Məhkəmə qərarları › İş №1(060)-560/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-560/2025

26.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-560/2025 26.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Nəsimiyev Fərid Aydın oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1990-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və digər cinayət işi üzrə xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,572 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etməklə əynində olan qara rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış, 06 may 2025-ci il tarixdə, saat 11:15 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, 8-ci mikrorayon, 1 nömrəli evin arxasında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 0,572 qram heroin əynindəki qara rəngli şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda, 01 (bir) ədəd bükümdə, təmiz çəkisi 0,501 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə etməklə əynində olan qara rəngli şalvarının sol yan cibində saxlamaqla daşımış, 12 iyun 2025-ci il tarixdə, saat 11:27 radələrində Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Sumqayıt şəhəri, Corat qəsəbəsi, H.Salayev küçəsi, 18 nömrəli evin qarşısında saxlanılmaqla orada üzərinə keçirilmiş şəxsi axtarış zamanı təmiz çəkisi 0,501 qram olan metamfetamin əynindəki qara rəngli şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İttiham aktında qeyd olunanlarla razıdır. Əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə və psixotrop maddəni öz şəxsi istifadəsi üçün əldə etmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq göstərilməyib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ifadəsi elan edilməklə tədqiq edilmişdir. O, ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitədən çəkməklə istifadə edir. Narkotik vasitəyə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Sumqayıt şəhəri, 8-ci mikrorayon, 1 saylı evin arxa tərəfindən küçədə tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini Sumqayıt şəhər polis idarəsinin 1-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçiricəklərini izah etmişlər, o da etiraz etməmiş, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməsini bildirmişlər. Bundan sonra o, əynində olan şalvarın sağ yan cibindən bir ədəd ağ kağıza bükülmüş kütləni çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin kütlə kakos deyilən narkotik vasitə heroindir, həmin bir bükümdə olan kütləni Bakı şəhəri, 20 yanvar metrosu yaxınlığında tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 20 manata alıb üstündə saxlamışdır. Sonra həmin kütlə videoçəkiliş altında polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş, sonra isə ağ rəngli zərflə qablaşdırılaraq möhürlənmiş və imzalanmışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci polis bölməsinə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırımış narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında onu bölməyə gətirən polis əməkdaşları tərəfindən təqdim olunmuşdur. Həmin təqdim edilən zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və o da protokola imza etmişdir. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitə istifadə etdiyini etiraf edir, həmin narkotik vasitəni almaqda məqsədi özü istifadə etmək olmuşdur. Narkotik vasitəni satmaq niyyəti olmamışdır. Bundan başqa bildirmişdir ki, 12 iyun 2025-ci il tarixdə, səhər saatlarında Novxanı kəndi ərazisində olarkən ilk dəfə gördüyü və tanımadığı şəxsdən 10 manat müqabilində 01 büküm psixotrop maddə olan meatmfetamin alaraq əynində olan şalvarının cibinə qoymuşdur ki, kefmə düşəndə istifadə edər. Həmin gün saat 11:27-də Corat qəsəbəsi Hacıbaba Əliyev küçəsi 18 saylı evin qarşısından keçərkən mülki geyimdə olan 3 nəfər polis əməkdaşı ona yaxınlaşıb Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitələrin qəbulunda, üzərində gəzdirməkdə şübhəli olduğunu, şübhəli şəxs kimi saxladıqlarını demişlər və üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və əgər vardırsa, həmin əşyanı təqdim etməyi təklif etmişlər. O, da əynindəki qara rəngli şalvarının sol yan cibində saxladığı səhər Novxanı kəndində tanımadığı şəxsdən 10 manata aldığı 1 ədəd şəffaf rəngli sellofan bükülüdə psixotrop maddə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışı keçirən polis əməkdaşı tərəfindən həmin büküm açılmış və içərisində olan narkotik vasitə mütamfetamin aşkar edilmişdir. Bundan sonra həmin polis əməkdaşı üzərindən aşkar olunmuş 01 ədəd bükülüdə olan metamfetamini tərəziyə qoyub çəkmiş və 0,56 qram olduğu müəyyən edilmiş, daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmişdir. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Bundan sonra onu xidməti otaqlardan birində dəvət etmişlər və təhqiqatçı üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim olunmuşdur. Daha sonra videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, hər hansı əşya və ya predmet olub olmadığı soruşulanda, təhqiqatçıya belə bir predmet və ya əşyanın olmadığını, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və əynindəki şalvarının sağ yan cibində saxladığı bir ədəd bükümdə metamfetamin aşkar edildiyini bildirmişdir. Bundan sonra təhqiqatçı üzərindən aşkar edilərək zərfə qablaşdırılmış narkotik vasitənin ekspertizaya göndəriləcəyini izah edərək, bu barədə protokol tərtib etmiş, o da müdafiəçisi ilə birlikdə həmin protokola imza etmişdir. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, əvvəllər 9 il həbsdə olmağını və hazırkı maddə ilə məhkəmədə 3-cü işinin olmağını nəzərə alınaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün cinayəti etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyanın götürülməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/474/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3607 saylı, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/280/2025 saylı rəyləri və digər istintaq materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş 1-ci PB-nin kiçik inspektoru Şahid6 ifadəsində bildirmişdir ki, 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat müvəkkilinə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 8-ci mikrorayon, 1 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs 8-ci mikrorayon, 1 nömrəli evin arxası ilə tək piyada hərəkətdə olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hasnı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan cibindən 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman onun heroinə bənzər maddənin olması aşkar olunmuşdur. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Bundan sonra polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə şəxsi axtarış istintaq hərəkəti həyata keçirilmişdir. Məhkəmə iclasında iştirak etməyən şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmış, sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, 8- ci mikrorayon, 1 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, saat 11:15 radələrində Təqsirləndirilən şəxs 8-ci mikrorayon, 1 nömrəli evin arxası ilə tək piyada hərəkətdə olduğunu gördükdən sonra videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxladıqlarını bildirmişlər. Sonra isə Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qanunla qadağan edilmiş hər hasnı əşya və ya narkotik maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd ağ rəngli kağız bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin narkotik vasitə “kakos”, yəni heroin olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdən sonra qablaşdırılmış və qablaşdırmanın üzəri imzalanmışdır. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə təhqiqatçıya təqdim olunduqdan sonra polis bölməsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş maddəyə baxış keçirilmiş, sonra isə ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İbtidai istintaq müddətində şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəis müavini Şahid5 məhkəməyə teleqramla müraciət edərək xidməti zərurəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan edilməklə tədqiq edildi. Onun ifadəsi Şahid4 ifadəsi ilə eyni məzmunlu olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid2 ifadəsində bildirdi ki, 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 18 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs 18 nömrəli evin qarşısı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü cibindən bir ədəd bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra polis bölməsində təhqiqatçı tərəfindən vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında iştirak etməyən Sumqayıt ŞPİ-nin CAŞ-ın baş əməliyyat müvəkkili Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan edilməklə tədqiq edildi. O, ifadəsində göstərmişdir ki, 12 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, üzərində gəzdirməsi və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək Sumqayıt şəhəri, Corat qəsəbəsi, 18 nömrəli evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün saat 11:27 radələrində Təqsirləndirilən şəxs 18 nömrəli evin qarşısı ilə tək piyada hərəkətdə olduğunu görüb videoçəkiliş aparmaqla sonuncuya yaxınlaşaraq saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxarıb təqdim etmişdir. Həmin bükülüyə baxan zaman içərisində ağ rəngli, kristalşəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümdəki maddənin “şüşə” olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin maddə elektron tərəzi vasitəsilə çəkilərək çəkisi müəyyən edildikdən sonra qablaşdırılıb götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunla qadağan edilmiş narkotik vasitə və ya digər maddə aşkar olunmamışdır. Sonra isə digər sənədləşmə işləri aparılması üçün Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə aparmışlar. Polis idarəsində müdafiəçinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış metamfetaminə bənzər maddə təhqiqatçıya təqdim olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan olunmuş əşya və ya maddə aşkar olunmamışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib olunaraq ucadan oxunmuş, həmin protokolu imzalarla təsdiq etmişlər. Cinayət işinin 23-cü vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11.27-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 109-cu vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 11.15-də şübhəli şəxs qismində tutulmuşdur Cinayət işinin 64-65-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 146-147-ci vərəqələrində olan şəxsin azad edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 51-52-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 135-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 175-176-cı vərəqələrində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 8-10-cu vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:27 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 18 nömrəli evin qarşısı ilə tək piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-ın polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə özü əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “şüşə” olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,56 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 95-96-cı vərəqələrində olan “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 8-ci mikrorayon, 1 nömrəli evin arxası ilə tək piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid4 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə özü əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd ağ rəngli kağız bükülünü çıxararaq təqdim edir. Həmin bükülü açıldıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə narkotik vasitə “kakos” olduğunu, həmin maddəni Bakı şəhəri, 20 Yanvar metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 1,44 qram olması müəyyən edilir və qablaşdırılaraq götürülür. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 117-119-cu vərəqələrində olan “təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Şahmar Səfərov özünü təqdim edərək vətəndaşa özünü təqdim etməsini bildirir, vətəndaş da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində və saxlamasında şübhəli olduğu üçün saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirildiyini, saxlanılan zamanı üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər maddənin aşkar olunaraq götürülməklə qablaşdırıldığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildirişi, həmçinin özünün seçdiyi vəkil Tural Məmmədovu təqdim edir və polis əməkdaşlarına da özlərini təqdim etmələrini bildirir, onlar da özlərini təqdim edirlər. Sonra təhqiqatçı Şahmar Səfərov təqdim edilmiş bir ədəd zərfi açaraq içərisində olan ağ rəngli kağız bükülünü çıxarır və həmin bükülünü açdıqda içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin ona məxsus olduğunu, narkotik vasitə heroin olduğunu, həmin maddəni 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 20 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Təhqiqatçı tərəfindən həmin maddə elektron tərəziyə qoyularaq çəkisinin 1,41 qram olması müəyyən edildikdən sonra ekspertizaya göndərilməsi üçün yenidən qablaşdırılaraq üzərində qeydlər aparılır və qablaşdırmanın üzəri imzalanır. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 32-34-cü vərəqələrində olan “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsinə dair” xx.xx.2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd “DVD” diskdən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 11:27 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, 18 nömrəli evin qarşısı ilə tək piyada hərəkətdə olan zamanı üç nəfər mülki geyimli şəxslər sonuncuya yaxınlaşaraq saxlamaqla özlərini təqdim edib Sumqayıt ŞPİ-nin CAŞ-ın polis əməkdaşları olduqlarını bildirirlər. Sonra isə polis əməkdaşı Şahid1 həmin şəxsə özünü təqdim etməsi bildirir, həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu deyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanıldığı üzərində şəxsi axtarış aparılacağı, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və ya digər əşya varsa təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs isə özü əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofan bükülünü çıxararaq təqdim edir. Həmin bükülüyə baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə olan metamfetaminə bənzər maddənin olması müşahidə olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükülüdə psixotrop maddə “şüşə” olduğunu, həmin maddəni tanımadığı şəxsdən 10 manat pul verərək şəxsi istifadəsi üçün aldığını bildirir. Həmin maddə elektron tərəzi vasitəsilə çəkildikdə çəkisinin 0,56 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, başqa qanunla qadağan olunmuş hər hansı əşya və ya maddə aşkar olunmur. Sonda isə çəkiliş dayandırılır. Cinayət işinin 43-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025ci il tarixli, 20/474 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs o...” sözlər və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,501 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,501 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,451 qram qalıq qalmışdır. Cinayət işinin 42-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 128-129-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025ci il tarixli, 3-16-16/2-20/280/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Saxlanılan şəxs: Təqsirləndirilən şəxs...” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,572 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Heroinin təmiz çəkisi – 0,572 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 0,522 qram qalıq qalmışdır. Cinayət işinin 127-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 63 (altmış üç) manat müəyyən edilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş və istintaqı ********* nömrə ilə davam etdirilmişdir. Cinayət işinin 190-200-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,501 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,572 qram olan narkotik vasitə heroin və 4 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 4 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq 0,451 qram metamfetamin və 0,522 qram heroin saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyanın götürülməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair”, xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyanın götürülməsi və baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında”, xx.xx.2025-ci il tarixli “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokollar, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/474/2025 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3607 saylı, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-20/280/2025 saylı rəyləri və digər istintaq materialları, təqsirləndirilən şəxsin özünün cinayəti etirafedici ifadələri, şahid ifadələri və digər istintaq materialları sübut kimi qiymətləndirilmişdir. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3607 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatroların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 85-86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,120.2.4, 128, 60, 63.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün etirafı, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, xeyli miqdarda psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluğu olmayan hesab edilir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 29,120.2.4, 128, 60, 63.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 9 (doqquz) il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Lakin, məhkumluğu ödənilmədən və götürülmədən xx.xx.2025-ci ildə yenidən qəsdən az ağır cinayət törətmişdir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin rəsidivi olması ağırlaşdırıcı hal kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, yüngülləşdirici halları, ağırlaşdırıcı hal kimi təqsirləndirilən şəxsin əməlində cinayətin residivinin olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2025-ci il tarixdən hesablanmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, hazırda digər cinayət işi üzrə həbsdə olması nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 3607 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixsotimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə təyin edilməlidir. Sumqayıt şəhər ND-də dispanser qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,451 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,522 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxsdan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, ümumilikdə 04 (dörd) gün təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 26 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, digər iş üzrə həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və Sumqayıt şəhər ND-də qeydiyyata alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,451 qram çəkidə psixotrop maddə olan metamfetamin və 0,522 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 (dörd) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 126 (yüz iyirmi altı) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərid Nəsimiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar