Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-56/2023 07.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1987-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Saray qəsəbəsi, M.F.Axundov küçəsi ev 43-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ona görə ki, o, 09 iyul 2022-ci il tarixdə saat 00:50-də Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən X2rşısında keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs görüb ona yaxınlaşan zaman sonuncunun onu təhqir etməsindən sonra aralarında bu zəmində, yəni şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyyəsinə yumruqla qəsdən bir dəfə zərbə vuraraq ona dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, sağ gözün ağlı qişasına qansızmadan ibarət xəsarət yetirərək Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vurmuşdur. Bununla da, istintaq orqanının qənaətinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 128ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun keçmiş həyat yoldaşıdır. 2009-cu il tarixdə ailə həyatı qurmuş və 2021-ci ilin noyabr ayında aralarında narazılıqlar yarandığından məhkəmənin qərarı ilə onunla boşanmışdır. Bu evlilikdən 1 övladı olmuşdur və həmin övlad hal-hazırda onunla birgə yaşayır. Lamiyə isə özü xalası İradə ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon ev 27, mənzil 18-də yaşayır. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində oğlu Yusiflə birlikdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən H.Əliyev parkında gəzən zaman keçmiş həyat yoldaşı Lamiyə və xalası İradənin həmin parkda gəzdiyini görmüşdür. Bundan sonra onlara yaxınlaşmayaraq oğlu Yusifi taksi ilə evə yola salmışdır, sonra kənarda oturaraq lamiyənin və İradənin evə getməsini gözləmişdir, gec olduğundan belə etmiş, onlar da onu görmüş, hətta Lamiyə ilə gizlənpaç da oynamışdır. Həmin hadisə olan vaxt o Lamiyəyə gec olduğunu və evə getməsini desə də, o əlində olan suyu onun üstünə tökmüşdür. O 3 oturacaq (skamya) aralıda onların yanında oturmuşdur. Sonra onlar evə getmək istədikdə o da onların arxasınca getmişdir, Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYŞ-nin yanında Lamiyə telefonu çıxarıb onu çəkməyə başlamış, bu zaman Lamiyənin onu çəkmək istədiyini görüb dərhal oradan uzaqlaşmışdır. Hadisə zamanı Lamiyə ilə heç bir mübahisə yaranmamış, Lamiyəni vurmamış, ona toxunmamış, Lamiyə ona böhtan atmışdır. Boşanmaqlarına baxmayaraq o hər gün Lamiyəgilin yanında olmuşdur. Həmin hadisədən 7-8 gün qabaq o Lamiyəni içki məclisində tutmuşdur. Lamiyə yüngül həyat tərzi keçirdir. Övladından da imtina etmişdir. Həmin vaxt o onlardan aralanıb getmişdir. Lamiyə gözünün qızarmasından istifadə edərək ondan DİN-nin 102 xidmətinə zəng edərək şikayət etmişdir. Ona 20 gün ərzində heç bir məlumat verilməmişdir. Guya onu axtarışla tutmuşlar, amma o həmişə Sumqayıtda işləyir. Onu nə axtarışa veriblər, nə də tutublar. Evlə bağlı məhkəmə işini udduğu üçün Lamiyə ona şər-böhtan atır. Lamiyə dələduzluq edərək evi qanunsuz olaraq anasının adına keçirmişdir. O məhkəmədə qalib gəlmişdir, məhkəmənin qətnaməsi ondadır. Lamiyənin dərdi mülkdür. Hadisə vaxt o Lamiyəni vurmamış, ona hər hansı bir xəsarət yetirməmişdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 27A, mənzil 18-də ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxsla 2009-cu il tarixdə ailə həyatı qurmuş və bu evlilikdən 1 övladı olmuşdur. 2021-ci ilin noyabr ayında onunla aralarında narazlıqlar yarandığından məhkəmənin qərarı ilə ondan boşanmışdır. Təqsirləndirilən şəxsla boşandıqdan sonra Nəriman daima onu narahat edərək onun dalınca düşmüş və onu sərbəst yaşamağa qoymamışdır. O, daima onun iş yerinə və digər olduğu yerlərə gələrək onu güdmüşdür. O, da hər dəfə Nərimana ondan ayrı gəzməsini söyləsə də, Nəriman ondan əl çəkməmişdir. Hətta bir neçə dəfə onu döydüyünə görə onların araşdırmaları polis bölmələrində olmuşdur və məhkəmə də Nərimanı cərimə edib buraxmışdır. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində o, xalası Şahid1 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mkr ərazisində yerləşən H.Əliyev adına parkda gəzən zaman Təqsirləndirilən şəxs yenidən qəfildən qarşılarında peyda olmuş və o da xalası ilə birlikdə Nərimandan uzaqlaşıb evə tərəf getməyə başlamışdır. Təxminən saat 00:50-də o, xalası İradə ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən TTYŞ-nin qarşısında olan zaman xalası İradə telefonla danışmaq üçün ondan qabağa keçmişdir. Təqsirləndirilən şəxs onun tək olduğunu görüb ünvanına nalayiq küçə söyüşləri söyməyə başlamışdır. O da həmin vaxt Nərimana nalayiq sözlər işlətmişdir. Bu zaman xalası İradə səs-küyü eşidib geri dönüb onun yanına gələn zaman Təqsirləndirilən şəxs qəfildən onun üzərinə hücum çəkərək onun sağ göz nahiyəsinə qəflətən qəsdən 1 dəfə yumruqla zərbə endirmişdir. O, zərbənin təsirindən huşunu itirib yerə yıxılmışdır. Həmin vaxt xalası İradə onu yerdən qaldırmış və Təqsirləndirilən şəxs oradan qaçmışdır. Onlar da bu barədə polisə məlumat vermişlər. Daha sonra evə gəlmişdir. Evə gələn zaman anası Şahid2 zəng etmiş və anası evə gələn zaman gözünün qızardığını görüb olub keçəni ona danışmışdır. Hadisə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində TTYŞ-nin qarşısında baş vermiş, 3-5 dəqiqə davam etmiş, ətrafda kənar şəxslər toplaşmamışdır. Nəriman onu vurduqdan sonra ona demişdir ki, “səni mən vurmamışam”. İndi o gözü ilə bağlı eynək taxır. Təqsirləndirilən şəxs barəsində ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs onun qızı, Nəriman isə keçmiş kürəkənidir. 2021-ci ilin noyabr ayında Lamiyənin Nərimanla aralarında baş verən narazlıqlarla bağlı boşanmasından sonra Nəriman daima onun qızını narahat etmiş, daima Nəriman küçədə onu təhqir etmiş, 09 iyul 2022-ci il tarixdə yaşadığı Salyan rayonundakı evində olan zaman gecə radələrindən qızı onun istifadəsində olmuş ********** saylı nömrəyə zəng edərək Nərimanın küçədə onu vurduğunu deməsindən sonra dərhal qızının yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayondakı evinə gəlmiş, evə çatan zaman qızı Lamiyənin göz nahiyyəsində xəsarət olduğunu görüb ondan nə baş verdiyini soruşmuş, qızı Lamiyə isə Nərimanın onu vurduğunu demişdir. Həmin vaxt bacısı İradə də orada olmuşdur. Həmin gün gecə saat 1- 2 radələrində qızı zəng edib ona demişdir ki, “ana, mənim gözüm çıxır.” Qızının səsi də tutulmuşdur. O gələndə qızının gözünün qızardığını və səsinin tutulduğunu görmüşdür. Qızı demişdir ki, “mən özümü öldürəcəyəm, daha dözə bilmirəm. Bu qədər insana əzabəziyyət vermək insana yaraşmayan hərəkətdir.” Bacısı ona demişdir ki, “mən neyləyim, bacara bilmirəm.” Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təhqiqatda verdiyi izahatını və istintaq zamanı verdiyi ifadəsini təkzib edərək, həmin sənədlərdəki imzanın onun olmadığını bildirərək göstərdi ki, o təqsirləndirilən şəxsi tanıyır, Nəriman onun bacısının keçmiş kürəkənidir. Zərərçəkmiş şəxs onun bacısı qızıdır. O bacısının xahişi ilə 7-8 ay olardı ki, bacısı qızının yanında qalırmış. Bacısı qızının yaşadığı evdə onunla birlikdə yaşamışdır. Demək olar ki, bütün hər şeyin şahidi olmuşdur. Onlar hara getmişlərsə, Nəriman onların yanında olmuşdur. Səhər və ya axşam fərq etmir, haraya getmişlərsə Nəriman onların yanında olmuşdur. Halbuki onlar 2021-ci ilin noyabr ayının 16-da boşanmışlar. O isə bacısını fevral ayının əvvəlində toyda görmüş, Xırdalanda toyda bacısı ona demişdir ki, onun qızının ailəsi dağılmışdır. Həmin vaxt ondan xahiş etdiyi üçün o gəlib bacısı qızının yanında qalmışdır. xx.xx.2022-ci il tarixdə yenə də onlar axşam saatlarında çörək yedikdən sonra H.Əliyev parkında gəzmək üçün çölə çıxmışlar. Həmişə olduğu kimi həmin vaxt Nəriman da onların yanında olmuşdur. Yenə də onlar bir-biriləri ilə sözləşmişlər. Nəriman Lamiyəyə demişdir ki, “gəl ailəmizi bərpa edək, uşağımız var.” Lamiyə Nərimanın üstünə su tökmüşdür, bir-birlərinin şəklini çəkmişlər, bir-birlərinin dalınca qaçmışlar. Lamiyə Nərimanı telefonla çəkmişdir. Onlar 13-cü mikrorayona ərazisinə dönən yerdə Suffle mağazasının yanına gəlmişlər. Lamiyə ilə Nəriman orada dalaşmışlar. Lamiyə Nərimana təhqiramiz ifadələr işlətmiş, Nəriman da qayıdıb qıza demişdir ki, “sənin səsin telefona yazılır, telefon səsyazmadadır, cibimdə.” O özü də Nərimanın səsini yazmaq üçün telefonu səsyazmaya qoymuşdur. Sufflemaqazinin yanından 13-cü mikrorayona tərəf gedərkən qabaqda getmişdir ki, səsə qulaq asıb görsün ki, səs necə yazılıb. Onların bir-birinə dediyi sözləri eşitmişdir. Arxaya dönəndə görmüşdür ki, Nəriman üzü o tərəfə gedir, Lamiyə isə telefonla danışır. Məlum olmuşdur ki, Lamiyə DİN-nin 102 xidmətinə zəng etmişdir. O Nərimanın Lamiyəni vurmasını, lamiyənin göz nahiyəsində qaraltı, qızartı olmasını, Lamiyənin yerə yıxılmasını görməmişdir. Lamiyənin yerdən qalxmasına kömək etmək vəziyyəti olmamışdır. Lamiyənin xəsarət almasını, onda xəsarət olmasını görməmişdir. O müstəntiqin yanında da demişdir ki, görmədiyi şeyi deyə bilməz. Müstəntiq onun adından yazmışdır ki, guya Lamiyə yıxılmış, o da Lamiyəni yerdən qaldırmışdır, bununla razılaşmamış, ifadəsini alıb cırmışdır. 1-ci bölmədə təhqiqatçı izahatını yazmış, o da tələsdiyindən nə olduğunu bilmədən qol çəkib tez çıxıb getmişdir, amma işdəki izahat o deyildir. Həmin gecə evdə Lamiyə ilə birlikdə qalmış, bacısı Şahid2 həmin gecə gəlməmiş, onun gəlməsini görməmiş, nə vaxt gəldiyini bilmir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 00:50 radələrində onlar Lamiyə ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon TTYŞ-nin qarşında olan zaman Nəriman qəfildən onlara yaxınlaşmış, onun telefonuna zəng gəldiyi üçün Lamiyədən qabaqda telefonla danışmışdır. Qəfildən arxadan səs-küy gəldiyini eşitmiş, arxaya çönmüş və Nərimanın Lamiyənin göz nahiyyəsinə 1 dəfə yumruqla vurduğunun, Lamiyənin gözünü tutduğunu və Nərimanın qaçdığının şahidi olmuşdur. O, Lamiyəyə yaxınlaşıb nə baş verdiyini soruşan zaman Lamiyə ona Nərimanın qəfildən onun üz nahiyyəsinə yumruqla zərbə vurduğunu ona söyləmişdir. O, da Lamiyəyə bu zaman köməklik göstərib onu evə aparmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı X4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə keçmiş əri Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt şəhər TTYŞ-nin qarşısında döyüldüyünü bildirmiş, həmin müraciət əsasında tərəfindən araşdırma aparılmış, araşdırma üzrə onun tərəfindən Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və X5 izahatları alınmışdır. Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlərin müəyyən edilməsi məqsədilə Məhkəmə Tibb Ekspertizası təyin edilmişdir. Sonuncunun Təqsirləndirilən şəxs ilə aralarında yaranmış mübahisə nəticəsində döyülməsi səbəbindən bədənində yüngül dərəcəli bədən xəsarəti aşkar olunması barədə ekspert tərəfindən rəy verilmişdir. Onun tərəfindən Azərbaycan Respublikası CM-nin 128.1-ci maddəsi ilə cinayət işi başlanılaraq aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin İŞ-nə göndərilmişdir. Araşdırma zamanı Şahid1 Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü təsdiq etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs 1-ci PB-də izahat verərkən gözündə hematoma olduğunu bildirmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, həmin gün Sumqayıt ŞPİ-nin 1-ci PB-nin məsul növbətçisini əvəz edən şəxs olmuşdur. Lamiyənin bölməyə gəlib-gəlmədiyini, gəlsə də kiminlə gəldiyini xatırlamır. Çağırış həddən artıq çox olduğu üçün həmin gün olanları xatırlamır. İşdə olan Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 1007 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ gözaltı nahiyənin və alt göz qapağının qançırı, sağ gözün ağlı qişasına qansızma xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən yaranmışdırlar, zərərçəkənin müayinəsindən 3-4 gün qabaq olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə yumruqla yetirilən zərbənin təsirindən əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilirlər. Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin tələbnaməsindən və “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi ilə əlaqədar cinayət təqibinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 40.3-cü maddəsinin və cinayət qanunu müddəalarının qüvvəsinə görə cinayət təqibinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2010-cu il təvəllüdlü X6) vardır. İşə baxılarkən Şahid1 ifadəsində göstərilən xüsusatın, yəni onun təhqiqatda verdiyi izahatında və istintaq zamanı verdiyi ifadəsində olan imzaların onun tərəfindən yerinə yetirilməməsi barədə göstərdiklərini yoxlamaq üçün məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Məhkəməyə təqdim olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 4/1519 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, cinayət işinin 34-36-cı vərəqlərində olan şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun 1-2-ci vərəqlərində “İmza” qrafalarındakı imzalar-Şahid1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, cinayət işinin 8-9-cu vərəqlərində Şahid1 adından olan tarixsiz izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində “Şahid1” yazılarından əvvəl yerləşən imza, 34-36-cı vərəqlərində olan şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun 3-cü vərəqində “İmza” qrafasındakı imza Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Eyni zamanda, zərərçəkmiş şəxsin anası olan Şahid2 və zərərçəkmiş şəxsin özünün anasının tez bir zamanda rayondan gəlməsi, xəsarət almasının şahidi olması ilə bağlı ifadəsinin yoxlanması üçün Şahid2 istifadəsində olmuş ********** saylı nömrənin xx.xx.2022-ci il tarixdə 00:50-dən saat 10:00-dək olan müddətdə harada işlədilməsi barədə anten məlumatların götürülməsi barədə qərar qəbul edilmiş və həmin məlumatlar götürülmüşdür. Məhkəməyə xx.xx.2022-ci il tarixdə daxil olmuş "xxxx" MMC-nin məktubundan görünür ki, qərarda qeyd edilən ********** saylı nömrənin xx.xx.2022-ci il tarixdə 00:50-dən saat 10:00-dək olan müddətdə zəngləri qeydə alınmamışdır. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası CPM-nin tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. Azərbaycan Respublikası CPM-nin cinayət-mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-cimaddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinin tələbinə görə ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafıəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-cimaddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi, cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetmədiyinə görə bəraət verilməlidir. Çünki məhkəmənin qənaətinə görə, ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə verilən ittiham əsassızdır, onun həmin cinayəti törətməsi sübut olunmur. Belə ki, istintaq orqanı işin hallarını tam, hərtəfərli və obyektiv şəkildə araşdırmamış, sübutlara obyektiv qiymət verməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hadisə baş verən vaxt Zərərçəkmiş şəxs vurmamış, ona xəsarət yetirməmişdir. İttihamın əsas sübutlardan biri kimi təqdim etdiyi Şahid1 ifadəsinin mötəbərliyi, qanuni əsaslarla əldə edilmədiyi barədə şübhələr olmuş, yoxlandıqda bu təsdiq edilmişdir. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxs onun bacısı qızı Zərərçəkmiş şəxs vurmadığını, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirməsini inkar etmişdir. İstintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət yaranan Şahid1 ifadədə olan imzanın onun imzası olmadığını bildirmiş, buna görə də məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspertizanın nəticəsindən də görünür ki, ekspertizaya təqdim edilmiş cinayət işinin 8-9-cu vərəqlərində Şahid1 adından olan tarixsiz izahatın 1-ci vərəqində “İmza:” qrafasındakı və aşağı hissədəki imzalar, 2-ci vərəqində “Şahid1” yazılarından əvvəl yerləşən imza, 34-36-cı vərəqlərində olan şahidin dindirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokolun 3-cü vərəqində “İmza” qrafasındakı imza Şahid1 tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Bu onu sübut edir ki, təhqiqat və istintaq orqanında araşdırma ittihamyönümlü aparılmış, şahidin yerinə başqa şəxs imza etmişdir və həmin ifadəyə əsasən də Təqsirləndirilən şəxs Əliyevanı Lamiyəni vurması və ona yüngül dərəcəli bədən xəsarəti yetirməsi qənaətinə gəlinmişdir. Şahid qismində dindirilmiş Şahid1 adından yazılmış izahatın və ifadənin hadisənin mahiyyəti ilə bağlı hissəsindəki imzaların ona aid olmaması barədə ekspertizanın gəldiyi nəticə təhqiqat və istintaq orqanının gəldiyi nəticəni şübhə altına alır. Bundan başqa, zərərçəkmiş şəxsin anası olan Şahid2 və zərərçəkmiş şəxsin özünün anasının tez bir zamanda rayondan gəlməsi, xəsarət almasının şahidi olması ilə bağlı ifadəsi yoxlanmış və bu xüsusat da həm Şahid1 ifadəsi, həm də mobil operatordan götürülmüş anten məlumatları ilə təkzib edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə verilən ittiham üzrə həmin sübutlar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərilənləri də araşdırdı və onun zərərçəkmiş şəxsi vurmaması ilə bağlı göstərdiyi xüsusatlar təsdiq edildi. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında davamlı məhkəmə çəkişmələri, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə bağlı mütəmadi şikayətləri olmuş və bunlar davam edir. Bütün bu hallar, tərəflərin qarşılıqlı münasibətləri məhkəməni sübutların qəbuledilənliyinə və mötəbərliyinə daha həssas yanaşmağa və məhkəmə iclasında daha ətraflı tədqiq edilmiş, işin halları ilə uyğun gələn sübutları qəbul etməyə vadar edir. Məhz bu baxımdan, zərərçəkmiş şəxsin işdəki digər sübutlarla təsdiq olunmayan ifadəsi ittiham hökmü çıxarılması üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurması və ona xəsarət yetirməsi barədə işdə inandırıcı, qərəzsiz və mötəbər sübut yoxdur. Məhkəmə-tibb ekspertizasının rəyi ilə Zərərçəkmiş şəxs xəsarət alması təsdiq olunsa da, həmin xəsarətlərin məhz Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi sübuta yetirilmir. İstintaq orqanı təqsirləndirilən şəxsin həm təqsirli, həm də təqsirsizliliyi ilə bağlı xüsusatlar eyni səviyyədə araşdırmamışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşdırma aparılması təmin edilməmişdir. “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. Həmin Məcəllənin 39.3-cü maddəsinə əsasən, bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2.4-cü maddəsinə əsasən, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi sübuta yetirilmir və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 180 (yüz səksən) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. İş üzrə müsadirə olunması təklif edilən predmet yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən CM-nin 128-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 42.1.4, 344-350, 352- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsinə görə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun AR CM-nın 128-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi2 tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulan müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-56/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-56/2023
07.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver