Məhkəmə qərarları › İş №1(060)-554/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-554/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-554/2024 16.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazsində yerləşən “Eyvaz” marketinin qarşısında Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı sonuncu Zərərçəkmiş şəxs üzərində sağ gicgah nahiyyəsinin dərialtı hematoması, sağ gözun bayır bucağının sıyrığı xəsarətləri ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 15 ilə yaxındır Zərərçəkmiş şəxs tanıyır, onunla qohumluq əlaqəsi vardır. Zərərçəkmiş şəxs ondan 80 manat pul borc almış və ona borcunu qaytarmadığına görə xx.xx.2024-cü il tarixdə saat təxminən 22:00 radələrində o, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən görmüş və onunla söhbət etməyə başlamış və aralarında mübahisə yaranmış, yüksək səslə danışmışlar, lakin o Zərərçəkmiş şəxs vurmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışlar. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Təqsirləndirilən şəxs təhqiqat aparılan zaman verdiyi ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsində özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 ilə yaxındır Zərərçəkmiş şəxs tanıyır, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləmişlər. Təxminən 2 ay bundan əvvəl Zərərçəkmiş şəxs ondan 80 manat pul borc almış və ona borcunu xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmşdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 22:00 radələrində o, Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən görmüş və onunla söhbət etməyə başlamışdır. O, Zərərçəkmiş şəxs ondan aldığı 80 manat borcu nə vaxt qaytaracağını soruşduqda Zərərçəkmiş şəxs ona imkanı olanda qaytaracağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış və o, əsəbləşdiyi üçün Zərərçəkmiş şəxs üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş, Zərərçəkmiş şəxs yerə yıxılmış və oranı tərk edərək oradan uzaqlaşmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışdır, əməlindən peşmandır, işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, əvvəllər məhkumluq həyatı yaşamışdır. Uzun illərdi Təqsirləndirilən şəxs tanıyır, həmçinin qohumluq əlaqələri vardır, hazırda bir evdə yaşayıb işləyirlər. Təqsirləndirilən şəxs 80 manat pul borc almış və qaytaracağını bildirmşdir. Maddi imkanı olmadığı üçün Namidardan aldığı borc pulu qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixdə saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən görmüş, Namidar ondan pulu istəmiş, o da pulu qaytara bilmədiyini dedikdə aralarında uca səslə mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs onu vurmamışdır. Hazırda onunla barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Zərərçəkmiş şəxs təhqiqat aparılan zaman verdiyi ifadəsindən görünür ki, 15 ilə yaxındır Təqsirləndirilən şəxs tanıyır, onunla birlikdə Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə fəhlə kimi işləmişlər. Təxminən 2 ay bundan əvvəl Təqsirləndirilən şəxs 80 manat pul borc almış və həmin şəxsə borcunu xx.xx.2024-cü il tarixdə qaytaracağını bildirmşdir. xx.xx.2024-cü il tarixdə maddi imkanının olmadığı üçün Namidar adlı şəxsdən aldığı 80 manat borc pulu qaytara bilməmiş və ona zəng edərək borcu ödəməsi üçün bir neçə gün vaxt istəmişdir. Həmin gün saat təxminən 20:00 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən “Eyvaz” marketin qarşısında olarkən görmüş, Təqsirləndirilən şəxs ondan pulu istəmiş, o da maddi imkanının pis olduğunu və bir neçə günə pulu qaytaracağını bildirmişdir. Bu zaman aralarında mübahisə yaranmış, Təqsirləndirilən şəxs əli ilə onun üz nahiyyəsinə bir neçə zərbə vurmuş və həmin ərazini tərk edərək getmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, Məhkəmədən onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan məhkəmə-tibbi ekspertizasının 818 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində “sağ gicgah nahiyyəsinin dərialtı hematoması, sağ gözun bayır bucağının sıyrığı” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdırlar, müayinədən 1-2 gün əvvəl olmaqla 19.05.24-cü il tarixdə əmələ gələ bilərdi, özü-özünə yetirməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs material üzrə təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etməmişlər. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Sumqayıt şəhər Narkoloji Dispanserinin 2847 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan TƏBİB PHŞ 4 nömrəli xəstəxananın poliklinika şöbəsi tərəfindən verilmiş 169 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetinə müraciət etməyib, ambulator qeydiyyatda yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Qubadlı rayon İcra Hakimiyyəti Başçısının Xanlıq kənd İ.Ə.D. üzrə nümayəndəsi tərəfindən verilmiş 5-62- 18/2-81-2024 saylı, xx.xx.2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, 85 saylı yataqxana ünvanında müvəqqəti məskunlaşmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Hacıqabul rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzadan 04 ay 01 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs hazırki törətdiyi əməl böyük ictimai təhlükə törtməyən cinayətlər kateqoriyasına aid olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin təsiri altına düşdüyündən cinayətlərin residivi kimi qiymətləndirilməməlidir. Məhkəməyədək sadələşdirilmiş icraat materiallarında olan “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli onun və zərərçəkmiş şəxsin təhqiqatda böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılması zamanı etirafedici ifadələri, ekspert rəyi və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs verdikləri ifadələrə məhkəmə tənqidi yanaşır və hesab edir ki, bu ifadələr Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilməsi imkanın qorub saxlamaq məqsədi daşıyır. Hər iki şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin məhkəmə tərəfindən bu halın qeyd edilməsi onların hər hansı məsuliyyət daşıması halına görə deyil, işin faktiki hallarının təhrif edilməsinə çalışdıqlarına görə vurğulanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və hazırda tərəflər barışdıqlarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-554/2024) qərarını icra edərək xx.xx.2024-cü il tarixli, 865 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 72 (yetmiş iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: ZAUR HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar