliyyat məlumatı daxil olmuşdur. Məlumat bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılmışdır. Daxil olmuş əməliyyat məlumatı əsasında 29 may 2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, Kotec qəsəbəsi ərazisində ətraf ərazini müşahidə altına götürmüşlər. Bir qədər sonra Təqsirləndirilən şəxs yaxınlaşdığını görüb həmin ərazidə onu video çəkiliş aparılmalqa piyada hərəkətdə olarkən saxlamışlar. Özünü təqdim edərək Təqsirləndirilən şəxs saxlanmasının səbəbini, yəni, narkotik vasitələrin qanunusuz olaraq üzərində gəzdirilməsi, istifadəsi ilə bağlı şübhəli olduğunu, hüquq və vəzifələrini izah etdikdən sonra üzərinin yoxlayacağlarını bildirmişlər. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya, predmet, yaxud, narkotik vasitə olub-olmamasını soruşanda sonuncu üzərində psixotrop maddə olan “metamfetamin” bükümü olduğunu bildirib üzərində olan 01 (bir) ədəd şəffaf rəngli sellofan bükümündə olan kütləni çıxardıb təqdim etmişdir. Həmin büküm elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs polis bölməsinə aparılması təmin edilmiş, bölmədə təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı qanunsuzluğa yol verilmiş, saxlanılarkən videoçəkilişdən istifadə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili Şahid1, Sumqayıt ŞPİ-nin 4-cü PB-nın kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin kiçik əməliyyat müvəkkili ,polis serjantı Şahid4 Şahid2 ifadəsi ilə eyniməzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki,Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:22-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan 31 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 84-85-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli tutulmuş təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, tutulanadək iş üzrə icraat dayandırılmış, seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş ƏN 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci ildə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutulmuş və saxlanılması üçün xx.xx.2025-ci il tarixdə saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 8-9-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı içərsində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan “Metamfetamin”ə bənzər maddə olar 01ədəd, şəffaf rəngli sellofan bükümü təqdim etdi. Həmin büküm elektron tərəzidə çəkildi qablaşdırma ilə birlikdə çəkisi 0.48 qram oldu. Sonra həmin psixotrop maddə qablaşdırıldı, saxlanılan şəxs və tərəfindən imzalandı və götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş həmin maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs icazəsi ilə video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarışa əvvəl ondan üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş maddi sübutun olub-olmadığı soruşulan zaman Təqsirləndirilən şəxs üzərində heç bir qanunsuz predmetin olmadığını bildirdi. Onun üzərinə tərəfimdən şəxsi axtarış keçirildi, daşınması və ya gəzdirilməsi qadağan olunmuş hər hansı bir predmet aşkar edilmədi. Bundan sonra təhqiqata təqdim edilmiş 01 ədəd möhürlənmiş zərf açıldı və içərisində ağ rəngli, kristall şəkilli, psixotrop maddə olan “Metanfetamin”ə bənzər maddə olan 01 ədəd şəffaf rəngli sellofan büküm aşkar edildi. Həmin büküm tərəziyə qoyularaq çəkildi.Elektron tərəzidə həmin bükümün sellofanla birlikdə çəkisi 0.77 qram olması müəyyən edildi.Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, onun üzərindən aşkar olunan həmin maddə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində olan zaman tanımadığı şəxsdən 20 manata şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 128 saylı möhürü ilə möhürləndi. Cinayət işinin 54-56-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, eyni tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirən 01 (bir) ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, işə əlavə edilmiş həmin diskdə olan 1-ci faylda «20250529-1» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 05 dəqiqə 30 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 29 may 2025-ci il tarixli «əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 19:22-dən saat 19:28-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 və video çəkilişi aparan kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, 76A nömrəli fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Mirzə İbrahim küçəsi, 77 nömrəli fərdi yaşayış evinin qarşısında piyada hərəkətdə olarkən saxlanılması və orada video çəkiliş aparılmaqla üst-başının yoxlanılması müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 4- cü PB-nın əməliyyat müvəkkili, polis kapitanı Şahid1 çıxışı ilə başlayır. Əməliyyat müvəkkili Şahid1 özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları özlərini təqdim edirlər. Əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona təhqiqat və istintaq dövründə vəkil ilə təmin olunacağını bildirir. Şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib üstünün yoxlanılması zamanı vəkilə ehtiyacının və heç bir etirazının olmadığını deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet, yaxud narkotik vasitə, psixotrop maddə vardırsa könüllü təqdim etməsini deyir, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan 01 (bir) ədəd bükümü çıxardıb əməliyyat müvəkkili Şahid1 təqdim edir. Əməliyyat m üvəkkili Şahid1 bükümə vizual baxış keçirir, şübhəli ŞƏXS Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin nə olduğunu soruşur, sonuncu həmin maddənin şüşə, patı, yəni, psixotrop maddə metamfetamin olduğunu deyir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üst başı yoxlanmağa başlanılır, lakin sonradan sonuncunun üzərindən əlavə heç bir əşya, predmet aşkar olunmur. Sonra əməliyyat müvəkkili Şahid1 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümü, büküldüyü sellofan kəsiyi ilə birlikdə Çin istehsalı olan elektron tərəziyə qoyub çəkisini ölçüldükdə çəkisinin 0,48 qram olması müəyyən edilir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün zərfə qoyaraq qablaşdırır, qablaşdırılmış zərfin üstü DlN-in 128 nömrəli möhürü ilə möhürlənir, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs və polis əməkdaşları tərəfindən imzalanır. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əməliyyat müvəkkili Şahid1 suallarını cavablandıraraq, saxlanılarkən üzərindən aşkar olunmuş şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsi adlanan ərazidə üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manata aldığını və üzərində saxladığını bildirir. Bundan sonra əməliyyat müvəkkili Şahid1 növbəti sənədləşmə aparılması məqsədi ilə şübhəli şəxs R.X11 aparılacağını qeyd edir, daha sonra video çəkiliş dayandırılır. Həmin diskdə olan 2-ci faylda «20250529-2» sözləri yazılan “MP4” formatlı video görüntü açıldıqda 07 dəqiqə 01 saniyədən ibarət olduğu müəyyən olundu. Həmin video görüntüyə baxdıqda 29 may 2025-ci il tarixli, «şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi» protokoluna əsasən, baxış zamanı həmin tarixdə saat 20:59-dan saat 21:06-dək olan müddət ərzində Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3, həmin Bölmənin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2, həmin bölmənin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid1, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 və video çəkilişi aparan Sumqayıt ŞPİ-nin KTB-nın inspektor-kriminalisti, polis mayoru X9 və Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X5 iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Beton zavod ərazisi, 76A nömrəli fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PBda, xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilməsi və əməliyyat müvəkkili tərəfindən təqdim olunan bağlamanın götürülməsi və ona yenidən baxış keçirilməsi müəyyən olunur. Çəkiliş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 çıxışı ilə başlayır. Təhqiqatçı özünü təqdim edəndən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs, sonra polis əməkdaşları və vəkil özlərini təqdim edirlər. Təhqiqatçı S.Hacəhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bir daha izah edir və ona Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, ona bu barədə bildirişi təqdim edir, şübhəli şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirib təqdim olunmuş bildirişi imzalayıb heç bir etirazının olmadığını deyir. Bundan sonra təhqiqatçı S.Hacəhmədov şübhəli şəxs Təqsirləndirilən şəxs bölmənin əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi, saxlanlıması və üzərində gəzdirilməsində şübhəli olduğunu üçün saxlanılıb bölməyə gədirdiklərini deyib yanında dayanan şəxslərin həmin əməkdaşlar olub-olmadığını soruşur, şübhəli şəxs onu saxlayan polis əməkdaşlarının hazırda yanında dayanan şəxslər olduğunu deyir. Daha sonra təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirir, lakin sonuncunun üzərindən heç əşya və ya predmet aşkar olunmur. Daha sonra təhqiqatçı əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş bağlamanı göstərib şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunm uş bükümün həmin bağlamada olan büküm olubolmadığını soruşur, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümün məhz həmin bağlamada olan büküm olduğunu deyib onu şəxsi istifadəsi üçün saxlanıldığı tarixdə səhər saatlarında Abşeron rayonu, Saray qəsəbəsində üzdən tanımadığı, adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 20 (iyirmi) manata alıb üzərində saxladığını deyir. Daha sonra təhqiqatçı S.Hacəhmədov tərəfindən həmin bağlama açılır, içərisində olan 01 (bir) şəffaf rəngli bükümdə olan maddə yenidən elektron tərəzi vasitəsi ilə ölçülür, bu zaman çəkisinin 0,77 qram olması müəyyən olunur, həmin büküm yenidən 01 (bir) ədəd ağ rəngli içərisi boş olan zərfə qoyularaq üzəri DİN-in 128 nömrəli möhürü ilə möhürlənir, zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən imzalanır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının suallarını cavablandıraraq, saxlanılarkən polis əməkdaşları tərəfindən heç bir fiziki təziqə və ya işgəncəyə məruz qalmadığını, üzərindən aşkar olunmuş şəffaf rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütləni şəxsi istifadəsi üçün aldığını, narkotik vasitələrin satşı ilə məşğul olmadığını bildirir. Vəkilin heç bir sualı olmur. Bundan sonra video çəkiliş dayandırılır. Cinayət işinin 46-47-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli 20/399 nömrəli Məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N 128” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunan metamfetaminə bənzər kütlə; S.Kərimov “imza” və digər ad, soyad və imzalar qeyd edilmiş 01 (bir) ədəd zərfdəki 01 (bir) ədəd şəffaf rəngli sellofan kəsiyinə bükümündə təmiz çəkisi 0,628 qram olan ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd; Metamfetaminin təmiz çəkisi 0,628 qram, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,578 qram. Cinayət işinin 45-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 49-50-ci vərəqələrində olan MTE-nın xx.xx.2025-ci il tarixli 754 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmadı. Cinayət işinin 129-130-cu vərəqələrində olan xx.xx.2025-ci il tarixli 3366 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 87-88-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,628 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut tanınmış və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,578 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 29 may 2025ci il tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 132-143-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,628 qram olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməli və ekspertiza təhqiqatına sərf edilmiş kütlələr çıxmaqla təhqiqatdan sonra qalıq qalmış 0,578 qram çəkidə psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında 29 may 2025-ci il tarixli istintaq hərəkətinin videoçəkilişini əsk etdirmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. xx.xx.2025-ci il tarixli 20/399 nömrəli Məhkəmə-kimyəvi ekspertizasının rəyi, xx.xx.2025-ci il tarixli 3366 nömrəli Məhkəmə-narkoloji ekspertizasının rəyi, MTE-nın xx.xx.2025-ci il tarixli 754 saylı rəyi, olan xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması” və xx.xx.2025-ci il tarixli “şəxsi axtarış keçirilməsi və təqdim olunan əşyaların götürülməsi” haqqında protokollar, maddi sübutlar, təqsirləndirilən şəxsin ifadəsi və şahid ifadələri maddi sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin 115-ci vərəqəsində olan Sumqayıt şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsindən daxil olmuş 15 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd bükümdə ümumi təmiz çəkisi 0,628 qram olan psixotrop maddə metamfetamini aldığı şəxsin kimliyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 116-118-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş sorğunun cavabından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 119-128-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-593/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı 01 günün azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)-593/2022 saylı hökmü ilə təyin edilmiş cəza müddəti xx.xx.2025-ci il tarixində başa çatmış, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs qeydiyyatdan çıxarılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq müddətindəki ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(060)- 593/2022 saylı hökmü ilə, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 01 (bir) ay 07 (yeddi) gün müddət həbsdə saxlanıldığı 01 günün azadlığın məhdudlaşdırılması cəzasının 02 gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmış və onun üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 16 (on altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Lakin o, məhkumluğu ödənilmədən və götürülmədən yenidən xx.xx.2025-ci il tarixdə qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, həmin Məcəllənin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli,cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli 3366 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,578 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 63 (altmış üç) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 10 noyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,578 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 63 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 21 saata görə 231 (iki yüz otuz bir) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar