Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-56/2021 23.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mansurov Elvin Vidadi oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1967-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə ona tanışı Vüqara məxsus mebel əşyalarını Rusiya Federasiyasına çatdırılması üçün müraciət etmiş Zərərçəkmiş şəxs həmin əşyaları Rusiya Federasiyasına çatdıracağı barədə yalan məlumat verib aldadaraq 17 aprel 2020ci il tarixdə saat 22:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Füzuli küçəsi, 43/63 saylı fərdi evin həyətində 1702 manat 60 qəpik ekvivalentində 1000 ABŞ dollar pulunu aldatma və etibardan sui-istifadə etməklə alıb ələ keçirərək Zərərçəkmiş şəxs 1702 manat 60 qəpik (min yeddi yüz iki manat altmış qəpik) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X1 onun oğludur. Elvin Rusiya Federasiyasında yaşayır. O, əvvəllər yükdaşıma xidməti ilə məşğul olub. Zərərçəkmiş şəxs hadisədən sonra tanımış, əvvəllər aralarında heç bir münasibət olmamışdır. Oğlu Elvin 2020-ci ilin mart ayında onun mobil telefonuna zəng vurub demişdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayan Vüqar adlı tanışının həmin şəhərdə yerləşən restoranı üçün mebel avadanlıqlarını və qab-qacaqları Moskva şəhərinə daşınıb aparılmasını təşkil etmək lazımdır. O, Elvinə həmin əşyaları Moskva şəhərinə daşınmasını təşkil edəcəyini demişdir. Bir neçə gün sonra bir nəfər şəxs onun mobil telefonuna zəng vurub Vüqarın qohumu olduğunu, adının Qalib olduğunu bildirərək Vüqara məxsus mebellərin onun köməkliyi vasitəsi ilə Rusiya Federasiyasına daşınacağını soruşmuşdur. O, Qalibə yalandan həmin əşyaların Rusiya Federasiyasına daşınmasını təşkil edəcəyini demişdir. Qalib ona Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mebel sexinə gedib Vüqarın restoranı üçün mebellər götürməsini, Sumqayıt şəhərində müvafiq bir yerə gətirməsini demişdir. O, Qalibə həmin mebelləri qaynanasının Sumqayıt şəhəri, Corat qəsəbəsi, M.Füzuli küçəsi, 43/63 saylı fərdi evin həyətinə daşıyıb gətirəcəkdir. Qalib onunla razılaşmışdır. O, 17.04.2020-ci il tarixdə Bakı şəhəri, 3-cü mikrorayon ərazisinə gedib orada olan mebel sexindən mebel əşyalarını götürüb xatırlamadığı yükdaşıma xidmətinə məxsus avtomobillə qaynanasıgilin Corat qəsəbəsi, M.Füzuli küçəsi, 43/63 saylı fərdi evin həyətinə gətirib boşaltmışdır. Həmin gün axşam saat 22:00 radələrində Qalib dostu sonradan adını bildiyi Nurlanla birlikdə qaynanasıgilə gəlmişlər. Onlar onun gətirdiyi mebellərə baxmışlar. Sonra Qalib ondan yükləri Rusiya Federasiyasına neçəyə və hansı müddətə çatdıracağını soruşduqda ona ilkin olaraq 2000 ABŞ dolları pul verəcəyini bildirmişdir. Eləcə də demişdir ki, əşyalar bir həftəyə Moskva şəhərinə çatdırılacaq. Həmin vaxtı Qalib evin giriş qapısının yanında ona 1000 ABŞ dolları pul vermişdir. Qalan 1000 ABŞ dollar pulu isə yaxın vaxtlarda ona verəcəyini demişdir. 20 aprel 2020-ci il tarixdə Qalib və dostu sonradan adını bildiyi Vüsal Sədərək ticarət mərkəzindən Vüqarın restoranı üçün aldığı qab-qacaqları qaynanasının Sumqayıt şəhəri, Corat qəsəbə ərazisindəki evinin həyətinə gətirib yığmışlar. Çünki o, Qalibə demişdir ki, Vüqarın restoranı üçün alacağı əşyaları həmin ünvana gətirib yığsınlar. Sonradan o, həmin əşyaları Abşeron rayonu, Sulutəpə qəsəbəsində yerləşən əvvəllər bir yerdə işlədiyi Rəşid adlı şəxsin plasmas materiallar hazırlayan müəssiəsinin həyətinə yığmışdır. Qalibin ona verdiyi 1000 ABŞ dollar pulu isə öz ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs yalandan qohumu Vüqara məxsus əşyaların Rusiya Federasiyasının Moskva şəhərinə daşınmasına köməklik edəcəyini vəd etmiş, lakin əsl məqsədinin Qalibin qohumu Vüqara məxsus əşyaların Rusiya Federasiyasının Moskva şəhərinə daşınması adı ilə aldadıb ondan pul alıb ələ keçirmək və həmin pulları öz ehtiyacları üçün xərcləmək olmuşdur. Qalibdən aldığı puldan oğlu Elvinə heç bir məbləğdə pul verməmiş, Qalibdən aldığı pulu Elvinə göndərməmiş, həmin pulu öz ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Dəymiş ziyanı gələcəkdə ödəyəcəkdir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Vüqar adlı şəxs onun qohumudur. Vüqar Rusiya Federasiyasında yaşadığından burada onun şəxsi və digər işlərini görür. 2020-ci ilin mart ayında Vüqar ona 25000 ABŞ dolları pul göndərmişdir ki, Moskva şəhərində olan restoranı üçün Bakı şəhəri, 3-cü mikrorayon ərazisndə yerləşən mebel sexindən mebellər alsın. Vüqar həmçinin ona demişdir ki, Moskva şəhərində yaşayan Elvin adlı şəxslə danışmışdır. Aldıqları əşyaları Elvin adlı şəxsin yükdaşıma xidməti ilə məşğul olan atası Süleymanın vasitəsi ilə Rusiya Federasiyasına göndərəcəklər. Eləcə də Vüqar ona Süleymanın mobil telefonunun nömrəsini vermişdir. O, Süleymanla əlaqə saxlamışdır. Süleyman ona demişdir ki, alacağı mebelləri və digər əşyaları onun qaynanasının Sumqayıt şəhəri, Corat qəsəbəsində yaşadığı evinin həyətinə boşaltsın. O, Süleymana demişdir ki, Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mebel sexinə gedib Vüqarın restoranı üçün mebellər götürsün, sonra qaynanasının Sumqayıt şəhəri, Corat qəsəbəsindəki yaşadığı evin həyətinə boşaltsın. 17.04.2020-ci il tarixdə Süleyman Bakı şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən mebel sexindən Vüqarın restoranı üçün mebellər götürüb Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinin həyətinə daşıyıb aparmışdır. O, həmin gün saat 22:00 radələrində dostu Nurlanla Süleymanın qaynanasının Sumqayıt şəhəri, Corat qəsəbəsindəki evinə gedib aldığı mebellərə baxmışdır. Sonra Süleymanla söhbət edərkən o, yükdaşıma xidməti ilə məşğul olduğunu bildirmişdir. O, Süleymandan yükləri Rusiya Federasiyasına neçəyə və hansı müddətə çatdıracağını soruşmuş, Süleyman ona ilkin olaraq ondan 2000 ABŞ dolları pul istəmişdir. Eləcə də yükləri bir həftəyə Mosva şəhərinə çatdıracaqını demişdir. O, həmin vaxtı Süleymana evinin giriş qapısının yanında 1000 ABŞ dolları pul vermişdir. Qalan pulu isə yaxın vaxtlarda Süleymana verəcəyini demişdir. Həmin vaxtı dostu Nurlan da onların yanında olmuşdur. 18.04.2020-ci il tarixdə saat 17:11 radələrində o, Bakı şəhəri, Səbail rayonunda yerləşən marketdə olan milliön aparatı vasitəsi ilə 900 manat pulu Vüqarın ona dediyi Süleymanın oğlu Elvinin tanışı Həsənov İmran adlı şəxsin kart hesabına köçürmüşdür. Eləcə də Vüqar ona demişdir ki, dostu Vüsala 11000 manat pul vermişdir ki, Sədərək ticarət mərkəzindəki obyektlərin birindən qab-qacaq əşyaları alsınlar. 20 aprel 2020-ci il tarixdə o, Vüsalla Sədərək ticarət mərkəzinə gedib oradakı obyektlərdən Vüqarın restoranı üçün qab-qacaq almışdır. Həmin gün o, və Vüsal aldıqları qab-qacaqları Süleymanın Sumqayıt şəhərindəki evinə aparıb daşımışlar. Bundan bir həftə keçdikdən sonra Süleymandan heç bir xəbər çıxmamışdır. O, Süleymanın mobil telefonuna zəng vurub əşyaların daşınması ilə maraqlandıqda o, müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra o, bir neçə dəfə də Süleymanla əlaqə saxlasa da o, müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan onlara məlum olmuşdur ki, Süleyman həmin malları Moskva şəhərinə daşımamış, həmin əşyaları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən zavoda girov qoymuşdur. Çünki onun həmin zavoda borcu olduğu üçün həmin əşyaları zavoda girov qoymuşdur. Bir neçə gündən sonra Süleyman malları onlara qaytarmışdır. O, həmin əşyaları Vüqarın Binəqədi rayonu, Novxanı qəsəbəsi ərazisindəki evinin həyətinə aparıb daşıyıb yığmışdır. Təqsirləndirilən şəxs ona yükdaşıma xidməti ilə məşğul olduğunu, yüklərinm daşınması müqabilində ondan əvvəlcə 2000 ABŞ dollar pul istəmiş, əvvəlcə Süleymana 1000 ABŞ dollar pulu, sonra onun tanışı Həsənov İmran adlı tanışının kartına 900 manat pulu köçürmüş, 1000 ABŞ dolar pulu Süleymana verərkən yanında dostu Nurlanın olmuş, qalan 900 manat pulu isə onun tanışının kartına köçürərkən yanında heç kəs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan ödənilmədiyindən ona qanuna müvafiq qaydada cəza verilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan sübutların qiymətlənidirilməsi haqqında 14.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 312-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12.09.2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyindən Sumqayıt şəhər Məhkəməsinin 29.03.2021-ci il tarixli qərarı barəsində həbssiz axtarış elan edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə tutularaq Sumqayıt şəhər Məhkəmsinə gətirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də 36 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də 90 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 14.04.2021-ci il tarixdə 01 gün tutulduğu müddət 02 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətləri nəticəsində dəymiş ziyanın ödənilməsi ilə əlaqədar mülki iddia verilmədiyindən, məhkəmə Azərbaycan Respublikası CPM-in 180.2-ci maddəsinə istinad edərək hesab edir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında təqsirləndirilən şəxsə qarşı mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və maddi sübut yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, Təqsirləndirilən şəxs 14.04.2021-ci il tarixdə 01 gün tutulduğu müddət 02 gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri üzrə Probasiya şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs dəymiş ziyanla bağlı Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-56/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-56/2021
23.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver