Məhkəmə qərarları › İş №1(060)-558/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-558/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-558/2024 20.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Cəbrayıl rayonu Dağtumas kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Cəbrayıl rayonu Dağtumas kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(060)-166/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,427 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:40-da Sumqayıt şəhəri, 26-cı məhəllə ərazisində yerləşən Sumqayıt Vərəm Xəstəxanasının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən saxlanılaraq, həmin Bölməyə gətirilmiş və orada üzərinə şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibində saxlamış olduğu 01 ədəd bükümdə təmiz çəkisi 0,427 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunaraq, götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 16:40-da Sumqayıt Vərəm Xəstəxanasının qarşısında Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşları yaxınlaşaraq onun narkotik vasitə ilə bağlı şübhəli olmasını bildirmişlər və buna görə də onu 4-cü PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə 4-cü Polis bölməsinə gəlmişdir. Bölmədə ona hüquq və vəzifələri izah edilmiş, vəkil təqdim edilmiş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində hər hansı bir qadağan olunmuş əşyanın varsa təqdim etməsi təklif olunmuş, o da bir büküm heroini çıxarıb təqdim etmişdir. Aşkar olunmuş maddə çəkilmiş və zərfə qoyularaq möhürlənmişdir. Sonra təhqiqatçı tərəfindən protokol tərtib edilmiş və protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin narkotik vasitə olan “kokos” olduğunu, həmin maddəni Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən və daha sonra heç bir təsir və ya təzyiqə məruz qalmamışdır. Daha sonra özünü təqsirli bilməsini və əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində Elnur adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin istifadəsi, üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin gün saat 16:40-da sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 26-cı məhəllə ərazisində yerləşən Sumqayıt Vərəm Xəstəxanasının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Orada xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və ona vəkil təqdim edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və ya maddə varsa təqdim etməsi Təqsirləndirilən şəxs təklif edilmiş, o da cibindən bir büküm çıxaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, başqa qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bükümdə olan maddənin narkotik vasitə olan “kakos” (heroin) olduğunu, həmin maddəni Corat qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra həmin maddə elektron tərəzi vasitəsi ilə çəkilmiş, ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. Şəxsi axtarış aparılması barədə protokol tərtib olunmuş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və daha sonra heç bir müqavimət göstərməmiş və ya hər hansı narazılığı olmamışdır. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin cinayət-axtarışı üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir bükümdə olan maddəni çıxararaq təqdim etmiş və həmin maddənin narkotik vasitə olan “kakos” (heroin) olmasını bildirmişdir. Cinayət işinin 19-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 62-ci vərəqəsində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 110-114-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidnə başqa iş üzrə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmaqla onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir. Cinayət işinin 25-26-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokola və həmin baxış zamanı qeydə alınmış video görüntülərə məhkəmə iclaasında baxış keçirilərkən müəyyən edilmişdir ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir bükümdə olan maddəni təqdim edərək narkotik vasitə olan “kakos” (heroin) olmasını bildirmiş, büküm elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,72 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 39-40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 dekabr 2023-cü il tarixli, 3-16-16/2-6/6300 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqim edilmiş, üzərində “şübhəli şəxs: “imza” Təqsirləndirilən şəxs...” və digər ad, soyad, imzalar qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,427 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi 0,427 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, 0,377 qram qalıq qalmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manat müəyyən edilmişdir. Cinayət işinin 65-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,377 qram çəkidə narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 110-114-cü vərəqələrində olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarış zamanı qeydə alınmış görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 101-102-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3107 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 81-82-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 07 iyun 2023-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(060)-166/2024 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 fevral 2024-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə isintaqı zamanı tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axarış zamanı qeyə alınmış video görüntülər və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə cinayət əməlini törətdiyi 06 dekabr 2023cü il tarixdə onun üzərində çəkilməmiş cəzası olsa da, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs çəkilməmiş cəzası həmin vaxt azadlığın məhdudlaşdırılması növündə cəza ilə bağlı olmuşdur. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi yaranmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(060)-166/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 07 iyun 2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 11 (on bir) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq həmin müddəti Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 29 fevral 2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2-ci və yaxud 66.3-cü maddələri ilə, əlavə cəzalara münasibətdə isə CM-in 66.4-cü maddəsində nəzərdə tutulmuş qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(060)-166/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-166/2024 saylı saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həmçinin hazırki iş üzrə 06 dekabr 2023-cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli 1(060)-166/2024 saylı saylı hökmünə əsasən 29 fevral 2024-cü il tarixdən hesablanmalı və onun azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2024-cü il tarixli, 3107 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicəyə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,377 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 1(060)-166/2024 nömrəli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin icraatında olmuş 1(060)-166/2024 saylı iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, hazırki iş üzrə 06 dekabr 2023cü il tarixdən 08 dekabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi gün) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs azdlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,377 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar