Məhkəmə qərarları › İş №1(060)-551/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-551/2025

31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-551/2025 31.10.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 11/1, mənzil 34-də qeydiyyatda olub, Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 2, ev 117-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, satış məqsədi olmadan, xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0,612 qram narkotik vasitə olan heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz əldə edib daşıyaraq saxlamış, 18 fevral 2025-ci il tarixdə, saat 18:10da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, 532 nömrəli evin qarşısında saxlanılıb üzərinə baxış keçirilən zaman əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,612 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmir. Onun üzərində narkotik vasitə olmayıb, əməliyyatçılar özləri narkotik vasitəni ona veriblər, o da məcbur olub götürmüşdür. Həmin gün o, Elşən adlı şəxsin yerində maşın düzəltmişdir. Birdən görmüşdür ki, ağlaşma səsi gəlir, səs isə Elşənin evlərindən gəlirdi. Gedib Elşənin evinin qapısını açıb içəri girəndə görmüşdür ki, orada 2 nəfər polis əməkdaşı var. Onlar onu görəndə dedilər ki, “sən də gəl bura, sən də gəl bura”. Görmüşdür ki, onlar Elşənlə söhbət edirlər. Elşənin qızı çıxdı, anası, atası da xəstədir. Daha sonra Elşəni apardılar, onu aparanda onu da yanlarında apardılar. Elşənin anası soruşdu ki, “onu hara aparırsız?”, onlar da dedilər ki, “gətiririk, indi qaytarırıq”. Onu Elşənin evindən götürdülər maşına otuzdurdular və apardılar Corat qəsəbəsinin yaxınlığında Babək adlı mağazanın yanında saxladılar və ona dedilər ki, “3 qramı götürməlisən”. O, da etiraz edərək “mən 3 qramı indiyəcən heç görməmişəm, indi onu necə götürə bilərəm?”deyərək etirazını bildirmişdir. Bəli, doğrudur ki, narkotik vasitədən istifadə etmiş, amma indiyə kimi o, qədər miqdar onda olmayıb. Sonra polis əməkdaşı düşdü maşından və təndir çörəyi alıb bir nəfərlə söhbət etməyə başladılar. Daha sonra təzədən gəlib maşına oturub ona dedi ki, “bir nəfər tərəziylə 6 büküm götürüb sən də götürməlisən”. Sonra başına açarla vurdu. O, da “eybi yoxdur, demirsən belədi? Onda bir dənə balaca büküm götürərəm” demişdir. Amma ona 6-8 dənə büküm qoydular. Sonra onu aparıb başqa yerə çəkiliş etdilər. Onu maşından düşürtdülər biri sağ, biri sol cibinə qoydular. Daha sonra guya polislər ilk dəfə kimi ona yaxınlaşıb saxladılar və üzərinə baxış keçirdilər. Üzərindəkiləri götürdülər, narkotik vasitəni haradan aldığını soruşdular, o, da onların ona dedikləri kimi Novxanıdan aldığını demişdir. Polis əməkdaşları ona Corat qəsəbəsində saxlamışlar. Həmin vaxt üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitədən istifadə edir, kakos istifadə edir. Maşında Əli adlı əməkdaş ona demişdir ki, 3 qram narkotik vasitə götür. Buna etiraz etmişdir. Onların nə üçün belə etdiklərini bilmir, onlarla ədavəti və ya düşmənçiliyi də yoxdur. O, heç onları tanımırdı. İlk dəfə idi ki, başına belə bir iş gəlirdi. Əli açarla onun başına vurdu ki, “bunu götürməlisən”. Lakin başına gələnləri istintaqda deməmişdir. Videoçəkiliş də aparıldı, lakin həmin çəkiliş zamanı da olanları deməmişdir. O, müstəntiqin yanında olanda heç nəyə qol çəkmirdi, vəkilin gəlməsini istəyirdi, lakin müstəntiq ona bildirmişdir ki, “narahat olma sənin deyilsə, yaz ki, mənim deyil”. O, da kiril əlifbası ilə oraya yazmışdır. İçərisində narkotik vasitə olan bükümü ona Babək adlı mağazadan qabaqda vermişdilər. Daha sonra təqsirləndirilən şəxs himayəsində iki uşağının olmasını, ailədə ondan başqa işləyib qazanc gətirən olmadığını, oğlunun hərbi xidmətə gedəcəyini, ailəsinin onun himayəsində olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmə baxışı zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq olunmudur. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-cı il tarixdə, təxminən saat 18:10 radələrində ünvan 1 ünvanının qarşısında tanışı X9 ilə birlikdə olan zaman polis əməkdaşları yaxınlaşıb onu narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib videoçəkilişlə üzərinə baxış keçirtmişlər. Baxış zamanı əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cib hissəsində olan 01 ədəd şəffaf sellofana bükülmüş içərisində narkotik vasitə olan büküm aşkar edilərək götürülmüş və elektron tərəzidə çəkilərək çəkisinin 0,68 qram olduğu müəyyən edilmişdir. Bundan sonra isə həmin büküm zərfə qoyulub xüsusi qaydada qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldıqdan sonra DiN-ın 124 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra o, idarəyə polis əməkdaşları ilə birlikdə gəlmiş, polis İdarəsində olan zaman ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X7 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O, saxlanılan zaman polis əməkdaşları tərəfindən üzərindən aşkar edilərək götürülmüş narkotik vasitədən başqa digər qadağan olunmuş əşya, predmet, narkotik vasitə olmadığını bildirmiş, bundan başqa saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükumun içərisində olan maddənin "kakos", yəni narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitə bükümünü xx.xx.2025-ci il tarixdə Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manat ödəməklə aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, həmçinin saxlanılan zaman yanında olan X5 üzərində narkotik vasitə olub-olmamasından məlumatsız olduğunu bildirmiş, həmçinin üzərində 055 ***-**-** mobil nömrəsi olan 01 ədəd "Redmi" markalı mobil telefonu da iş uçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, ancaq əlavə olaraq heç bir qanunsuz əşya, predmet, narkotik vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində ona qarşı heç kimin heç bir psixi və ya fiziki zor tətbiq etmədiyini, heç bir hüququnun pozulmadığını, hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop madddə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tamamilə sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 18 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsi üçün tərəfindən qərar qəbul edilmiş, həmin qərar əsasında ondan, əməliyyat müvəkkilləri Şahid4, Orxan Bayramovdan, Şahid3, TŞ-nin təhqiqatçısı Elnur Feyzllayevdən və KYB-nin kriminalisti Asəf Həbibovdan ibarət əməliyyat qrupu yaradılaraq Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 18:10-da ünvan 1 ünvanının qarşısında saxlanılmış, sonuncu saxlanılan zaman nəyə görə saxlanıldığı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qeyri qanuni əşya vardırsa təqdim etməsi təklif olunmuş, sonuncu əynində olan gödəkcəsinin sağ cibindən 01 ədəd büküm çıxarıb təqdim etmiş, bükümə baxan zaman içərisində heroinə bənzər maddə olduğu müəyyən edilmişdir. Şübhəli şəxs həmin maddəni Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata aldığını bildirmiş, daha sonra şübhəli şəxsin üzərinə axtarış keçirilmiş, Redmi markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Bundan başqa şübhəli şəxsin üzərindən qanunsuz əşya və predmet aşkar edilməmiş, heroinə bənzər maddə elektron tərəzi vasitəsi ilə çəkilən zaman 0,68 qram olması müəyyən edilmiş, bundan sonra həmin büküm müvafiq qaydada qablaşdırılmışdır. Bundan sonra şübhəli şəxsi Sumqayıt şəhər polis idarəsinə gətirib təhqiqatçıya təhvil vermişlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs həmin maddəni istifadə etmək üçün Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmiş və aşkar edilmiş bükümün ona məxsus olduğunu bildirmişdir. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq, zorakılıq olmamışdır. Heroin narkotik vasitəsi təqsirləndirilən şəxsə məxsus olmuş, heç kim onun üzərinə narkotik vasitə qoymamışdır. Təqsirləndirilən şəxslə aralarında heç bir ədavət yoxdur.Təqsirləndirilən şəxsi vurmamış, ona qarşı fiziki, psixi zorakılıq göstərməmişdir. Təqsirləndirilən şəxs Elşənin evində deyil, tək hərəkət edərkən saxlanılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X8 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Orxan Musayevin göstərdiyi xüsusatları təsdiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Cinayət işinin 109-115-ci səhifəsində olan qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli 12 iyun 2025-ci il tarixdən hesablanmaqla iki ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş “əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına” dair protokoldan görünür ki, əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 532 nömrəli evin qarşısında saxlanılmış və sonuncu bundan sonra əynində olan gödkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə olan heroinə bənzər maddə təqdim etmişdir. Həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilən zaman 0,68 qram olması müəyyən edilir. Cinayət işinin materiallarına əlavə edilmiş Diskə baxış keçirilməsi haqqında 09 mart 2025-ci il tarixli protokoldan görünür ki, birinci video üzərinə «VİD_20250218_181004» sözləri yazılmışdır. Həmin MP4 formatlı video görüntü açıldıqda 16 dəqiqə 46 saniyədən ibarət və 1,08 GB həcmində olduğu müəyyən olundu. Həmin videogörüntü Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs 18 fevral 2025-ci il tarixdə, saat 18:10-da polis əməkdaşları tərəfindən saxlanılmasından başlayır. Şübhəli şəxs özünü təqdim edir və bundan sonra nəyə görə saxlanılması ona izah edilərək hüquq və vəzifələri izah edilir. Daha sonra polis əməkdaşları özlərini təqdim edirlər. Sonra şübhəli şəxsə üzərində hər hansı qanunsuz əşya olub-olmadığını soruşurlar, şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkcəsinin sağ yan cibindən 01 ədəd büküm çıxarıb təqdim edir və heroin olduğunu deyir. Şübhəli şəxs həmin maddəni Binəqədi rayonu ərazisində tanımadığı şəxsdən istifadə etmək üçün 10 manata aldığını bildirir. Daha sonra şübhəli şəxsin üzərinə axtarış keçirilir və 01 ədəd Redmi markalı mobil telefon aşkar edilərək götürülür. Həmin büküm elektron tərəzi vasitəsi ilə çəkilən zaman 0,68 qram olması müəyyən edilir. Daha sonra aşkar edilmiş 01 ədəd büküm müvafiq qaydada qablaşdırılır. Bundan sonra digər şübhəli şəxsin üzərinə axtarış keçirilir. İkinci video üzərinə «20250218_191139» sözləri yazılmışdır. Həmin MP4 formatlı video görüntü açıldıqda 5 dəqiqə 37 saniyədən ibarət və 692 MB həcmində olduğu müəyyən olundu. Həmin videogörüntü Sumqayıt ŞPİ-nin inzibati binasında təhqiqatçının özünü təqdim etməsi ilə başlayır. Şübhəli şəxs özünü təqdim edəndən sonra, ona nəyə görə tutulması izah edilir və iştirakçılar özlərini təqdim edirlər. Bundan sonra şübhəli şəxsə hüquq və vəzifələrinə dair bildiriş təqdim edilir. Daha sonra şübhəli şəxsə müdafiəçi təqdim edilir. Təhqiqatçı şübhəli şəxsə saxlanılan zaman bir nəfər də yanında olduğunu deyir, şübhəli şəxs isə təsdiq edir və həmin şəxsin onun üzərində olan heroindən xəbərinin olmadığını bildirir. Polis əməkdaşı Cavad Alalhverdiyevin üzərindən aşkar edilmiş maddəni və telefonu təqdim edir. Şübhəli şəxs həmin maddənin “kakos” olduğunu 10 manata çəkmək üçün aldığını bildirir. Müdafiəçinin suallarına cavab olaraq şübhəli şəxs polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini bildirir. Daha sonra təhqiqatçı tərəfindən Redmi markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülür, sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə axtarış keçirilir, ancaq qanunsuz əşya və predmet aşkar edilmir. Bundan sonra çəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 19 fevral 2025ci il tarixli 3- 16-16/2-6/776/2025 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,612 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi 0,612 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,562 qram. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli, 3696 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Sumqayıt ND-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 04 ay 02 gün hissəsini vaxtından əvvəl şərti azad edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 20 avqust 2025-ci il tarixli hökmündən görünür ki, CMin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 ibtidai araşdırma zamanı verdiyi ifadəsində 18 oktyabr 2025-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi 532 saylı evin qarşısında Təqsirləndirilən şəxs oğllu ilə gedərkən polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs üzərində olan heroini polis əməkdaşlarına təqdim etmiş, heroin qablaşdırılaraq götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı müraciət araşdırılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru göndərilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun xidməti araşdırmalar idarəsinin prokuroru, Elşən Məmmədovun 23 oktyabr 2025-ci il tarixli qərarı ilə toplanmış material üzrə CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən 18 fevral 2025-ci il tarixdə aşkar olunmuş narkotik vasitə hesab edilən ümumi təmiz çəkisi 0,612 qram heroin və 01 ədəd disk iş üzrə mühüm sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı çəkisi 0,562 qram qalmış heroin təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə cinayət işi materialları və maddi sübutla tanış olduqdan sonra saxlanması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc otağına verilmiş, 01 ədəd disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu olan təqsirləndirilən şəxs hesab edilir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanılarkən üzərində narkotik vasitə olan heroin olmaması, narkotik vasitə olan heroinin polis əməkdaşları tərəfindən üzərinə qoyulması barədə ifadəsini işin faktiki hallarına uyğun olmadığından, iş üzrə toplanmış sübutlarla təzkib olunduğundan cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə etmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir, həmin ifadəni sübut kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs qeyd olunun ifadəsi onun özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, onunla eyni vaxtda tutulmuş digər təqsirləndirilən şəxs X5 ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri ilə tamamilə təzkib olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçirilərkən, aşkar edilmiş heroin aşkar edilərək götürülərkən törətdiyi cinayət əməlini tam etiraf edərək etirafedici ifadələr verir, heroinin ona aid olmaması barədə heç bir etirazını bildirmir. Həmçinin, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş şəxs kimi narkotik vasitənin ona məxsus olması barədə etirafedici ifadələr verəcəyi təqdirdə onu hansı nəticənin gözlədiyini bildiyi halda buna qarşı heç bir etirazını bildirməmiş, hər-hansı orqana bu barədə heç bir şikayəti olmamışdır. Eyni zamanda onun polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə ifadəsindəndə göstərilən xüsusat prokurorluqda araşdırılmış və öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun gəldiyindən sübut kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal törətdiyi cinayətin cinayətlərin residivi olmasıdır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yoxdur. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 12 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzasını ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3696 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,562 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan- 12 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,562 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar