Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-56/2022 25.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs müdafiəçisi və nümayəndəsi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cu ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Saatlı şəhəri, O.Rzayev küçəsi, ev 10-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs inam və etibarından sui-istifadə edib iş görmək adı ilə vəd verib aldadaraq 2020-ci ilin dekabr ayında Sumqayıt şəhəri, 18ci mikrorayon, 1 saylı evin yanında 6000 (altı min) manat pulunu ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun tanışıdır. O, böyük yük maşınları ilə Sumqayıt-Bakı şəhərlərində yerləşən zavodlara yük daşıtdırmaqla məşğul olur. Günayla münasibəti olduğu üçün 2020ci ilin dekabr ayında onunla mobil telefon vasitəsi ilə danışarkən Günay ona demişdir ki, bankda 6000 (altı min) manat pulu var, o pulu bankdan götürə bilmir, həmin pulu ona verəcək, o da beton-daşımaq işi ilə məşğul olduğu üçün həmin pulu işə qoyub hər ay ona pul verəcəkdir. O da onunla razılaşmışdır. 2020-ci ilin təxminən dekabr ayının 7-də Günayla Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində görüşmüş, Günay ona həmin 6000 (altı min) manat pulu vermiş, aralarında olan razılaşmaya əsasən o Günaya hər ay qazancdan 500 (beş yüz) manat verəcəyini demişdir. O, Günaydan aldığı 6000 (altı min) manat pulun 4000 (dörd min) manatını öz köhnə borclarına vermişdir. Aldığı pula Sumqayıt şəhəri ərazisində yerləşən betonzavoda tanımadığı adamlar vasitəsi ilə çınqıl, atsep və qum daşıtdırmış, lakin ona çatası pulu bu günkü günə kimi ala bilməmişdir. Zərərçəkmiş şəxs ondan verdiyi 6000 (altı min) manat pulun geri qaytarmasını tələb etmiş, lakin betonzavod pulu vermədiyindən Günayın pulunu geri qaytara bilməmişdir və zavoddan pulu aldığı zaman pulun hamısını Günaya geri qaytaracağını bildirmişdir. O, Günayın etibarından sui istifadə etmədiyini, yəni dələduzluq etmədiyini bildirərək ondan borc aldığını, hal-hazırda ona 2800 (iki min səkkiz yüz) manat məbləğində borcu olduğunu və hissə-hissə qaytaracağını bildirmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü təqsirli bilməyərək verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, ibtidai təhqiqat zamanı təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o Saatlı rayonunda yaşasa da, arada-bir Bakı şəhərinə gəlib dəqiq ünvanını bilmədiyi Şamaxinka adlanan ərazidə yerləşən «Qızıl Tac»ın yanındakı əmisi oğlunun evində qalır. Soyadını və atasının adını bilmədiyi Türkan adlı qızı təxminən 9 aydır tanıyır. X1 4-5 ildir ki, tanıyır, onlar dostdular. Zərərçəkmiş şəxs 4-5 aydır ki, tanıyır. O böyük yük maşınları ilə Sumqayıt-Bakı şəhərlərində yerləşən zavodlara yük daşıtdırmaqla məşğul olur. Günayla onun münasibəti olduğu üçün 2020-ci ilin dekabr ayında Günayla mobil telefon vasitəsi ilə danışarkən sonuncu ona demişdir ki, bankda 6000 manat pulu var, o pulu bankdan götürə bilmir, həmin pulu ona verəcək, o da beton-daşımaq işi ilə məşğul olduğu üçün həmin pulu işə qoyub, hər ay ona pul verəcəkdir. O da onunla razılaşmışdır. 2020-ci ilin təxminən dekabr ayının 7-də Günayla Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində görüşmüş, sonuncu ona həmin 6000 (altı min) manat pulu vermiş, aralarında olan razılaşmaya əsasən o Günaya demişdir ki, hər ay qazancdan ona 500 (beş yüz) manat verəcəkdir. 2021-ci ilin fevral ayında Günay zəng edib ona demişdir ki, anası Türkiyədən gəlibdir, təcili olaraq ona verdiyi 6000 (altı min) manat pulu geri qaytarsın. O da Günaya demişdi ki, zavodlardan alacağı var 10-15 günə alıb verəcəkdir. Lakin həmin pulu ala bilməmişdir. Hazırda o zavodlardan həmin puldu ala bilmədiyi üçün Günayın pulunu qaytara bilməmişdir. Günay pulun sadəcə olaraq bankda olduğunu və özünə məxsus olduğunu bildirmişdir. O 6000 (altı min) manat pulu Günaydan götürərək öz işlədiyi işə yatırıb aylıq ona 500 manat pul verəcəkdir. Lakin o zavodda pulu qaldığını bildirib razılaşdırmışdır ki, səbrli olsun pulun hamısını bir yerdə geri qaytaracaqdır. Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulu aldıqdan sonra onu öz işlərinə xərcləmiş, yəni qazancı üçün istifadə etmişdir. O ümumiyyətlə iş görərək pul qazanacağını və hər ay 500 (beş yüz) manat verəcəyini bildirmiş, konkret olaraq nə iş görəcəyini Günaya bildirməmişdir. Aldığı pula Sumqayıt şəhəri ərazisində yerləşən betonzavoda tanımadığı adamlar vasitəsi ilə çınqıl, atsep və qum daşıtdırmış, lakin ona çatası pulu bu günkü günə kimi ala bilməmişdir. Sumqayıt şəhər ərazisində yerləşən betonzavod özəl müəssisə olduğundan heç bir yazılı müqavilələri olmamış və məmulatları daşıyan şəxslərlə də heç bir sənədləşmə aparmamış, onlar müxtəlif şəxslər olduğundan hal-hazırda onlar barədə heç bir məlumata malik deyildir. Günaydan aldığı pulu qeyd etdiyi kimi mal daşıtdırsa da, şəxsiyyətləri barədə heç bir məlumatı olmayan şəxslərə daşıdıqları malın pulu olaraq vermişdir. Mal daşıyan şəxslərlə yalnız iş yoldaşı kimi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs aldığı 6000 (altı min) manatı geri qaytarmaq istəmiş, zavoddan pulu aldığı zaman pulun hamısını Günaya geri qaytaracaqdır. Zərərçəkmiş şəxs istintaqa təqdim etdiyi disklə tanış olaraq, videogörüntüdə olan səs yazısının ona məxsus olduğunu bildirmiş, Günay və onun anası ilə telefonla danışdığını təsdiq etmişdir. Həmin videogörüntülərdə olan ***-***-**-** və ***- ***-**-** saylı mobil nömrələr ona məxsus və danışan şəxs də özü olmuşdur. Həmin gün adını və anket məlumatlarını istintaqa vermək istəmədiyi şəxsin ona ümumiyyətlə verəcəyi olduğundan Günaya həmin gün pul çatdıracağını bildirmiş, lakin Günay onun yoldaşına zəng etdiyindən aralarında mübahisə yaranmış və həmin pulu da götürə bilmədiyindən Günaya pul verə bilməmişdir. Əvvəlki izahat və ifadəsində İbrahim adlı şəxsin ona 8200 (səkkiz min iki yüz) manat borcu olduğunu, lakin Sumqayıt ŞPİ-nin 5-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayevin 29.10.2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda İbrahim adlı şəxsin ona 2500 manat borcunun olması barədə göstərilənlər haqqında bildirmişdir ki, Zaur Ağayev ona 2 nəfər əlavə şikayətçinin gətirməsini bildirmiş və pulu 3 hissəyə bölmüşdür. Həmin qərarda İbrahim adlı şəxsin X3 2000 (iki min) manat, ona 2500 (iki min beş yüz) manat və X4 2000 (iki min) manat borcunun olması, həmin borcların cəmi 8200 (səkkiz min iki yüz) manat deyil, 6500 (altı min beş yüz) manat təşkil etməsi barədə bildirmişdir ki, Zaur özü ona belə dediyi üçün o da elə yazmışdır. Məhkəmədə zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 7-8 ay əvvəl rəfiqəsi Sumqayıt şəhərində yaşayan Türkanın tanışı Xəqani adlı şəxsin vasitəsi ilə Bakı şəhərində yaşayan iş adamı Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. 2020-ci ilin dekabr ayının əvvəllərində Mülkədarla söhbət zamanı, o onda böyük məbləğdə pul olduğunu bilib demişdir ki, beton daşınma ilə məşğul olur və ona təklif etmişdir ki, həmin pulu sərmayə kimi qoyub müştərək xeyir əldə etsinlər. O da ona inanıb özündə olan 6000 (altı min) manat pulu istifadə edib daha da qazanc əldə edəcəyini düşünüb, Mülkədarın müştərək qazanc əldə etmək təklifinə razılaşmışdır. 2020-ci il dekabr ayının əvvəllərində Mülkədar ondan pulu götürmək üçün əvvəlcə ona zəng etmiş, daha sonra yaşadığı evin həyətinə idarə etdiyi «Kia- Optima» markalı, 90(və yaxud 99)-PH-161 dövlət qeydiyyat nişanlı avtomaşınla gəlmiş, o həyətə düşüb onun avtomaşınına oturmuş və üzərində olan ona məxsus 6000 (altı min) manat pulu sayıb ona vermiş, o da pulu təhvil alıb çıxıb getmişdir. Lakin bir müddət sonra Mülkədar ona verdiyi sözə əməl etmədiyi üçün ona zəng etdikdə hansısa zavoddan alacağı var, bir az gözləməsini demişdir. O da ona inanıb gözləmişdir. Ancaq sonradan onunla telefonla əlaqə saxlasa da, zənglərinə cavab vermədiyini görüb onu aldatdığını düşünmüşdür. Bundan sonra Mülkədarın arvadının mobil telefon nömrəsini tapıb ona zəng edib məsələni ona danışaraq, Mülkədarın onu aldatdığını demişdir. O da ona demişdir ki, Mülkədar bu xasiyyətinə görə özü də ondan bezibdir, o başqa şəxsləri də eyni üsulla aldadıbdır. O görəndə ki, Mülkədardan xəbər yoxdur, məcbur olub onun barəsində 09.03.2021-ci il tarixdə şikayət etmişdir. 6000 (altı min) manat pulu 2020-ci ilin dekabr ayının təxminən 7-də yaşadığı evin yanında təklikdə Mülkədara vermiş, həmin vaxt da yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs bu hərəkətləri barədə rəfiqəsi Türkanın tanışı Xəqanin bu haqda əvvəlcədən məlumatı olmamışdır. O bu haqda sonra ona demiş, o da ona «özünüz bilərsiniz» sözünü demişdir. Təqsirləndirilən şəxs ondan iş adı ilə 6000 (altı min) manat pul alıb aldatmasını rəfiqəsi Ayşən adlı qızın, eyni zamanda Mülkədarın tanışı Rüfət adlı şəxsin məlumatı olmuş, o onlara bu barədə demişdir. Ayşən özü də bu məsələ ilə əlaqədar Mülkədara zəng edərək mobil telefonla danışmışdır. Rüfətə bu məsələni danışdıqda isə, o ona demişdir ki, həmin pulun bir qismini, yəni 3600 manatını Mülkədarın qaytaracağına zamin durur, Mülkədar 100 faiz həmin pulu zavoddan alıb 2021-ci ilin mart ayının 02-03-nə kimi ona qaytaracaq, qalan 2400 manatı isə özü düzəldib kimdənsə borc alıb ona qaytaracaqdır. Mülkədara 6000 (altı min) manat pulu verərkən onunla razılaşmışlar ki, o həmin puldan ayba-ay 500 (beş yüz) manat ona qaytarmalıydı. Mülkədar isə 2021-ci ilin yanvar və fevral aylarında ona 500 (beş yüz) manat vermədiyi üçün, ondan pulunun hamısı, yəni 6000 (altı min) manatı tələb etməyə başlamış, bununla əlaqədar onun Mülkədarla olan telefon danışıqları və yazışmaları vardır. Mülkədar da ona pulu qaytarcağına söz versə də, pulu qaytarmadığı üçün 09.03.2021-ci il tarixdə o, polisə şikayət etmişdir. Ona dəymiş ziyan tam ödənilmədiyindən Təqsirləndirilən şəxs ağır cəza verilməsini və ziyanın ödənilməmiş hissəsinə münasibətdə mülki iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan zərərçəkmiş şəxs və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş 30.03.2022-ci il tarixli iltizamnan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 6000 (altı min) manat ziyandan 3200 (üç min iki yüz) manat ödəmiş, 2800 (iki min səkkiz yüz) manat borcu qalmışdır. Məhkəmədə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun rəfiqəsindir. Onun Təqsirləndirilən şəxs tərəfindən aldadılıb 6000 (altı min) manat pulunun ələ keçirilməsindən məlumatı vardır. Belə ki, Günaydan ona məlum olmuşdur ki, Mülkədar iş görmək adı ilə Günayı aldadıb 2020-ci ilin dekabr ayının əvvəllərində onun 6000 (altı min) manat pulu ələ keçirdibdir. Mülkədar Günaya demişdir ki, həmin pulu ayba-ay 500 (beş yüz) manat ona qaytaracaq, lakin vədinə əməl etməmişdir. Mülkədar Günayın pulunu qaytarmadığı üçün, o özü də Mülkədara bir neçə dəfə zəng edib ondan həmin pulu Günaya qaytarmasını xahiş etmiş, lakin o hər dəfə pul qaytaracağını desə də, sözünə əməl etmədiyi üçün Günay gedib onun barəsində şikayət etmişdir. Günay bu məsələ haqda sonradan Mülkədarın tanışları Rüfət və Xəqani adlı şəxslərə də danışmış, onların da bu barədə məlumatları var idi. O Rüfətlə üzbə-üz görüşməmiş, lakin onunla həmin məsələ ilə əlaqədar mobil telefonla əlaqələri olmuşdur. Rüfət demişdir ki, həmin pulun bir qismini, yəni 3600 (üç min altı yüz) manatını Mülkədarın qaytaracağına zamin durur, 3600 (üç min altı yüz) manat pulu hansısa onun bilmədiyi zavoddan alıb Günaya qaytaracaqdır. O Rüfətlə öz nömrəsi ilə danışmışdır. Məhkəmədə əlavə şahid qismində dindirilən X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yerli kimi tanıyır, birlikdə iş görmüşlər. Mülkədarın yük maşınları var. İşlər inkişaf eləyəndən sonra aralarında dostluq münasibətləri yaranmış və heç bir problemləri olmamışdır. 2020-ci ilin sentyabr-oktyabr aylarında Mülkədar ona zəng edərək Sumqayıt ərazisində zavod olduğunu, orada iş görməyin mümkün olduğunu demişdir. O, öz tanışları barədə həmin zavodu araşdırmış və tanışları ona həmin zavoddan narazılıq olduğunu, yəni aldıqları malın pulunu vermədiklərini bildirmişlər. Bunu Mülkədara bildirdikdə o Rüfət adlı tanışının olduğunu və Rüfət ortada varsa heç bir problem olmayacağını ona demişdir. Lakin müəyyən vaxtdan sonra verdikləri malların pulunu ala bilməmişlər. İş materiallarında təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla aralarında olan mobil telefon danışıqlarının səs yazısını və Watsap yazışmalarını özündə əks etdirən 01 ədəd diski istintaqa təqdim etmişdir. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs və onun anası mobil telefonla Təqsirləndirilən şəxs mobil telefon nömrələrinə zəng edirlər və aralarında Günayın Mülkədara verdiyi pulun qaytarılması barədə söhbətləri əks olunmuşdur. İş materiallarından görünür ki, 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb ediyi üçün maddi sübut kimi tanınıb iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 09.08.2021-ci il tarixdə tutulmuş və 11.08.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağı vardır: 11.06.2015-ci il təvəllüdlü X5 və 11.06.2020-ci il təvəllüdlü X2. İş materiallarında olan Saatlı rayon İcra Hakimiyyəti Başçısının Saatlı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 07 oktyabr 2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 26.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə onun barəsində cinayət təqibinin başlanılması və Təqsirləndirilən şəxs, X7 və X8 ilə İbrahim adlı şəxs arasında olan mübahisə mülki xarakter daşıdığından və sonuncunun əməlində cinayət tərkibi olmadığından Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Zaur Ağayev tərəfindən həmin xüsusata hüquqi qiymət verilərək 29.10.2020-ci il tarixdə cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası DİN tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 25.04.2022-ci il tarixli iddia ərizəsindən görünür ki, cinayət nəticəsində vurulmuş 6000 (altı min) manat maddi ziyanın, ödənilməmiş 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 48 (qırx səkkiz) manat məbləğində dövlət rüsumunun cavabdeh Təqsirləndirilən şəxs tutulub ona ödənilməsinə dair iddianın tam təmin edilməsi məhkəmədən xahiş olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş 25.04.2022-ci il tarixli iddia ərizəsi tam təmin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır. Onun özünün müdafiəsi üçün gətirdiyi dəlillər iş materiallarında olan zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işdə olan digər istintaq sənədləri ilə tam təkzib olunaraq törətmiş olduğu cinayət əməli sübuta yetirilmişdir. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, yaşayış yerində müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də 150 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri, təqsirləndirilən şəxsin şəxsiyyətini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, islah olunması məqsədilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası daxilində azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09.08.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək 02 gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, 04 gün kimi hesab edilməli və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla qəti cəza təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası onun yaşayış yeri üzrə Bakı şəhər probasiya İdarəsinə tapşırılmalı, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiası tam təmin olunmalı və iş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 09.08.2021-ci il tarixdən 11.08.2021-ci il tarixədək 02 (iki) gün həbsdə saxlanılma müddəti Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla, 04 gün kimi hesab edilsin və ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 2800 (iki min səkkiz yüz) manat məbləğində pulun və ödənilmiş 48 (qırx səkiz) manat məbləğində dövlət rüsumunun təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. İş üzrə maddi sübut 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-56/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-56/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver