Məhkəmə qərarları › İş №1(060)-552/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-552/2022

14.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-552/2022 14.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 77 ünvanında qedyiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə özgənin əmlakını talama məqsədilə xx.xx.2022-ci il tarixdə saat 02:00 radələrində ünvan 2 ünvanın qarşısında, Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapısını açaraq avtomobilin salonunda quraşdırılmış 1 ədəd 70(yetmiş) manat dəyərində “Kenwood” markalı, KDC- U449 modelli maqnitafonu, 1 ədəd 50(əlli) manat dəyərində videoqeydiyyat cihazı və 620 (altı yüz iyirmi) manat pulu gizli yolla talayıb, sonuncuya ümumilikdə 740 (yeddi yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunan ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində, Sumqayıt şəhəri 3-cü məhəllə ərazisində olarkən yaşayış binalarının birinin qarşısında gümüşü rəngli “Opel Astra” markalı avtomobilin sol ön qapısının tam bağlanmadığını, nisbətən açıq olduğunu görmüş və ətrafda heç kimin olmamasından istifadə edərək, həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. O, sözügedən avtomobilin sol ön qapısını açıb avtomobilin salonuna daxil olaraq, avtomobilin cihazlar panelində quraşdırılmış “Kenwud” markalı maqnitafonu, cihazlar panelinin üstündə olan qara rəngli saatı və cihazlar panelinin aşağı hissəsindəki “kül qabı” adlandırılan yerindən 65 (altmış beş) manat pulu oğurlayaraq çıxıb getmiş, hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra, avtomobildən oğurladığı qara rəngli saatı dəyərsiz hesab etdiyi üçün naməlum istiqamətdə atmış, oğurladığı “Kenwud” markalı maqnitafonu isə xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində, Sumqayıt şəhəri, “Əşya bazarı” adlanan bazarda, istifadə olunmuş avtomobil ehtiyat hissələri alqı-satqısı ilə məşğul olan, adının Şahid olduğunu sonradan öyrəndiyi şəxsə 30 (otuz) manata satmışdır. O, sözügedən avtomobildən oğurladığı maqnitafonun satışından əldə etdiyi 30 manat pulu və eləcə də, avtomobilin salonundan oğurladığı 65 manat pulu öz ehtiyacları üçün xərcləmişdir. Bir neçə gündən sonra Sumqayıt şəhər 4-cü polis bölməsinin əməkdaşları Sumqayıt şəhəri Kotec qəsəbəsi ərazisində onu saxlayıb bölməyə aparmışlar və o, sözügedən oğurluq əməlini törətdiyini etiraf etmişdir. Hal-hazırda əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 18:00 radələrində o, özünə məxsus olan **-DC-*** dövlət qeydiyyat nişanlı "Opel Astra" markalı avtomabilini yaşadığı ünvanın qarşısında, yəni ünvan 3ğı mənzilə getmiş, xx.xx.2022-ci il tarixdə saat 07:30 radələrində mənzilindən çıxıb sözügedən avtomobilinə yaxınlaşdıqda, avtomobilin ön sol qapısının yarı açıq vəziyyətdə olduğunu görmüş, avtomobilin qapısını açıb salonuna baxdıqda isə ön cihazlar panelində quraşdırılmış maqnitafonun və panelin üzərindəki videoqeydiyyat cihazının yerində olmadığını və pul kisəsini götürüb içərisinə baxdıqda, pul kisəsinin içərisindəki 620 (altı yüz iyirmi) manat (6 ədəd 100 manatlıq əskinaz və 1 ədəd 20 manatlıq əskinaz) olmadığını aşkar etmiş və əşyaların oğurlandığını anlamışdır. Ümumilikdə ona 720 (yeddi yüz iyirmi) manat maddi ziyan vurmuşdur. Hal-hazırda ona dəymiş zərər ödənilməmişdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 1992-ci ildən etibarən Sumqayıt şəhəri, Əşya bazarı ərazisində istifadə edilmiş avtomobil ehtiyat hissələrinin alqı-satqısı ilə məşğul olduğunu, Kamran adlı şəxsi də, müştəri kimi onun yanına gəlməsi ilə bağlı olaraq tanıdığını qeyd edərək bildirmişdir ki, Kamran xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində onun işlədiyi dükana gedərək, əlində "Kenwood" markalı maqnitafon olduğunu, həmin maqnitafonun avtomaşın alveri ilə məşğul olan dostunun avtomaşının üzərindən çıxararaq satmaq üçün Kamrana verdiyini demiş, o, da həmin maqnitafona görə Kamrana 30 manat pul verəcəyini bildirmiş, Kamran da, onunla razılaşaraq, maqnitafonu ona 30 (otuz) manata satmış və çıxıb getmişdir. Maqnitafonun oğurluq olmasından xəbəri olmamışdır. Sonradan polis əməkdaşları onu polis bölməsinə dəvət edərək, onun Kamrandan aldığı həmin maqnitafonun Zərərçəkmiş şəxs məxsus olduğunu, Kamranın həmin maqnitafonu oğurlayaraq əldə etdiyini bildirdikdən sonra, maqnitafonu polis əməkdaşlarına təhvil vermişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Nizami küçəsi 111 ərazisində 15 aprel 2022-ci il tarixdə saat 14:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi 8 saylı MKS tərəfindən verilmiş 665 saylı, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 14, otaq 77 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 29, 177.2.1, 29, 177.2.3-cü maddələri ilə 1 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması və 2000 manat cərimə cəzasına məhkum olunmuşdur. Bundan başqa o, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilərkən Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək, Təqsirləndirilən şəxs yalan danışdığını, sonuncunun ona məxsus “Opel Astra” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində saxladığı pul kisəsinin içərisindəki 620 (altı yüz iyirmi) manat pulu, avtomobilin cihazlar panelinin üzərindəki videoqeydiyyat cihazını və “kenwood” markalı maqnitafonu gizli yolla talayaraq ona maddi ziyan vurmaqla oğurluq etdiyini Təqsirləndirilən şəxs üzünə deyərək Təqsirləndirilən şəxs ifşa etmişdir. İş materiallarında olan məhkəmə-əmtəşünaslıq ekspertizasının 06 may 2022-ci il tarixli, 9/2864 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd İndoneziya istehsallı, "Kenwood" markalı, KDC-U449 modelli maqnitafonun istifadədə oluması nəzərə alınmaqla 2022-ci ilin mart ayına olan orta bazar qiyməti təxminən 70,00 manat müəyyən edilir. Digər təqdim edilməyən, qərarda göstərilən 2019-cu il istehsalı olan videoqeydiyyat cihazı haqqında kifayət qədər məlumat (markası, modeli və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “maddi sübut kimi tanıma haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “kenwood” markalı, KDC-U449 modelli maqnitofon cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Zərərçəkmiş şəxs qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs avtomobilindən oğurladığı maqnitofonu satdığı şəxs Şahid əməlində Azərbaycan Respublikası CM-nin 194-cü maddəsinin tərkib əlamətləri müəyyən olunmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi, iş üzrə “kenwood” markalı, KDC-U449 modelli maqnitofon sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınaraq Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınması qərara alınmışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlil gətirərək Zərərçəkmiş şəxs məxsus “Opel Astra” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı avtomobildən 1 ədəd “Kenwood” markalı maqnitafon, 1 ədəd saat və cəmi 65 manat pul oğurladığını, onun avtomobilindən 620 manat pul oğurlamadığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, əvvəllər eyni cinayətə görə cəza çəkmiş Təqsirləndirilən şəxs əməlin cinayət hesab olunması üçün minumum məbləğdən xəbərdar olduğundan ifadəsini məhz cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə cinayət tərkibi yaratmayan məbləği qeyd edir. Ona istinad edilən cinayət əməlini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və işin digər materialları ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, işdə yüngülləşdirici halların olmamasını nəzərə alaraq, onun islah edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-48/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1 (060)-408/2018 saylı hökmü ilə üzərində müəyyən edilmiş 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 03 ay 16 günü CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 07 ay 23 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla ona hazırki hökmlə təyin olunacaq cəzaya qismən, 2000 (iki min) manat cərimə cəzası tam birləşdirilərək üzərində qəti olaraq 11 ay 02 gün azadlıqdan məhrum etmə və 2000 (iki min) manat cərimə cəzası müəyyən edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə qaldığı 11 ay 02 gün müddətlə kifayətlənərək məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Cərimə cəzasının ödənilməmiş hissəsi 2000 (iki min) manat təşkil edir. “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.11 -ci bəndinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətdiklərinə görə əsas cəza kimi cərimə cəzası təyin edilmiş şəxslər, habelə əsas və ya əlavə cəza kimi iki min manatdan artıq olmayan miqdarda cərimə cəzası təyin edilmiş və ya bu Qərarın tətbiq edildiyi gün cərimə cəzasının ödənilməmiş hissəsi iki min manatdan artıq olmayan şəxslər cəzadan azad edilirlər. Təqsirləndirilən şəxs “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 2.11 -ci bəndinin təsiri altına düşərək cəzadan azad edilmişdir. “8 noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021 -ci il tarixli Qərarının 7-ci bəndində əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Bununla da Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxsdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli 14 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olan 01 ədəd “kenwood” markalı, KDC-U449 modelli maqnitofon zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-552/2022) qərarını icra edərək, 11 iyun 2022-ci il tarixli, 815 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Məhkəmə iclas zalından həbs edilsin. İş üzrə maddi sübut 01 ədəd “kenwood” markalı, KDC-U449 modelli maqnitofon zərərçəkmiş şəxsin sərəncamına verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 15 (on beş) saat hüquqi yardıma görə 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar