Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-559/2020 15.12.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1970-ci ildə Cəbrayıl rayonunun Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhər 12 saylı MİS-də bağban işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Stansiya ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 11:30 radələrində Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən köşkdə aralarında ailə münaqişəsi zəminində yaranmış mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifətindən əl zərbəsi ilə, stulla kürəyindən, plastik boru ilə isə qarın nahiyəsindən vuraraq ona sol körpücüküstü nahiyyənin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, 1994-cü ildə Afaqla ailə həyatı qurmuş və birgə nikahdan onların iki övladı var. O və Afaq Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən 12 saylı Mənzil İstismar Sahəsində işləyirlər. xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində Afaqın işlədikləri 12 saylı MİS-ə məxsus Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən köşkdə olduğunu bilib ora gedən zaman görmüşdür ki, Afaq mobil telefonu ilə oynayır. Ondan kiminlə danışdığını soruşduqda, Afaq oyun oynadığını demiş, o isə heç bir söz deməyib oradan çıxaraq yaxınlıqda yaşayan bacısıgilə getmişdir. Bacısıgildə olan zaman dəfələrlə Afaqa zəng etsə də, zənglərinə cavab vermədiyi üçün saat 11:30 radələrində yenidən Afaqın olduğu köşkə getmişdir. O Afaqdan nə üçün zənglərinə cavab vermədiyini soruşduqda, onunla kobud danışmış və telefon zənglərinə cavab vermədiyinə görə əsəbiləşərək əl zərbəsi ilə Afaqın üzündən vurmuşdur. Sonra orada olan stulla Afaqın kürəyindən, eləcə də plastik boru ilə qarın nahiyəsindən vurub oradan çıxıb getmişdir. Əməlindən peşmandır, zərəçəkmiş şəxslə barışmışdır. Cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır. Özünü təqsirli bilir. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs göstərdi ki, 1994-cü ildən Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuşdur və birgə nikahdan onların iki övladı var. Təxminən 5-6 ay bundan əvvəl Zahid onun "Tik Tok" sosial şəbəkəsində tanımadığı oğlanlarla danışdığını bildikdən sonra aralarında münaqişə baş verməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 11:00 radələrində o tək dalandar işlədiyi 12 saylı MİS-ə məxsus Sumqayıt şəhəri, 41A məhəllə ərazisində yerləşən köşkdə oturub mobil telefonunda oyun oynayan zaman Zahid içəri girib kiminlə danışdığını soruşmuşdur. O Zahidə telefonda oyun oynadığını desə də, ona inamayaraq onu təhqir edib getmişdir. Təxminən saat 11:30 radələrində Zahid yenidən onun yanına qayıdıb ona zəng etdiyini və nə üçün onun zənginə cavab vermədiyini soruşmuşdur. O, Zahidə bildirmişdir ki, oyun oynayan zaman səs gəlməməsi üçün telefonunu səssiz rejimə qoyduğundan onun zəngini eşitməmişdir. Lakin Zahid bu dəfə də ona inanmayaraq, başqa kişilərlə danışdığını demiş və buna görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zahid əli ilə sifətindən, orada olan stulla başından, kürəyindən, eləcə də plastik boru ilə qarın nahiyəsindən vuraraq onu döymüşdür. Sonra Zahid oradan çıxıb getmiş və o da döyülməyiylə bağlı DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PAB X2 xx.xx.2020-ci il tarixli 1417 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Afiq qızının bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol körpücüküstü nahiyyənin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinliyi-qançırı, sağ əlin arxa səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən vurulmaqla əmələ gələ bilər. Müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2020-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sol körpücüküstü nahiyyənin bazu oynağını tutan və hərəkətin çətinliyinə səbəb olan şişkinlik-qançırı sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Sağ əlin arxa səthinin qançırı sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir(i.v 13-14) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 24) İş materiallarında olan Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər əvvəllər məhkum olunmamışdır (i.v. 35) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sumqayıt şəhər Narkoloji Dispanserinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Yusifov X1 Şəhər Narkoloji Dispanserində qeydiyyatda olmamışdır. (i.v 47) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt 2 nömrəli şəhər poliklinikasının 661 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, Yusifov X1 2 nömrəli şəhər poliklinikasının psixiatr kabinetində ambulator və dispanser müşahidəsində yoxdur. (i.v. 48) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.8-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin şikayəti olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını, və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin onunla barışmasını, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 6 (altı) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 (otuz altı) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 06 (altı) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 36 (otuz altı) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Sumqayıt filialında olan hesabına köçürülsün. («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-559/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-559/2020
15.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver