Məhkəmə qərarları › İş №1(060)-550/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-550/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-550/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Gədəbəy rayonu, Nərimankənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs , satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq, satış məqsədi olmadan, külli miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 4,842 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, 02 ədəd şəffaf sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,375 qram, 12,399 qram, ümumi təmiz çəkisi 26,774 qram xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxlamış, 06 noyabr 2021 -ci il tarixdə, saat 21:10 radələrində Sumqayıt ŞPİ-nin 3-cü polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 13-cü mikrorayonda yerləşən 21 saylı binanın qarşısında saxlanılaraq 3-cü polis bölməsinin inzibati binasına aparılıb üzərində şəxsi axtarış aparılarkən əynindəki gödəkçəsinin sol içəri cibindən həmin narkotik vasitə olan heroinlər və psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini zərli kağızda yandırmaqla tüstüsünü qəbul etmişdir. Bəzən də metadon həbləri əldə edərək istifadə etmişdir. 44 günlük vətən müharibəsində, yəni torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etmiş, 3 uşağı olsa da 2 uşağı olmasını bildirib döyüşə yollanmışdır. Atası və bacısı yataq xəstəsi olmuş və uşaqlarına, ailəsinə baxan yeganə şəxs odur. Hazırda xatırlamadığı tarixdə, təxminən 2020-ci ilin oktyabr aynın ortalarında o, hərbi xidmətə getmiş və əsasən Laçın rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etməyə başlamışdır. Həmin döyüşlərdə iştirak etməzdən əvvəl də narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin qəbul etdiyindən döyüşlərə getməzdən əvvəl tanımadığı şəxsdən təxminən 40 qram çəkidə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. Çünki müharibədə olduğu zaman narkrotik vasitə tapa bilməyəcəyini bilmişdir. Ona görə də külli miqdarda narkotik vasitə və psixotrop maddə alaraq getmişdir. Döyüşlərdə iştirak edən zaman ara bir özü ilə apardığı heroin və metamfetamindən istifadə etmişdir. Müharibə zamanı döyüş yoldaşlarının necə şəhid olduqlarını, əlini, ayağını itirdiklərini, erməni quldurlarının vəhşiliklərini gördükcə bütün bunlar ona pis təsir etməyə başlamışdır. Ona görə də heroin və metamfetamindən daha tez-tez və çox miqdarda istifadə etməyə başlamışdır. Həmin hadisələrin təsirindən mütəmadi olaraq narkotik vasitə istifadə etdiyindən onda güclü asılılıq yaranmış və gün ərzində təxminən 2- 3 qram çəkidə heroin və ya metamfetamin istifadə etmişdir. Hətta bəzən dözə bilməyib onunla birlikdə xidmət edən əsgər yoldaşlarından X4 yanında da istifadə etmişdir. Onlar da ona irad tutub istifadə etməməyi demişlər. Lakin o, həmin dəhşətli hadisələri gördüyündən, bütün bunlardan təsirləndiyindən həmin hadisələri unutmaq üçün yenə də mütəmadi olaraq özü ilə apardığı heroin və ya metamfetamindən istifadə etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra da tanımadığı şəxslərdən alaraq eyni qaydada, yəni hər gün təxminən 2-3 qram çəkidə heroin və ya metamfetamin istifadə etməyə başlamışdır. Sonralar, yəni müharibədə qələbə qazandıqdan və hərbi xidməti başa vurub yaşadığı evə qayıtdıqdan sonra Bakı şəhərində yerləşən “Kalyon RSY” inşaat şirkətində yanacaq üzrə operator kimi işləməyə başlamışdır. Həmin şirkət tikinti şirkəti olduğundan işğaldan azad olunmuş ərazilərdə tikinti və bərpa işləri ilə məşğul olmuşlar. O, da şirkətdə işlədiyindən və işğaldan azad olunmuş ərazilərdə çoxlu iş olduğuna görə yanacaq üzrə operator işləməsinə baxmayaraq təmir-tikinti işləri ilə də məşğul olmuşdur. Hər dəfə də şirkət tərəfindən həmin ərazilərə göndərildikdə ən azı bir ay müddətində orada qalmış və işlərini gördükdən sonra bir neçə günlük istirahət etmək üçün yaşadığı Sumqayıt şəhərinə gəlmişdir. Təxminən 2021-ci ilin oktyabr ayının ortalarında o, yenə də azad olunmuş ərazilərdə işləyib yaşadığı evinə gəlmişdir. Yaşadığı evdə olduğu müddətdə Bakı şəhəri, Binə qəsəbəsində yaşayan, dəqiq ünvanını, soyadını, atasının adını və telefon nömrəsini xatırlamadığı Qəşəm adlı tanışının vasitəsilə sosial şəbəkədə İran vətəndaşı olan Akif adlı şəxslə tanış olmuşdur. Akiflə sonuncunun istifadəsində olan, lakin hazırda xatırlamadığı mobil telefon nömrəsi ilə özünün istifadə etdiyi ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi Whatsapp ilə əlaqə saxlamışdır. Akif ona demişdir ki, narkotik və ya psixotrop maddə lazım olsa ucuz qiymətə təşkil edə bilər. O, işlədiyi ərazilərdə narkotik vasitə demək olar ki, tapa bilmədiyindən fikirləşmişdir ki, Akifdən külli miqdarda heroin və metamfetamin alaraq özündə saxlasın və işlədiyi ərazilərə gedərək orada rahat istifadə etsin. Ona görə də Akiflə əlaqə saxlamağa başlamışdır. Bir neçə gündən sonra dəqiq xatırlamadığı gün, Akiflə Whatsappla zəngləşib danışan zaman Akifdən özü üçün 50 manat dəyərində metadon həbləri göndərməsini xahiş etmişdir. Akif də onun Whatsapp nömrəsinə rəqəmlərini xatırlamadığı "Kapital Bank" hesab kartının şəklini göndərərək həmin hesaba 50 manat pulu göndərməsini demişdir. O, da Akifin ona göndərdiyi hesaba Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Araz" marketdəki "Milliön" ödəmə terminalından günorta saatlarında 50 manat pul göndərmişdir. Bir qədər sonra Akif pulu qəbul etdiyini, Nərimanov rayonu, Montin qəbəsəbində yerləşən "Oskar" restoranının yanında bitən ağacın dibində "Maqna" siqaret qutusunda 2 ədəd metadon həbi qoydurduğunu deyərək həmin yeri votsapda konum vasitəsilə şəklini ona göndərmişdir. O, da həmin gün Akifin ona dediyi yerə gedərək siqaret qutusunda olan 2 ədəd metadon həbini götürmüşdür və hissə-hissə istifadə etmişdir. Akifin sözündə düz olduğunu görüb ondan külli miqdarda heroin və metamfetamin almaq qərarına gəlmişdir. Bu məqsədlə də xx.xx.2021-ci il tarixdə səhər saatlarında Akiflə Whatsapp əlaqə saxlayaraq istifadə etməsi üçün 650 manat dəyərində heroin və metafetamin təşkil etməsini xahiş etmişdir. Akif onun Whatsapp nömrəsinə rəqəmlərini xatırlamadığı "Kapital Bank" hesab kartının şəklini göndərərək 650 manat pulu həmin hesaba göndərməsini demişdir. O, da təxminən saat 09:30 radələrində Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən "Araz" marketdəki "Milliön" ödəmə terminalından 650 manat pulu həmin hesaba göndərmişdir. Akif pulu qəbul etdiyini və özü onunla əlaqə saxlayacağını demişdir. Saat təxminən 15:30 radələrində Akif ona zəng edərək Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən "Oskar" restoranının yanında bitən digər bir ağacın dibində "Arqo" siqaret qutusunda 2 bükümdə ümumi 27 qram heroin və 1 bükümdə 5 qram metafetamin qoydurduğunu deyərək həmin yerin Whatsapp vasitəsilə şəklini ona göndərmişdir. O, da həmin yerə gedərək siqaret qutusunda olan şəffaf selofanlara bükümlüş 2 bükümdə heroini və gümüşü rəngli kağıza bükülmüş 1 ədəd şəffaf selofan bükümdə olan metafetamini götürüb istifadə etmək üçün əynində olan plaş materiallı qara rəngli gödəkçəsinin sol yan iç cibinə qoyub Sumqayıta qayıtmışdır. Bir neçə saatdan sonra saat 21:10 radələrində Sumqayıt şəhəri 13-cü mkr ərazisində yerləşən 21 saylı binanın qarşısında olan zaman 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaq özlərini təqdim edib Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin işçiləri olduqlarını bildirib onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindiyi üçün saxladıqlarını bildirmişlər və üzərinə şəxsi axtarış keçirilməsi üçün onu bölməyə dəvət etmişlər. O, etiraz etməmiş və birlikdə 3-cü PB-nə gəlmişlər. Bölmədə xidməti otaqlarının birində təhqiqatçı tərəfindən ona hansı səbəbdən saxlanılması bildirilərək hüquq və vəzifələri barədə bildiriş, tutulması barədə tərtib olunmuş protokol, hüquqlarının müdafiəsi üçün özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X10 təqdim olunmuş və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya, predmet və s. vardırsa təqdim etməsi təklif olunduqda o, əynində olan qara rəngli gödəkçəsinin sol yan iç cibindən 1 ədəd gümüşü rəngli folqa kağızına və 2 ədəd şəffaf selofana bükülmüş bükümləri çıxarıb təqdim etmiş və verilən şifahi suallara cavab olaraq 1 ədəd bükümün içərisində metafetamin, 2 ədəd bükümün içərisində isə heroin olduğunu bildirmişdir. Həmin bükümlərə baxılan zaman 1 ədəd gümüşü rəngli falqa kağızına bükülmüş şəffaf selofanın içərisində metafetamin, 2 ədəd şəffaf selofanın hər birinin içərisində heroin aşkar olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunan 1 bükümdə olan metafetamini və 2 bükümdə heroini tanışı Qəşəm adlı şəxsin vasitəsi ilə bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşı olan Akifin ona göndərmiş olduğu kart hesabına xx.xx.2021- ci il tarixdə, təxminən saat 09:30 radələrində 650 manat pul köçürdükdən sonra, Akifin ona əvvəlcədən vatcapda konum vasitəsi ilə bildirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan ərazidə yerləşən Oscar mağazasının yanında olan ağacın dibinə siqaret qutusunda qoydurulduğu yerdən götürdüyünü və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərindən aşkar olunaraq götürülmüş maddələr elektron tərəzidə çəkilmiş, 1 bükümdə olan metafetaminin çəkisi 5,32 qram, 2 ədəd bükümdə olan heroinin ümumi çəkisi 27,76 qram olmuş, həmin maddələr ekspertiziya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 127 saylı möhürü ilə möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən özünə məxsus “Redmi” markalı, içərisində ***-***-**-**, ***-***-**-** nömrələri olan mobil telefonunu, özünə məxsus şəxsiyyət vəsiqəsini, “Rotmans” siqaret qutusunu, 1 ədəd alışan, ümumilikdə 4 manat pulumu və 1 ədəd 4169 7385 8902 4045 nömrəli debet plastik kartını çıxarıb təqdim etmiş, siqaret, alışqan və 4 manat pul özünə qaytarılmış, mobil telefonu, şəxsiyyət vəsiqəsi və 1 ədəd debet plastik kartı təhqiqatçı tərəfindən götürülmüşdür. Üzərindən aşkar olunmuş 1 bükümdə metafetamin və 2 bükümdə heroin özünə məxsus olmaqla, qəbul etmək üçün üzərində gəzdirmişdir. Akiflə əlaqə saxlayıb ondan heroini və metamfetamini aldıqdan sonra telefonuna format verərək telefonun yaddaşında olan bütün məlumatları silmişdir. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqda məqsədi özü istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq və ya kiməsə vermək fikri olmamışdır. Narkotik vasitəni aldığı Akif adlı şəxsi heç vaxt görməmiş, onunla vatsapla əlaqə saxlamışdır. Ümumiyyətlə heç vaxt narkotik vasitə alqı-satqısı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı fiziki qüvvə tətbiq olunmamışdır. 3-cü polis bölməsində videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmamışdır. Qəşəmlə təsadüfən tanış olmuşdur. Belə ki Qəşəm də narkotik vasitə istifadəçisi olduğundan onunla tanışlığı belə yaranmışdır. Qəşəmin Bakı şəhəri Binə qəsəbəsində yaşadığını bilsə də dəqiq ünvanını bilməmiş, Qəşəmin soyadını, atasının adını və telefon nömrəsini xatırlamamışdır. Akifin narkotik vasitələri haradan və hansı üsulla gətirməsini bilməmişdir. Narkotik vasitə istifadəçisi, yəni narkomaniya xəstəsi olduğundan elə bilmişdir ki, polis əməkdaşları onu Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə, yəni narkotik vasitə istifadə etdiyinə görə sənədləşdirəcəklər, lakin ona narkotik vasitələrin satışı ilə bağlı ittiham elan olunduğundan o, əsəbiləşmiş və Sumqayıt şəhər prokurorluğuna izahat verən zaman üzərindən aşkar olunaraq götürülmüş çəkidə narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin özünə məxsus olmadığını və polis əməkdaşları tərəfindən döyüldüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunu himayəsində 3 azyaşlı uşağının, xəstə anasının olduğunu, İİ Qarabağ müharibəsi iştirakçısı olduğunun və “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili X5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. 06 noyabr 2021-ci il tarixdə icraatına Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın etibarlılığını və Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 13-cü mikrorayon, 21 saylı binanın ətrafı əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən saat 21:10 radələrində Təqsirləndirilən şəxs həmin binanın qarşısında piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu izah etmişlər. Həmin yerdə insanların intensivliyini, hər hansı müdaxilə ola biləcəyini nəzərə alıb orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmamışlar və bu məqsədlə sonuncunu 3-cü polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da onlara etiraz etməyərək onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqda Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti Elnur Qocayev tərəfindən qeydə alman videoçəkilişlə onunla yanaşı digər polis əməkdaşları və vəkil Günay Cəfərovanın iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı tərəfindən sonuncuya təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər qanunsuz əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan qara rəngli gödəkçəsinin sol içəri cibindən üzəri gümüşü rəngli kağıza bükülmüş 1 ədəd şəffaf sellofan bükülünü və 2 ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə nə olduğu soruşulduqda bildirmişdir ki, gümüşü rəngli bükülüdə 5 qram çəkidə psixotrop maddə olan metamfetamindir, digər 2 ədəd bükülüdə isə narkotik vasitə olan heroindir. Gümüşü rəngli bükülü açıldıqda içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə, digər iki ədəd bükülü açıldıqda isə içərisində qəhvəyi rəngli, tozşəkilli narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən ölünmüşdür. Sonra isə Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sağ içəri cibindən özünə məxsus olduğunu bildirdiyi bir ədəd qara rəngli, “Redmi” markalı, üzərində ***-***-**-** və ***-***-**- ** saylı mobil telefon nömrələrinin olduğunu dediyi mobil telefonu çıxararaq təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin heroin və metamfetamini Bakı şəhəri, Binə qəsəbəsində yaşayan tanışı Qəşəm adlı şəxsin vasitəsilə bir müddət əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşının ona göndərdiyi kart hesabına xx.xx.2021-ci il tarixdə, təxminən saat 09:30 radələrində 650 manat pul köçürdükdən sonra həmin gün İran vətəndaşının ona əvvəlcədən vatsapla yerini bildirdiyi Bakı şəhəri, Nərimanov rayonu, Montin adlanan ərazidə yerləşən Oscar mağazasının yanında olan ağacın dibinə siqaret qutusunda qoydurulduğu yerdən götürmüş və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun əynində olan şalvarının sağ yan cibindən bir ədəd Rothmans markalı siqaret, 4 ədəd bir manatlıq pul əskinası, bir ədəd alışqan, gödəkçəsinin sağ içəri cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi və bir ədəd Umico debet kartı aşkar olunmuş, üzərindən əlavə olaraq qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq üzəri imzalanmışdır. Həmçinin şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunaraq imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitələri əldə etdiyi şəxsin kimliyini müəyyən etmək məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilsə də həmin şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, sonuncunun konkret olaraq hansısa şəxsə narkotik vasitə satmasını və ya satacağı barədə razılıq əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Ona görə də düşünmüşdür ki, Təqsirləndirilən şəxs həmin narkotik və psixotrop maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin kiçik inspektoru Şahid3 ifadəsində X2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər X2 və Şahid3 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021 -ci il tarixli, 6/4939 nömrəli rəyindən görünür ki, tədqiqata üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Zərflər üçün №127” dairəvi möhür əksi olan “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək” sözləri, ad, soyad və imzalar qeyd edilmiş kağız paketdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 14,375 qram. 12,399 qram, ümumi təmiz çəkisi 26,774 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 4,842 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (heroinin ümumi təmiz çəkisi-26,774 qram, tədqiqata sərf edildi- 0,1 qram, qalıq-26,674 qramdır. Metamfetaminin təmiz çəkisi-4,842 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-4,792 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 201 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs gün ərzində təxminən 1 qram narkotik vasitə heroin və 1 qram psixotrop maddə metamfetamin çəkmək iqtidarındadır. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqları-xx.xx.2013-cü il təvəllüdlü X3, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X9 vardır. İş materiallarına əlavə olunmuş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən səmimi peşman olmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, “Laçının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2ci maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının 08 noyabr 2021-ci il tarixli qərarı ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti 03 ay, yəni 06 iyun 2022-ci il tarixədək uzadılmış, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 06 iyun 2022-ci il tarixdən hesablanmaqla 15 gün müddətə uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və işin məhkəmə baxışına təyin edilməsi haqqında qərar qəbul edilənədək uzadılmış, eyni məhkəmənin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmiş, həmin orqanın xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 26,674 qram çəkidə narkotik vasitə olan heroin və 4,792 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 65 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, 11 iyun 2022-ci il tarixli 823 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 26,674 qram çəkidə narkotik vasitə olan heroin və 4,792 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6 göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar