Məhkəmə qərarları › İş №1(060)-547/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-547/2021

20.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-547/2021 20.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1973-cü ildə Ermənistan SSRİ, Dilican şəhəri anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri 9-cu mkr, ev 51, mənzil 18-də qeydiyyatda olan, Bakı şəhəri Böyükşor qəsəbəsi fərdi ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək, xəstəliyi ilə bağlı 2-ci qrup əlil statusu düzəldəcəyi və təqaüd alacağını təmin edəcəyi barədə yalan vəd verib onu aldadaraq, vahid niyyətlə 2020-ci ilin aprel ayının sonuncu on günlüyündə 1500 (bir min beş yüz) manat, 2020-ci ilin may ayının sonuncu on günlüyündə 1000 (bir min) manat, 2020-ci lin iyun ayının sonuncu on günlüyündə 1000 (bir min) manat və 2020-ci lin avqust ayının sonuncu on günlüyündə 1200 (bir min iki yüz) manat pulu Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında alıb, ələ keçirərək Zərərçəkmiş şəxs 4700 (dörd min yeddi yüz) manat məbləğində ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2013-cü ildən tanıyırmış. 2013-cü il də səhhəti ilə bağlı olaraq Sumqayıt şəhər X5 xəstəxanasında müalicə alarkən onunla eyni palatada müalicə alan pasient X1 ilə tanış olmuşdur. Nəsimi Zərərçəkmiş şəxs əri olmuşdur. Tanışlıqdan sonra onların ailəvi gediş gəlişləri olmuş və aralarında dostluq münasibətləri yaranmışdır. Həmin dövr də o, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində dərman pereparatlarının saxlanma bölməsinin rəisi vəzifəsində işləmişdir. 2013-cü ilin oktyabr ayında onun məsləhətləri üzrə Nəsimi Əmirov müvafiq qurumlara müraciət etməklə 2-ci qrup əlil statusu almışdır. Həmin statusun alınması ilə bağlı ona hər hansı nəvacibdə pul verilməmiş Nəsimi Əmirov tam qanuni formada əlilliyini əldə etmişdir. 2020ci ilin mart ayında Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında ona onkologiya xəstəsi olduğunu, bununla bağlı tibbi əməliyyat keçirdiyini bildirib, ona əlillik statusunun hansı formada verilə biləcəyini soruşmuşdur. O, Zərərçəkmiş şəxs xəstəliyinin 3-cü qrup əlil statusuna uyğun gəldiyini bildirmişdir. Lakin 5000 (beş min) manat pul verəcəyi təqdirdə Zərərçəkmiş şəxs 2-ci qrup əlil statusu ala biləcəyini nəticədə daha çox təqaüd əldə edə biləcəyini demişdir. Çünki həmin dövr də 3cü qrup əlil statusu daşıyan şəxslərə 110 (yüz on) manat, 2-ci qrup əlil statusu daşıyan şəxslərə isə 200 (iki yüz) manat pul ödənilirmiş. Qeyd etmişdir ki, bu dialoqu Zərərçəkmiş şəxs ilə edən zaman onun əlillik statusu verilməyi ilə bağlı hər hansı bir səlahiyəti olmamışdır. O, sadəcə olaraq əlillik statusunun əldə edilməsinin şəraitini bilirmiş. Zərərçəkmiş şəxs onun təklifi ilə razılaşıb və 4700 (dörd min yeddi yüz) manat pulu hissəhisə verəcəyini bildirmişdir. Belə olub pulu 4 dəfəyə Zərərçəkmiş şəxs almışdır. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Kristal ünvan 2 ünvanında birinci dəfə 1500 (min beş yüz) manat pulu 2020-ci ilin aprel ayının sonuncu on günündə dəqiq tarixini xatırlmadığı gündə təxminən saat 17 radələrində Həyatın anası Qızbəs və əri Nəsiminin iştirakı ilə, ikinci dəfə 1000 (min) manat pulu 2020-ci ilin may ayının sonuncu on günündə dəqiq tarixini xatırlmadığı gündə təxminən saat 18 radələrində kimsənin iştirakı olmadan, üçüncü dəfə 1000 (min) manat pulu 2020-ci lin iyun ayının sonuncu on günündə dəqiq tarixini xatırlmadığı gündə təxminən saat 19 radələrində kimsənin iştirakı olmadan, dördüncü dəfə 1200 (min iki yüz) manat pulu 2020-ci lin avqust ayının sonuncu on günündə dəqiq tarixini xatırlmadığı gündə təxminən saat 20 radələrində kimsənin iştirakı olmadan almışdır. Beləliklə ümumilikdə Zərərçəkmiş şəxs ona ümumilikdə 4700 (dörd min yeddi yüz) manat pul vermişdir. Zərərçəkmiş şəxs onkologiya xəstəxanasında stasionar müalicə alması üçün Sumqayıt şəhər onkologiya xəstəxanasının qəbul şöbəsinə müraciət etsə də bununla bağlı ona razılıq verilməmişdir. Onun müraciəti şifahi olmuş rəsmi qayda da hər hansı bir sənəd verməmiş və hər hansı bir sənəd almamışdır. Eyni minvalla Zərərçəkmiş şəxs onkologiya xəstəxanasında stasionar müalicə alması üçün Bakı şəhər onkologiya xəstəxanasının qəbul şöbəsinə müraciət etsə də bununla bağlı ona razılıq verilməmişdir. 2020-ci ilin sentyabr ayında əvvəlləridən sağ ayağında olan sınıq xəsarəti ilə bağlı müalicə almalı olduğundan 4700 manat pulu müalicə xərclərinə yönəltmişdir. Lakin utandığı üçün bu barədə Zərərçəkmiş şəxs heç bir məlumat verməyib və hər dəfəsində Zərərçəkmiş şəxs onunla əlaqə saxlayarkən işin getdiyini qısa müddət ərzində Zərərçəkmiş şəxs ikinci qrup əlillik statusu alacağını yalandan deyirmiş. Heç bir yerdə işləmədiyi üçün və maddi gəliri olmadığından Zərərçəkmiş şəxs pulunu qaytara bilməmişdir. 27.09.2020-ci il tarix də başlanmış müharibəyə könüllü olaraq yollanmışdır. Bundan sonra Zərərçəkmiş şəxs ilə əlaqəsi tamamilə kəsilmişdir. 20.11.2020-ci il tarix də isə geri qayıtmışdır. Yenə maddi vəziyyəti yaxşı olmadığı üçün Zərərçəkmiş şəxs ilə əlaqə saxlamamışdır. Sonradan eşitmişdir ki, Zərərçəkmiş şəxs onun barəsində müxtəlif instansiya qurumlarına şikayət məzmunlu ərizələr ünvanlandırmışdır. O, vətəndaşlara əlillik statusu ilə bağlı heç bir səlahiyyəti olmamış, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin və xəstəliyini təsdiq edən epikriz surətini almış, lakin qeyd olunan sənədləri heç bir şəxsə təqdim etməmişdir. Həmin pula ehtiyac olduğu üçün müalicəsinə xərcləmiş, lakin utandığı üçün bu barədə Zərərçəkmiş şəxs məlumat verməmişdir. 4700 (dörd min yeddi yüz) manat puldan hər hansı bir şəxsə işin düzəldilməsi ilə bağlı pul verməmiş, Vəliyəddin adlı şəxsi tanıdığını, lakin onun anket məlumatlarını bilmirdi. Əməlindən peşmandır. Dəymiş ziyandan 2700 manatını zərərçəkmiş şəxsə ödəmişdir. Ziyanın qalan hissəsini gələcəkdə ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2015-ci ildə mərhum həyat yoldaşı X1 xəstəxanada müalicə alarkən onunla eyni palatada müalicə alan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Həmin vaxtdan aralarında münasibət yaranıb, ailəlikcə yaxın olmuşdurlar. Müslüm özünü həkim kimi təqdim edib, Müdafiə Nazirliyinin Həkim komissiyasında işlədiyini bildirmişdir. Həyat yoldaşına müəyyən işlərdə kömək edib, hətta ayağı sındığı vaxtlarda pensiyanın düzəldilməsinə də yardımı toxunmuşdur. 2020-ci ilin mart ayında Müslüm onlarda olarkən sonuncudan qadın xəstəliyi ilə əlaqədar ona pensiya düşüb-düşmədiyini soruşmuşdur. Müslüm də bildirmişdir ki, ona 3-cü qrup əlillik düşür, ancaq 2-ci qrup edə bilər. Bunun üçün 5000(beş min) manat pul lazımdır. Müslümü tanıdığı üçün razılaşmışdır. Ancaq 5000 manat pullarının olmadığını bildirmişdir. Müslüm çalışıb qiyməti aşağı salacağını bildirib və ondan xəstəlik sənədlərini almışdır. Bir neçə gündən sonra Müslüm işi 4700 (dörd min yeddi yüz) manata danışdığını, pulu hissə-hissə verməyi bildirmişdir. 2020-ci ilin aprel ayında Müslüm pul üçün onun yaşadığı evinə gəlib və o, Müslümə 1500 manat (min beş yüz) pul vermişdir. Həmin vaxtdan sonra o, Müslümə öz evlərində iki dəfə 1.000(min) manat, sonuncu dəfə isə avqust ayında 1200(min iki yüz) manat olmaqla ümumilikdə 4700(dörd min yeddi yüz) manat pul vermişdir. Müslüm də ona sənədlərin verildiyini, işin getdiyini demişdir. Müslümün deməsinə görə Bakıda Vəliyəddin adlı şəxslə iş görürmüş. Pulu verəndən sonra Müslümlə mütəmadi telefon vasitəsi ilə əlaqə saxlayırmış. Hər dəfə Müslüm işin düzələcəyini bildirib onu inandırırmış. Müharibə başlayandan sonra Müslüm hərbi qospitalda işlədiyini, vəziyyətin ağır olduğunu deyib gözləməyi bildirmişdir. 2020-ci ilin oktyabr ayının ortalarında Müslümün telefonuna zəng çatmamışdır. Müslümün yaşadığı evə getsə də ailəsi onun evdə olmadığını bildirmişdir. Müslümün həyat yoldaşı Nuranə onunla eyni məktəbdə işlədiyi üçün Nuranədən Müslümü soruşanda Müslümün uzun müddətdir ki, evə gəlmədiyini harda olması barədə məlumatlarının olmadığını, Müslümün pul alması barədə məlumatı olmadığını bildirmişdir. Həmin vaxtdan Müslümü tapa bilməmişdir. Ona görə də bu barədə polisə müraciət etməyi qərara gəlmişdir. Pulu Müslümə mərhum həyat yoldaşının və anasının iştirakı ilə vermişdir. İş materiallarında olan sübutların qiymətlənidirilməsi haqqında 07.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.3, 308.1, 29, 311.1 və 311.2-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş üzrə istintaqa məlum olmayan Vəliyəddin adlı şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs əməlində Azərbaycan Respublikası CM-nin 32, 312.1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22.06.2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissənin arayışından və xidməti xasiyyətnəmədən görünür ki, Təqsirləndirilən şəxs N saylı hərbi hissənin Dərman preparatlarının saxlama bölməsinin müdiri vəzifəsində işləmişdir və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 17 (on yeddi) saat vaxt sərf etmişdir. Ona görə də 102 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri üzrə Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Bakı şəhəri Böyükşor qəsəbəsi fərdi ünvanı tərk etməmək, Sumqayıt, Bakı şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 102 (yüz iki) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar