Məhkəmə qərarları › İş №1(060)-55/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-55/2024

06.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-55/2024 06.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci il tarixdə, Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə, təmiz çəkisi 0,165 qram olan qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 18 avqust 2023-cü il tarixdə, saat 19:00 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 25/6 saylı binanın arxa tərəfində piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1987-ci il tarixdə, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, hal-hazırda həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Belə ki, 18 avqust 2023-cü il tarixdə Ceyranbatan qəsəbəsində tanımadığı şəxsdən 01 ədədinin içində narkotik vasitə heroin və digər 01 ədədinin içində pisoxtorop maddə metafetamin olan ümumilikdə 02 ədəd siqaret kağızı bükümündə narkotik vasitə və psixotrop maddə kütlələrini 8 manata almış və üzərində saxlamışdır. Həmin tarixdə, yəni 18 avqust 2023-cü il tarixdə, saat 19 radələrində Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamağında, həmçinin istifadəsində şübhəli bilindiyi üçün onu Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına hər hansı bir etiraz etmədən onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində videoçəkilişlə və vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Öncə ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa, təqdim etmək təklif olunmuş və o əynindəki şalvarın sağ yan kiçik cibindən özünə məxsus 02 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təqdim etdiyi bükümün birin içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, digər bükümün içində isə “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi hər iki bükümə baxıb özü narkotik vasitə heroinə və psixotrop maddə metafetaminə bənzər kütlələri aşkar edərək götürmüşdür. Kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Poli əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərində aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin kütlələri ona məxsusdur. Öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Tutduğu əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında aşağıdakı şahid ifadələri dinlənilmişdir. Məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci PB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlayıb daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 18 avqust 2023-cü il tarixdə, saat 19:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 25/6 saylı binanın arxa tərəfi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasına dəvət etmişlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə və müdafiəçinin iştirakı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa, təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan kiçik cibindən 02 ədəd siqaret bükümü təqdim edib həmin bükümlərdən birin içində “kakos”, yəni narkotik vasitə heroin, digər bükümün içində isə “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu demişdir. Daha sonra təhqiqatçı təqdim edilən hər iki bükümə baxıb narkotik vasitə heroinə bənzər kütləni və psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürmüşdür. Kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrinin özünə məxsus olduğunu, şəxsi isifadəsi üçün Ceyranbatan qəsbəsində ümumilikdə 8 manata aldığını, ona qarşı polis əməkdaşları heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 19:00-da, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 25/6-nın arxa tərəfində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, 18 avqust 2023-cü il tarixdə, saat 19:00 dəqiqədə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində yerləşən 25/6 saylı binanın arxa tərəfində piyada olarkən saxlanılmış Təqsirləndirilən şəxs Qaradaşbəy oğlunun üzərinə Sumqayıt ŞPİ-nin 5-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Fərhad Bayramov tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 və Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs Qaradaşbəy oğlunun əynindəki şalvarın sağ yan kiçik cibindən 02 ədəd siqaret kağızı bükümü çıxardaraq təqdim etdiyi, həmin bükümün birintin içində “kakos”, yəni narkotik vasitə heroin, digər bükümün içində isə “şüşə”, yəni psixotrop maddə metafetamin olduğunu dediyi, təhqiqatçının təqdim edilən hər iki bükümə baxıb narkotik vasitə heroine bənzər kütləni və psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürdüyü, kütlələrin elektron tərəzidə çəkilərkən narkotik vasitə heroinin çəkisinin 0,25 qram, psixotrop maddə metafetaminin çəkisinin isə 0,10 qram olduğu, həmin kütlələrin ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzanlandığı, şəxsi axtarış zamanı başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmadığı, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən ümumilikdə 8 manata Ceyranbatan qəsəbəsində aldığı, ona qarşı polis əməkdaşları heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə, saat 11:20-də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi ifadəsi alınmışdır. Təqsirləndirilən şəxsin X3 azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə qərara əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində, saat 15:00-da saxlanıldığı Sumqayıt ŞPİ-nin X3 azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2023-cü il tarixli, 3-16-16/1-6/4449 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... Şübhəli şəxs (imza)...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,165 qram (qalıq 0,065 qram) olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,047 qram (qalıq 0,037 qram) olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 23 avqust 2023-cü il tarixli, 5420 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs eyni zamanda bir neçə narkotik vasitələrin və psixo-aktiv maddələrin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut hesab edilmə barədə” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,165 qram (qalıq 0,065 qram) narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,047 qram (qalıq 0,037 qram) psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə olmaqla son olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 66.3-cü maddəsi tətbiq olunmaqla həmin məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirli bilinərək 05 il 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 04 il cəzası müddətində saxlanmış, Xəzər Rayon Məhkəməsinin qərarı Cinayət Məcəlləsinə edilmiş dəyişiklik tətbiq olunmaqla residiv ləğv edilərək cəzası 03 il azadlıqdan məhrum etmə müddətində saxlanmış, Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə cinayət Məcəlləsinin 66.5-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bununla da, Təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2- ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs tərəfindən 01 ədəd bükümdə təmiz çəkisi -0,047 qram olan psixotrop maddə metafetamin əldə edilərək üzərində saxlayıb daşınması inzibati xəta əməli cinayət əməli ilə əhatə olunduğundan faktla bağlı inzibati xəta haqqında iş üzrə icraatın başlanması rədd edilmiş, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,165 qram (qalıq 0,065 qram) narkotik vasitə heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0,047 qram (qalıq 0,037 qram) psixotrop maddə metafetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntünün maddi sübut hesab edilməsi nəzərə alınmış, cinayət prosesində iştirak edən şəxslər cinayət işinin materialları ilə tanış olduqdan sonra tədqiqata sərf edilmiş hissə çıxarılmaqla qalıq qalmış 0,065 qram narkotik vasitə heroin və qalıq qalmış 0,037 qram psixotrop maddə metafetamin saxlanması üçün Sumqayıt ŞPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, 01 ədəd DVD diskdə videgörüntü cinayət işinin materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı məhkəmə iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan edilmişdir. Sumqayıt Şəhər Polis idarəsi 5-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində Sumqayıt şəıhəri ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Konstitusiyasına əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır (63.1). Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə (bundan sonra - CPM) əsasən məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir (351.1.). Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (351.2.). Məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3.). Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılar”a əsasən (birinci Siyahı) heroinin 0,15 qram da daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsində göstərilmişdir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır (8.1). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (41.2). Cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir (58.1). Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (58.3). Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır (69.3). Cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir (93.1.2). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə belə nəticəyə gəlir ki, onun şəxsiyyəti, narkomaniya xəstəliyindən əziyyət çəkməsi və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması, məhkəmə iclaslarından yayınması səbəbindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi nəzərə alınmaqla, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində 08 ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalı və üzərində qəti olaraq 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanmalıdır. Göründüyü kimi təqsirləndirilən şəxs məhkəmə iclaslarında üzrsüz səbəbdən iştirak etmədiyi üçün barəsində həbs qətimkan tədbiri seçilmiş və o, xx.xx.2024-cü il tarixində tutulmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,065 qram narkotik vasitə heroin və 0,037 qram psixotrop maddə matamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ 34CTRE********************) keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması üçün “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün Müdafiəçi 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək tutulduğu 02 (iki) gün cəzadan çıxılsın və üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 81 (səksən bir) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 0,065 qram narkotik vasitə heroin və 0,037 qram psixotrop maddə matamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına “Şimal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar