Məhkəmə qərarları › İş №1(060)-560/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-560/2021

17.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-560/2021 17.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1976-cı ildə Gürcüstan Respublikasının Rustavi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu 07.05.2021-ci il tarixdə Bakı şəhəri, «Şamaxinka» adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,194 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 07 may 2021-ci il tarixdə saat 17:35 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Sumqayt şəhəri, 17-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən göy rəngli siqaret kağızına bükülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,194 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Gürcüstan Respublikasında anadan olmuş və Gürcüstan Respublikasının vətəndaşıdır. Ancaq o, orada Azərbaycan məktəbinə getmiş, azərbaycan dilini təmiz bilir və yazıb oxumağı bacarır. Təxminən 5-6 aydır ki, narkotik vasitələrdən istifadə edir. 07.05.2021-ci il tarixdə o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, «Şamaxinka» adlanan əraziyə getmişdir. Orada tanımadığı bir şəxslə söhbət etməyə başlamışdır. Həmin şəxs söhbət əsnasında onun narkotik vasitədən istifadə etdiyini bilmiş və narkotik vasitə istəyib istəmədiyini soruşmuşdur. O, isə istədiyini bildirdikdən sonra həmin tanımadığı şəxsə 5 manat verib siqaretin göy rəngli kağızına bükülmüş bir bükümdə narkotik vasitə olan «kakos» heroin almışdır. Sonra oradan Sumqayıt şəhərinə qayıtmışdır. 07.05.2021-ci il tarixdə təxminən saat 17:35 radələrində Sumqayıt şəhəri, 17ci mikrorayon ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslər ondan adını və soyadını soruşandan sonra ona bildirmişlər ki, Sumqayıt şəhəri ərazisində baş vermiş bəzi oğurluq hadisələrində şübhəli bilinir. Buna görə də, onu Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Bundan sonra onlar maşına əyləşmişlər və bir başa Sumqayıt ŞPİ-nin 1-ci PBnə gəlmişlər. O, yolda olarkən polis əməkdaşlarına üzərində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Buna görə də, polis bölməsinə gəldikdə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polis bölməsində xidməti otaqların birində ona vəkil təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyini təklif etmişlər. O, əynindəki göy rəngli cins şalvarın sağ iç cibində olan göy rəngli siqaret kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin çəkilmək üçün elektron tərəziyə qoyulmuş və çəkildikdən sonra qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 Ələkbər oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 07.05.2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs 1-ci PB-nin xidməti ərazisində baş vermiş oğurluq hadisələrində şübhəli olduğu üçün əməliyyat müvəkkili Şahid3, polis sahə rəisi Şahid2 və onun tərəfindən 17-ci mikrorayon ərazisində saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. İlqar yolda onlara bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin vardır. Buna görə də, Sumqayıt ŞPİ-nin kriminalistik təhqiqatlar bölməsinin kriminalisti, polis mayoru Elnur Qocayevin iştirakı ilə tərəflərindən video çəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını izah edərək İlqardan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ iç cibindən göy rəngli ciqaret kağızına bükülmüş 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Bükümə baxış zamanı içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddə olduğu aşkar olunmuşdur. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan «kakos» heroin olduğunu demişdir. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, narkotik vasitəni həmin gün Bakı şəhəri, Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid 1-ci PB-nin əməliyyat müvəkkili, Şahid3, sahə rəisi Şahid2 və KTB-nin inspektoru Elnur Qocayev də Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan məhkəmə-kimyəvi 08.05.2021-ci il tarixli, 6/1863 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” yazısı olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,194 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,194 qram, təqdiqata sərf olundu-0,050 qram, qalıq-0,144 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 26.05.2021-ci il tarixli, 1589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,144 qram olan narkotik vasitə heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan 07.05.2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.05.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 09.05.2021-ci il tarixdə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2021 saylı, 27.10.2021-ci il tarixli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 15.11.2021-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-560/2021 saylı, 27.10.2021-ci il tarixli qərarı icra edilərək Təqsirləndirilən şəxs 15.11.2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07.05.2021-ci il tarixdən 09.05.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.11.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,144 qram olan narkotik vasitə heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 07.05.2021-ci il tarixdən 09.05.2021-ci il tarixədək həbsdə olduğu 02 gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 04 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15.11.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,144 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 81,82 (səksən bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar