Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-559/2025 24.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X3, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 15 avqust 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, 01 (bir) ədəd sellofan bükümdə, xeyli miqdarda, təmiz çəkisi 0,635 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə etməklə əynindəki göy rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 09 iyun 2025- ci il tarixdə, saat 12:48 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 2 ünvanının qarşısında saxlanılmaqla orada üzərinə keçirilmiş baxış zamanı 0.635 qram ağ rəngli, kristal şəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə vəziyyəti pisdir. İttihamda qeyd edilən formada baş vermişdir. Belə ki, evdən işə getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmış və videoçəkiliş aparılmışdır. Üzərindən metamfetamin adlanan narkotik vasitə aşkar edilmişdir. İran İslam Respublikası vətəndaşından telefon vasitəsi ilə əlaqə saxlamış və həmin narkotik vasitəni əldə etmişdir. Xarici vətəndaşı tanımır, onun kart hesabına pul göndərmişdir. O, yalnız metamfetamin adlanan narkotik vasitədən 1-2 aydır istifadə edir. Əvvəllər məhkum olmuşdur. O, ayda 25 manata əldə etdiyi təxminən 01 qram çəkidə olan narkotik vasitədən istifadə edir. Ona hər hansı təsir və ya təzyiq edilməmişdir. Əməlindən peşmandır. Barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması növdə cəzanın müddətinin artırılmasını xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, üç ilə yaxın müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2025-ci il tarixdə, saat 12:48 radələrində ünvan 3 ünvanının yaxınlığında hərəkət edən zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını və narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib, üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyib, hüquqlarım izah edərək, üzərində qanunla qadağan olunmuş hansı əşyalar olduğunu soruşduqda o əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı bir ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetamini polis əməkdaşlarına təqdim elmişdir. Təqdim eldiyi bir büküm psixotrop maddə metamfetamin elektron tərəzidə çəkilərək 0.68 qram olması müəyyən olunaraq qablaşdırılmışdır və sənədləşmə işləri aparmaq üçün polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gəlmişdir. 1-ci PB-də otaqların birində polis əməkdaşlarının və ona təqdim olunmuş vəkil X5 iştirakı ilə və onun razıhğıyla videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan olunmuş heç bir əşya aşkar olunmamışdır. Sorğu zamanı həmin psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün Bakı şəhəri, 20 yanvar metro stansiyasının yaxınlığında özünü İİR-nın vətəndaşı kimi təqdim edən Ramiz adlı şəxsdən 20 manata aldığını bildirmişdir.Polis əməkdaşları onu saxlayan zaman üzərindən aşkar olunan psixotrop maddə metamfetamin bir daha onun iştirakıyla elektron tərəzidə ölçülmüşdür. Həmin psixotrop maddə polis əməkdaşları tərəfindən yenidən qablaşdırılaraq bu barədə protokol tərtib olunmuşdur. Protokol tərtib olunduqdan sonra isə ucadan oxunmuş və digər iştirakçılarla birlikdə protokola imza etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 09 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 1-ci PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda ondan əlavə Nurlan Bayramov və Şahid1 iştirak etmiş, rəhbərliyi özü etmişdir. Videoçəkilişlə təqsirləndirilən şəxsə qanunla gəzdirilməsi qadağan olan əşya varsa təqdim etməsi təklif edirlmişdir. Sonuncu könüllü olaraq üzərində olan şalvarın yan cibində saxladığı psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Tərəzidə həmin kütlə çəkilmiş və qablaşdırılaraq təhqiqatçıya təqdim edilmişdir. Həmçinin təqsirləndirilən şəxs onlara kartla bağlı hər hansı məlumat verməmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə 1ci PB-yə əməliyyat məlumatı daxil olmuş, daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək ünvan 4 ünvanına götürülmüşdür. Həmin gün saat 12:48 radələrində Təqsirləndirilən şəxs həmin ünvanın qarşısında dayanmasını görüb sonuncunu müşahidə etdikdən sonra videoçəkiliş aparmaqla Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülü açıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli, kristal şəkilli kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin büküm dəki maddənin şüşə olduğunu, həmin maddəni tanımadığı özünü İİR-nın vətəndaşı kimi təqdim edən Ramiz adlı şəxsdən 20 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs 1-ci PB-nə aparmışlar. Polis bölməsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin maddə ekspertizaya göndərilməsi üçün qablaşdırı laraq üzəri imzalanmışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - Təqsirləndirilən şəxs ünvan 4 ünvanında qarşısında xx.xx.2025-ci il tarixdə saat 12:48də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokol və xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, mülki geyimli polis əməkdaşları xx.xx.2025-ci il tarixdə, saat 12:48 radələrində ünvan 4 ünvanının qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq saxlayırlar. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirirlər və üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif edirlər. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cinsinin sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümün içərisində şüşə olduğunu, həmin metamfetamini tanımadığı İİR-nın vətəndaşı Ramiz adlı şəxsdən şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirir. Həmin bükülü açılan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olması aşkar olunur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0.68 qram olması müəyyən edilir. Bundan sonra həmin maddə qablaşdırı laraq üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. -xx.xx.2025-ci il tarixli "Təqdim olunmuş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və xx.xx.2025-ci il tarixli elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında protokoldan görünür ki, təhqiqatçı Şahmar Səfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq 1-ci PB-nə gətirildiyini bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığını bildirib polis əməkdaşlarına və müdafiəçi X6 özlərini təqdim etməsini deyir, onlar da özlərini təqdim edirlər. Şəxsi axtarış aparı İmazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya maddə varsa təqdim etməsini təklif edir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanununla qadağan olunmuş əşya və ya maddə aşkar olunmur. Təhqiqatçı masanın üzərində olan bağlamanı göstərərək Təqsirləndirilən şəxs həmin bükülünün ona məxsus olub-olmadığını və içərisində nə olduğunu soruşur, sonuncu da həmin bağlamanın ona məxsus olduğunu, üzərindən götürüldüyünü və içərisində narkotik vasitə olan marixuana olduğunu bildirir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində psixotrop maddə metamfetaminə bənzər ağ rəngli kristal şəkilli kütləsinin olması aşkar olunur. Bundan sonra həmin maddə elektron tərəzidə çəkilərək çəkisinin 0,83 qram olması müəyyən edilir, sonra isə ekspertizaya göndərilməsi üçün qablaşdırılır və üzəri möhürlənir. Sonda isə çəkiliş dayandırılır. - Məhkəmə-kimyəvi ekspertizasının 20/447 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərllər üçün 125*’ dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0.635 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi - 0,635 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,585 qram. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yasamal rayon məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 18 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-492/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmənin şifahi sorğusuna cavab olaraq verilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Yasamal Rayon Məhkəməsinin 1(004)-492/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 07 ay 08 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 01 il 10 ay 03 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 09 ay 15 gün təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 3464 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,635 qram təmiz çəkidə psixotrop maddə olan metamfetamindən məhkəmə-kimyəvi ekspetizası təcrübəsindən sonra qalıq almış 01 ədəd bükümdə 0,585 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc yerinə təhvil verilmiş, 02 ədəd disk sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il təvəllüdlü Dərya Hüseynzadə adlı övladı var. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 07 ay 18 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin: - 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alınsın. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkumluğunun olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 09 (doqquz) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,585 qram çəkidə psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəsissəsində dispanser qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-559/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 1216 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarı ilə müəyyən edilmiş dəyişikliklərlə 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 09 (doqquz) ay 01 (bir) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qətimkan tədbiri ləğv edilərək “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından həbs edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Hökmün icrası Sumqayıt şəhəri Polis İdarəsi və Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına həvalə edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın . Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,585 qram çəkidə psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-559/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-559/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver