Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-559/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Şuşa rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar ərazisində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 01 ədəd gümüşü rəngli bükümdə, içərisində 1,756 qram qəhvəyi rəngli, spesifik iyə malik maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq şəxsi istifadəsi üçün üzərində saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 17:20-də Sumqayıt ŞPİ-nin 5-ci PB-nın əməkdaşlarının Sumqayıt şəhəri, Sülh küçəsi, Qayalı mərasim evinin yaxınlığında keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 5-ci PB-nə gətirilib xidməti otaqlardan birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində saxladığı 01 ədəd gümüşü rəngli bükümün içərisində 1,756 qram qəhvəyi rəngli, spesifik iyə malik kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 08 aprel 2022-ci il tarixdə, saat 10 radələrində, Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən özü istifadə etmək üçün 50 manata 01 ədəd gümüşü rəngli falqaya bükülmüş “kakos” almışdır. 08 aprel 2022-ci il tarixdə, saat 17:20 radələrində Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisində yerləşən “Qayalı” mərasim evinin yaxınlığında olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan özünü təqdim etməsini xahiş etmişlər. O, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğu üçün onu saxladıqlarını bildirmiş, müvafiq sənədləşmə aparılması və üstünə baxış keçirilməsi üçün şərait olmadığından onu Sumqayıt şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və birlikdə 5-ci Polis Bölməsinə getmişlər. Polis Bölməsində öz istəyi ilə dəvət olunmuş Sumqayıt 1 saylı Vakil Bürosunun vəkili X2 iştirakı ilə onun üzərinə baxış keçirilmiş və ona təklif olunmuşdur ki, üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etsin. O, bu təklifdən sonra özü əynində olan qara rəngli şalvarın sağ yan cibindən tanımadığı şəxsdən aldığı narkotik vasitə heroin olan 01 ədəd gümüşü bükümü çıxarıb təqdim etmişdir. Üzərindən aşkar olunan kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 2,15 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin narkotik vasitə zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 125 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılıb götürülmüş və o da həmin zərfin üzərini və bu barədə tərtib olunmuş protokolu imzalamışdır. Üzərindən aşkar olunan narkotik vasitə heroini 08 aprel 2022-ci il tarixdə, səhər saat 10 radələrində, Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən özü istifadə etmək üçün 50 manata şəxsi istifadəsi üçün almış, heç vaxt narkotik vasitələrin alqı satqısı ilə məşğul olmamş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq göstərilməmşdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin 5-ci PB-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olması barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul olunduqdan sonra müvafiq əmrlə ondan, 5-ci PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2, CA üzrə kiçik inspektor, polis baş serjantı Şahid3 və KTB-nin inspektor-kriminalisti, polis mayoru Elnur Qocayevdən ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 17:20-də anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi, Qayalı mərasim evinin yaxınlığında saxlayıb özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 5ci PB-nə dəvət etmiş, Təqsirləndirilən şəxs də heç bir müqavimət göstərmədən onlarla 5-ci PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi təqdim olunmuş və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və Təqsirləndirilən şəxs də buna etiraz etməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim olunmuşdur. X3 tərəfindən aparılırmışdır. X5 saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs özü əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd gümüşü bükümdə içərisində qəhvəyi rəngli narkotik vasitə heroin kütləsini çıxarıb stolun üzərinə qoyaraq təqdim etmişdir. Həmin 01 ədəd gümüşü rəngli büküm özü tərəfindən açıldıqda sellofanın içərisindən qəhvəyi rəngli, heroin maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda, üzərindən aşkar olunan maddənin narkotik vasitə “heroin” olduğunu, narkotik vasitə olan heroini 08 aprel 2022-ci il tarixdə, səhər 10 radələrində, Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında olan zaman tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroin elektron tərəzidə çəkilmiş, maddənin çəkisinin 2,15 qram olduğu müəyyən edilmiş. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 242 saylı möhürü ilə möhürlənmiş və üzərində qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı təzyiq göstərilməmiş, o, könüllü olaraq törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə onlarda əməliyyat məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci PB-nin polis sahə rəisi, polis kapitanı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək anoloji ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 6/1989 №li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 242” möhür əksi, “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,756 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (Heroinin təmiz çəkisi-1,756 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1,706 qram). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2316 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində ASİLİLİQ SİNDROMU (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar hesab edir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayəti törədən zaman məhkumluğu olmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, barəsində həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, cəza çəkmə müddətinin başlanğıcı 23 avqust 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və xx.xx.2022-ci il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza müddətinə daxil edilməklə çıxılmalı və qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,706 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2022-ci il tarixli (İş № 1(060)-559/2022) qərarını icra edərək, 20 iyun 2022-ci il tarixli 903 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 23 avqust 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,706 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-559/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-559/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver