Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-551/2023 23.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 X7 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinə məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1981-ci ildə Sumqayıt şəhərində anadan olmuş, orta təhsilli, ailəli, himayəsində bir övladıxx.xx.2006-cı il təvəllüdlü X2 vardır, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qedyiyyatda olmaqla, faktiki olaraq ünvan 2da yaşayır. Sumqayıt şəhəri, X8 adına inteqrasiya təliminin internat tipli gimnaziya məktəbində xadimə işləyir. xx.xx.1976-cı ildə Dəvəçi rayonunda (hazırki Şabran) anadan olmuş X7 ilə 2005-ci il tarixdə ailə həyatı qurmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci il dekabr ayının 16-cı günündə 1626 №- ilə qeyd edilmişdir. Bu nikahdan bir övladları xx.xx.2006-cı il təvəllüdlü X2 doğulmuşdur. İlk vaxtlar ailədə hər şey qaydasında idi və o həm əri ilə həm də ki qaynanası ilə çox yaxşı münasibətdə olmuşdur. Lakin 2008-ci ildən ata evinin satılması ilə alıcının onlrın həmin evdən qeydiyyatdan çıxmasıyla bağlı tələbi onu vadar etdi ki, qaynanasına desin ki, onları evinə qeydiyyata salsın. Bu vaxtdan artıq münasibətlər pisləşməyə başladı və münaqişələr yarandı. 2014-cü il tarixdən aralarında olan mübahisələr daha da şiddətləndi və həmin tarixdən bu mübahisələrin sonluğu kimi artıq onların ailə Daxili İşlər Nazirliyinin Sumqayıt Polis İdarəsinin 4-cü polis bölməsində qeydiyyata alınaraq, münaqişəli ailələr siyahısına düşdü. Məlumat üçün bildirir ki, adı qeyd olunan şəxslə bağlı dəfələrlə aralarında mülki, inzibati mübahisələr olmuşdur. Hər dəfəsində barəsində şikayət olunan şəxs tərəfindən nalayiq sözlərə məruz qalır və bu hal artıq dözülməz həddə gəlib çatmışdır. Hazırki şikayət ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi aralarında olan məhkəmə çəkişməsi zamanı ünvanına təhqiredici ifadələrin işlədilməsi zamanı sözügedən sübutların məhkəmə tərəfindən əldə olunaraq şəxsi cinayət məsuliyyətinə cəlb etdirməkdən ibarətdir. Belə ki, Sumqayıt şəhər Məhkəməsinin hakimi Günel xanım Tanrıverdiyevanın icraatında olan 2(060)-746/2023 saylı işdə ona qarşı iddia qaldırılmış və o, o işdə cavabdeh qismində cəlb olunmuşdur. Cəmi 2 (iki) iclasdan ibarət olan sözügedən işin iclası zamanı X7 onun ünvanına: dələduz, qanunu aldadan, planlı şəkildə gəlib, pis qadındı kimi qərəzli ifadələri işlətməklə ünvanına böhtan və təhqir xarakterli sözlər işlətmişdir. Bundan başqa bildirir ki, sözügedən şikayəti verməzdən öncə mötəbər sübut hesab olunacaq 2(060)-746/2023 saylı iş üzrə məhkəmə iclasının audio və video yazısının əldə olunmasından ötrü Sumqayıt şəhər Məhkəməsinin hakimi Günel xanım Tanrıverdiyevaya həmin sübutların əldə olunmasından ötrü ərizə ilə müraciət etsə də, o sübutlar ona verilmədi. Buna görə də şikayət ərizəsi icraata götürüləcəyi halda məhkəmədən xahişi o olacaq ki, sözügedən görüntüləri əldə edib hüquqi qiymətini versin. Ərizəsinə verilmiş rəsmi cavabı şikayətinə qoşma etmişdir. Bundan başqa barəsində şikayət verdiyi şəxslə aralarında olan nikaha xitam verilməsindən ötrü Sumqayıt şəhər Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi ilə bağlı mülki iş hakim X3 icraatındadır. Sözügedən, yəni nikaha xitam verilməsi ilə bağlı işin xx.xx.2023-cü il tarixdə baş tutan ilk məhkəmə hazırlıq iclasında yenə də X7 onun ünvanına : planlı şəkildə gəlib, uşağı özünün maraqları üçün istifadə edir, guya o, onlardan ev tələb edir və dələduzdur ifadələrini işlədərək barəsində böhtan və təhqir xarakterli sözlər işlətmişdir. Bu qeyd etdiklərinin təsdiqin tapmasından ötrü o görüntüləri əldə etmək lazımdır. Təəssüflər olsun ki, sadə vətəndaşın əldə edəcəyi bir sübut olmadığından odur ki, xahiş edir hörmətli məhkəmə işi icraata görürəcəyi halda o görüntüləri də əldə etsin. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 xüsusi ittiham qaydasında şikayətini müdafiə edərək bildirdi ki, mülklə bağlı məhkəmənin icraatında işləri vardır. Onu əlaqəsiz işlərlə bağlı məhkəməyə verirlər. Ona şər ataraq onu dələduz, yalançı adlandırırlar. X7 dələduz deməklə onu təhqir edir. Əldə etdiyi sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, şikayətin icraata götürülüb baxılmasını xahiş etdi. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 barəsində verilmiş xüsusi ittiham qaydasında olan şikayəti əsassız hesab edərək bildirdi ki, şikayəti qəbul etmir. 3 ilə yaxındır ki, X5 ilə birlikdə yaşamır. O, Həmidəyə heç vaxt dələduz deməmişdir. Qanuni şəkildə məhkəməyə müraciət etmişdir. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinin mahiyyətindən görünür ki, şikayətin məzmunu Məcəllənin 293.1 - 293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Qanunun tələbinə görə xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər..... Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə riayət edilməmişdir. Belə ki, şikayətdə X4 barəsində Azərbaycan Respublikası CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmiş, ancaq CM-nin 147-ci maddəsinin hansı bəndi ilə məsuliyyətə cəlb edilməsi göstərilməmişdir. Bundan başqa şikayətdə X4 Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələrində nəzərdə tutulan əməli törətməsinin hansı sübutlarla təsdiq edilməsi, Azərbaycan Respublikası CMnin həmin maddələrində nəzərdə tutulan əməllərinin ayrı-ayrılıqda hər birinin konkret hansı sübutlarla təsdiq edilməsi, hansı hərəkətin Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri olması göstərilməmiş və məhkəməyə belə sübutlar təqdim edilməmişdir. Eyni zamanda hazirki iş üzrə tərəflərin “çıxarışın etibarsız hesab edilməsi” və “nikahın pozulması”na dair keçirilmiş məhkəmə iclaslarının audio-video yazısının tədqiqi zamanı müəyyən edilmişdir ki, məhkəmə iclası prosessual qaydalara uyğun olaraq çəkişmə prinsipi əsasında həyata keçirilmişdir. Həmçinin məhkəmə iclası zamanı kənar şəxslərin iştirakı müşahidə edilmədiyindən və hətta iştirak etdikləri tədqirdə X4 ifadəsində qeyd olunan məlumatlar iddia tələbinə dair münasibətini əks etdirdiyindən, məlumatların kütləvi çıxış şəklində yayılması hesab edilmir. Azərbaycan Respublikası CPM-nin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302, 321 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X1 X7 barəsində Azərbaycan Respublikası CM-nin 147 və 148-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Sumqayıt şəhər Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-551/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-551/2023
23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver