Məhkəmə qərarları › İş №1(060)-545/2023

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-545/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-545/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı ildə Cəbrayıl rayonu, Dağ Maşanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:40 radələrində Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində, Bayraq meydanının yaxınlığında Zərərçəkmiş şəxs idarə etdiyi qırmızı rəngli “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət nömrə nşanlı avtomobilin içərisində aralarında hadisələrin təsadüfi axarı zamanı baş vermiş mübahisə zamanı sonuncuya sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sol gözaltı nahiyyənin və alt göz qapağının qançırı xəsarəti ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, o 1 ildir ki, Sumqayıt şəhəri, Dənizkənarı Bulvar ərazisində yerləşən “Mirvari City” yaşayış kompleksində bənna kimi işləyir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində işdə olan zaman binanın üzərindən zarafat etmək üçün uca səslə iş yoldaşlarını səsləmişdir. Bu vaxt aşağıda qızla gəzişən, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs onu çağırdığını zənn edərək ona irad tutaraq nəsə demişdir. O Vilayətin ona qarşı nalayiq ifadə işlətdiyini eşitmişdir. Bu səbəbdən məsələni aydınlaşdırmaq məqsədilə aşağı düşüb onun yanına getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:40 radələrində aşağı düşmüş, həmin şəxsin Sumqayıt şəhəri, Bulvar küçəsi, Bayraq meydanının yaxınlığında qırmızı rəngli, “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət nömrə nişanlı avtomobildə əyləşdiyini görmüşdür. O Vilayətə yaxınlaşıb onu nə üçün aşağıdan söydüyünü soruşmuşdur. Bu zaman onun yanında bir nəfər xanım da olmuşdur. Vilayət yenidən ona qarşı söyüş işlətmişdir. O əsəbiləşib avtomobilin pəncərəsindən Vilayətin üz nahiyəsinə bir dəfə yumruq zərbəsi endirmişdir. Daha sonra inşası davam edən binaya qalxıb əynini dəyişib aşağı düşmüşdür. O aşağı düşdüyü zaman artıq polis əməkdaşları orada olmuşlar. Törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, qırmızı rngli “Chevrolet Cruze” markalı, **- BE-*** dövlət nömrə nişanlı avtomobili etibranamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə təxminən saat 12:30 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi, Bayraq meydanının yaxınlığında qeyri-rəsmi münasibətdə olduğu Şahid ilə gəzişən zaman inşası davam edən “Mirvari City” yaşayış kompleksinin ən üst mərtəbəsindən bir nəfər naməlum şəxsin qeyri-etik ifadə işlətdiyini eşitmişdir. O dərhal avtomobili ilə “Mirvari City” yaşayış kompleksinin qarşısına gəlmişdir. Bu zaman orada olan şirkət işçilərinə və mühafizəçiyə yaxınlşaıb bir nəfərin yuxarıdan ona qarşı nalayiq ifadə işlətdiyini demişdir. Daha sonra yenidən avtomobilinə əyləşib yoluna davam etməyə başlamışdır. O xx.xx.2023-cü il tarixdə təxminən saat 12:40 radələrində Sumqayıt şəhəri, Bulvar küçəsi, Bayraq meydanının yaxınlığında olan zaman həmin şəxs yenidən ona yaxınlaşmışdır. O pəncərəni endirərək həmin şəxsə nə üçün yuxarıdan ona qarşı ifadə səsləndirdiyini soruşmuşdur. Həmin şəxs ona yaxınlaşaraq sifət nahiyəsinə bir dəfə ymruq zərbəsi endirib qaçmışdır. O da həmin şəxsin hərəkətləri barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan “Hadisə yerinə baxış barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, Bulvar küçəsi, Dənizkənarı Bulvar ərazisi Bayraq meydanının yaxınlığında X2 aralarında yaranmış münaqişə zamanı Təqsirləndirilən şəxs tərəfindən döyüldüyü yerə baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əyləşən zaman Təqsirləndirilən şəxs onu yumruq zərbəsi ilə vurduğunu bildirmişdir. Hadisə yerinin müayinəsi zamanı ərazidə videomüşahidə qurğusuna rast gəlinməmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il təvəllüdlü X4 oğlu adlı 1 azyaşlı uşağı vardır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 563 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır:sol gözün ağlı qişasına qansızma ilə müşayiət olunmuş sol gözaltı nahiyənin və alt göz qapağının qançırı. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən yaranmışdırlar, müayinədən bir günə qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2023-cü il tarixdə yumruqla zərbə nəicəsində əmələ gələ bilərdilər və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətin özü-özünə yetirilməsi az inandırıcıdır. İş materiallarında olan 1 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Sumqayıt Şəhər Narkoloji Dispanserinin 1586 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. İş materiallarında olan 2 nömrəli şəhər xəstəxanasının 125 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur və müraciət etməyib. İş materiallarında olan DİN-nin xx.xx.2023-cü il arayışından və DİN-nin BƏSİİ-nin xx.xx.2033-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göstərilən norma 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmişdir və həmin vaxtdan sonra Təqsirləndirilən şəxs həmin əsasla məsuliyyətdən azad olunmamışdır. Ona görə də, həmin maddənin tətbiq edilməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 8 (səkkiz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 48 (qırx səkkiz) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə isə 48 (qırx səkkiz) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunandan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar