Məhkəmə qərarları › İş №1(060)-555/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-555/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-555/2023 24.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,609 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 13:15-də Sumqayıt Şəhər Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə ümumi təmiz çəkisi 0,609 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bədənində ağrılar olduğu üçün uzun müddətdir ki, narkotik vasitə olan heroin İstifadə edir. xx.xx.2023-cü il tarixdə təxminən Sumqayıt şəhəri Corat qəsəbəsində olarkən üzdən tanıdığı və ləqəbinin “Əmioğlu” olduğunu bildiyi şəxsdən 20 manata 1 büküm narkotik vasitə olan heroin almış, aldığı heroini əynində olan sarı rəngli şalvarının sağ yan kiçik cibinə qoyaraq həmin yerdən uzaqlaşmışdır. Həmin gün təxminən saat 13:15 radələrində o,Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən məscidin yanında piyada gedərkən polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu bildirərək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmiş, o da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis idarəsində olan zaman onun üzərinə şəxsi axtarış keçiriləcəyi elan edilmiş, o isə buna etiraz etməmişdir. Daha sonra ona hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi siyahısı təqdim olunmuş, o da həmin siyahıdan özünə müdafiəçi seçmiş və onun hüquqlarını müdafiə etməyini istədiyini bildirmişdir. Daha sonra ona müdafiəçisinin iştirakı ilə videogörüntü ilə üzərinə şəxsi axtarış keçiriləcəyi deyilmiş, şəxsi axtarışa başlamadan öncə ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsini təmin edəcək özünün seçdiyi Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim olunmuş və videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmiş, həmin vaxt o, öz əynində olan sarı rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 1 ədəd qızılı rəngli siqaret kağız bükümünü təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin qızılı rəngli siqaret kağız bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan “heroin” olduğu aşkar edilmiş, sorğu zamanı təqdim etdiyi maddənin narkotik vasitə olan “kakos” olduğu, həmin narkotik vasitəni Sumqayıt şəhər Corat qəsəbəsi ərazisində “əmioğlu" ləqəbli şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin kağız ilə birlikdə 0,69 qram olduğu müəyyən edilmiş, aşkar olunmuş həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Həmin zərfi o və digər iştirakçılar imzalamış, daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolla tanış olub, protokolun doğruluğunu öz imzası ilə təsdiq etdmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini aldığı şəxsi dəqiq tanımadığını, onun yaşadığı ünvanı, adını bilmədiyini, ona narkotik vasitəni satan şəxsin ləqəbinin “Əmioğlu” olduğunu, həmin şəxsin ona mobil nömrəsi olmadığını, ümumiyyətlə mobil telefon istifadə etmədiyini bildirmişdir. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü İl tarixdə Sumqayıt şəhərində Rizvan adlı şəxsin narkotik vasitələrin gəzdirilməsi və saxlanılması barədə məlumat daxil olmuş və həmin məlumat əsasında sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs həmin gün saat 13:15-də Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində yerləşən məscidin yaxınlığında saxlanılaraq ona narkotik vasitələrin gəzdirilməsi və saxlanılmasında şübhəli bilindiyi üçün saxlanıldığını bildirərək aidiyatı üzrə Sumqayıt Şəhər Polis İdarəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs da etiraz etmədən onlarla birlikdə Sumqayıt Şəhər Polis İdarəsinə gəlmişdir. İdarəyə gətirildikdən sonra xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla təhqiqatçı Zaur Cəfərov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş etmiş, saxlanmasının səbəbini bildirmişdir. Daha sonra digər polis əməkdaşları da özlərini təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X5 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs bildirişlə tanış olmuş və vəkilə etiraz etməmişdir. Daha sonra videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim edilməsi Təqsirləndirilən şəxs təklif edilmişdir. Sonuncu da özü əynində olan sarı rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığı bir ədəd qızılı rəngli kağız bükümü təqdim etmiş, həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən “Əmioğlu” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt Rizvanın üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin qızılı rəngli kağız bükümlə birlikdə ümumi çəkisinin 0.69 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokolla tanış olub, protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində ifadə vermiş, məhkəmə iclasında iştiak etməyən şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ilə oxşar, eyni məzmunlu ifadə verərək göstərmişdir ki, həqiqətən də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, əynindəki sarı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd rəngli siqaret kağızı bükümü çıxararaq təqdim etmiş və bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 75-76-cı vərəqələrində olan təqsirləndirilən şəxsin Sumqayıt ŞPİ-nin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 145-146-cİ vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 168-170-ci vərəqələrində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında axtarış elan edilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş və sonuncu tapılanadək iş üzrə icraat dayandırılmışdır. Cinayət işinin 177-ci vərəqəsində olan axtarışda olan şəxsin tutulması haqqında Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Sumqayıt ŞPİnin MSY-nə təhvil verilmişdir. Cinayət işinin 53-56-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 6/1659 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş» sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,609 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,609 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,559 qram qalıq qalmışdır. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 83-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,559 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 109-113-cü vərəqələrində olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 106-107-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1926 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseri idə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu, yəni 3-cü dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 68.1.1-1-ci və 67.1-ci maddələrinə əsasən ona qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 13 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Cinayət işinin 97-102-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan şəxsi axtarışın keçirilməsi barədə xx.xx.2023-cü il tarixli protokol tədqiq edilərkən, həmçinin 82-ci vərəqəsinə əlavə edilmiş DVD-R formatlı diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2023-cü il tarixdə saat 13:25-dən başlayaraq qeydə alınmışdır. Görüntülərə və protokola əsasən polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Sumqayıt ŞPİ-nin inzibati binasında xidməti otaqların birində Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı Zaur Cəfərov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş və şəxsi axtarış aparılan zamanı Təqsirləndirilən şəxs əynində olan sarı rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümü təqdim etmiş, həmin büküm açılan zaman bükümün içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin heroin olmasını, heroini Sumqayıt şəhəri, Corat qəsəbəsində olarkən “Əmioğlu” ləqəbli şəxsdən şəxsi istifadəsi üçün 20 manata aldığını və üzərində saxladığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin qızılı rəngli kağız bükümlə birlikdə ümumi çəkisinin 0.69 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, iştirakçılar protokolla tanış olmuş və protokolun doğruluğunu öz imzaları ilə təsdiq etmişlər. Cinayət işinin 103-cü vərəqəsində olan AZ-İİ seriyalı 941513 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2009-cu il tarixdə Qusar rayonunda anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası isə X3r. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD-R diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və yetkinlik yaşına çatmayan bir övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 68.1.1-1-ci madddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş və çəkilməmiş qalan 05 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası 02 ay 26 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəza qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 01 ay 13 gün müddətində vaxtından əvvəl şərti azad edilmiş və xx.xx.2022-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Lakin, məhkumluq müddəti bitmədən xx.xx.2023-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə həmçinin hesab edir ki,. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza məhkum edilməli, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2023cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bi gün) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2023-cü il tarixdən məhdudlaşdırıldığından Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən onun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 1926 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,559 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bi gün) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,559 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Universal” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar