Məhkəmə qərarları › İş №1(060)-559/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-559/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-559/2024 23.08.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, heç yerdə işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 29 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 26 aprel 2024-cü il tarixdə saat 19:30 radələrində Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 25 nömrəli məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gətirilərək üzərində aparılan şəxsi axtarış zamanı 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,180 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, evi təmir etdiyindən krant almaq üçün evdən çıxmış, yolda əvvəldən tanıdığı, anket məlumatlarını bilmədiyi Elman adlı şəxslə əl verib görüşmüş, bu zaman narkotik vasitə onun əlinin içinə yapışmış, həmin vaxt polis əməkdaşları yaxınlaşıb onu tutmuşlar, lakin Elman adlı şəxs oradan uzaqlaşmış, onu tutmamışlar. Əlinə baxdıqda narkotik vasitə olduğunu görmüş, yerə atmışdır. O, əlindəkinin kakos olduğunu düşünmüş, lakin büküm açıldıqda metamfetamin olduğunu görmüşdür. Bölmədə üzərinə şəxsi axtarış keçirilərkən narkotik vasitənin özünə məxsus olduğunu bildirmiş, nə müdafiəçiyə, nə də videoçəkiliş zamanı narkotik vasitənin ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Ona demişlər ki, CM-nin 234.1-ci maddəsi ilə onu həbs etməyəcəklər, iki gün bölmədə saxlanıldıqdan sonra buraxılacaqdır, buna görə də əməli etiraf etmişdir ki, azadlığa çıxsın. Polis bölməsində olarkən ona qarşı təzyiq göstərilməmişdir. Əvvəl də məhkum olunmuş, azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Evdə əlil uşağı vardır, özünün də vəziyyəti pisdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, narkotik vasitələrdən və psixotrop maddələrdən mütəmadi olaraq istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi psixotrop maddə almaq qərarına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldığı gün, yəni 26 aprel 2024-cü il tarixdə günorta saatlarında Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman tanımadığı şəxsdən öz istifadəsi üçün 10 manat məbləğində 1 ədəd bükümdə psixotrop maddə metamfetamin almış və üzərində saxlamışdır. 26 aprel 2024-cü il tarixdə təxminən saat 19:30 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 25 nömrəli məktəbin yaxınlığında olduğu zaman mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və onu narkotik vasitə üzərində daşımağında, gəzdirməyində və istifadəsində şübhəli olduğu üçün Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Orada xidməti otaqda onları ora gətirən polis əməkdaşları və ona dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirməzdən əvvəl ona hüquq və vəzifələri izah olunmuş, sonra ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş, o da əynindəki şalvarının sağ yan cibində saxlamış olduğu 1 ədəd bükümü təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bəznər maddə olduğu müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı üzərindən 1 ədəd bükümdə psixotrop maddə metamfetamindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Həmin maddə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq zərf paketin üzəri onun və digər iştirakçıların tərəfindən imzalanmışdır. Polis bölməsində ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş maddə psixotrop maddə metamfetamindir, ona məxsusdur. Öz istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə Sumqayıt ŞPİ-nin, 3-cü PB-nə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda onunla yanaşı 3-cü PB-nin baş əməliyyat müvəkkili Şahid1 iştirak etmişdir. 26 aprel 2024-cü il tarixdə, saat 19:30 radələrində Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 25 saylı məktəbin yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Sumqayıt ŞPİ-nin, 3-cü PB-də xidməti otaqda videoçəkilişlə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet vardırsa təqdim etməyi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bu barədə soruşulduqda o, üzərində aşkar olunmuş maddənin metamfetamin olduğunu, günorta saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən şəxsi istifadə üçün 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm tərəziyə qoyulub çəkilən zaman, həmin maddənin çəkisi təxminən 0.30 qram olduğu müəyyən edilmişdir. Bundan sonra təhqiqatçı həmin bükümü ekspertizaya göndərilməsi üçün qablaşdırmışdır. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış, icraata qəbul edilmiş və ibtidai istintaqı aparılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon, 25 saylı məktəbin yaxınlığında xx.xx.2024-cü il tarixdə saat 19:30-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əvvəlcə ondan üzərində cinayət xarakterli hər hansı bir əşya və predmetin olub-olmadığı soruşulmuş, belə əşya və predimet varsa könüllü şəkildə çıxarıb təqdim etməsi təklif edilmiş, təklif əsasında Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızma bükümünü çıxarıb təqdim etdi. Həmin siqaret kağızı bükümü açıldı. Bükülü açılan zaman içərisindəki ağ şəffaf rəngli kristiallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərkən üzərindən hər hansı bir əşya və predmet aşkar olunmadı. Sorğu zamanı üzərindən aşkar edilən 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündəki maddənin “metafetamin” olduğunu, həmin psixatrop maddəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən bükümünü 10 manata aldığını və şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirdi. Üzərindən aşkar edilən və “metamfetamin” olduğunu bildirdiyi maddənin özünə məxsus olduğunu, polis əməkdaşları tərəfindən saxlanılarkən, o cümlədən 3-cü PB-yə gətirildikdən sonra ona qarşı hər hansı bir qanuna zidd hərəkətlərə yol verilmədiyini bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində şəffaf rənlgi, kristallik formalı maddə gümüşü rəngli kağız bükümü ilə birgə elektron tərəziyə qoyularaq çəkildi və kağız bükülü ilə birgə çəkisi 0.33 qram oldu. Bundan sonra həmin bükülü kağız zərfə qoyularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-ə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 127 saylı möhürü ilə möhürləndi, zərfin üzərində müvafiq qeydlər aparıldı və imzalandı. İş materiallarında olan məhkəmə kimyəvi ekspertizasının 3-16-16/2-6/2315 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №127” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,180 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in İ siyahısına daxildir. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,130 qram metamfetamin qalıq qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilir. Həmin qovluqda olan videogörüntüdə 26 aprel 2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 41-ci məhəllə, yataqxana 1, otaq 29 ünvanında yaşayan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən 25 saylı məktəbin yaxınlığında saxlanılmış və üzərinə Sumqayıt ŞPİ-nin, 3-cü PB-nin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Araz Əliyev tərəfindən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarım müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirildiyi, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 01 ədəd siqaret kağızlna bükülmüş bükülünün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunduğu, həmin bükümün çəkisi 0.33 qram olduğu müəyyən edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxsm üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmetin aşkar olunmadığını görünür, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının şifahi suallarına cavab olaraq üzərində aşkar olunmuş maddənin metamfetamin olğunu, həmin psixotrop maddəni xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Corat qəsəbəsindən tanımadığı şəxsdən bükümünü 10 manata aldığını və şəxsi istifadəsi üzərində saxladığını bildirmişdir.. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə 04 ay 16 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)-231/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Mehdiyev Sadiq və xx.xx.2013-cü il təvəllüdlü Mehdiyev Xaliq adlı övladları vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 3305 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli müddətsiz əlil olması ilə əlaqədər olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,180 qram psixotrop maddə metamfetamin və üzərində şəxsi axtarış aparılarkən videokamera ilə çəkilərək DVD diskə yazılmış videoçəkiliş maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamış, ittihamda qeyd olunan hallar məhkəmə araşdırması zamanı bir daha sübuta yetirilmişdir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olması onun cəzasını yüngülləşdirən haldır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin residivini müəyyən etmişdir. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 ay 27 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun həbsdə olması nəzərə alınmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.130 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-559/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 877 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 (on dörd) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) ay 27 (iyirmi yeddi) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza Təqsirləndirilən şəxs hazırda təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin və onun həbsdə olması nəzərə alınsın. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlilliyi ilə əlaqədar narkomaniyadan məcburi müalicə tətbiq edilməsinin mümkün olmaması nəzərə alınsın və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0.130 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 14 (on dörd) saat hüquqi yardıma görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar